Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Dekabr 2023 14:03

İki payız, iki tarix və ruhumuzun Zəfər fəsli

Sabiq SSRİ dönəmində mövcud müttəfiqlik şərtlərinə, siyasi qərarlarına məhəl qoymayan Ermənistan Mərkəzin liberallığından, Azərbaycanın rəhbərliyinin qətiyyətsizliyindən istifadə edərək 1984-cü ilin oktyabrında Qazax rayonunun ərazisindən 1675 hektar ərazini öz ərazisinə birləşdirməyə nail olmuşdu. Bu üsul ittifaq birgəyaşayışı ilə səsləşməsə də, adı qarşılıqlı razılaşma olan cəbrən razılaşma olmuşdu. 14 ildən sonra İttifaqda yaranmış ideoloji boşluqdan istifadə edən ermənilik yeni ərazilərə yiyələnmək niyyəti ilə əvvəlcə Naxçıvanın, sonra Qarabağın dağlıq hissəsini ilhaqa vasitə etdi. Xalqın mübarizə ruhu bu niyyətin gerçəkləşməsinə imkan vermədi. Sonra nələr oldu? - Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. Müharibə müddətində Bağanis-Ayrım, Başlıbel, Ağdaban, Qaradağlı, Malıbəyli, Quşçular, Qarakənd, Xocalı faciələrini törətdi, torpaqlarımızın 20 faizini işğal etdi...
Sonra nə oldu? - Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədi; ATƏT-in Minsk Qrupunun icraçılığı ilə aparılan danışıqlardan yayındı. Azərbaycan gerçəkliklərini görən dövlətlər erməniliyi pisləyirdi, işğalçının havadarları həm susurdu, həm də ona siyasi və hərbi yardım göstərirdilər...
Belə bir şəraitdə

Əsgərləşdi xalqın ruhu

yağılığı döyə-döyə,

İlk gülləni atan düşmən

Təslim oldu son gülləyə...

Birinci payız.
Ermənistan bilirdimi dünya belə qalmayacaq...
Ermənistan silahlı birləşmələri Azərbaycanın ərazilərində müxtəlif miqyaslı təxribatlar törədirdi. Bu təxribatlar təkcə danışıqlardan yayınma vasitəsi deyildi, həm də yeni ərazilər işğal etmək niyyəti idi. Ermənistan işğalçılıq niyyətini terrorlarla davam etdirmək istəyirdi. Belə terrorlardan birini 2020-ci il sentyabrın 27-də törətmək istədi. Azərbaycan Ordusunun hissələri təxribatın (əslində hücumun) qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu döyüşlər İkinci Qarabağ müharibəsinin, mahiyyəti etibarilə Vətən müharibəsinin başlanğıcı oldu. Azərbaycan Ordusu düşmənin işğal müddətində yaratdığı, bütün mühəndis vasitələrindən istifadə etməklə möhkəmləndirdiyi, yeniliklərdən bəhrələnməklə təkmilləşdirdiyi müdafiə sədlərini (ermənilər bu sədləri "Ohanyan səddi" adlandırırdılar) darmadağın etdi, ordumuzun piyadalarının hücumu üçün əlverişli şərait yarandı. Azərbaycan əsgəri döyüşə-döyüşə mövqe qələbələri qazanırdı...
İkinci Qarabağ müharibəsindən əvvəl ön xətdə döyüş növbətçiliyindən qayıtmış əsgər demişdi ki, biz döyüş növbətçiliyindən döyüşə getmək istəyirik. Həmin əsgərlə Zəfərdən sonra işğaldan azad edilmiş Kəlbəcərdə yenidən görüşdük. Kəlmələşəndə dedi ki, Vətən müharibəsində ilk güllələri atanda bir qədər həyəcanlı idim. Düşünürdüm ki, görəsən, güllələrim hədəfə dəyirmi? Qarşı tərəfdə atışın zəiflədiyini hiss edəndə həyəcanım sovuşdu. Daha inamla döyüşdük.
Ön xətdə döyüş növbətçiliyinə getməyə hazırlaşan əsgər demişdi ki, babam Birinci Qarabağ müharibəsində Daşaltıda şəhid olub. Əgər döyüş yolumuz o səmtə olsa, Daşaltıda mən də döyüşəcəm, Daşaltını təmizləyəndən sonra Şuşa uğrunda döyüşəcəm. Həmin əsgər Daşaltıda döyüşmüşdü, yaralandığını kimsəyə bildirməmişdi, Şuşa uğrunda gedən döyüşlərdə də iştirak etmişdi. Noyabrın 5-də Şuşa uğrunda şəhid olmuşdu...
Azərbaycan Ordusunun Şuşaya Şuşanın dağlarından keçərək yaxınlaşması da, düşməni haqlaması da, döyüşməsi də, qalib gəlməsi də bizim qürurumuza, düşmənin havadarlarının heyrətinə döndü. Vətən müharibəsi bütövlükdə, Şuşa döyüşləri ayrılıqda qüdrət kimi tarixləşdi.
Düşmən güman edirdi ki, Azərbaycan Ordusunun hissələri Şuşaya Qırmızı Bazar qəsəbəsi tərəfdən gələcək. Ona görə də əsas qüvvələrini bu səmtə cəmləmişdi. Buradan Şuşakəndə, oradan da Şuşaya yol belədi. Düşmən Azərbaycan Ordusunun Laçın istiqamətindən gələ biləcəyini də güman edirdi. Azərbaycan Ordusunun komandanlığı bu gümanların gerçəkləşməsinə, düşmənin fəal müdafiəsinə imkan vermədi. Hərbçilərin təəbirincə desək, miqyasına, planına və ardıcıllığına görə misli görünməmiş qərar verdi: Şuşaya sıx Qarabağ meşələrindən yeni yol açılsın. Böyük Tağlar kəndindən meşələrlə Şuşaya, Çanaxçı və Sığnax kəndlərinə tərəf yol açıldı. Döyüşlər gedə-gedə! Mühəndis-istehkamçılarımız dar dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər. Azərbaycan bölmələri artilleriya qurğularını Çanaxçı ətrafında cəmləşdirə bildi. Dağ piyadalarımız qətiyyət işığına döndü, düşmən pusquya düşdü və son...
Döyüşçülərimiz Şuşanın  meşələrinə çatıb müdafiə xətti yaratdılar. Həmin anlarda düşmən üç dəfə həmlə eləmişdi. Həmlələrin üçü də dəf edilmişdi. Döyüşçülərimiz Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirdilər. Müqavimət göstərənləri məhv etdilər, qaçanlar təqib olundular. Son həddə yaxın məsafədən, sözün əsl mənasında,  binalar arasında gedən döyüşlərdə  binaları, əraziləri düşməndən təmizlədilər.
 "Natsionalnaya Oborona" jurnalında bir məqalə dərc edilmişdi: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar". Bu məqalə Şuşa uğrunda döyüşlərin hərbi təsviridi. Həm də döyüş fəlsəfəsi üçün gərəkli tezisdi...
8 Noyabr Zəfər Günü oldu...
Vətən müharibəsi payızda başladı, tarixi Zəfər payızda qazanıldı...
 
