Mövzu: Əsgərin döyüşə psixoloji hazırlığı qələbənin rəhnidir.
Suallar:
1. Əsgərin psixoloji hazırlığının mahiyyəti və məzmunu.
2. Döyüşə psixoloji hazırlığın əsas üsulları.
Əsgərin psixoloji hazırlığının mahiyyəti və məzmunu
Əsgərin döyüşə psixoloji hazırlığı, hərbi kollektivlərin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti hər bir ordunun döyüş gücünün vacib tərkib hissələrindən biri sayılır. XXI əsrin ən parlaq savaş nümunəsi 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin qüdrətini və ordusunun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində qazanılmış Zəfərin əsasını qoyan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu barədə belə demişdir: "44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir".
"Mənəvi-psixoloji vəziyyət" məfhumu qoşunların fəaliyyətinə Azərbaycan Ordusunda yeni quruculuq işlərinin başlanması ilə daxil edilmişdir. Bu onunla şərtlənmişdir ki, hərbi-siyasi vəziyyətin yeni həqiqətləri, qarşıda duran hərbi vəzifələrin xüsusiyyətləri insan amilinin bütün tərkib hissələrinin maksimum fəallaşdırılmasını tələb edir.
Həm 44 günlük Vətən müharibəsində, həm də Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü ildə Qarabağ iqtisadi rayonunda 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlar, şücaət və igidlik nümunələri onun psixoloji hazırlığının göstəricisidir. Hələ 14 yaşında ikən hakimiyyətə gəlmiş Şah İsmayıl Xətai Azərbaycanı birləşdirmək uğrunda savaşa qalxarkən belə demişdir: "Biz müharibədə süstlük etsək, onda həm Vətənimizi, həm də həyatımızı itirəcəyik". Atabəy Eldəgiz, Uzun Həsən, Mustafa Kamal Atatürk müharibələr tarixində ona görə iz buraxa bilmişlər və hərb sənəti onların qazandığı şöhrəti ona görə qoruyub saxlayır ki, onlar gözəgörünməyən, lakin "dəhşətli" bir gücdən - döyüşçü psixikasından yararlanmağı bacarmışlar.
Əsgərlərin döyüşlərə psixoloji hazırlığının yüksək dərəcədə olması özünü hərbi qulluqçuların və ilk növbədə, Azərbaycan əsgərinin döyüş şəraitindəki davranışında gostərmişdir. Əksinə olduğu hallarda, yəni, psixoloji hazırlığı zəif olan hərbçilərin, o cümlədən Azərbaycan torpaqlarını 30 ilə yaxın bir müddətdə qəsb etmiş erməni hərbi qulluqçularının rəftarında açıq-aydın görmək mümkün idi. Onların əksəriyyəti hay-küyə və çaxnaşmaya düşür, əmrləri düzgün yerinə yetirə bilmir və yaxud yerinə yetirmək istəmir, onlarda məqsəd aydınlığı, qətiyyət, döyüş fəallığı, təşəbbüskarlıq və özünənəzarət zəif olur ki, bunları da müharibə zamanı şübhələr, inamsızlıq və qətiyyətsizlik əvəz edir və iradə zəifliyi müşahidə olunur.
Hərbçidə çatışmayan mühüm cəhət mənəvi-psixoloji hazırlığın zəifliyi ilə bağlı olur. Müharibənin tələb etdiyi hazırlıq başa çatdırılmayıbsa, o, əks psixoloji təsirlərin təzyiqindən özünü xilas edə bilmir. Əks-psixoloji reaksiyaların təsirini azaltmaq üçün daxili qüvvələri səfərbər etmək lazım gəlir.
Əsgərin psixoloji hazırlığı -
- döyüşdə fəal, təşəbbüskar, fədakarcasına hərəkət etmək bacarığının qazanılmasını,
- fiziki və psixoloji gərginliyə tab gətirməyi, qorxu hissi ilə mübarizə aparmağı,
- döyüş tapşırıqlarını yerinə yetirmək üçün zəruri olan emosional - iradi keyfiyyətləri,
- psixoloji dayanıqlığın formalaşdırılması üzrə fəaliyyətlər kompleksini təşkil edir.
