Dan yeri söküləndən bəri ağacların budaqlarından sürüşən meh də, titrəşən yarpaqlar da payızın gümüldənən kövrəkliyinin carçısına dönüb. Kölgədən çıxmağa can atan Günəşə görə, boyun bükən xəzana görə, yanaqlarına sarı xallar düşən yarpaqların budaqdan üzüldüyünə görə, gözləri yollardan yığılmayanların gerçək ümidi güman dolaylarında dolaşdığına görə, ... payız kövrəklikdi, kövrəlmədi, kövrəkləşmədi. Bu ilin payızında kövrəklik duyulmur, könül xoşluğu duyulur; bu ilin payızı şahanəliklə gəldi, ruhumuzun harayı kimi gəldi, bir əsrin siyasi qərəzliyinin ödənci kimi gəldi - bədxahlığın öcü kimi gəldi...
2020-ci ilin 8 Noyabrını da, 2023-cü ilin 20 Sentyabrını da, bu ilin 15 Oktyabrını da Tanrı uğurlamışdı. Bu ilki payızın bu günü də tarixin yaddaşında belə qalacaq!..
Tarix deyir ki, XVIII əsrin sonlarında Qarabağ xanının guşənişinliyi üçün Şuşanın 10 kilometrliyində seçilən yer bəyənilib, daş üstə daş qoyulub. Xanın təzə kəndi divar-divar hörülüb, bina-bina böyüyüb, şenlik olub. İlk vaxtlar xanın kəndində - xan kəndində ancaq xanın ailəsi, əyan-əşrəfi yaşayıb, kiçik kənd böyüyüb Xankəndi olandan sonra orada rəiyyət də yaşayıb.
İllər sonra Xankəndinin də taleyi dolaşığa düşüb: Moskva 1923-cü ilin iyulunda Azərbaycanda Dağlıq Qarabağ Muxtar Vilayəti yaratdı, ermənilərin istəyinə görə Mərkəzi böyüyüb şəhərləşmiş Xankəndi oldu. Adı Azərbaycanın idi, özü - Ermənistanın. 2023-cü ilin payızında Azərbaycan Ordusu Xankəndini taleyinə qondarılan siyasət yükündən xilas elədi. İndi Xankəndi Azərbaycanın gerçək şəhəridi. Azərbaycanın gerçək şəhərində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra Hərbi Parad keçirilir. Bu gözəl payızda bu Parad 2020-ci ildə Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər Paradının davamıdı, tarixi gerçəkliyin Paradıdı, qüdrətin Paradıdı...
Xankəndidə hava elə gözəldi ki. Bu gözəl havada şəhər elə gözəl görünür ki! Görənlər bu gözəllikdən ayrı düşdüyümüz illərə heyfsilənir...
Bu ilin payızında bu günün gözəlliyini təbiət də uğurlayıb - ağacların xırda budaqları ahəstəcə titrəyir, yarpaqlar titrəşir, göy üzündə bircə əlçim də bulud görünmür. Neçə aylar əvvəl "Dağılıbdı Şuşanın dağlarının dumanı!" - demişdim, baxışlarım kimi, könlüm də Şuşanın dağlarına sarılmışdı. İndi - bu gün Xankəndinin də göylərinin dumanı seyrəlib. Bu gözəl şəhərin bu gün bir az da gözəlləşdiyini sezmək çətin deyil. Bu gözəlliyi bu günün Yerə-Göyə sığışmayan ovqatının durulaşdırdığına, saflaşdırdığına əminliklə yüz illərin o üzünü xatırlayıram. Xankəndi yüz il əvvəl bizimiydi, yüz il ötdü, tarixin gerçəkliyə biəti kimi yenə bizim oldu. Ruhən bu şəhərlə nəfəs-nəfəsəyəm: Ev-ev, yol-yol böyüyüb kənd olmuşdun Xanın kəndi. Ox olub qəlbipaxırların gözlərinə batırdın. Yollarında yadların atları kişnəyirdi. İmperiyanın siyasəti səni ruhundan ayrı salmışdı, bizim ola-ola 1923-cü ildən sonra bizim olmadın - əli-əldən, közü-közdən, sözü-sözdən ayrı salmağa niyyətli olanlar səni erməniliyə siyasi sədəqə vermək istəmişdi, səni son illərdə erməniliyin baş kəndi eləmişdi. Azərbaycan Ordusunun qüdrətiylə ruh cana qayıdan təki öz ilkininə, əzəlinə qayıtdın - bizimsən! Bu gün sənin baş meydanında Hərbi Parad keçirilir. Aparıcının - Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin səsinin qüruru tarixi Zəfərin işığından barınıb. Bu səslə dövlətə, dövlətçiliyə sevgi danışır, sədaqət danışır. 2020-ci il dekabrın 10-da Azadlıq Meydanında keçirilən Zəfər Paradında yaşadığımız duyğuların eynini yaşayırıq, bir boy da dikəlib yaşayırıq. Bu, ordumuzun qüdrətidi...
