Vətənpərvərlik Vətənə sevgidi, Vətən sevgisidi, ailədə, məktəbdə aşılanan hissdi. Həm də duyğuları daha böyük amallara qovuşduran hissdi. İllər keçdikcə duyğular da, hisslər də incələşir, Vətən adlı bir müqəddəsliyin səyyarəsinə dönür. Əsgərlərlə Vətənə sevgidən, Vətən sevgisindən danışırıq. Səmimi bir mükalimələşmədi. Müstəqil Azərbaycanın müharibə tarixindən danışırıq. Əsgərlər qəhrəmanlarımızı həm yaxşı tanıyır, həm də sevirlər. Onlar qəhrəmanların qəhrəmanlığını Vətənə sevginin müqəddəslik mərtəbəsi adlandırırlar. Sevinirik. Sevinirik ki, tariximizi tarix kimi yaşadırıq, yaşadacağıq...
Tanıtma-çıxışlar vətənpərvərliyin zəmanəti kimi dinlənilir. Əsgərlərin hamısının qəhrəmanlarımızı bunca tanıdıqları, bunca sevdikləri gözəl könül xoşluğudu.
Texniki Universitetin məzunu əsgər Rəşad Məhərrəmov:
- Orta məktəbdə müəllimlərimiz bizə qəhrəmanlardan da danışardılar. Onların söhbətlərini xalqımızın tarixi kimi dinləyirdik. Birinci Qarabağ müharibəsinin qəhrəmanları haqqında bilgilərimizi də belə söhbətlərlə genişləndirirdik. Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovu mənə atam tanıdıb, onun da haqqında eşitdiklərim yaddaşımdadı.
Xocalı faciəsi onun da düşüncələrini kükrədib, o da ordu sıralarına daxil olub. 1992-ci il aprelin 30-da bölük komandiri vəzifəsinə təyin olunub. Bölük iyunun 13-də Goranboy rayonuna gətirilib. Həmin vaxtlar Azərbaycan Ordusu ilk hücum əməliyyatına - Goranboy əməliyyatına hazırlaşırdı. Bölük Buzluq, Çartaz, Erkəc kəndlərinin azad edilməsi uğrunda döyüşlərdə iştirak etdi. Bölük 15-dən çox düşməni məhv edib, 4-nü əsir alıb. Səhərisi gün Mənəşli kəndini də azad etdilər. Bölük Suqovuşanın, Gülüstanın azad edilməsində də fərqlənib. İyunun 21-də Madagiz uğrunda döyüşlər olub. Tabor komandiri bir neçə döyüşçü ilə mühasirəyə düşüb. Koroğlu kiçik bir qrupla onların köməyinə çatıb. Komandir də, əsgərlər də mühasirədən çıxarılıb, Suqovuşan də alınıb. Koroğlu Rəhimov iyulun 3-də Ağdərə ətrafında, 3-cü sovxozun ərazisində qəhrəmanlıqla şəhid olub. Azərbaycanın Milli Qəhrəmanıdır.
Əsgərlər tanıdıqları, qəhrəmanlığına bələd olduqları Koroğlu Rəhimovu yenidən tanıyırlar - maraqla dinləmişdilər. Sanki qəhrəmanın döyüş yolunun izləyiciləri olmuşdular...
Memarlıq və İnşaat Universitetinin məzunu əsgər Elçin Allahverdiyev:
- Yusif Mirzəyev Ağdərə ətrafında gedən döyüşlərdə iştirak edirdi. Cəsarəti, qorxmazlığı ilə sevilən kapitan Yusif Mirzəyevi Şahin Musaoğlu ədəbiyyatda da, musiqidə də yaşatmaq istəyib. Sağlığında yazılmış mahnını qəhrəmanın özü eşidə bilməyib.
