Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2023 11:34

Üçtərəfli formatda hərbi əməkdaşlıq regionda sülhə və sabitliyə böyük töhfədir

Dünya siyasətçilərinin və tarixçilərinin də təsdiqlədiyi kimi Qafqaz regionu üçün əsrimizin ən mühüm hadisəsi, şübhəsiz ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi əməliyyatları oldu. Bildiyimiz kimi, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və Ali Baş Komandanın rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni hərbi-siyasi yolla həll etdi və tarixi ədalət bərpa olundu. Bu tarixi Zəfərdən sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün kifayət qədər münbit şərait yaratdı. Qafqaz geosiyasi məkanında müxtəlif vaxtlarda öz maraq dairəsi baxımından bir sıra dövlətlərin apardığı siyasət bu regionda həlli dalana dirənmiş problemlərin əsasını qoymuşdur. Lakin indiki postmüharibə dövrü, doğrudan da, yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Xüsusi ilə qeyd etmək yerinə düşər ki, Vətən müharibəsindən sonra Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etmişdir. Bu müqavilə imzalanacağı təqdirdə region dövlətlərinin hamısının faydalana biləcəyi yeni inkişaf mərhələsi başlayacaq və yeni iqtisadi-siyasi vəziyyət yaranacaqdır.
Azərbaycanın tarixi zəfərindən sonra regionda geosiyasi və geoiqtisadi vəziyyət dəyişmişdir. Bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üçün yeni əməkdaşlıq imkanları yaranmışdır və regionun nəqliyyat dəhlizi kimi rolunun daha da artacağını nəzərə alaraq, təhlükəsizliyin təmin olunması, eləcə də dayanıqlı sülhə, sabitliyə nail olunması üçün ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın və qarşılıqlı uzlaşmanın önəmi əsaslı dərəcədə artmışdır.
Hesab edirəm ki, region dövlətləri arasındakı səmimi münasibətlər və qarşılıqlı etimad, həmçinin bu ölkələrin müdafiə sahəsi üzrə iki və üçtərəfli əməkdaşlıqlar, sülh naminə tərəfdaşlıq sahəsində hər kəsə örnək ola biləcək bir nümunədir. Bu mənada, qonşu dövlətlərin ikitərəfli, üçtərəfli birgə fəaliyyətləri regionda sabitliyin qorunub saxlanılmasına və dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş sülhməramlılıq mesajı kimi qiymətləndirilməlidir.
Regionda yaranmış yeni reallıqlar və müharibədən sonrakı vəziyyət nəzərə alındıqda aydın görünür ki, bu gün belə görüşlərin və region dövlətlərinin çoxtərəfli hərbi əməkdaşlığının rolu daha böyük əhəmiyyət kəsb edir.
Bu istiqamətdə növbəti görüş noyabrın 27-də Bakıda baş tutdu.  Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri səviyyəsində onuncu görüş keçirildi. Görüş üç ölkə arasında mövcud olan müsbət, strateji səviyyəli dialoqun bariz nümunəsidir. Görüşdə müdafiə nazirləri  üç dost və qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin ikitərəfli və üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi, əməkdaşlığın gələcək inkişaf perspektivləri, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında geniş fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb və hər üç ölkənin bu proseslərə verə biləcəyi töhfələrdən danışılıb.
Görüşdə bölgədəki terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsinin regionda sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq layihələrin təhlükəsizliyinə birbaşa təhdid olduğu, eləcə də regiondan kənar qüvvələrin bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdlərinin qəbuledilməz olduğu da xüsusilə qeyd edilib.
Vurğulanıb ki, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə nizamlanması zamanın ən vacib amilidir.
Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə qurumları arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif növ birgə tədbirlərin keçirilməsi imkanları və digər əməkdaşlıq məsələləri barədə də ətraflı fikir mübadiləsi aparılıb. Üçtərəfli formatda keçirilən təlim və treninqlərin intensivləşdirilməsinin və səhra şəraitində keçirilməsinin əhəmiyyəti qeyd edilib və vurğulanıb ki, birgə təlimlərin keçirilməsi hərbi birləşmələr arasında əməliyyat uzlaşmasının əldə olunmasına, üçtərəfli fəaliyyətlərin yeni mərhələyə keçməsinə zəmin yaradacaq və nəticədə görülən bütün bu tədbirlər regional təhlükəsizliyə böyük töhfə verəcəkdir.
