Şəhid Rəhilə Orucova adına 109 saylı məktəbdə təhsil alırdı. Müəllimlərinə demişdi ki, Xəzər xalq kimidi, sevdiklərini salamlayır, könlünə yatmayanları görüncə qəzəblənir, coşur. Xəzər insanlara sevgi də öyrədir, qəzəb də. Orxan Şirinov bu ruhda böyümüşdü.
Müharibənin nə olduğunu yaxşı bilirdi. Atası Birinci Qarabağ müharibəsində 1994-cü ilin 28 yanvarında Sırxavənddə şəhid olmuşdu...
Müharibə illərinin uşaqları fərqli böyüyürlər.
Torpağı qoruyanlara həsəd apara-apara böyüyənlər mətin formalaşır, qətiyyətli olur, dərdi də tanıyır, dərdi dərdə salanları da. Həmyaşıdları kimi Orxan da müəllimlərindən soruşardı: Müharibə nə vaxt qurtaracaq? Bu sorğuda heysiyyət vardı, Vətənə sevgi vardı, Vətəni qoruyanların sırasında olmaq niyyəti vardı.
Şəhidliyin nə olduğunu bilirdi, atasızlıq ağrılarını dərk edirdi. Düşüncələrində bir istək çırpınırdı: hərbçi olacam! Ona bu istəyin ötəri olduğunu bildirənlərə qəhərlə, "Atam torpaqlarımızın müdafiəsində şəhid olub. Onu mən əvəzləməliyəm..." - deyirdi. Qətiyyətlə deyirdi...
Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. Niyyətinin gerçəkləşməsi üçün hərbi xidmətin çətinliklərinə qatlaşdı, oxuya-oxuya öyrəndi, öyrənə-öyrənə oxudu. Aradan illər keçəndən sonra mayor hərbi rütbəsində deyir ki, kursant olaraq ilk dərs gününü, ilk sıra düzülüşünü, ilk təlimləri, kursant kimi ilk imtahanı, ali hərbi məktəbdə ilk mühazirələri, ilk çöl çıxışlarını, ... hərbi rütbə aldığı günü, qoşunlarda xidmətə başladığım günü heç zaman unutmaram. Bunlar mənim hərbçi tərcümeyi-halımdı.
Hərbi liseyi bitirəndən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (İndiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil oldu. Mahiyyəti uyğun olsa da, yeni mühit hamısından intizama da, təhsilə də daha məsuliyyətli münasibət tələb edirdi. İndi zabit olmaq niyyətinə daha yaxın idilər. Nəzəri biliklərini çöl çıxışları ilə təkmilləşdirirdilər...
Hərbi And içdilər. Onlara "leytenant" hərbi rütbəsi verilmişdi, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə göndərilmişdilər. Bir ildən sonra qoşunlarda xidmətə başlayacaqdılar.
Leytenant Orxan Şirinov taqım komandiri idi. "Şəxsi heyətlə tanışlığı ordu həyatı ilə tanışlıq kimi yaşadım. Əsgərlərin sayı qədər xarakter əhatəsindəydik. Hamısını bir amal birləşdirirdi: məsuliyyətlə, Hərbi Anda sədaqətlə xidmət etməli!", - mayor Orxan Şirinov zabit kimi hərbi xidmətin ilk günlərini belə xatırladı...
Yeniyetməliyində tay-tuşlarına, təhsil alanda kursant yoldaşlarına dediklərini hərbi hissədə zabit yoldaşlarına da deyirdi: Sırxavəndin azad edilməsi uğrunda gedəcək döyüşlərdə mən də iştirak etmək niyyətindəyəm; şəhid atasının ruhunun çağırışını duyurdu...
İkinci Qarabağ müharibəsi başlayanda mayor Orxan Şirinovun xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olundu...
Alxanlı kəndinin yaxınlığındaydılar.
...Sentyabrın 28-i idi. Dan yeri sökülmüşdü.
"Vətən müharibəsində ilk atəşimiz Alxanlıda oldu. Bu atəş həm də körpə Zəhranın ömrünü tükəndirənlərə atılan atəş idi. Bu atəş döyüşçülərin döyüş əzminin, qələbə ruhunun atəşi idi. Bu döyüş mövqe qələbəsi qazanılmasında əhəmiyyətli oldu...”
Mayor Orxan Şirinov Vətən müharibəsinin ilk gününü belə xatırlayır. Bu xatırlamada da Zəfərin işığı görünürdü...
Sonra Füzulinin digər ərazilərində döyüşüblər. Müharibədə əsgərlərin - döyüşçülərin qətiyyətinə dönməz qələbə ruhu deyən mayor Orxan Şirinov dedi ki, Xocavənd uğrunda gedən döyüşlərdə qələbə ərəfəsində olduğumuzu hiss edirdik. "Komandir, hər döyüş bizi qələbəyə yaxınlaşdırır..." - əsgərlərimiz belə deyirdilər. Onda atamı, atamın son döyüşünü - Sırxavəndi düşünürdüm. Vətən müharibəsi Zəfərlə başa çatdı...
Mayor Orxan Şirinov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Xidmətdə fərqlənməyə görə", "Vətən uğrunda" medalları ilə təltif olunub...
Baş leytenant Mahmud MÖHBALIYEV
"Azərbaycan Ordusu"