Dan yerinə sığışmayan

Səhər ilə gəldi payız

Azərbaycan dünyasına

Zəfər ilə gəldi payız...
                                            
İkinci payız.

Zəfərdən sonra məğlub Ermənistanın dağılmış ordusunun qalıqları da Xankəndidə, onun ətraflarında cəmləşmişdi. Bu qüvvələr də, separatçı adlandırılan hərbi qüvvələr də Ermənistandan idarə edilirdi. İşğaldan azad olunmuş ərazilərdə, əsasən Kəlbəcərdə, Laçında təxribatları bu birləşmiş qüvvələr törədirdi; üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməyən Ermənistanın Baş naziri Azərbaycanın ərazi bütövlüyünü  tanıdığını etiraf etmişdi, ancaq Azərbaycanın ərazisinin bir hissəsi olan Qarabağda - işğaldan azad edilmiş ərazilərdə yenə terrorlar, təxribatlar törədilirdi. Azərbaycan Ermənistanda idarə edilən terror şəbəkəsini ləğv etmək, ərazi bütövlüyünü tamlaşdırmaq üçün 2023-cü il sentyabrın 19-da əməliyyat tədbirləri keçirməyə başladı. Öz ərazisində bu tədbirləri (belə tədbirləri) keçirmək Azərbaycanın Konstitusion hüququ idi. Həm də beynəlxalq hüququn normaları əsasında aparılırdı: mülki əhali, mülki obyektlər hədəfə alınmırdı.
Əməliyyat tədbirlərinə kimi Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi yaratmışdı. Bu, müharibədən sonrakı dövr üçün (həm də Ermənistan kimi bir dövlətlə həmsərhəd olan dövlət üçün!) gərəkli dövlətçilik təsisatı kimi əməliyyat tədbirlərinin ilk mərhələsi idi - terrorçuların Xankəndiyə gəlişi, çıxışı birdəfəlik dayandırılmışdı, axtarışda olan erməni əsilli müharibə canilərinin saxlanılması, cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına təhvil verilməsi ehtimalı gerçəkləşmişdi.
Əməliyyat tədbirləri sentyabrın 19-da keçirildi. Düşmənin komanda məntəqələri, hava hücumundan müdafiə sistemi sıradan çıxarıldı, 235 hava hücumundan müdafiə vasitələri dağıdıldı, 61 artilleriya silahı, 26 zirehli texnikası, onlarla döyüş texnikası və yüzlərlə hərbi qulluqçusu məhv edildi. Sentyabrın 20-də Azərbaycanın şərtlərinə əməl edildi - Xankəndidə ağ bayraq qaldırıldı, terrorçu qüvvələr tərk-silah edildi, qısa müddətdə Ağdərə, Əsgəran, Xocalı düşməndən təmizləndi...
Əməliyyat tədbirləri qələbə ilə başa çatdı ...
Əməliyyat tədbirləri payızda keçirildi, Zəfərin davamı kimi qələbə qazanıldı...
Qəlbitəmizlər Azərbaycan əsgərinə xitabən deyir ki,
 
"Ana", "Vətən", "Ana Vətən"

deyənlərin qardaşısan, Qədim-qədim məmləkətə

məhəbbətdi Zəfərimiz. Döyüş andın Vətən oldu, Vətən üçün döyüşdünüz, Bu qüdrətlə vətənləşən sədaətdi Zəfəriniz.

Şəhidlikdən keçən döyüş tarixə tarix dərsidi, Bu tarixdən tarixlərə əmanətdi Zəfəriniz.                  
 
...və ruhumuzun Zəfər fəsli. Təbiətin payız fəsli həm də ruhumuzun Zəfər fəsli oldu...

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"