Döyüş əsgərin öz potensialını cəld göstərə bilməsi bacarığına çox sərt tələblər irəli sürür. Bunun dəyəri isə ya həmin əsgərin özünün, yoldaşlarının həyatı hesabına və yaxud döyüş tapşırığının yerinə yetirilməsi ilə ölçülür.
Əsgərin verilmiş tapşırığı bacardığı səviyyədə (döyüş ustalığını göstərməklə) yerinə yetirməsi daxili amillərdən, yəni,
- hər şeydən öncə insanın əqidəsindən,
- onun təhlükəli, gözlənilməz, qeyri-müəyyənlik və vaxt qıtlığı şəraitlərində səmərəli hərəkət etmək qabiliyyətindən,
- verilmiş məqamda əsgərin emosional vəziyyətindən, səhhətindən asılıdır.
Sadalanmış amillərin məcmusu "psixoloji hazırlıq" adlandırılır.
Əsgərin döyüşə psixoloji hazırlığı bölmənin döyüş fəaliyyətinə dərhal başlaya bilməsinin əsas tərkib hissələrindən biridir. Bu,
- birinci növbədə Vətəni, doğmaları və əzizlərinin taleyi barədə əsgərin məsuliyyət hissini, özünə, öz yoldaşlarına, silahına, döyüş texnikasına inamın olmasını;
- ikinci növbədə isə mübarizə aparmaq, özünü sınaqdan keçirmək, öz zəif cəhətlərini üstələmək, düşmən üzərində qələbə qazanmağı nəzərdə tutur.
Əsgərin döyüşə psixoloji hazırlığının əsas əlamətlərinə:
- tələskənlik və qapalılığın olmaması, hesablanmış və rəvan davranış;
- əmr və tapşırıqların səhvsiz və dəqiq yerinə yetirilməsi;
- normal fizioloji vəziyyət (nəbzin tezliyi, nəfəs alma, sifət rəngi və s.) aid edilir.
Döyüşə psixoloji hazırlığın üç dərəcəsi var: 1 - aşağı, 2 - orta və 3 - yüksək.
Aşağı dərəcəli psixoloji hazırlığın təzahür cəhətləri: əsgər özünə inanmır, mübarizə aparmağa can atmır, qərarsızdır, həddindən artıq tələskən və yaxud qapalıdır, ən sadə tapşırıqların yerinə yetirilməsində səhvlər buraxır. Orta dərəcəli psixoloji hazırlığın xarakterik əlamətləri: özünə və yoldaşlarına inanır, lakin cəsarətli hərəkətləri, mübarizə aparmaq cəhdləri hələ kifayət qədər deyildir. Əsgər verilən tapşırıqların yerinə yetirilməsində kiçik səhvlərə yol verir, fizioloji vəziyyəti normaya yaxındır. Yüksək səviyyəli psixoloji hazırlığı isə mübarizə aparmaq arzusu, şübhələrin yoxluğu, özünü sınamaq cəhdi və düşmən üzərində qələbənın qazanılması istəyi fərqləndirir. İnsan fiziologiyasının və psixikasının mühafizə mexanizmləri olduğuna görə, əsgər psixoloji hazırlığın bu səviyyəsində uzun müddət qala bilməz.
Buna görə də əsgər üçün çox vacibdir ki, döyüş qabağı özündə və yoldaşlarında orta səviyyəni saxlasın. Döyüşün gedişatında isə psixoloji hazırlığın yüksək səviyyəsi qoşulmalıdır.
Döyüş təlimi prosesində hər bir əsgər öz döyüş və psixoloji hazırlığını təkmilləşdirməlidir. Döyüşə hazırlığın faydalı vasitələrindən biri kimi əsgərin öz hərəkətlərinin ardıcıllığını əvvəlcə səhv etmədən asta-asta, getdikcə sürətini artıraraq ürəyində deməsi məsləhət görülür. Əsgər şəraitə fikrən o qədər öyrəşir ki, özündən asılı olmayaraq hərəkət etməyə başlayır. Bu isə düşüncə ilə davranış arasında möhkəm əlaqənin yaranması deməkdir.
