Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət sayəsində Azərbaycanda hərbi təbabətin beynəlxalq standartlar səviyyəsində təşkilinin də əsası qoyuldu. Bu gün səhiyyədə, eləcə də hərbi səhiyyədə də Ulu Öndərin siyasi kursunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
"İnsanların sağlamlığı dövlət üçün prioritetdir", - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğunun daha dinamik səviyyədə inkişafını təmin etməklə bir sırada hərbi qulluqçulara olan qayğısı da artdı və artmaqdadır. Qəbul etdiyi mühüm qərarlar şəxsi heyətin peşəkarlıq səviyyəsini artırır, onların sosial müdafiəsi, yaşayış və xidməti, iş şəraiti yaxşılaşdırılır. Bu gün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında hərbi təbabətin səviyyəsi, hərbi qulluqçuların sağlamlığına dövlətin həssas münasibəti dünyəvi diqqətə layiqdir.
Bu günlərdə dünyada çox az sayda mərkəzdə və çox az sayda cərrah tərəfindən tətbiq olunan "Ozaki əməliyyatı" adlandırılan cərrahi müdaxilə Baş Klinik Hospitalın Ürək-damar cərrahiyyəsi bölməsində uğurla həyata keçirilib. Ürək-damar şöbəsinin həkimləri hərbi səhiyyə tarixində növbəti uğura nail olublar. Həkimlərimiz tibb xidməti kapitanları Cavid İbrahimov və Elgin Hacızadə bölmənin tibbi personalı ilə ilk dəfə olaraq xəstənin özünün ürək pərdəsindən yeni ürək qapağı düzəldərək funksiyası pozulmuş ürək qapağını əvəzləyiblər. Belə bir çətin əməliyyatı həyata keçirən həkimlərimizi daha yaxından tanımaq, əməliyyat haqqında məlumat almaq üçün Ürək-damar cərrahiyyəsi bölməsində olduq.
Ürək-damar cərrahiyyəsi bölməsinin rəisi, ürək-damar cərrahı, tibb xidməti kapitanı Cavid İbrahimov 1990-cı ildə Rusiya Federasiyasının Başqırdıstan Muxtar Respublikasında anadan olub. Anasının arzu və istəyi ilə bu xeyirxah peşəni seçib. 2013-cü ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirib. 2014-cü ildə rezidenturaya qəbul olunub. Böyük Zəfərin başlanğıcı kimi tariximizə yazılan Aprel döyüşlərində iştirak edib. Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma (Gülhane Eğitim və Araştırma) xəstəxanasında kurs keçib. 2021-ci ildən Ürək-damar cərrahiyyəsinin bölmə rəisidir. Vətən müharibəsində bir çox istiqamətlərdə döyüş bölgəsinə ezam olunub.
Şöbənin ordinatoru ürək-damar cərrahı, uzman, tibb xidməti kapitanı Elgin Hacızadə 1990-cı ildə Şəki şəhərində dünyaya göz açıb. Babasının həkim olması onun bu xeyirxah peşəni seçməsinə təsirsiz ötüşməyib. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirib. 2014-cü ildən xidmətdədir. Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma (Gülhane Eğitim və Araştırma) xəstəxanasında beş il ürək-damar cərrahı uzmanlıq təhsili alıb. Vətən müharibəsində xaricdə təhsil alan bütün həkimlər kimi o da təhsilini dayandıraraq Azərbaycana qayıdıb. Vətən müharibəsində Hadruta, Horadizə və Cəbrayıla, bu ilin sentyabrında keçirilən əməliyyat tədbirləri zamanı isə “N” hərbi hospitalına ezam olunub.
Hər ikisini bu sənətə vətənsevərlikləri gətirib. Uşaqlıq illəri müharibə və atəşkəsə təsadüf edən bu tibb xidməti kapitanları torpaqlarımızın işğaldan azad edilməsini, ərazi bütövlüyümüzün tam bərpa olunmasını hər şeydən çox istəyiblər. Bunun üçün də çox nəcib və məsuliyyətli peşəni hərbi mundirlə qoşa yaşatmağı özlərinə mənəvi borc biliblər. Vətən müharibəsində hər ikisi ağır döyüşlərdən sonra mürəkkəb cərrahi əməliyyatlar həyata keçirib, yaralılara yaşam verib, qısa müddətdə müalicə olunaraq xidmətə qayıtmaları üçün əllərindən gələni əsirgəməyiblər. Bu işdə özlərinə ən böyük mükafatı xəstələrinin gözlərində sözlə ifadə olunması mümkün olmayan minnətdarlığı bilirlər.
Həkimlər bildirdilər ki, ürək qapaqlarının anatomik və funksional ciddi pozulmalarında cərrahi müalicə tətbiq olunur. Klassik cərrahiyyədə bu qapaqlar mexaniki və bioloji protez qapaqlarla dəyişdirilir, ancaq həm mexaniki, həm də bioloji protez qapaqların özünəməxsus problemləri davam edir. Daha təkmilləşmiş metod kimi qapaqların təmiri əməliyyatları geniş yayılsa da, bu, bütün xəstələrə tətbiq edilə bilmir. Son illərdə yapon alimi professor Şiqeyuki Ozaki tərəfindən təklif edilən metod aortal qapağın cərrahi müalicəsində inqilabi dəyişikliyə səbəb olub. "Ozaki əməliyyatı" adlanan bu yanaşmada funksiyası pozulmuş aortal qapaq xəstənin öz ürəyinin pərdəsindən hazırlanmış qapaq tayları ilə əvəz olunur. Ürəyin pərdəsi (autoloq perikard) xüsusi metodla hazırlanır. Əməliyyat nəticəsində xəstə ömrü boyu qandurulaşdırıcı dərman istifadə etmir. Qapaq uyğunlaşmasına ehtiyac olmur, xəstə təbii aort qapağa bənzər yeni aort qapağa malik olur.