Yusif Mirzəyev Naxçıvanın Babək rayonunun Böyükdüz kəndində anadan olub. Naxçıvan Rabitə Qovşağında işləyib, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin fədailərindən biri olub. 1991-ci ildə zabit kimi ordu sıralarına daxil olub. Goranboy əməliyyatı onun ilk döyüşü olub. Yusif hərbi hissə komandirinin müavini təyin edilib. O, bu əməliyyatda xüsusi qabiliyyətləri ilə fərqlənib. Döyüşçülər onun şəxsi xarakterini də seviblər. Ağdərə əməliyyatında Yusif Mirzəyevin başçılıq etdiyi 14 nəfərlik qrup 17 kəndin işğaldan azad edilməsində şücaətlə döyüşüb. Döyüşlərdən birində mühasirəyə düşüblər. Yusifin çevikliyi, hadisələrə vaxtında və gərəkli qərar vermə bacarığı ilə mühasirədən çıxa biliblər.
1993-cü il fevralın 19-da Ağdərədə ağır döyüşlər başlayıb. Düşmən çox olduğuna görə döyüş olduqca gərginləşib. Yusif Mirzəyev döyüşçüləri mühasirədən çıxardanda qəhrəmanlıqla həlak olub. Azərbaycanın Milli Qəhrəmanıdır.
Əsgər Elvin Məmmədkərimov Türkiyədə ali təhsil alıb. Disputdan əvvəl söhbətləşəndə erudisiyalı, məlumatlı olduğunu duymuşduq. Əmin idik ki, disputda da fəal olacaq. Duyumumuz gerçəkləşdi...
- Azər Abdullazadə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Orta təhsil alıb, hərbi xidmətə çağırılıb. O da digər əsgər yoldaşları kimi döyüşlər arzulayıb ki, torpaqlarımızı işğaldan azad edək. Tərxis olunmasına üç gün qalmış İkinci Qarabağ müharibəsi başlayıb. Tankçı idi. Xidmət etdiyi hərbi hissə Füzuli istiqamətində döyüşlərə cəlb olunmuşdu. Yaralanmışdı. Yaraları ağır deyildi. Hospitala təxliyə edilmişdi. İsrarlı xahişi ilə yenidən döyüşlərə qayıtmışdı.
Hələ hərbi xidmətə gəlməmiş atam bu qəhrəman haqqında da sevgilərlə danışırdı. Sonralar internetdən onun döyüşləri haqqında əlavə məlumatlar da öyrəndim. Azər döyüşlərin birini qürurla xatırlayır, bir tankçının timsalında Azərbaycan əsgərinin hünəri kimi xatırlayır: "Döyüş yoldaşım düşmən tankı ilə qarşı-qarşıya gəlmişdi. Həmin vaxt o, cəmi bir neçə saniyə qabağa düşərək düşmən tankını məhv edə bildi. Düşmən tankı bir mərmi də ata bilmədi...".
Əsgər İsgəndər İsgəndərli əsgər yoldaşının fikrini səmimiyyətlə tamamlayır:
- Azər Abdullazadənin daxil olduğu bölük Cəbrayıl istiqamətində döyüşürdü. Sizin qəzetdə bir ifadə mənə də xoş ovqat verib: Azərbaycan əsgəri döyüşə-döyüşə Qələbəyə yaxınlaşırdı. Tankçılarımız da rəşadətlə döyüşürdülər. Minalanmış sahələrdən də keçirdilər. Düşmənin komanda məntəqələrinin, dayaq məntəqələrinin dağıdılmasında, döyüş maşınlarının, canlı qüvvəsinin məhv edilməsində tankçılarımızın şücaətləri indi tarixdir.
Cəbrayıl uğrunda döyüşlər gedirdi. Ağır döyüşlərdə çoxlu sayda düşmən öldürülmüşdü, onlarla zirehli texnikası məhv edilmişdi. Düşmən sığınacaqlara doluşubmuş. Döyüşlər şiddətlənəndə sığınacaqlardan da çıxıb qaçıblar. Onda da xeyli düşməni məhv ediblər.
