Yaydan o qədər də fərqlənməyən payızdı. Ağacların budaqlarına sarılan, saralmaqda olan yarpaqları titrədən yel əsir. Hərbçilərin əhatəsində həmişə gözəl duyğular yaşandığından bayaqdan bəri bunları hiss etməmişik. Göy üzündə vurnuxan bir əlçim bulud sezilməsi çətin olmayan narahatlıq yaradır: Yağarsa, dərs-təlimin keçirilməsi çətinləşəcək. Öyrənə-öyrənə püxtələşən, püxtələşə-püxtələşə öyrənən əsgərlərin baxışlarını bürüyən narahatlıq "Bu günün işini sabaha qoyma" kəlamına yozulası narahatlıqdı.
İkinci Qarabağ müharibəsindən əvvəl bu hərbi hissədə artilleriyaçıların çöl təlimində də gözlənilmədən göy üzünü bulud bürümüşdü. Seyrək çisək başlamışdı. Batareya komandiri dərs-təlimin davam etdirilməsinə göstəriş vermişdi, "Yağışsız buluddu..." - demişdi. Dərs-təlim davam etdirilmişdi. Komandir əsgərlərin yerinə yetirdiyi hərəkətlərin qətiliyindən də, ardıcıllığından da razı qalmışdı. Onda top komandiri "Dərs-təlimdə şəxsi heyətin özünəinamı daha da möhkəmləndi. Yağış yağsaydı, bu gözəl inam bir gün, bəlkə də bir neçə gün gec yaşanılardı...", - demişdi. Əsgərlər məmnunluqla komandirlərinə, sonra göy üzünə baxmışdılar. Təbiətin şıltaqlığı hərbçiləri əsla qorxutmur. Onlar hər şəraitdə qarşıya qoyulan tapşırığı icra etməkdə əzmlidirlər.
Yağışsız bulud axıb uzaqlaşır. "Topun atışa hazırlanması" mövzusunda dərs-təlim başlayır. Top komandiri mövzunu nəzəri baxımdan şərh edir. Bu, müəyyən mənada, öyrədilmişlərin təkrarıdı. Əsgərlərin baxışlarından dikələn inamı komandir də görür, bir qədər aralıdan biz də görürük. Bu inam yaddaşın inamıdı, marağın, maraqdan rişələnmiş sevginin inamıdı. Bu sevgi hərbi xidmətə sevgidi, bu neçə ayda formalaşmış artilleriya ixtisasına sevgidi. Komandirin də, digər hərbi qulluqçuların da Vətən müharibəsinin döyüş təəssüratları hərbi xidmətə başlayan əsgərlərin düşüncələrində artilleriyaya maraq, maraq biçimində sevgi yaradıb. Onlar döyüşlərdə artilleriyanın gücünün nə olduğunu biliblər. İndi özləri həmin gücün real döyüşlərdə necə gerçəkləşdirilməsini öyrənirlər, bildiklərini təkmilləşdirirlər...
Təmrinlərin ayrılıqda da, ardıcıllıqla da düzgün icrası dərsin mənimsənilməsi deməkdir. Bəzən komandirin müdaxiləsinə ehtiyac qalmır, əsgərlərdən biri digərinə təmrini daha asanlıqla, daha düzgün yerinə yetirməsində kömək edir, əsgər sonra onları təkrarlayır. Bu, mənimsəmə deməkdir...
