Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər".
Sentyabr ayı Azərbaycan tarixində bir çox hadisələrlə yadda qalıb. Bu ilin sentyabrı isə lokal xarakterli antiterror tədbirlərinin başlanılması və düşmənə növbəti layiqli cavab verilməsi ilə tarixin yaddaşına yazıldı. Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu, Azərbaycanın daha bir böyük qələbəsi idi. Yüksək peşəkarlıqla strateji hədəflərə nail olundu, kommunikasiyalar və yüksəkliklər nəzarətə götürüldü.
20 sentyabr tarixində Prezident İlham Əliyev Silahlı Qüvvələrin peşəkarlığı, texniki imkanları sayəsində antiterror tədbirlərinin qısa zamanda və uğurla başa çatmasını yüksək qiymətləndirərək xalqa müraciətində demişdir: "Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Bizim bütün addımlarımız legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə biz həm məsuliyyət daşıyırıq, həm qürur hissi keçiririk. Yenə də deyirəm, antiterror tədbirləri yüksək peşəkarlıqla, dəqiqliklə elə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi".
27 sentyabr - böyük zəfərə aparan o tarixi gündən bizi 3 illik zaman kəsiyi ayırır. Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə ehtiramın ifadəsi olaraq 27 sentyabr Anım Günü kimi tarixə düşüb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz illərdir düşmən tapdağında olan torpaqlarımızı azad etdi. Bizə qələbə sevincini yaşadan ordumuz həm də öz gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ordumuzla bir daha qürur duyduq.
Qarşımda fotolar var. İgidlərimizin əks olunduğu fotolar. Danışan fotolar. Vətənpərvərliyin, mübarizliyin, cəsurluğun tablosudur deyərdim. Fotolar həm də əminlik hissi yaradır: Belə ordusu olan Vətən bir daha basılmaz! Vətən müharibəsində qəhrəmanlıq göstərən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarının döyüşdən geriyə qalan xatirələridir. O xatirə səhifəsini vərəqlədikcə bunları oxuyursan:
Müharibə, dəhşətdir, fəlakətdir, itkidir, qandır. Lakin azadlıq uğrunda hər cür müharibə müqəddəsdir. Bu müqəddəs yola Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları da qatıldı, həm də şövqlə, böyük bir vətənpərvərlik duyğusu ilə. Ürəklərində Vətən eşqi, gözlərində intiqam polad biləkli oğullar heç Qarabağı görməmişdilər. Qarabağın gözü Şuşa haqqında sadəcə kitablardan oxumuş, kadrlardan izləmişdilər. Amma nə fərqi, Vətən elə Vətəndir, hər qarışı müqəddəsdir. Dağına, daşına nabələd müqəddəs yolun yolçuları doğma Naxçıvan elindən ta Şuşayacan yol qət etdilər. Füzuli-Xocavənd, Füzuli-Şuşa istiqamətində döyüş yolu keçən Naxçıvan xüsusi təyinatlıları bu yolda çətinliklərə sinə gərdilər, silahdaşlarını itirdilər, lakin bir addım belə geri çəkilmədilər. Çox mürəkkəb relyefə malik ərazilərdə peşəkarlıq nümunəsi göstərərək düşmənin qurduğu pusquları yardılar. Verilən hər bir tapşırıq uğurla yerinə yetirildi. Döyüş tapşırıqlarının yerinə yetirilməsində Naxçıvan xüsusi təyinatlıları əsasən Füzuli şəhərinin işğaldan azad olunması, Füzuli-Tuğ yolu üzərində pusquların qurulması, Axullu, Edilli, Ağbulaq, Düdükçü