Azər tankın içində hədəfə alındıqlarını bildirən siqnal səsini eşidib. Tankları iki tərəfdən nişana alınıbmış. Onlardan birini vura biliblər. Düşmənin ikinci tankı onların tankını vurub. Tankda üç nəfər olublar. Tank parçalanıb, tankın komandiri leytenant Murad Nağıyev şəhid olub. Azər Abdullazadəni tankın içindən ağır yaralı olsa da, sürücü-mexanik Elsevər Hümbətli onu çıxardıb...
Gicgahından girən qəlpə Azər Abdullazadənin sağ gözünü töküb...
Əsgər Azər Abdullazadə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. 19 yaşında...
Əsgər Nihat Abbasov:
- Ramazan Hudulov 1994-cü ildə Balakən rayonunun Qaysa kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bitirib. 2016-cı ildən müxtəlif hərbi hissələrdə xidmət edir.
İkinci Qarabağ müharibəsi başlayanda kapitan Ramazan Hudulovun xidmət etdiyi bölük Xocavənd istiqamətində döyüşlərə göndərilib. Düşmənin sığındığı postu azad ediblər. Sonra Füzuli istiqamətində döyüşlərə cəlb olunublar. Füzuli rayonunun Dövlətyarlı kəndində yüngül yara alsa da, döyüşləri davam etdirə bilib. Düşmən dalbadal iki minaatan mərmisi atıb, birincisindən yayınıb, ikincisi yaxınlarına düşüb - iki metr aralıya. Ramazan bel nahiyyəsindən 4 qəlpə yarası alıb. Özünün ciddi xahişi ilə döyüşü davam etdirməsinə icazə veriblər...
Bölükləri Daşaltı səmtinə göndərilib. Şuşanın işğaldan azad edilməsində Daşaltının ermənilərdən təmizlənməsi olduqca vacib idi. Müəyyən qədər məsafəni texnikalarla gediblər, sonra piyada. 50 nəfərlik heyətlə dağ, dərə və sıx meşəliklərlə 20 kilometrə qədər yolu piyada getdikdən sonra Daşaltı kəndinə yaxınlaşıblar. Dayanıb əmr gözləyiblər. Səhərə yaxın hücum əmri verilib. Hücum başlayanda tabor komandiri qol nahiyyəsindən ağır yaralanıb, onu döyüşdən çıxardıblar, təxliyə ediblər. Onda kapitan Ramazan Hudulov tabor komandirini əvəz edib. Döyüş planını şəraitə uyğun yeniləşdiriblər. Ətraf yüksəklikləri dövrələmə üsulu ilə alıblar. Piyada getdikləri üçün ağır silahları olmayıb, yalnız qumbaraatanları olub. Onlara artilleriya da dəstək verib. Bir müddət döyüşəndən sonra düşmənin xeyli sayda itkisi olub, qalan hissəsi isə qaçıb.
Əsgər Vüqar Bədəlov:
- Qəhrəmanlıq həmişə qələbəyə aparıb. Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu qələbələrə aparırdı. Kapitan Ramazan Hudulov 27 nəfərlik qrupla irəliləyərkən minalanmış sahəyə düşüblər. 5 nəfəri şəhid olub, 13 nəfəri yaralanıb. Yaralıları, şəhidləri təxliyə etdikdən sonra döyüşə-döyüşə Daşaltı kəndinə giriblər. Kəndi ermənilərdən təmizləyiblər.
Kapitan Ramazan Hudulovun başçılıq etdiyi qrup qayalıqlardan keçərək düşməni arxa tərəfdən mühasirəyə alıb. Xeyli sayda texnikasını zərərsizləşdirib, canlı qüvvəsini məhv edib. Sağ qalanları qaçıb. Səhər saat 8-də başlayan əməliyyat axşam saat 6-da qələbə ilə başa çatıb...
Kapitan Ramazan Hudulov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb...
