"Kitabi-Dədə Qorqud" dastanlarında bulaqlar "şırıl-şırıl qayalardan çıxan su" kimi tərif edilib. Qayalardan süzülüb gələn suya - bulağa bunca mehr-ülfət, bunca qədir-qiymət həmişə dünənlərə böyük sədaqətlə yaşadılıb, müqəddəsliyə ünvanlanmış xeyir-dua kimi bütün zikrlərin salavatı olub.
İlk daşları daşlar üstünə qoyulanda bu şenliyə Şuşa dedilər. Boyunu sevdilər, odunu-közünü sevdilər, özünü sevdilər. Dan yeri söküləndə bülbüllərin cəhcəhinə oyananların ruhunun cəfakeşiydi Şuşa. Aqillər, loğmanlar Şuşanın havasını Gülüstani-baği-İrəmin havasına tən bilirdilər. Möcüzə gözəllikləri Cıdır düzündən Qarqara enən, nabələdlərin uğuruna dönən cığırların yan-yörəsində cücərən, boy göstərən, böyüyən çiçəklərin ətri-rayihəsi tamamlayardı. O vaxtlarda dağlarını duman bürüyəndə də gözəllik bircəsiydi Şuşa, duman çəkiləndə də ...
Camaat illərlə dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, meşədə çağlayan bulaqların birindən xəbərsiz olub. İsa adlı rəncbər rastlaşdığı bulağın duruluğundan, soyuqluğundan, bir də bənzərsiz zümzüməsindən heyrətlənib. Bu heyrət müqəddəs heyrət olub. İsanın özü bulağa "Buz bulaq" deyib, ca-maat - İsanın bulağı, İsa bulağı...
Təzəlikcə ad almış düzdə də - Cıdır düzündə də, bu ucalığa gətirən yollarda da, ucalığın ətəyindən yapışan meşələrdə də səssizliyi bir ilahi səs gödəldib. Bu səs avazıydı, bu səs bənzərsizliyiydi, bu səs uca ruhların pıçıltısıydı. Ötəni yolundan eləyirdi, gedəni dayandırırdı...
Topxanada ov ovlayıb, quş quşlayanlar da yorğunluğunu bu səs-avazın qüdrətiylə çıxardırdılar. Bu səs bulaq səsiydi, bu avaz bulaq avazıydı - İsa bulağının səsiydi, İsa bulağının avazıydı!
Zaman-zaman qonaqlı-qaralı olub İsa bulağı.
İsa bulağının avazı Hacı Hüsünün, Bülbülcanın, Məşədi İsinin, Dəli İsmayılın, Keçəçi oğlu Mə-həmmədin, Seyidin, Cabbarın, Xanın, ... , Mürsəl Məşədi Süleyman oğlunun avazıyla qoşalaşıb. Yaxın-uzaq ellər axışıb bura gələrdi ki, İsa bulağının hüsnünü doyunca görsün, avazını ayrıca da dinləsin, dinşəsin, möcüzə avazlarla qoşalaşanda da...
İsa bulağı illərlə dərdliyə qardaş olub, bimara - sirdaş...
1992-ci ilin mayına kimi dan yeri söküləndən gecənin bir aləminə qədər (bəzən gecələr də) gözəlliyini, səmimiyyətini, mehr-ülfətini mehmanlarından əsirgəmirdi.
1992-ci ilin mayında Şuşa işğal olundu. Şuşalı xatirələr sızıltıya dönsə də, yaşadıldı. Ə.Haqverdiyevin "Qoca tarzən"ini xatırlayıram. Qoca tarzənin "Rast"ını eşidən bülbül yaxınlıqdakı ağacın şah budağına qonur, "Rast"ın ecazkarlığında çırpınır, çırpınır və özünü tara çırpır. Pərvanələr oda çırpılan kimi. 2020-ci ilin 8 Noyabrına kimi şuşalı xatirələrin həmin bülbül sayağı İsa bulağının avazına çırpılacağına əminliklə yaşamışdıq, ordumuzun qüdrətinə sığınıb yaşamışdıq. Onda tar səsi İsa bulağının avazına sarılanda pərvanə-bülbüllərdən biri özünü yetirəcək...
Ermənilər işğal müddətində İsa bulağını "İsaak bulağı" adlandırsa da, ruhumuz 28 il Şuşanın göylərində, Cıdır düzünün qayalıqlarında, İsa bulağının həndəvərində dolaşıb. Özündən uzaq düşsək də, ruhumuz səsindən iraq düşməmişdi...
Şuşa 2020-ci ilin 8 Noyabrında işğaldan azad edildi...
2023-cü ilin payızında on illərlə çəkən sıxıntılar sonlandı. İsa bulağı da "İsaak"lıq sıxıntılarından qurtardı...
İsa bulağı əvvəlki cah-cəlalına qayıdır. Yenə yan-yörəsi qonaqlı-qaralı olacaq. Gələnlərin sırasında hərbçiləri görüncə, onların nəfəsi nəfəsinə çatınca avazı daha da gözəlləşəcək, onda Şuşa elə gözəlləşəcək ki!..
Tanrı biçən gözəlliyi görən yenə deyəcək ki, tərifə layiqdi İsa bulağı. Nəfəsim avazına dəyən kimi diz çöküb suyunu ovuclayıb içdim, ruhum yanğıdan qurtardı, "Tərifin sığan deyil sözə, İsa bulağı!" - dedim. Əsən yellər səsimi yaxınlara-uzaqlara yetirdi...
Mayor
Ceyhun CƏFƏRLİ
"Azərbaycan Ordusu"