Tibb xidməti kapitanı Cavid İbrahimov qeyd etdi ki, uzun müddətli dayanıqlılıq üçün bu hazırlama mərhələsi xüsusi əhəmiyyət kəsb edir. Bu texnikada aorta qapağı yarpaqcıqları xəstənin perikardından, yəni, öz ürəyinin membranından hazırlanır. Əməliyyatdan sonrakı exokardioqrafik yoxlamalarda bu qapağı normal qapaqdan ayırd etmək mümkün deyil - əməliyyat zamanı heç bir süni materialdan istifadə edilmir. Aortal qapaq rekonstruksiya olunur. Ona görə də əməliyyatdan sonrakı exokardioqrafik yoxlamalarda bu qapağı normal qapaqdan ayırd etmək çox çətindir.
- Ümumiyyətlə, bu əməliyyat ürək qapaqlarını təmir etmək əvəzinə, onları yenidən formalaşdırmaq məqsədi daşıyır, - tibb xidməti kapitanı Elgin Hacızadə vurğuladı. - Xəstələrin daha uzun və sağlam ömür sürməsinə kömək edir. Ürək qapaqlarının bu metodla dəyişdirilməsi həm yuxarı, həm də aşağı yaş qrupu xəstələrdə həyata keçirilməsi mümkündür. Aort qapaq xəstəliklərinin cərrahi müalicəsində bu metodun müsbət nəticəsi ondan ibarətdir ki, xəstə qapaq uyğunsuzluğu, bioloji qapaqların vaxtından əvvəl aşınması səbəbindən təkrarlanan cərrahi prosedurlar, mexaniki qapaqlar səbəbindən anemiya, ömür boyu qan durulaşdırıcı istifadəsi, infeksiya riski (endokardit) kimi vacib və arzuolunmaz hallarla qarşılaşmırlar. Bütün bu problemlər nəzərə alınaraq, aort qapaq cərrahiyyəsində "Ozaki əməliyyatı" müqayisəolunmazdır.
- Ozakinin öz nəticələrinə baxsaq, 10 il ərzində təkrar müdaxiləsiz yaşam göstəricisi 95,8 faizdir, - bölmə rəisi dedi. - Bu metodun istifadəsi yaşlı xəstələrdə ilk seçim olmalıdır. Uşaqlarda istifadəsi daha maraqlıdır. Protez qapaqlardan istifadə böyüdükcə uşaqlarda kifayət qədər ciddi problemlər yaradır. Bu problemləri "Ozaki əməliyyatı" ilə önləmək mümkündür. Bizim həyata keçirdiyimiz əməliyyat 20 nəfərlik heyətlə 6 saat davam etdi. Əməliyyatda Anestezioloq-reanimatoloq tibb xidməti mayoru Vüqar İbrahimovun, Anestezioloq-Reanimatoloq tibb xidməti kapitanı Elşən Rüstəmovun, anesteziya texniklərinin, cərrahi texniklərin və perfuzionistlərimizin əməyi danılmazdır. Bu uğuru komanda olaraq qazanmışıq.
Uzman ürək-damar cərrahı Elgin Hacızadə, eyni zamanda, qandurulducu dərman istifadə edə bilməyən və ya etmək istəməyən xəstələrdə, həmçinin əməliyyatdan sonra hamilə olmaq istəyən gənc qadın xəstələrdə də istifadəsinin məqsədəuyğunluğundan danışdı. Bildirdi ki, əməliyyat etdiyimiz xəstələrdən birinin degenere olmuş aort qapağının ikitaylı olması bu üsulun texniki cəhətdən icrasını daha da çətinləşdirdi. Xəstəmizin ikitaylı aort qapağı özəl ölçmə texnikaları ilə ölçülərək öz perikard toxumasından hazırlanmış perikard ilə yenidən üçtaylı vəziyyətə gətirildi. Hal-hazırda hər iki xəstənin vəziyyəti qənaətbəxşdir.
Həkimlik daim öyrənməyi, təkmilləşməyi, müasir üsullar axtarmağı tələb edən bir peşədir. Həkim nə vaxtsa öyrəndiyi biliklərlə kifayətlənməməli, daim öz üzərində işləməlidir. Səhiyyənin inkişafı həkimin də inkişafı deməkdir. Vətəni qorumaq da müqəddəs və şərəflidir, onun müdafiəçisinin sağlamlığı keşiyində dayanmaq da.
Tofiq Əhmədov üç gündür əməliyyat olunub, palatada bizi ayaqüstə, gülərüzlə qarşıladı. Ona “Aort qapaq protezləşdirilməsi suprakoronar graft” əməliyyatı icra edilib. "Ozaki əməliyyatı" olunmuş Zeynət Şərifova ilə də görüşdük. Onun da vəziyyəti yaxşı idi. Hər iki xəstə yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Müdafiə Nazirliyinin və Baş Klinik Hospitalın rəhbərliyinə, tibb xidməti kapitanları Cavid İbrahimova və Elgin Hacızadəyə, Ürək-damar cərrahiyyəsi bölməsinin kollektivinə dərin minnətdarlıqlarını bildirdilər.
Ömürlərə ömür calamaq, ümidsizə ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.
Kapitan Günay TAĞIYEVA
fotolar
çavuş Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"