Dərhal başlanacaq döyüş əməliyyatlarına psixoloji hazırlığın saxlanılması üçün psixoloji özünütənzimləmə üsullarından istifadə oluna bilər.
Döyüşə psixoloji hazırlığın əsas üsulları
Döyüşə psixoloji hazırlığın saxlanılması üçün özünütənzimləmənin əsas üsulları aşağıdakılardır:
- özünəinam və özünütəlqin,
- öz təxəyyülünü idarəetmə,
- nəfəs almanı və əzələləri tonusda saxlamaq.
Özünəinam - əsgərin hazırlığını yüksək səviyyədə saxlamağın vacibliyini özünə sübut etməsidir. Döyüş növbətçiliyini, qarovul xidmətini çəkən və yaxud digər döyüş tapşırığını yerinə yetirən hər bir əsgər onu yayındıran fikirlərin, istəklərin yaranması nəticəsində sayıqlığını itirməsinin nə cür dəhşətli hadisələr, nəticələr törədə biləcəyini aydın təsəvvürünə gətirməlidir. Bu yerdə Nizamnamələrin tələblərini, rəislərin xəbərdarlıqlarını, xidmətin ibrətamiz nümunələrini mütləq yada salmaq lazımdır.
Özünütəlqin - özünəinam kimi, əsgərin əsas təsir vasitəsi olaraq sözdən istifadə etməsilə şüurlu şəkildə əldə olunur. Özünütəlqin insanın özünə və imkanlarına olan inamın gücünə onun psixi vəziyyətini dəyişə bilər. Məsələn, gecə xidmət çəkən əsgər yuxuluqla oyaqlıq arasında olduğu üçün bəzi hallarda sanki tormozlanmış vəziyyətə düşür. Əsgərin psixikasının məhz bu vəziyyəti istənilən özünütəlqinə daha həssas olur. Ona görə də yuxulamağa və yaxud rahatlıq tapmağa olan ən kiçik cəhd belə yerindəcə dəf olunmalı və rədd edilməlidir. Əks təqdirdə şərait faciə ilə nəticələnə bilər.
Sayıqlığın itirilməsi çox ağır nəticələrə səbəb olur. Buna görə də əsgərlərdə gümrahlığın və aktivliyin saxlanılması üçün hərbi psixoloqlar çox dəqiq və qısa özünü təlimat forması tövsiyə edirlər. Yuxusu gələn, taqətdən düşən, sayıqlığını itirən əsgər bu ifadələri tez-tez işlətməlidir: "Mən diqqətimi toplayıram", "Mən sakitəm və özümə inanıram", "Mən öz davranışımı və vəziyyəti tam nəzarətdə saxlayıram".
Bu özünü təlimatlar ehtiyac duyulan vəziyyətin məxsusi modellərini təsvir edir. Əsgərin qabaqcadan hazırladığı sözlü düsturlar, dəfələrlə təkrar etmə yolu ilə şüuraltına yerləşdirilir və yubatmadan onun vəziyyətini müəyyən etməyə başlayır.
Özünütəlqin zamanı bəzi qaydalara riayət etmək vacibdir:
1. Özünütəlqin düsturlarını 5-6 dəfə ürəyinizdə təkrar etməli, onun məzmununa diqqət yetirməli və ehtiyac duyulan vəziyyəti təsəvvür etmək lazımdır;
2. Sözlü düsturlar qısa, aydın olmalı və konkret şəraitdə onları yerinə yetirmək imkanları şübhə doğurmamalıdır. Burada heç bir özünütənqidə yol vermək olmaz. Yalnız öz qüvvələrinizə tam inam təxirə salınmaz nəticələr verə bilir.
