Tibb xidməti leytenantı Kamal Abdullayev 2023-cü ildə Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsini bitirib. Zabit kimi hərbi xidmətə başladığı ilk ayda əməliyyat tədbirləri başladı və onun xidmət etdiyi hərbi hissə də bu tədbirlərə cəlb edildi. Qısa müddətdə uğurla başa çatan əməliyyatlardan sonra Kamalın xidmət etdiyi birləşmə dislokasiya yerini dəyişib. Düşməndən təmizlənmiş yeni yaşayış məntəqələrinə gəlib. Dağlıq ərazidə xidmət etməyin özünəməxsus çətinlikləri var. Gənc həkimin nümunəvi xidmətinə nə mürəkkəb relyef, nə də sərt iqlim şəraiti mane ola bilmir. Çünki o öz işini kifayət qədər yaxşı bilir və səhhəti ilə bağlı müraciət edən hər bir hərbi qulluqçunu müayinə edib, onun sağlamlığının bərpası üçün gərəkli tədbirlər görməyə çalışır.
Gənc, öz işinə məsuliyyətlə yanaşan həkim ilk görüşdən xoş təəssürat bağışladı. O, hərbi hissənin məntəqə həkimidir. Təhsil aldığı illərdə cəbhə bölgəsində, çöl-səhra şəraitində xidmət edib, əsgərlərin yanında təcrübə keçib. Xəstələrin qəbulu və müayinəsi ilə bağlı yetərincə bilik və bacarıqlara malikdir. Gənc həkim Kamal Abdullayevlə Xocalı rayonu ərazisində hərbi hissənin tibb məntəqəsində həmsöhbət oldum. Hərbi qulluqçular səhhəti ilə bağlı daha çox nədən müraciət edirlər? - sualımıza gənc həkim belə cavab verir:
- Hazırda hərbi hissəmiz dağlıq ərazidə yerləşir. Hər il yaz-payız aylarında mövsümi xəstəliklər olur. Bu da havanın dəyişməsi ilə bağlı olur. İstidən soyuğa, soyuqdan istiyə keçid dövrü ciddi nəzarət tələb edir. Bunun üçün də əvvəlcədən qabaqlayıcı tədbirlər görürük. Əsgər yataqxanasında otaq hərarətinin normada saxlanması, səliqə-sahmanın yaradılması, otaqlarda havanın dəyişməsi kimi qabaqlayıcı tədbirlər xəstəliklərin kütləvi hal almasının qarşısını alır. Hazırda səhhəti ilə əlaqədar müraciət edən əsgər, demək olar ki, çox azdır.
Xocalıda xidmət etmək onun üçün qürurvericidir. Tibb xidməti leytenantı Kamal Abdullayev deyir ki, Xocalı ötən əsrin ən böyük faciəsinin, soyqırımın yaşandığı məkandır. Erməni vəhşiliyinin, qəddarlığının, amansızlığının ünvanı - Xocalı. Mən xocalılılara qarşı ermənilərin törətdiyi soyqırımı haqqında filmlərdən, qəzet və kitablardan öyrənmişəm. Uşaq, qadın, qoca demədən gecənin bir aləmində erməni silahlı dəstələri şəhərə daxil olub döyüş texnikalarından, atıcı silahlardan atəş açaraq günahsız insanları gülləbaran ediblər. Xocalı bizim yaddaşımızda belə qalıb.
Otuz ildən sonra yenidən doğma, yaralı Xocalıya qayıtmağımız qürur verir. Ordumuzun Qarabağda keçirdiyi əməliyyatlardan sonra Xocalıya və digər ermənilərin işğalı altında qalan torpaqlarımıza ilk ayaq açan əsgərlərimiz oldu. O əsgərlər ki, on illər ərzində gecə-gündüz demədən təlim keçib döyüş hazırlığını artırıblar. Doğma yurd yerlərimizi erməni vandalizmindən təmizləmək istəyiblər. Vətənimizin məğrur oğulları Ali Baş Komandanın əmrinə müntəzir olaraq Vətən yolunda sinələrini sipər etdilər. Ən qısa zamanda erməniləri məğlub edərək əzəli, əbədi torpaqlara sahibləndilər.
Tibb məntəqəsinin qəbul otağında sanitar-təlimatçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Mərdan Məmmədli ilə həmsöhbət oluruq. On ilə yaxın ordumuzda şərəflə xidmət edən baş çavuş Mərdan Məmmədli 44 günlük Vətən müharibəsində fəal iştirak edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunub. İkinci Qarabağ müharibəsi zamanı Mərdan döyüş meydanında yaralanan döyüşçülərə ilk tibbi yardım göstərərək onları təxliyə edib. Baş çavuş hazırda Xocalı şəhərində hərbi xidmətini davam etdirməkdən qürur duyur, neçə illərin arzusuna qovuşduğu üçün sevincinin həddi-hüdudunun olmadığını deyir.
Bu gün Xocalıda, Xankəndidə, Ağdərədə və başqa şəhər və kəndlərimizdə Azərbaycan əsgəri şərəflə xidmətini davam etdirir. Onların sağlamlığının keşiyində Vətəni, xalqını sevən ağxalatlı həkimlər dayanırlar. Azad edilmiş şəhər və kəndlərdə tezliklə yaşayış bərpa olunacaq, həyat öz axarına düşəcək. O zaman hərbi həkimlərimiz də, hazırda olduğu kimi, böyük ruh yüksəkliyi ilə Vətənə xidmət edəcəklər.
Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"