Zəfərdən sonra işğaldan azad edilmiş rayonlarımızdan birində artilleriyaçılarla söhbətləşirdik. Əsgər Kərim Bədəlov söhbətimizi maraqlı bir mətləblə davam etdirmişdi:
- Hərbi xidmətə artilleriyaçı kimi başlamışdıq. Öyrənirdik. Dərs-təlimlərdə öyrəndiklərimizi təkrarlaya-təkrarlaya gerçək döyüşlərə tələsirdik. Biz də Ali Baş Komandanın döyüş əmrini arzulayırdıq. Sentyabrın 27-də döyüş əmri verildi. İlk atışımızı heç birimiz yaddan çıxartmayacağıq. Ona xırda düzəliş edilmişdi. Növbəti mərmilər düşmənin mövqeyini dağıtmışdı. Bu mərminin dəqiqliyi ilə Xocavəndə qədər döyüşdük. Mövqe qələbələri qazandıqca müharibədən əvvəl keçdiyimiz dərs-təlimləri, bir də döyüşlərdə atdığımız ilk mərmini xatırlayırdıq. Füzuli istiqamətində düşmənin komanda məntəqəsini dağıdanda Qələbəyə nə qədər yaxın olduğumuzu hiss etdik. Ordumuz tarixi Zəfər qazandı. Bu Zəfər bütün qoşun növlərinin yüksək döyüş hazırlığının Zəfəri oldu...
Həmin gün əsgər Kərim Bədəlovun dedikləri düşüncələrimizin tülünə dönmüşdü, hamımız daha böyük istəklərlə daha uzaqlara boylanmışdıq...
Dərs-təlimdə fasilə vaxtı əsgərlərə həmin söhbəti xatırladıram. Yaranmış səssizliyin gerçək yozumu könül xoşluğuna dönür: Qalib əsgərlərimizin xidmət yolunu böyük sədaqətlə davam etdirəcəyik. Bu yozumu da Hərbi Andın məntiqi davamı bilirəm. Top komandiri Əli İsgəndərov bu xatırlatmanı Vətən müharibəsində iştirak etmiş bütün artilleriyaçıların ümumi duyğusu adlandırır:
- Müharibə başlayanda Kərimin dediyi duyğuları biz də yaşamışıq. İlk döyüş əmrini yerinə yetirəndə biz də ilk dərs-təlimi xatırlamışdıq. İlk dərs-təlimdə sonrakı dərs-təlimlərə can atırdıq. Komandirimiz bizi səbirlə öyrədirdi, öyrəndiklərimizi mükəmməl öyrəndiyimizə əmin olduqdan sonra növbəti dərs-təlimə keçirdik. Bu proses hər birimizin peşəkarlığını təmin etmişdi. Hamımız ilk döyüş əmrini Kərimin dediyi duyğuların doğmalığı ilə yaşamışıq. Kərim düz deyir, nə atdığımız ilk mərmi, nə də son mərmi unudulmayacaq.
Çavuş Əli İsgəndərov Vətən müharibəsi iştirakçısıdı, Füzuli, Xocavənd uğrunda döyüşlərdə iştirak edib, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib...
Əsgər Nicat Sadıqlı top komandirinin fikirlərini hiss edilməsi çətin olmayan həsədlə davam etdirir:
- Müharibə başlayanda biz məktəbli idik. Döyüşlərə getmək istəsək də, aparmamışdılar. Aparsaydılar, deyilən duyğuları biz də yaşayardıq. Gedə bilməsək də, o duyğular bizə yad deyil. Müharibədə tarixi Zəfər qazananların döyüşləri də, duyğuları da bizə doğmadır. Biz o duyğuları da Vətənin özü qədər müqəddəs bilirik. Belə də xidmət edirik.
Top komandiri topa işarə ilə qürurla bildirir ki, bu top da müharibə iştirakçısıdı. O da 44 gün döyüşüb, o da Füzulidən Şuşayacan döyüş yolu keçib.
Əsgərlərin əli ehmallıqla topun üstündə gəzişir. Bu incə təması həm hərbi xidmətə, həm də müharibə iştirakçısı olmuş topa azalmayacaq-sozalmayacaq sevgi bilirəm. Əsgər Şəmsi Hüseynov yoldaşlarına baxır, elə bil deyəcəklərinə söykək umur:
- Biz hərbi xidmətdə artilleriya ixtisasını başqa top üzərində də öyrənə bilərdik. Ancaq bu top üzərində öyrənməyimiz bizim məsuliyyətimizi daha da artırır. Nə öyrəniriksə, döyüşlərdə bu topla düşmənin döyüş mövqelərini, komanda məntəqələrini dağıtmış, canlı qüvvəsini məhv etmiş döyüşçülərimizin səsini eşidirik: Mükəmməl öyrənin! Nəzəri biliklərimizi dərs-təlimlərlə təkmilləşdiririk. Bu gün "Topun atışa hazırlanması" mövzusunu bir daha təkrarladıq. Heyət üzvlərinin hər biri vəzifə borcunu mükəmməl yerinə yetirməyi bacarır...
