Elman Əsgərov Yardımlı rayonunun Prişib qəsəbəsində anadan olub. Orta məktəbi orada bitirib. Yeniyetməliyindən cəmiyyətdə baş verən hadisələrin mahiyyətini öyrənməyə maraqlı olub, görüb - öyrənib, soruşub - öyrənib. Öyrəndikləri düşüncələrinə hopub. Vətən, xalq, dövlət anlayışlarını da həmin vaxtlarda ətraflı dərk edib. O illərdə türk şeirinə maraq yüksəlişdə idi. Ədəbiyyat müəllimləri Tofiq Fikrətin "Bu Vatan kimin?" şeirini demişdi. Sonda şagirdlərdən soruşmuşdu: “Bu Vətən kimindi?” Şagirdlərin sayı qədər "Bizimdi" harayı eşidilmişdi. Elman həmin gün hərbçi olmağı qərara almışdı. Vətən torpaqlarını işğaldan azad edənlərin sırasında zabit kimi olmaq! Müəllimləri məktəblinin niyyətini alqışlamışdı. Bu niyyəti valideynləri də bəyənmişdi...
Elman Əsgərov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) vermişdi, qəbul olunmuşdu. Oxumuşdu, öyrənmişdi, öyrəndikləri çöl çıxışlarında təkmilləşmişdi...
Artilleriyaçı ixtisası könlünə yatırdı. Kursant yoldaşlarından birinin "Niyə?" sualına cavab olaraq demişdi: Görmədiyin hədəfi vurursan, buna qüdrət deyirlər. Qüdrətli zabit olmaq istəyirəm.
İstəyinə çatmışdı...
On il müxtəlif hərbi hissələrdə, müxtəlif vəzifələrdə xidmət etmişdi...
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı. Onda hərbi hissələri Füzuli istiqamətindəydi. Düşmənin müdafiə xəttinin yarılmasında düzünə atışla iştirak edəcəkdilər - piyadaların döyüşü üçün əlverişli şərait yaranacaqdı.
Taborun atışları dəqiq oldu, düşmənin müdafiə xətti yarıldı, düşmən çarəsiz atışlarla geri çəkildi...
Mövqe qələbəsi batareyanın şəxsi heyətinin döyüş əzmini artırmışdı, qələbə ruhunu yüksəltmişdi; döyüşən ordu hissələrimizə atəş dəstəyi verirdilər. "Mərmilərlə yaralanan torpaqlarımızın yaraları qələbələrlə qaysaqlanırdı...", - mayor Elman Əsgərov belə dedi. Bu fikri müharibəni şərtləndirən könüləyatımlı fikir bildik.
Batareya Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətlərində gedən döyüşlərə də cəlb olundu. Oktyabrın 25-i idi. Zəngilan istiqamətində döyüş gedirdi. Düşmən ciddi müdafiə olunurdu. Mərmilər düşmənin mövqelərini dağıdırdı. Komanda məntəqəsindən düşmənin dayaq məntəqəsinin koordinatları verilmişdi. Atış ərəfəsində yaxınlıqlarına mərmi düşdü. Topun lüləsi sıradan çıxdı. Onda mayor Elman Əsgərov yaxınlıqdakı topla onları atəşə tutmuş düşmən batareyasının mövqeyini vurmağı əmr etdi, sonra dayaq məntəqəsini. Atışlar dəqiq oldu - düşmənin batareyası susdu, dayaq məntəqəsi döyüşçülərimizin hücumunun qarşısını ala bilmədi.
"Bizim döyüşümüz piyadaların döyüşündən fərqlənir. Piyadalar görünən düşmənlə döyüşür, onun yerdəyişmələrini müşahidə edir, buna uyğun döyüş mövqeyi seçir. Artilleriyaçılar görmədikləri düşmənlə döyüşür, onların yerdəyişməsini müşahidə edə bilmir, seçimsiz hədəfi komanda məntəqəsindən verilən koordinatlar olur. Bizim döyüş uğurlarımız bilavasitə döyüşü komanda məntəqəsindən idarə edən komandirlərdən asılı idi; koordinatlar düzgün müəyyənləşdirilirdi, bizim atışlarımız dəqiq olurdu...", - mayor Elman Əsgərov Vətən müharibəsində batareyanın döyüşləri haqqında belə dedi.
İstər hücum, istərsə də müdafiə döyüşündə artilleriya qüvvələrinin dəstəyi vacibdir. Batareyanın şəxsi heyətinin hər döyüşü döyüşən ordu hissələrimizin mövqe qələbələri qazanmasında əhəmiyyətli olub. Cəbrayıl istiqamətində düşmənin iri qruplaşması haqqında kəşfiyyat məlumatları alınmışdı. Dəqiqləşdirmələrdən sonra onu hücumdan əvvəl məhv etmək bu batareyaya tapşırılmışdı. Batareya döyüş əmrini yerinə yetirmişdi - piyadalarımız düşmənin həmin ərazidəki müdafiə səddini darmadağın etmişdi, səhəri gün əhəmiyyətli mövqe qələbəsi qazanılmışdı...
Mayor Elman Əsgərov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub...
Rəşid HÜSEYNOV,
foto Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"