Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2023 11:32

Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir

Tarixin axarını nurlu sabahlara tarixi şəxsiyyətlər yönəldirlər. Min illərdi belə olub, indi də belədi, min illərlə belə də olacaq. Bu da dünyanın dərkini müəyyənləşdirən fəlsəfədi - dünyaduyumudu, dünyagörüşüdü. Siyasətdə də, ədəbiyyatda da, mədəniyyətdə də, ... Nizami kimi, Nüşabə kimi, Füzuli kimi, Nəsimi kimi, Tusi kimi, Xətai kimi, Nəvvab kimi, Sadıqcan kimi, ... şəxsiyyətlər bəşərilik yolunu idrakıyla, xalqına dünyəvi sevgisiylə, dövlətə sədaqətiylə göstəriblər. XX əsr Ulu Öndər Heydər Əliyevi də dünyaya belə tanıtdı...
XX əsrin sonlarında - 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu, "Gülüstan" müqaviləsinin bir hissəsi qüvvədən düşdü - Arazın bu tayında Azərbaycan dövlətçiliyi bərpa edildi. İmperiya zənciri qırılsa da, gənc Azərbaycan dövlətini tarixə qısqanan kənar qüvvələr də, siyasi şəbəkələr də, bu qüvvələri, şəbəkələri idarə edən dövlətlər də varmış. Azərbaycana qarşı dövləti parçalamaq cəhdi - separatçılıq niyyəti, Bakıda hakimiyyət boşluğu, səriştəsizlik, vətəndaş qarşıdurması, siyasi ambisiyaların dövlətçilik arzularını üstələməsi, ... Azərbaycanı sevməyənləri, Azərbaycan dövlətçiliyinin süqutunu arzulayanları fəallaşdırmışdı. Fəallaşanlar Azərbaycanda mövcud siyasi vəziyyətin   mahiyyətini "Qordi düyünü" bilirdi. Xalq vətəndaş müharibəsi təhlükəsi ərəfəsində bu düyünü Azərbaycan dövlətçiliyindən kəsib atmağa qadir olan böyük tarixi şəxsiyyəti - Heydər Əliyevi israrla hakimiyyətə dəvət etdi...
1993-cü ilin iyun ayı idi...
Ulu Öndər Heydər Əliyev televiziya ilə xalqa müraciət etdi, hamını dövlətçiliyi qorumağa çağırdı. Bu müraciət Vətənin harayı kimi dinlənildi. Bir çağırışla Azərbaycanın dövlətçiliyinin müdafiəsinə minlərlə insan toplaşdı. Bu çağırış Vətənin çağırışı idi və ruhu rəvanlar bu çağırışı "Çağırdınız - gəldim, çağırıram - dövlətçiliyimiz naminə gəlin" fikrinin ifadəsi bildilər... Çağırış da vətənpərvərlik idi, çağırışa gəlmək də. Bu çıxış Bakıya qayıtdıqdan sonra ən böyük azərbaycanlının dövlətçilik naminə tarixi çıxışı, yerinə yetirdiyi növbəti tarixi vətəndaşlıq borcu idi...
Fərdlərin vətənpərvərliyi - məlum, xalqın vətənpərvərliyi bəşəri vətənpərvərlikdi, mübariz vətənpərvərlikdi, əsrlərdən süzülüb gələn vətənpərvərlikdi, səmimi vətənpərvərlikdi, həm də qətiyyətli vətənpərvərlikdi - həmişə özgələrə görk olub, özümüzünkülərə - fəxr. Böyük tarixi şəxsiyyətlərin vətənpərvərliyində xalqın vətənpərvərliyinin işığı var, bəzən də onun eyni olub. Azərbaycançılığı ilə həmişə fəxr edən böyük tarixi şəxsiyyət Heydər Əliyevin vətənpərvərliyi belə vətənpərvərlik idi və başlanğıcı 1969-cu il olan zamanı dövlətçilik manifesti kimi tarixləşdirdi.
Bədxahlıq tarixin nəhsini təkrarlamaq istəyirdi - 1920-ci ilin aprelində Azərbaycan dövlətçiliyini rus imperiyası ilhaq eləmişdi, 1992-ci ilin iyununda Azərbaycan dövlətçiliyini bəlli olan və bəlli olmayan qüvvələr parçalamaq istəyirdilər. Azərbaycan Demokratik Cümhuriyyəti 23 ay yaşamışdı, bədxahlar - Azərbaycan Respublikasının da yaşamını gödəltməyə, bəlkə də sonlandırmağa niyyətliydilər. Azərbaycan dövlətçiliyinə qondarılan bu siyasət düyünü müdrikliklə, dövlətçilik təfəkkürü ilə, vətənpərvərlik heysiyyəti ilə çözüldü, Heydər Əliyev çözdü, Azərbaycan dövlətçiliyi parçalanmaqdan, süqutdan xilas edildi. Bu qurtuluş tarixə tarix dərsi oldu - tarixə Ulu Öndər dərsi! Bu dərs  dövlətçilik təfəkkürü ilə vətənpərvərliyin vəhdətinin dərsi idi! Tarix onu da gördü ki, böyük tarixi şəxsiyyətlərin vətənpərvərliyi də böyük olur!..