İlk baxışda növbəti onuncu, üçtərəfli formatda müdafiə nazirləri səviyyəsində görüşün keçirilməsində qeyri-adi bir hal yoxdur. Növbəti iclasdır. Müzakirələr aparılır, fəaliyyətlər planlaşdırılır, gələcək planlar barədə fikirlər bölüşülür, tərəflərin maraqlarına cavab verən məsələlər müzakirə edilir.
Bununla bağlı fikir və mülahizələrimi oxucularla bölüşmək istəyirəm.
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığı digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də uğurla davam edir. Üç ölkə arasında mövcud əməkdaşlıq formatı dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdırlar. Bu gün də dövlət başçılarımızın rəhbərliyi ilə bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Dövlətlərimiz arasında yüksək səviyyəyə çatmış münasibətlər xalqlarımızın iradəsini və maraqlarını əks etdirir. Bu əməkdaşlıq münasibətləri ölkələrimizin və bütövlükdə regionumuzun inkişafı və təhlükəsizliyin təmin olunması üçün çox vacib şərtlərdən biridir. Hesab edirəm ki, Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda keçirilən onuncu görüşü müdafiə qurumlarımız, eləcə də ölkələrimiz, xalqlarımız arasındakı əməkdaşlığı, dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan-Gürcüstan-Türkiyə arasında müdafiə sahəsindəki mövcud olan əməkdaşlığı və perspektiv imkanlarını yüksək dəyərləndirdiyini də xüsusi olaraq vurğulamaq istəyirəm. Bir daha qeyd etmək istəyirəm ki, qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq bölgədə sülhün, sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından böyük önəm kəsb edir.
Dövlətlərimiz arasındakı əlaqələrin mühüm tərkib hissələrindən biri enerji və nəqliyyat sahəsində əməkdaşlıq perspektivləridir. Bu kontekstdə regional əməkdaşlıq ölkələrimizə böyük fayda gətirir. Birgə həyata keçirilən iri infrastruktur layihələri, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi Azərbaycan-Gürcüstan-Türkiyə arasında uğurlu əməkdaşlığın nümunələridir. Ölkələrimizin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir və bu baxımdan regionda həyata keçirilən irihəcmli, dünya miqyaslı iqtisadi layihələrin mühafizəsi böyük əhəmiyyətə malikdir.
Onu da qeyd etmək yerinə düşər ki, bu gün müasir dünyada baş verən hadisələr, yeni çağırışlar və təhdidlər qarşılıqlı məsləhətləşmələrin aparılmasını, mövqelərin uzlaşdırılmasını zəruri edir. Bu şəraitdə ölkələrimizin müdafiə potensialı bizim təhlükəsizliyimizə əsas zəmanətdir. Bu baxımdan regionun təhlükəsizliyinə təhdid törədən terrorizmlə, separatizmlə və digər bu kimi neqativ təzahürlərlə mübarizədə səylərin birləşdirilməsi olduqca vacibdir.
Azərbaycan daima Türkiyənin və Gürcüstanın üzləşdiyi problemləri tam ciddiyyəti ilə anlayışla qarşılayır və bütün zamanlarda olduğu kimi, bu gün də bu məsələlərə həssaslıqla, diqqətlə yanaşır. Təbiidir ki, Azərbaycan Respublikası Türkiyənin terrorizmə qarşı qətiyyətli mübarizəsini və Gürcüstanın beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünü daima dəstəkləyir.
Bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, son zamanlar regiondan kənar bəzi qüvvələrin regional məsələlərə müdaxilə etmək cəhdləri müşahidə edilir. Bəzi qüvvələr məqsədyönlü şəkildə qərəzli və ziddiyyətli bəyanatlar səsləndirirlər. Belə cəhdlər və Ermənistanın məqsədyönlü şəkildə silahlandırılması regiondakı vəziyyətin gərginləşməsinə səbəb olur. Regiondan kənar qüvvələrin Ermənistanı silahlandırmaq cəhdlərinə imkan verilməməsi və şərait yaradılmaması regional sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Artıq açıq-aydın görünür ki, regionda sülhün, sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsinin yolu yalnız mehriban qonşuluq əlaqələrinin qurulmasından, xalqların maraqlarının ədalətli təmin edilməsindən, qarşılıqlı anlaşmadan və etimaddan keçir.
Vurğulamaq istəyirəm ki, hər üç dövlətin Silahlı Qüvvələrinin üzərinə düşən vəzifələrdən biri də bölgədə sabitliyin qorunub saxlanılmasını, həmçinin ölkələrimizi birləşdirən irihəcmli iqtisadi layihələrin təhlükəsiz şəkildə icra edilməsini, xalqlarımızın maddi rifah halının yaxşılaşdırılmasına bəhrələr verməsini təmin etməkdir. Hər üç dövlətin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlər məhz sözügedən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə xidmət edir.