3. Sözlü düsturlar yalnız təsdiqedici formada işlənməli, yəni, inkaredici ifadələrə yol verilməməlidir. Məsələn: "Mən yatmaq istəmirəm" özününtəlqini əks təsir verə bilər. Çünki "istəyirəm" əvəzinə deyilən "istəmirəm" ifadəsindəki "yi"-ni əvəzləyən "mi" inkar şəkilçisi adətən şüuraltında nəzərə çarpmır. Bu cür hallarda yuxunu xatırlamaq ümumən olmaz. Əksinə, demək lazımdır ki: "Mən gümrah və çalışqanam" və yaxud "Mən yatmaq istəmirəm" ifadəsinin əvəzinə "Mən gümraham" ifadəsini işlətmək lazımdır.
Diqqətin idarə olunması əsgərin təxəyyülünü idarəetməsi ilə sıx əlaqəlidir. Diqqətin hansı səmtə yönəlməsi onun sayıqlığına güclü təsir göstərir. Şüurlu nəzarətdən kənarda olan diqqətin döyüş tapşırığı ilə heç bir əlaqəsi olmayan obyektə keçirilməsi insanı yayındıra bilir. Bu isə insan psixikasının daha bir sirridir. Əgər ona məhəl qoymasaq daha ağır nəticələr qazanarıq. Köhnə bir fəndi misal gətirək. Düşmən qarovulçunu, saatdarı yayındırmaq məqsədilə kənara bir daş atır və qəfildən onun gözləmədiyi yerdən üstünə tullanır. Belə olan hallarda əsgər üçün vacibdir ki, qəfildən güclü qıcıqlandırıcı (təhlükəli səs, ekranın sönməsi, posta yaxın insan və yaxud heyvan) peyda olduqda bütün diqqətini yalnız bu obyekt üzərində saxlamasın. Eyni vaxtda daha əsas ola biləcək digər istiqamətləri də müşahidə etsin. Bunun üçün isə qabaqcadan diqqətin ən təhlükəli istiqamətlərin hər birinə növbə ilə keçirilməsi planı tərtib olunmalıdır. Yalnız bu qaydalara riayət etməklə şərait üzərində nəzarəti saxlamaq mümkündür. Döyüş şəraitində isə diqqəti döyüş tapşırığına aidiyyəti olan obyektlər üzərində saxlamaqla, ikinci dərəcəli qıcıqlara yayınmamaq tövsiyə olunur.
Nəfəsalmanın idarə olunması və əzələlərin tonusda (işlək vəziyyətdə) saxlanılması sırf psixoloji fənd sayılmır. Lakin nəfəsalmanın dərinliyi və tezliyi, bədən əzələlərinin gərilmə dərəcəsi əsgərin döyüş şəraitindəki psixi vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Əsəb gərginliyinin götürülməsi üçün sakitləşdirici nəfəsalma fəndi təklif olunur. Dərindən nəfəsinizi alır, mümkün qədər nəfəsinizi saxlayıb və bacardığınız qədər asta sürətlə buraxırsınız. Psixi halınızı sakitləşdirmək üçün sizə bu fəndi 5-7 dəfə təkrar etmək lazımdır. Bundan sonra düşməni uzunmüddətli müşahidə etmək üçün zehniniz açılacaq, iradəniz səfərbər olunacaq və əzələlərinizdə təzə qüvvə əmələ gələcəkdir.
Əzələ gərginliyi əsəb fəallığını xeyli dərəcədə şərtləndirir və deməli, əsgərdə səfərbər olmaq hissinin və gümrahlığın yaranmasına səbəb olur. Əzələnin boşaldılması isə əksinə, əsgərin psixikasına sakitləşdirici və tormozlandırıcı təsir göstərir. Ona görə də döyüşü gözləmə vaxtı bədən əzələlərini gərilmiş və elastik vəziyyətdə saxlamaq lazımdır. İsidilmiş aktiv əzələlər əsgərin döyüşə psixoloji hazırlığını yüksəldir.
Beləliklə, döyüş təlimi əsgərə hərbi biliklər qazanmaq, özündə döyüş səriştəsi və bacarıqlarını formalaşdırmaq imkanı verir. Bu isə özünəinamın əsasıdır. Psixoloji hazırlıq təlimləri isə onda döyüş fəaliyyətlərinə psixoloji cəhətdən dərhal başlamaq qabiliyyəti yaradır.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi