İlıq, xəfif külək əsir. Havadan payız qoxusu gəlir. Döyüş və ömür yolu haqqında yazmaq istədiyimiz Vüsal Teymurov da elə ilıq payız günlərinin birində - 8 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub. İndi Şuşada da payızdır. Artıq Qarabağın bu gözəl guşəsində atəş səsləri eşidilmir. Hər tərəf sakitliyə bürünüb. Şuşa uğrunda şəhid olan oğulların ruhları kimi...
Çox da darısqal olmayan məhəllələrdən keçib kövrək addımlarla Vüsalın doğulub böyüdüyü həyətin qapısına yaxınlaşırıq. İstər-istəməz ürəyimizi həyəcan hissi bürüyür. Şəhidlər haqqında yazmağa gedəndə həmişə bu cür qəribə hisslər keçiririk. Qapının ətrafında Vüsalın xatirəsinə ehtiram əlaməti olaraq guşə düzəldilib. Divara qara mərmər vurulub. Hasarın yuxarısından Azərbaycan və Türkiyənin bayraqları asılıb. Aşağıdan isə səliqə ilə qardaş ölkələrin bayraqlarının rənginə bənzəyən güllər, çiçəklər əkilib. Vüsalın mərmərə hopdurulmuş şəklinə diqqətlə baxanda sinəsindən medalların asıldığını gördük. Vüsal bu medalları torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igidliyi ilə qazanıb.
Asta-asta qapını döyürük. Səsə Vüsalın anası Naidə xanım çölə çıxıb bizi qarşılayır. İçəri ayaq qoyan kimi şəhid döyüşçünün şəkillərini görürük. Otaqların hamısından Vüsalın müxtəlif ölçülərdə şəkilləri asılıb. Bu şəkillər Vüsalın ömrünün hansı yaşında çəkilibsə, o yaşda da qalıb. Doğrudan da, gözəl deyilib ki, insan həyatının bir anı yalnız şəkillərdə donub qalır. Şəkillərə baxdığımız anlarda şəhidin atası Zakir Teymurov da gəlib çıxır. Görüşüb tanış oluruq. Sonra Vüsalın həm divardan asılmış, həm də albomdakı şəkillərinə baxırıq. Valideynləri gözlərini övladlarının şəkillərindən çəkmirlər. Naidə ana şəkilləri bir-bir bizə göstərək onların nə vaxt, harada çəkildiyi barədə məlumat verir. Ananı dinlədikcə, sanki, Vüsalın qısa ömrünün dünəninə boylanırıq. Kədər hissi ilə baxdığımız şəkillər əlimizdən tutub bizi bir anlıq valideynlərinin Vüsallı günlərinə aparır. Hiss olunmadan xatirələr uc-uca bağlanır. Söhbətimizdə qısa fasilə yarananda Naidə ana oğlunun bir vaxtlar əyninə geyinib vuruşduğu, şəhid olduğu hərbi formanı divardakı asılqandan çıxarıb mizin üstünə qoyur. Kövrələ-kövrələ deyir ki, ermənilər oğlumu Şuşada, köhnə yanacaqdoldurma məntəqəsinin yaxınlığında güllə yağışına tutublar. Düşmən əvvəlcə onun ayağından, sonra isə sinəsindən vurub. Ayağından yaralansa da, Vüsal uzanıb yerdə qalmayıb. Ayağa qalxıb ki, yaralı vəziyyətdə olsa da, işğalçıların üzərinə yerisin. Həmin anda ermənilər onun sinəsini nişan alıblar. Təəssüf ki, güllələr oğlumdan yan keçməyib. Hər dəfə formada güllələrin deşik qalmış yerlərinə əllərimi çəkəndə bədənim gizildəyir. Oğlumun şəhid olduğu an gözlərim qarşısında canlanır. Bu anlarda göz yaşlarıma hakim ola bilmirəm.
Şəkillərə, əsgər formalarına baxandan sonra Vüsalın ömür və döyüş yollarından bəhs edən kitabları, jurnal və qəzetləri vərəqləyirik. Bu dəqiqələrdə, sanki, zaman bir anlıq geriyə dönür. Cəsur əsgər hərbi geyimdə gözlərimiz qarşısında canlanır. Budur, o yenə də Şuşa uğrunda vuruşur, düşmən üzərinə can atır. Əsgər yoldaşlarının yarasına məlhəm qoyur.