kimi yaşayış məntəqələrinin düşməndən təmizlənməsinə cəlb olundu. Füzuli yaşayış məntəqəsindən Şuşa yaşayış məntəqəsinədək çoxlu dağlıq və meşəlik ərazilər mövcud idi. Dağlıq və meşəlik ərazilərdə hakim yüksəkliklərdə düşmən bölmələri oturmuşdu. Bu istiqamətdə Meştaqlar, Azox kimi yaşayış məntəqələri, Zardanaşen, Taqavard, Daşaltı yaşayış məntəqəsinin və sonda isə Şuşa şəhərinin azad olunması qarşıya qoyulan tapşırıqlardan idi. Düşmən qüvvələri illərdir qurduğu istehkama və yerləşdiyi əlverişli mövqelərə rəğmən xüsusi təyinatlıların qarşısında aciz qaldı. Məğlubiyyətə doğru getdiyini anlayan düşmən Şuşa şəhərinin müdafiəsini gücləndirməyə başlayır. Taqavard yaşayış məntəqəsi, onun ətrafında olan hakim yüksəkliklər, Çanaqçı, Sığnaq yaşayış məntəqələri düşməndən təmizləndikdən sonra növbəti hədəf oradakı hakim yüksəklik idi ki, düşmən həmin yüksəkliyə çox dəyər verirdi. Bu, təminat-təxliyə yollarına və digər yol kəsişmələrinə nəzarət etmək üçün əlverişli yüksəklik idi. O yüksəkliyin nəzarətə götürülməsində Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarının çox böyük rolu olur. Həmin yüksəklik nəzarətə keçdikdən sonra 4 noyabr tarixində Şuşa-Laçın yolu, 5 noyabr tarixdə isə Xankəndi-Şuşa yolu kəsilir. Düşmən Xankəndi-Şuşa yolunun kəsilməsini ehtimal etməmişdi. Əsas qüvvəni Şuşa-Laçın yolu üzərində cəmləşdirmişdi. 5-7 noyabr tarixlərində həmin istiqamətdə ağır döyüşlər gedir.
Füzulidən Şuşa şəhərinədək şərəfli döyüş yolu keçən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları döyüş tapşırıqlarının icra edilməsində digər qoşun növlərinin xüsusi təyinatlıları ilə birgə şücaət göstərir. Noyabrın 8-i Şuşa düşməndən tamamilə azad edilir. Şuşa İcra hakimiyyətinin binasına bayraq sancan hərbi qulluqçular sırasında Naxçıvan heyəti də iştirak edib. Şuşanın azad olunmasında onların xidmətləri danılmazdır. Hazırda xidmətlərini davam etdirən cəsur hərbçilərimizin peşəkarlığı sayəsində Naxçıvan heyəti az itki ilə döyüşdən üzüağ Naxçıvana qayıdıb. Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarından şəhadətə ucalanlar da oldu. Hər birini ehtiramla anırıq. Hansı ki, həmin qəhrəmanların bir neçəsi haqqında yazmışıq və yazmaqda davam edəcəyik.
Düşmənlə üzbəüz, çətin və mürəkkəb şəraitdə şücaət göstərən qəhrəmanların böyük əksəriyyəti xidmətini ordu sıralarında davam etdirir. Döyüşçülərdən bir nəfər "Zəfər", bir nəfər "Qarabağ", 18 nəfər "Azərbaycan bayrağı", 12 nəfər "Rəşadət" ordeni ilə təltif olunub. 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Digər hərbi qulluqçular da Vətən müharibəsində göstərdikləri şücaətə görə müvafiq medallarla təltif olunmuşlar.
Ulu babalarının döyüşkənlik ruhunu qanlarında daşıyan Naxçıvan xüsusi təyinatlıları Qarabağda qanlarıyla tarix yazdılar. Həmin döyüşlərin canlı şahidi olmasaq da, döyüşçülərin əlimizdə olan foto və videolarından onların hansı ruh və qələbə əzmi ilə bu döyüşə atıldıqlarını təsəvvür etmək heç də çətin deyil.
Ruhiyyə RƏSULOVA Naxçıvan televiziyasının baş redaktoru