Türk dünyasının birinci mədəniyyət paytaxtı Astana şəhəri seçilmişdi. Sonra Əskişəhər (Türkiyə), Kazan (Tatarıstan), Mari (Tacikistan), Şəki (Azərbaycan), Türkistan (Qazaxıstan) şəhərləri seçilib. Bu seçimlər kifayət qədər dərin təhlillərlə əsaslandırılmış təqdimatlarla gerçəkləşir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin mədəniyyət nazirlərinin daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edildi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev Şuşanı abidələr şəhəri adlandırırdı. Abidə mədəniyyətin simvoludur. TÜRKSOY-un bu seçimi gerçəkliyin seçimidir və belə seçimlər həmişə daha qürurlu olur. İşğaldan qurtuluşunun üçüncü ilində türk dünyasının mədəniyyətləri dünyaya ayrılıqda da, ortaqlıqda da, vəhdətdə də Şuşadan baxır. Dünya bu seçimi bəyənmişdi, dəyərləndirmişdi. Mədəniyyətlərin yaxınlığı, bəzən oxşarlığı, bəzən eyni başlanğıcdan rişələnməsi onların vəhdətdə yaşadılmasını zəruriləşdirir. Türkdilli xalqların dastanlarını ümumiləşdirən qəhrəmanlıqlar bu xalqların ruhunun nəinki yaxınlığı, bəzi məqamlarda eyniliyi kimi tə-zahür edir. Bir xalqın qədim dastanında digər türkdilli xalqın dastanının izi hiss olunur; dastanlar mədəniyyətin ilkini, başlanğıcıdır.
Şuşa dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə salınıb, bünövrəsi dağlardı. Ona dağlardan dikələn şəhər də deyilə bilər. Bir vaxtlar şəhəri (Qala da deyilərdi) tanıdan dağlar sonra şəhərin adıyla tanındı: Şuşanın dağları. Qala-şəhər tarixin salnaməsidi. Divarları da, qapıları da, divar boyu günbəzləri də, məscidləri də, hamamları da, dolama yolları da, dağlara sarılan cığırları da, ... Hələ Cıdır düzü! Hələ İsa bulağı!..
Şuşada daş dövrünə aid mağara düşərgə olub: Şuşa mağara düşərgəsi. Daşaltı çayının dərəsində, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə. Uzunluğu - 120 metr, eni - 20 metr. Mağaranın qarşısında qalın daş istehkamlar, qala və bina divarları olub. Yəni, qədimliyin, çox qədimliyin nişanələri qalırdı. 1992-ci ilə kimi qalırdı. Sonrakı dövrlərdə, burada şəhər salınanda, Pənahəli xanın yeni qalası tikildikcə böyüyən, böyüdükcə tikilən şəhər gözəlləşirdi. Şəhərin özü möcüzəydi, tikililər də möcüzə ülgüsündə tikilirdi. Sərraf səyyahlar Şuşanı muzey-şəhər görkəmində görürdü; Şuşada Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, ... fəaliyyətdəydi...
12 məhəllə, 12 məscid, 12 bulaq - şəhərin gözəllik nişanələri beləydi. Cıdır düzü bu gözəlliyi dörd yanına cəm eləmişdi. Bir yandan da Topxana...
Sovetlər dönəmində Şuşanın mədəni siması süslənmişdi, burada Vaqifin məqbərəsi inşa edilmişdi, Natəvanın, Üzeyir bəyin, Bülbülün ev-muzeyləri yaradılmışdı, büstləri qoyulmuşdu, "Vaqif poeziya günləri"nin şeiriyyətinin doğmalığı Şuşanın göylərinə sərilirdi, "Xarıbülbül" festivalında ifa edilən muğamlar, xalq mahnıları Şuşadan çox-çox uzaqlarda da bir gerçəkliyin carçısına dönürdü: Varıq, var olacağıq!
Ermənilər Şuşanı işğal etmişdi, xalqın ruhuna yaxın düşə bilməmişdilər. Şuşa işğaldan 2020-ci ilin 8 Noyabrında xalqın müharibəsiylə azad edildi. Vaqifin məqbərəsi əvvəlki biçimində bərpa edildi, 2021-ci il avqustun 29-da açılışı oldu. Erməniliyi zəbun edən ruhun qüdrəti kimi!
1989-cu ildə Seyid Şuşinskinin anadan olmasının 100 illiyinə Şuşada "Xarıbülbül" musiqi festivalı keçirilmişdi. 2022-ci ilin mayında keçirilən "Xarıbülbül" beynəlxalq musiqi festivalı tarixi bir gerçəkliyin dönməzliyi kimi izlənildi: Azərbaycan deyiləndə ayağa dur, dəli dünya! Ayağa dur ki, gerçəklikləri dürüst görəsən! "Heyratı"da heyrətə düşəsən, "Osmanı"da qəhrəmanlığın oxumalarını dinləyəsən, "Segah"da düşünəsən, "Rast"da bu xalqı yenidən tanıyasan, "Arazbarı"nı eşidincə yamanlığa tövbə deyəsən, ... TÜRKSOY bunlara görə Şuşanı "Türk dünyasının mədəniyyət paytaxtı" elan edib. Elan edib ki, Şuşanın musiqi dünyasının sehrindən baxılsın sabahlara. Dünya "haqqa düşmən olanı haqqa tapındıran muğamlar"ın (Bəxtiyar Vahabzadə) fəlsəfəsini dərk eləsin ki, Əhrimənlik bir daha baş qaldırmasın...
Tarixdən aldığım bilgi belədi: XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 16 rəssam, ... yaşayıb. "Su axmış arxdan bir də axar" deyiminin gerçəkliyinə zərrəcə şübhəmiz yoxdu. Şuşadan uzaq düşənlər Şuşadan iraq düşməmişdi. Beynəlxalq türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin daimi Şurasının seçiminin başlanğıcı bu rəqəmlərin də zəmanəti olub, Şuşanın qədim tarixi də, qədim tarixin qalıqları da (ermənilikdən sağ çıxanlar da var), Şuşalı dünyanın ecazkarlığı da...
Şuşa 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" kimi neçə-neçə beynəlxalq tədbiri tarixləşdirdi, tarixləşdirəcək də, tarixdə də yaddaşlarda da...
Mayor
Ceyhun CƏFƏRLİ
"Azərbaycan Ordusu"