Ana söhbətinə davam edərək deyir ki, ötən ilin noyabrında şəhid ailələrinin bir qrupunu Şuşa şəhərinə aparmışdılar. Oğlumun uğrunda can verdiyi şəhərə yaxınlaşdıqca özümdən asılı olmadan həyəcan keçirirdim. Şükürlər olsun ki, ayağım övladımın şəhid olduğu torpağa dəydi. Bundan Vüsalın da ruhu şad oldu. Doğrudan da, Şuşa gözəl şəhər imiş. Bu gözəl diyarda olanda xatırladım ki, Vüsal döyüşə gedəndən sonra sonuncu zəngini Şuşadan eləmişdi. Demişdi ki, ana, halallıq ver, biz Şuşa uğrunda döyüşə gedirik. Evə də, həyətə də bir az əl gəzdirin. Yaxınlarda qonaq-qaranız olacaq. Mən də ona halallıq verib, uğurlar arzuladım. Heç soruşmadım ki, qonaq-qaramız niyə çox olacaq ki? Ağlıma pis fikirlər gəlmədi. Düşündüm ki, yəqin düşməni məğlub edib qələbə ilə geri dönəndə döyüşçü yoldaşları ilə evimizə gələcək. Elə ertəsi gün həyat yoldaşımla gedib bir az tikinti materialı alıb gətirdik. Evimizə, həyətimizə bir balaca əl gəzdirdik. Bir neçə gün ondan zəng gəlmədi. Noyabrın 8-də Vüsalı yuxumda gördüm. Gördüm ki, oğlum su içir. Mənə deyir ki, ana, su ver içim. Mən də onun dediyini edirəm. Doyunca su içəndən sonra Vüsal çıxıb gedir. Səhər yuxudan ayılanda nəsə ürəyimə damdı ki, oğlum şəhid olub. Artıq ermənilər məğlub edilmişdi, döyüşlər dayanmışdı, silahlar susmuşdu. Amma Vüsaldan bir xəbər çıxmırdı ki, çıxmırdı. Ondan çox nigaran qalmışdıq. Nigaran qalsaq da, ümid edirdik ki, bəlkə yaralıdır, bəlkə xəstəxanadadır. Bu gün-sabah sağalıb ayağa qalxar, bizə zəng vurar. Amma ondan zəng gəlmirdi. Günlər keçdikcə narahatlığımız artırdı. Noyabrın 13-də telefonuma tanış olmayan bir nömrədən zəng gəldi. Zəng vuran kədərli səslə Vüsalın Şuşa uğrunda gedən döyüşlərdə şəhid olduğunu dedi. Nə vaxt şəhid olduğunu soruşanda dedi ki, oğlun noyabrın 8-də - yuxuma girən günü Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub. Deməli, övladların ölümü analara əyan olurmuş...
Naidə xanım kövrəlir, danışa bilmir, dili sözə yatmır. Vüsalın atası Zakir Teymurov həyat yoldaşının söhbətini davam etdirir. Deyir ki, noyabrın 13-də evimizə gələn zəng oğlumun sağ olmağına bağladığımız ümidləri qılınc kimi doğradı. Vüsal Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Həmin gün onun nəşini də gətirdilər. Valideyn üçün övlad itirməkdən ağrılı heç nə yoxdu. Göz yaşlarımıza hakim ola bilmirdik. Təsəllimiz yalnız o idi ki, Vüsal torpaqlarımızın azadlığı uğrunda şəhid olmuşdu. Acı göz yaşları içində oğlumu Badamdar qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırdıq. Vüsalla bərabər oğlum Ruslan da könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollanmışdı. Vüsalı aparsalar da, Ruslanı geri qaytarmışdılar. Oğullarımın ikisi də vətənpəvər idi. İnanıram ki, əgər Ruslan da döyüşə getsəydi, mütləq geriyə medallarla, ordenlərlə qayıdacaqdı.
Evlərində olarkən Vüsalın ömür və döyüş yolu ilə yaxından tanış olduq. Öyrəndik ki, Teymurov Vüsal Zakir oğlu 1991-ci il martın 4 də Bakı şəhərində anadan olub. 1997-2008-ci ildə Badamdar qəsəbəsindəki Tofiq Məmmədov adına 239 nömrəli orta məktəbdə oxuyub. 2008-ci ildə orta məktəbi yüksək qiymətlərlə bitirərək Azərbaycan Kooperasiya Universitetinə qəbul olub. 2012-ci ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. Əsgəri borcunu cəbhə bölgəsində yerləşən hərbi hissədə yerinə yetirib.
Torpaqlarımızın işğalı ilə barışmayan Vüsal Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə yollanıb. Yollanıb ki, erməni qəsbkarları ilə vuruşsun, onları Qarabağdan qovsun. Vətən torpaqlarını azad görsün. Onun yağılarla ilk döyüşü Füzuli rayonu uğrunda olub. Füzulidən başlayan döyüş yolu Xocəvənd, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarından keçib. İrəli atdığı hər addım onu Şuşa uğrunda gedəcək döyüşlərə yaxınlaşdırıb.