Hesab edirəm ki, üçtərəfli hərbi əməkdaşlığın daha da möhkəmləndirilməsi və regionda baş verən hadisələrin müştərək olaraq qiymətləndirilməsi məqsədilə mütəmadi olaraq Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə Nazirliklərinin rəhbərlərinin və nümayəndə heyətlərinin görüşlərinin davam etdirilməsi zamanın tələbidir və zəruridir.
Qeyd etmək istərdim ki, üçtərəfli təlim-məşqlərin və treninqlərin əhatə dairəsinin genişləndirilməsi də vacib amildir. Mühəndis-istehkam sahəsi üzrə təlim və treninqlərin keçirilməsi müasir mərhələdə böyük əhəmiyyət kəsb edir. Bu sahədə geniş imkanlar mövcuddur və keçirilən təlimlərdə istehkamçıların iştirakı, onların peşə bacarıqları ilə bağlı təcrübə mübadiləsinə şərait yaradacaq və nəticədə mühəndis-istehkam bölmələrinin döyüş hazırlığının yüksəlməsində, eyni zamanda, peşəkarlıqlarının artmasında mühüm rol oynayacaqdır.
Bununla yanaşı, hərbi tibb, hərbi təhsil, idman və bu gün dünyada ən çox müzakirə olunan "kibertəhlükəsizlik" sahəsində üçtərəfli əməkdaşlığımızda artıq müsbət dinamika vardır. Sadaladığım istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, perspektivlərin, mövcud imkanların müzakirəsi məqsədilə bu sahədə çalışan mütəxəssislərin işçi görüşlərinin keçirilməsinin mütəmadi olması da müvafiq istiqamətlərdə nailiyyətlərin əldə edilməsinə, eləcə də fəaliyyətlərimizin əlaqəli şəkildə həyata keçirilməsinə müsbət təsir göstərəcəkdir.
Düşünürəm ki, haqqında danışdığım sahələrdə üçtərəfli əməkdaşlığın davam etdirilməsi və inkişafı üçün yeni layihə və təşəbbüslər üzərində işlər mütəmadi olaraq davam edir.
Hərbi sahədə əməkdaşlıqdan danışarkən keçirilən hərbi təlimlərin əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Bu təlimlər zamanı hərbi qulluqçularımız həm təcrübə mübadiləsi aparır, həm də praktiki vərdişlərini təkmilləşdirir, döyüş hazırlıqlarının səviyyəsini, döyüş tapşırıqlarının icrası zamanı qarşılıqlı uzlaşma şəraitində fəaliyyət göstərmə bacarıqlarını daha da artırır, eyni zamanda, qardaş orduların hərbçiləri ilə dostluq əlaqələri də qururlar.
Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli əməkdaşlıq formatında ölkələrimizin ordu mənsublarının iştirakı ilə keçirilən Xüsusi Təyinatlı Qüvvələrin "Qafqaz Qartalı", "ETERNİTY" kompüter dəstəkli birgə komanda-qərargah təlimləri, Quru Qoşunlarının və Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən digər təlimlər ölkələrimiz arasında dostluğun və sarsılmaz əməkdaşlığın bariz nümunəsi olmaqla yanaşı, artıq digər ölkələr üçün də nümunə ola biləcək uğurlu regional əməkdaşlıq mexanizminə çevrilmişdir.
Sonda qardaş Türkiyə və mehriban qonşumuz Gürcüstan tərəfinə ölkəmizə göstərdiyi siyasi mənəvi dəstəyə, eləcə də Azərbaycanın haqlı mövqeyinə verdiyi dəstəyə görə minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, üç dost və müttəfiq ölkə arasında bütün sahələrdə olduğu kimi, müdafiə sahəsində də işgüzar əməkdaşlığın genişlənməsi bundan sonra da xalqlarımızın xoşbəxtliyinə, maraqlarının qorunmasına və dövlətlərimizin güclənməsinə xidmət edəcəkdir.
Əminəm və inanıram ki, müdafiə sahəsində əməkdaşlığımızın genişlənməsi sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin möhkəmlənməsinə və təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verəcəkdir. Bu da öz növbəsində regionun gələcəyinin sülh və əmin-amanlıq şəraitində təmin edilməsində əhəmiyyətli rol oynayacaq və baş verə biləcək hadisələrə, ölkələrimizin suverenliyinə yönəlmiş təhdidlərə qarşı daha hazırlıqlı olmağımızı təmin edəcəkdir.

İsa ELDAROĞLU

hərbi jurnalist