Əsgərin dediklərini bütün artilleriyaçı əsgərlərin adından deyilən kəlmələr kimi İkinci Qarabağ müharibəsində iştirak etmiş artilleriyaçı döyüşçülərin döyüş yoluna, bu anlamda Vətən müharibəsində qazanılmış Zəfərə sədaqət bilirik. Yaşadılmalı sədaqətdi.
Top komandiri əlini topun gövdəsinə qoyub qürurla əsgərlərə baxır:
- Bu topu artilleriyanın snayperi də adlandırırlar. Siz bununla da qürurlanmalısınız.
Əsgərlərin baxışlarında uçunan niyyətin işığı 2021-ci ilin yayında hərbi hissədə söhbətləşdiyim əsgərlərin baxışlarında gördüyüm işığın eynidi. Onda söhbətdə Vətən müharibəsində iştirak etmiş əsgərlər də vardı, yeniləri də. Gənc əsgərlər döyüşlərdə iştirak edənlərə qədərsiz ehtiramlarla baxırdı. Bugünkü dərs-təlimdə top komandirinin son fikirlərini Vətənə sevginin bir çaları bilirik. Vətən müharibəsinin döyüşlərindən çıxmış topun sərrastlığına bunca sevgi də Vətənə görədi. Belə bir qurğunun istismar xüsusiyyətlərini öyrənənlər "artilleriyanın snayperi" adı ilə indi də qürurlanırlar, tərxis edildikdən sonra da qürurlanacaqlar...
Dərs-təlim başlama ərəfəsində göy üzündə vurnuxan bir topa bulud dağılıb. Bayaqdan bəri göy üzünün göm-göy olduğuna diqqət yetirən olmayıb. Gözucu baxıram və bu görüntünü rəmz bilirəm. Əsgər düşüncələrinin, əsgərin Vətən müharibəsinin döyüşçülərinə sədaqətinin, döyüşlərdən keçib, indi sırada dayanan topa sevgisinin rəmzi. Əsgərin düşüncələri durudu, Vətən müharibəsinin iştirakçılarına sədaqəti durudu, istismar xüsusiyyətlərini mükəmməl öyrəndikləri artilleriya qurğusuna sevgiləri durudu, ... Hamısını bu duruluq ümumiləşdirir...
Vətən müharibəsindən üç il keçir. Hərbi xidmətdə olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qullluqçuları, gizirlər, zabitlər əsgərlərə o döyüşlərdə artilleriyaçıların döyüşlərindən də danışıblar. Əsgər İzzət Hacıyev komandirlərindən eşitdiyi bir döyüşü xatırlayır:
- Düşmənin müdafiə səddini dağıtmaq əmri verilibmiş. Düşmənin mövqelərinə onlarla mərmi atılsa da, düşmən mövqelərdən çıxmırmış. Onda komanda məntəqəsindən düşmənin hərəkətdə olmayan döyüş maşınlarından birinin koordinatı verilib. İki-üç dəqiqədən sonra iki mərmi düşmənin iki tankının külünü göyə sovurub.
- Bəlkə həmin top da artilleriya snayperi olub? - əsgər Sənan Babayev deyir.
- Bəlkə də, - top komandiri gülümsünür. Bu səmimi təbəssümü görüncə əsgərlərin ikisinin də əli topa toxunur. Bu təmasın ehtiram təması olduğunu hiss etmək çətin deyil...