Böyük tarixi şəxsiyyət sonralar - 1998-ci il fevralın 18-də Yeni Azərbaycan Partiyasının gənclər birliyi nümayəndələrinin ümumrespublika toplantısında demişdi: "Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir".
Xocalıda faciə törətdikdən sonra Ermənistan Azərbaycanın ərazilərində hərbi əməliyyatları genişləndirmişdi. Döyüşə-döyüşə nizami ordu kimi formalaşan ordumuzun şəxsi heyətinin döyüş hazırlığını tamamlayan mənəvi-psixoloji hazırlıq da yüksəlirdi. Təkcə tədbirlərlə deyil, həm də hərbi əməliyyatla - 1994-cü il yanvarın 5-də Ulu Öndər Heydər Əliyevin sərkərdəliyi ilə Horadiz əməliyyatı keçirildi. Həm siyasi, həm də hərbi qayəsi vətənpərvərlik olan bu əməliyyat nəticəsində 1 qəsəbə, 21 kənd düşməndən azad edildi. Azərbaycan əsgərinin döyüş əzmi də yüksəldi, qələbə ruhu da. Ulu Öndər əməliyyat ərəfəsində 1993-cü il dekabrın 27-də Azərbaycanın Milli Qəhrəmanları və şəhid ailələri ilə görüşdə demişdi: "Vətəndaş" sözü böyük sözdür, müqəddəs sözdür. "Vətəndaş" sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır". Bu kəlamlar da vətənpərvərlik kəlamları idi, vətənpərvərliyin kəlamları idi.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Vətəni sevirdi, Vətəni sevənləri sevirdi, bu sevgi inam idi, bu inam - vətənpərvərlik. Dahi tarixi şəxsiyyət vətənpərvərliyi - vətənsevərliyi potensial güc adlandırırdı, güc kimi dəyərləndirirdi: "Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir". Bu kəlamların mahiyyəti də Vətəni sevmək fəlsəfəsidi - vətənpərvərlikdi.
Vətənpərvərlik həm də tarixə bələdlikdi, tarixi bilməkdi, tarixin dünənlərini yaşada-yaşada bu günü sabahlar üçün tarixləşdirmək missiyasıdı. "Kitabi-Dədə Qorqud" dastanlarının 1300 illiyinin təntənəli şəkildə, beynəlxalq səviyyədə keçirilməsi xalqın tarixinə sədaqət idi, sədaqət - vətənpərvərlik. Ədəbiyyat, mədəniyyət, incəsənət korifeylərinin abidələrinin ucaldılması, yubileylərinin təşkili ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə sevgi idi, sevgi - vətənpərvərlik. Dünya azərbaycanlılarının mənəvi birliyinin ideoloji konturlarını müəyyənləşdirmək, əsaslarını hazırlamaq, bu birliyi təşkilatlandırmaq tarixi hesabat idi, bu biçim hesabat - vətənpərvərliyin davamı. 2004-cü ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı oldu.
Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi birmənalı şəkildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin nüfuzu, tarixi hadisələrə bələdliyi, hadisələrin mahiyyətindən gerçəkliyi aşkarlama və təsdiqləmə bacarığı ilə gerçəkləşdi. Bunlar böyük vətənpərvərlik idi!..
Hələ Sovetlər dönəmində Bakıda Məişət Kondisionerləri zavodunun, Elektron Hesablama Maşınları zavodunun, "Ozon" zavodunun, ... istehsala qoşulması Azərbaycanın həm iqtisadiyyatının səviyyəsini yüksəldirdi, həm də dövlətçilik dühasının vətənpərvərliklə vəhdətinin nəticəsi kimi onu ittifaqda daha əhatəli tanıdırdı...
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması müqayisəyəgəlməz vətənpərvərliyin təzahürü olmuşdu.
Azərbaycanlı çağırışçıların sabiq SSRİ-nin müxtəlif təyinatlı hərbi hissələrində xidmət etməsini, gənclərin müxtəlif ali hərbi məktəblərdə hərbi təhsil almasını tənzimləməsi də dövlətçilik təfəkkürü ilə vətənpərvərliyin vəhdətinin qüdrəti idi...
Hərbi Akademiyanın yaradılması ordu quruculuğu prosesinin elmi əsaslarla aparılmasını təmin etdi. Sonralar burada təhsil almış zabitlərin hərbi xidməti ordu quruculuğunun uğurla davam etdirilməsində son dərəcədə əhəmiyyətli oldu...  
Hər bir iqtisadi müqavilə siyasətin davamı və nəticəsidi. Qarşılıqlı etimad olmadan beynəlxalq iqtisadi müqavilələr imzalana bilməz. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbüsünün, təşkilatçılığının və dövlətçilik məharətinin nəticəsi olan neft müqavilələri, eləcə də "İpək yolu" layihəsi böyük tarixi şəxsiyyətin dövlətçilik təfəkkürünün və vətənpərvərliyinin nəticəsi olaraq Azərbaycanın iqtisadi maraqlarını da əhatələdi, siyasi maraqlarını da...
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin vətənpərvərlik fəlsəfəsi azərbaycançılığı, Azərbaycan dövlətçiliyinin mahiyyətini ifadə edirdi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev böyük tarixi şəxsiyyət idi, ən böyük azərbaycanlı idi, ən sədaqətli vətəndaş idi, ən səmimi vətənpərvər idi...
"Azərbaycan Ordusu"