Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 2023 11:30

“Tarixi qələbə - Zəfər Günü”

Xalqımızın tarixində ağrılı-acılı günlər, aylar, illər də olub, qürurverici və sevincli anlar da. 2020-ci ilin 27 sentyabrı yaddaşlarda böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıcı kimi tarixləşdi. 44 gün davam edən haqq savaşımızda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm Qələbə qazandı. 8 noyabr tarixə Zəfər Günü kimi yazıldı.
Vətən müharibəsində qazanılan tarixi Zəfər dövlətçilik tariximizin, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi qəhrəmanlıq salnaməsidir.
Bülbülə qəsəbəsindəki Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəbdə "Tarixi qələbə - Zəfər Günü" adlı “dəyirmi masa” keçirildi. “Dəyirmi masa”da məktəbin rəhbərliyi, müəllim və şagirdləri iştirak etdilər.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Ruzilə Möhbalıyeva və tarix müəllimi Şəms Həşimovanın təşkil etdiyi bu tədbirdə öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Ruzilə Möhbalıyeva tədbiri açaraq bildirdi ki, əlamətdar günlər qürurla, həsrətlə gözlənilir. Torpaqlarımızın işğaldan azad ediləcəyi gün belə gözlənilib. 8 Noyabr - Zəfər Günü Vətənimiz Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzi kimi tarixləşdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımıza hər müraciətində torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərdə də dalğalanacağını böyük inamla, qətiyyətlə bildirirdi. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə qeyd etmişdi ki, "Biz başqa ölkələrin torpağına iddiaçı deyilik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik". İnanırdıq... 27 sentyabrda əks-hücumun ilk həmləsindən rəşadətli ordumuzun kəndlərimizi azad etməməyə başlaması bu inamı əminliyə çevirdi. Xalqımız o günlərdə həmrəylik nümayiş etdirərək, sözün həqiqi mənasında, yumruq kimi birləşdi. Vətən müharibəsində ordumuz gücünü göstərərək Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Dövlət başçımızın uzaqgörən siyasəti, sərkərdəliyi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti, xalqımızın birliyi Azərbaycanın şanlı qələbəsini təmin etdi.
Atası Birinci Qarabağ müharibəsi, qardaşı Vətən müharibəsi iştirakçısı, yaxınları bu yolda şəhid olan Ruzilə müəllim qeyd etdi ki, İkinci Qarabağ müharibəsinin döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur. Azərbaycan Ordusunun Şuşa uğrundakı döyüşlərdə sıldırım qayaları dırmaşaraq düşməni yalın əllə, yüngül atıcı silahlarla məğlub etməsi dünyanın ən məşhur hərbi institutları, ABŞ, Rusiya, Çin və digər dövlətləri tərəfindən araşdırılmaqla geniş şəkildə öyrənilməkdədir.
Tarix müəllimləri Mahir Heydərov və Şəms Həşimova vurğuladılar ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Zəfərin tacı oldu. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın  həsrəti 44 gündə bitirdi. İllərlə xalqımız Vətən həsrətini, sevgisini ürəyində daşıdı, dövlət başçısına inandı və qələbə qazandı. Ali Baş Komandan çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır", - deyirdi. Vətən müharibəsində müzəffər sərkərdə Ulu Öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur", - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
İşğal müddətində ermənilərin dağıtdığı, viran qoyduğu kəndlərimiz, şəhərlərimiz ən gerçək şahidlərdir. Bizə qürur yaşadan Zəfər gününü böyük sevinc, ruh yüksəkliyi ilə qeyd edirik.
Murad Rüstəmli:
- 27 sentyabr 2020-ci il. Bu tarix xalqımızı illərdir həsrətində olduğu şanlı Zəfərə aparan yolun başlanğıcı oldu. Vətən uğrunda haqq savaşımız həmin gün başladı. 44 günlük Vətən müharibəsi xalqımızın parlaq qələbəsi ilə başa çatdı. Uzun illər düşmən işğalında qalmış əzəli və əbədi torpaqlarımız  işğaldan azad edildi. Üç ildir xalqımız bu şanlı Zəfəri böyük ruh yüksəkliyi və sevinclə qeyd edir.
Günay Atakişiyeva:
- Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusunun cəbhə boyunca əks-hücum əməliyyatında qazandığı uğurlar, torpaqlarımızın düşmən işğalından azad edilməsi Silahlı Qüvvələrimizin, dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu döyüşlər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığını, vətənpərvərliyini, yüksək qələbə əzmini, milli birliyimizi, həmrəyliyimizi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiq etdi.
Rüqəyya Novruzova:
- Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə qüdrətli Azərbaycan Ordusu məğlubedilməz erməni ordusu mifini yerlə-yeksan etdi. Qazanılan bu Qələbəni xalqımız müqayisəolunmaz sevinclə qarşıladı. O günü ömrümün sonuna kimi unutmayacam. İndi xalqımız qalib xalq, ordumuz qalib ordu, dövlətimiz qalib dövlətdir.
Rəfayil Dərdayılov:
- Dünya hərb tarixində heyrət doğuran Şuşa əməliyyatı tarixdə əbədi qalacaq. Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Şəhərdəki düşmən qüvvələri hava zərbələri ilə, top atəşləri ilə məhv edilə bilərdi. Amma onda şəhərdə böyük dağıntılar olardı. Komandanlıq buna görə alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçdi. Qəhrəman hərbi qulluqçularımız yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məğlub etdilər.
Lalə Zülfüqarlı:
- Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bir kəlamını xatırlayıram: "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir". Vətən müharibəsində biz bu sevginin nəticəsini gördük.
Xalidə Hüseynova:
- Döyüşlərdə Azərbaycan Ordusuna məğlub olan düşmən cəbhə xəttindən, eləcə də sərhəd bölgələrindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki əhalini hədəfə alan təxribatları davam etdirirdi. Vətən müharibəsində düşmən Gəncəni, Bərdəni, Tərtəri, Goranboyu vurdu. Azərbaycan hərbçisi mülki əhalinin yaşadığı əraziyə bir güllə belə atmadı. Bu, dövlətimizin  müharibə qanunlarına əməl etdiyinin göstəricisi idi. Götürülən əsirlərlə də necə davrandığımızı da hamı gözəl bilir. Üçtərəfli Bəyanat imzalandıqdan sonra erməni hərbçilərin 1700 cəsədi qaytarıldı. O cəsədlərin üzərində hansısa zorakılıq əlaməti yox idi, əsirlər işgəncəyə məruz qalmamışdılar. Ancaq biz gənc nəsil istər tarixən, istərsə də Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı göstərilənlərdən də məlumatlıyıq.
Rəvan Dəmiray:  
- Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərin məntiqi nəticəsi kimi bu Zəfəri rəsmiləşdirən 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalandı. Bu, Ermənistanın məğlubiyyəti idi. Üçtərəfli Bəyanat uzun illər davam edən münaqişəyə son qoydu və Bəyanata uyğun olaraq, münaqişənin hərbi mərhələsi başa çatdı.
Fatimə Ələkbərli:
- 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad milli iradənin, milli ruhun, milli ləyaqətin Zəfəri idi. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi bu parad əsl qalibiyyət yürüşünə çevrildi. Prezident İlham Əliyev paraddakı çıxışında bildirdi: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir".
İsmayıl Səlimzadə:
- Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı.
Türk Dövlətləri Təşkilatının "Türk Əsri" adı ilə Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Böyük Qayıdış Proqramının icra olunduğunu vurğulayaraq qeyd etdi: "Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur".

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"

foto Coşqun CƏFƏROVUNDUR