Polkovnik-leytenant Azər Abdullayev deyir ki, bu hərbi hissədə İkinci Qarabağ müharibəsindən əvvəl təlimlər gerçək döyüş şəraitinə uyğun səviyyədə keçirilirdi. Bu, həm əsgərlərin döyüş hazırlığını yüksəldirdi, həm də mənəvi-psixoloji hazırlığını. Dərs-təlimlər bu tezis əsasında aparılırdı. Əsgərlər artilleriya qurğularının istismar xüsusiyyətlərini öyrənə-öyrənə rəmzi döyüş təcrübəsi qazanırdılar. Bu proses İkinci Qarabağ müharibəsində döyüş qüdrəti oldu. Neçə-neçə mövqe qələbəsi bilavasitə artilleriyaçılarımızın dəqiq atışları nəticəsində qazanıldı. Tarixi Zəfərdən sonra təlimlər də, dərs-təlimlər də nisbi mahiyyət dəyişikliyi ilə yenə müntəzəm keçirilir. Vaxtilə döyüşə hazırladığımız əsgərlər Vətən müharibəsində tarixi Zəfər qazandılar, onları yeni əsgərlər əvəzləyirdi, əvəzləyənləri də yeniləri əvəzləyir. Bu günün əsgərləri silahlanmaya daxil edilən yeni silahların da istismar xüsusiyyətlərini öyrənirlər. Bu baxımdan təlimlər də, dərs-təlimlər də İkinci Qarabağ müharibəsindən əvvəlki vaxtlarla müqayisədə nisbətən fərqlidir. Həm də indi təlimlər də, dərs-təlimlər də Vətən müharibəsinin döyüşlərinə istinadən aparılır.
- Dərs-təlimi həm də pedaqoji proses adlandıra bilərikmi? Dərs prosesində olduğu kimi, mövzu bir daha izah edilir, sualı olan soruşur, sorğusuna cavab alır. Sonra bütün mərhələlər ardıcıllıqla yerinə yetirilir, - soruşuram.
- Pedaqoji prosesə uyğun prosesdir. Burada da öyrədilir, təkmilləşdirilir. Təkmilləşmə bilavasitə təcrübə ilə tamamlanır. Ona görə bunu pedaqoji-təcrübi proses adlandırmaq daha dəqiq olardı, - baş leytenant Emil Bayramov belə deyir.
Dərs-təlimə hazırlıq mərhələsində əsgər Əziz Ağazadənin hərəkətlərini izləmişdim: qətiyyətli, inamlı. Bunları Asiman Quliyevdə də, Süleyman Nəcəflidə də, Şəmsi Hüseynovda da müşahidə etmişdim. Əmin olmuşdum ki, top heyəti bu mövzunu da, bu mövzunun timsalında digər mövzuları da mükəmməl mənimsəyiblər...
- İkinci Qarabağ müharibəsində düşmənin sədlərinin dağıdılmasında da, piyadalarımızın hücumu üçün döyüş şəraiti yaradılmasında da artilleriyaçılarımız böyük qətiyyətlə döyüşdülər. Onlar atdığı hər mərmini qələbə gətirəcək mərmi bilib atırdılar. Vətən müharibəsində artilleriyaçılarımız Çanaqqala döyüşündə Seyid Əli Onbaşı inamı, Seyid Əli Onbaşı qətiyyəti, Seyid Əli Onbaşı sevgisi ilə döyüşürdülər, - deyirəm. Bu müqayisə əsgərlərə də xoş gəlir, zabitlərə də. Baxışlarda bir şükranlıq sezilir...
Vətən müharibəsindən sonra ordu quruculuğunun yeni mərhələsi başladı. Bu mərhələ həm də elmi əsaslarla aparılır. Artilleriya təmayüllü hərbi hissələrdə də təlimlər, dərs-təlimlər, ümumən döyüş hazırlığı bu tezis əsasında həyata keçirilir.
Bu payız günündə artilleriyaçıların dərs-təlimini bir gerçəkliyin ifadəsi kimi izlədik: Döyüş hazırlığı yüksək səviyyədədir, təkmilləşir, dönməzləşir...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"
fotolar
çavuş
Namiq PƏNAHOVUNDUR