Türkiyənin Adana Universitetinin məzunu Faiq Həsənov:
- Zaur Nudirəliyev Zabrat qəsəbəsində təhsil almışdı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirmişdi, Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbində təyyarəçi ixtisası almışdı. Azərbaycan Hərbi Hava Qüvvələrində 20 il müddətində müxtəlif vəzifələrdə xidmət etmişdi. Bir sıra döyüş üsullarını təkmilləşdirmişdi, sonra uğurla sınaqlardan keçib, döyüşlərdə yerinə yetirmişdi. Polkovnik Zaur Nudirəliyev hərbi təlimlərdə "Su-25" təyyarələrinin tam döyüş gücündən məharətlə istifadə edirdi. Bacarıqlı pilot nişangahdan istifadə etmədən ancaq riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etmişdi. NATO standartlarına uyğun bu üsul digər təyyarəçilərə də aşılanmışdı.
"Su-25" də bombardmançı təyyarəsi olduğu üçün aşağı hündürlükdə uçur. Bu təyyarə aşağı və orta hündürlüklərdə uçarsa, düşmənin hava hücumundan müdafiə vasitələrinin onu vurması ehtimalı böyük olur. Zaur Nudirəliyevin təklifləri əsasında "Su-25" hücum təyyarəsinin göstəricilərindən məharətlə istifadə olundu və nəticədə yeni bir döyüş üsulu yarandı. "Su-25" təyyarəsinin bomba atışının tam dəqiq olması üçün aşağı, orta hündürlükdən yox, yuxarı hündürlükdən istifadə olundu. Bu üsul Vətən müharibəsində geniş tətbiq edildi...
Əsgər Yediyar Hacıyev:
- Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" təyyarəsi döyüş tapşırığını yerinə yetirmək üçün Cəbrayıl istiqamətinə göndərildi. Həmin ərazidə Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının vasitələri olduğu ehtimal edilirdi. Zaur Nudirəliyevin idarə etdiyi təyyarə həmin ərazidə təyin olunmuş hədəfə yaxınlaşanda idarəetmə məntəqəsinə Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarının müdafiə vasitələrinin hazır vəziyyətə gətirilməsi barədə operativ məlumat daxil olmuşdu. Buna görə də dərhal onlara geri qayıtmaq tapşırığı verilmişdi. Həmin dəqiqədən sonra Zaur Nudirəliyevlə əlaqə dayanmışdı, pilot çağırışa cavab vermirdi. "Su-25" təyyarəsi Ermənistan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulmuşdu. Həmin zərbə təyyarənin katapult oturacağını zədələmədiyi üçün pilotun xilas olmaq ehtimalı olub. Ancaq həmin günlərdə Cəbrayıl şəhəri və onun ətraf yaşayış məntəqələri istiqamətində şiddətli döyüşlər getdiyi üçün o, paraşütlə eniş etsəydi, Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərə düşərdi. Bu, əsirlik olardı. Ona görə də polkovnik Zaur Nudirəliyev təyyarəni bütün sürəti ilə Ermənistan Ordusunun bir qrup canlı qüvvəsinin cəmləşdiyi yerdə zirehli nəqliyyat vasitəsinə çırpır. Qəhrəman ölümü ilə düşmənin onlarla canlı qüvvəsini, döyüş texnikasını məhv edir...
Polkovnik Zaur Nudirəliyev Vətən Müharibəsi Qəhrəmanıdır...
Qürurlanırıq ki, əsgərlərimiz qəhrəmanlarımızı belə tanıyırlar, belə sevirlər. Onların davamçıları da belə xidmət edəcəklər. Azərbaycan gəncliyi bu ruhda formalaşır. Azərbaycan naminə!.. Qəhrəmanları yaşatmaq da vətənpərvərlikdi!...
Mayor
Ceyhun CƏFƏRLİ,
baş leytenant
Mahmud MÖHBALIYEV
"Azərbaycan Ordusu"