"N" hərbi hissəsində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının tərkib hissəsi olan ictimai-siyasi hazırlıq dərslərinin gedişatı ilə yaxından tanış olduq. İlk növbədə dərs üçün nəzərdə tutulmuş ideoloji otağın səliqə-sahmanı göz oxşayırdı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsi heyətlə görüşlərini əks etdirən şəkillər, dövlət atributlarımız, hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində çəkilən fotolar bizdə xoş təəssüratlar yaratdı.
Qrup rəhbəri leytenant Mütəllim Əlirzayev dərsə başlayaraq, şəxsi heyətə mövzunu elan etdi: "Azərbaycan və Türkiyə qardaşlığı - Bir millət, iki dövlət". Dərsə başlayan zabit dedi ki, Azərbaycan və Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. "Bu əlaqələri şərtləndirən amillər sırasında ortaq soyıkökümüzün, dinimizin, dil birliyimizin, oxşar mədəniyyətimizin və adət-ənənələrimizin olmasıdır. Əsrlər boyu bu dövlətlər həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi: "Bir millət, iki dövlət" olublar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" deyirdi. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir nəsihət qoyublar: "Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır".
- Müstəqilliyimizin ilk günündən etibarən Azərbaycan Respublikasının, Qarabağ başda olmaqla, işğal və ərazi bütövlüyü probleminin yaşadığını, regional təhlükəsizlik ehtiyacını diqqətə alan qardaş Türkiyə dövləti Bakının hərbi baxımdan güclənməsinə dəstək olub, bunu Türkiyənin də regionda nüfuzunun güclənməsi olaraq görüb və mümkün dəstəyi əsirgəməyib. İki qardaş ölkənin ordularının əməkdaşlığı yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, eyni zamanda, bölgədə sabitliyin və təhlükəsizliyin təmini, ortaq güc formalaşdırmaq yoluyla milli problemlərin həll edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edib. İki qardaş ölkə ordularının əməkdaşlığı yönündə ilk hüquqi addım 11 avqust 1992-ci ildə imzalanan "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilənin bağlanmasıyla başlayıb. Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində yüzlərlə azərbaycanlı zabit təhsil alaraq Azərbaycan Ordusunun güclənməsinə öz töhfəsini verib.
İki qardaş ölkənin ordularının müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən yerdən və havadan zərbələr endirməklə düşmən hədəflərinin məhv edilməsi tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı zirehli texnika, artilleriya qurğuları, hərbi aviasiya, hava hücumundan müdafiə qüvvələrini də cəlb etməklə həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindən birini təşkil etməkdədir. Bu təlimlərdə qazanılan təcrübənin məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu bəşər tarixinin ən müasir müharibəsini aparmaqla, erməni işğalında olan torpaqlarımızı azad edərək respublikamızın ərazi bütövlüyünü təmin etdi. Azərbaycan 44 günlük Vətən müharibəsində döyüşmək bacarığını, supermüasir ordusunu, ən son hərbi texnika üzrə təlim keçmiş yeni nəsil mütəxəssislərini, zabitlərini, xüsusi təyinatlı hərbçilərini nümayiş etdirdi. Ali Baş Komandanın qeyd etdiyi kimi: "Bu yeni nəsil müharibə üslubudur, hansı ki, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruhu birləşir, vəhdət təşkil edir".
Bir sözlə, Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daim möhkəmlənir, əlaqələri dayanmadan inkişaf edir və hər iki ölkə regionda təhlükəsizliyin qarantına çevrilir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm də mədəni əlaqələr, keçmişimiz və bugünkü siyasi maraqlarımızdır”, - deyə qrup rəhbəri bildirdi.
Dərs prosesi bitdikdən sonra zabitin fikirlərini öyrəndik. O bildirdi ki, Müdafiə Nazirliyinin rəhbərliyinin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. "Məlumdur ki, hərbçilərin peşəkar döyüşçü kimi formalaşması üçün döyüş, atış, fiziki hazırlıqları ilə yanaşı, hərbi intizamı və ruh yüksəkliyi vacib şərtlərdən biridir. Bu səbəbdən də rəşadətli Azərbaycan Ordusunda qeyd olunan amillərin formalaşmasında əhəmiyyətli rol oynayan ictimai-siyasi hazırlıq dərslərinə xüsusi önəm verilir. Beləliklə, şəxsi heyət tarixi məlumatlar öyrənərək zəngin bilgilər əldə edir. Bunun nəticəsidir ki, əsgərlərimiz Vətənə, tarixi köklərimizə, zəngin mədəniyyətimizə və milli irsimizə bağlılıq ruhunda tərbiyə olunurlar”.
Bakı şəhərindən hərbi xidmətə çağırılan əsgər Ömər Bayramov Azərbaycan Kooperasiya Universitetinin məzunudur. "Komandirlərimiz tərəfindən keçirilən ictimai-siyasi hazırlıq dərsləri sayəsində hərb tariximiz haqqında daha geniş məlumatlar əldə edir, mədəni irsimizi dərindən öyrənir, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında başlayan və 44 gün davam edən Vətən müharibəsi haqqında biliklərimizi zənginləşdiririk. Həmçinin döyüşlər zamanı xüsusi qəhrəmanlıq nümayiş etdirərək, şəhidlik zirvəsinə yüksələn silahdaşlarımızın döyüş yolunu öyrənirik. Çünki məhz onların şücaəti sayəsində doğma Qarabağımız illər sonra işğaldan azad edildi. Ərazi bütövlüyümüzü bərpa edərək, gücümüzü bütün dünyaya göstərdik".
Əsgərlər Fərid Namazov, Elçin Allahverdiyev, Nurel Vəliyev, Zaur Məmmədov, Mirzə Hüseynli və digərləri keçirilən ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyətindən, rəşadətli Azərbaycan Ordusunun sıralarında xidmət etmələrindən, hərb tariximizə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsindən, sosial-məişət şəraitlərindən söhbət etdilər. Bildirdilər ki, hərbin sirlərinə dərindən yiyələnib, torpaqlarımızın müdafiəsində mətin dayanmaqlarından qürur duyurlar.
Orxan HÜSEYNLİ
"Azərbaycan Ordusu"