Noyabrın ilk günləri idi. Getdikcə zəifləyən işğalçılar əvvəlki günlərdəki kimi müqavimət göstərə bilmirdilər. 3 gün idi ki, Vüsalgil düşməni geri sıxışdıra-sıxışdıra irəliləyirdilər. Artıq döyüşlər böyük strateji əhəmiyyəti olan Daşaltı kəndi uğrunda gedirdi. Bu yaşayış məntəqəsinin əlverişli nöqtədə yerləşdiyini dərindən dərk edən ermənilər ciddi müqavimət göstərirdi. Amma işğalçıların müqaviməti mənasız idi. Çünki artıq onlar addım-addım məğlubiyyət girdabına yuvarlanırdılar. Qızğın doyüşlərdən sonra işğalçılar geri oturduldu. Daşaltı kəndi düşməndən azad olundu. Döyüşçülərin sevinci yerə-göyə sığmırdı. Sevincə əsas səbəb isə bir azdan Vüsalgilin Şuşa uğrunda vuruşacağı idi. Ağır itki verən işğalçılar Daşaltıdan xeyli geri çəkildilər. Döyüşlər bir an olsun belə dayanmırdı. Gurlayan atəş səsləri dağı-daşı yerindən oynadırdı. Şuşanı azad edəndən sonra Vüsal Cıdır düzünə çıxmağı, İsa bulağından su içməyi, şəhərin gözəl mənzərələrinə baxmağı arzulayırdı. Təəssüflər olsun ki, Vüsal bu günü görə bilmədi, arzularına qovuşmadı. Noyabrın 8-də Şuşanın azad olmasına bəlkə də dəqiqələr qalmış düşmən gülləsinə tuş gələrək şəhid oldu. Əsgər Vüsal Teymurov könüllu olaraq torpaqlarını azad etməyə gəldiyi Vətən uğrunda canından keçdi. Şəhid olsa da, arzusuna, istəyinə çatdı. Qarabağın azadlığı uğrunda vuruşdu, düşməndən şəhidlərin intiqamını aldı. Onun ölümü döyüşçü yoldaşlarını, komandirlərini çox kədərləndirdi.
Əsgər dostları, komandirləri Vüsal haqqında xoş sözlər dedilər. Taqım komandiri baş leytenant Rəşid Kərimov dedi ki, əsgər Teymurov bölüyümüzə oktyabrın əvvəllərində - biz Füzuli istiqamətində döyüşdüyümüz günlərdə gəldi. Elə ilk döyüşlərdən onun bacarıqlı, peşəkar, cəsur bir əsgər olduğu üzə çıxdı. Vüsalla birlikdə Füzuli rayonundan başlayan döyüş yolumuz Cəbrayıldan, Xocavənddən, Qubadlıdan keçib Şuşaya qədər davam elədi. Ən ağır döyüşümüz Daşaltı kəndində və Şuşa uğrunda oldu. Çünki ərazi bizim üçün əlverişsiz idi. Buna baxmayaraq, ermənilərin üzərinə cəsarətlə, qorxmadan gedirdik. Təəssüflər olsun ki, Şuşa uğrunda gedən döyüşdə cəsur əsgər Vüsal Teymurovu itirdik. O, döyüşçü yoldaşlarının qəlbində həmişə qorxmaz bir əsgər kimi qalacaq.
Əsgər yoldaşı Orucəli Abbaszadə dedi ki, Vüsal ürəkli oğlan idi. Onun zamanında öyrəndiyi yaralıya ilk tibbi yardım göstərmək bacarığı döyüşlər vaxtı çox əlimizdən tuturdu. Əsgər yoldaşları yaralanan kimi Vüsal özünü onun köməyinə atardı. Tez bir zamanda onların yaralarını təmizləyib, sarıyar və ağrıkəsici iynələr vurardı. Vüsal Şuşanın azad olunmasında onun da payının olmasını istəyirdi. Əfsuslar olsun ki, onu Şuşa uğrunda gedən döyüşlərdə itirdik. Həmişə deyərdi ki, döyüşlərdən geriyə ya qəhrəman əsgər, ya da şəhid kimi dönəcəyəm. Vüsal geriyə şəhid kimi döndü. Onun xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə Teymurov Vüsal Zakir oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.
Evlərindən məhəlləyə qaranlıq düşəndə çıxdıq. Vüsalın xatirəsinə yaradılmış guşədə yanan gur işıq ətrafı nura boyayırdı. Xəfif, ilıq külək əsirdi. Havadan payız qoxusu gəlirdi. Vüsal da Şuşa şəhəri uğrunda gedən döyüşlərdə elə payız günlərində şəhid olmuşdu. Vətənin azadlığı yolunda canından keçmişdi. İndi Şuşada da elə payızdır. Artıq atəş səsləri eşidilmir. Hər tərəf sakitliyə bürünüb. Uğrunda şəhid olan oğulların ruhları kimi...
Vahid MƏHƏRRƏMOV
Bakı şəhəri