Bu ədalətli müharibənin işğalı necə sonlandırdığını qürurla xatırlayırıq. Bu xatırlatma Paradı ürəyinin gözü ilə izləyənlərə döyüşlərdən, qəhrəmanlıqlardan, qəhrəmanlardan danışır sanki. Xatırlatmalar deyir ki, döyüşlərdə qazanılan hər qələbə sonrakı döyüşün başlanğıcı olurdu, Azərbaycan Ordusu döyüş-döyüş son döyüşə yaxınlaşırdı. Müharibənin bir döyüşünü xatırlayıram:
Vasif sol qolundan yaralandığını kimsəyə hiss etdirmədən sarıyıb yenidən döyüşə qoşulmuşdu. Düşmən inadla müqavimət göstərməyə çalışırdı. Qəflətən sağında atışan əsgərin - Rəhimin yaralandığını hiss etdi, sürünə-sürünə, atışa-atışa ona yaxınlaşdı. Rəhimin sinəsindən axan qanı gördü. Onun yarasını sarımağa, qoltuğunun altından yapışıb döyüşün içindən çıxartmağa tələsdi. On beş-iyirmi addım yaxınlaşmışdı. Sağ qoltuğunun altına köz basdılar elə bil. Diz çöksə də dikəldi. Düz-əməlli dikəlməmiş səntirlədi. Dizin-dizin Rəhimə yaxınlaşdı. "Çat-dım, qar-daş, səni döyüş-dən çıxar-da-cam. İndi-cə...", - səsi qırıldı, əli Rəhimə çatandan azca sonra ikisi də son nəfəsini çəkibmiş - döyüş səngiyəndə görmüşdülər ki, Vasifin sağ qolu Rəhimin boynuna sarılıb, Rəhimin sol qolu - Vasifin. İkisi də şəhid olmuşdu...
Xankəndidə Hərbi Parad başlayana kimi Bakıda, Gəncədə, Sumqayıtda, Laçında, ... Zəfərin üç illiyinə həsr olunmuş yürüşləri gözlərimə, gözlərimdən könlümə köçürmüşdüm:
Dünyamın nizamıdı
Azərbaycan əsgərinin
ruhuma tən yürüşü,
Könüllər yürüşdədi,
Yürüş - Vətən yürüşü!..
Hamı kimi, mən də Paradı bu ovqatla izləyirəm...
Qoşunların düzülüşü könül xoşluğudu...
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev çıxışında Vətən müharibəsinin döyüşlərindən, Azərbaycan əsgərinin cəsarətindən, qəhrəmanlıqlarından, fədakarlıqlarından danışır, 2018-ci ilin sentyabrında Bakının Azadlıq Meydanında keçirilən paradda işğalda olan ərazilərimizdə də bayraqlarımızın dalğalandırılacağını bildirdiyini xatırladır, sonralar dünyanın heyrətinə dönən Şuşa əməliyyatından danışır, "Tarixi Zəfər xalqın əyilməz ruhunun Zəfəridir, bu Zəfər böyük tarixi hadisədir!" - deyir. Zəfərə görə, ərazi bütövlüyümüzün tam bərpa olunmasına görə, bugünkü Parada görə paradda iştirak edənləri, ümumən Azərbaycan ictimaiyyətini təbrik edir...
Dövlət Bayrağımız da, Şuşa işğaldan azad ediləndə qələbə rəmzi olmuş bayrağmız da Paradın iştirakçısıdı...
Şəxsi heyət mətin yerişlə keçirlər. Bu anlardan nə göz doyur, nə könül əl çəkir; nə yaxşı tədbirin rejissurasına görə yaxın məsafədən də çəkilişlər aparılır. Baxışlarımız bəzən əsgərlərin baxışlarının səyyarəsinə dönür. Bu baxışları tarixi Zəfərin soraqçısı bilirik. Onların qəhrəmanlığı tarixi qəhrəmanlıqdı. Mənə elə gəlir ki, Azərbaycan əsgərinə - Azərbaycana sayğısı olanlar bu mətin yerişi, bu inamlı baxışı ömrünün bir gününə düşən işıq kimi, ömürlük nur kimi könlünə köçürür! Bu Paradı son illərin ən gözəl səhərinin - 2020-ci ilin 9 Noyabr səhərinin uğurlandığı qürurla izləyirik, bir günü gələcək tarixlər üçün uğurladığı bir nurla izləyirik!..
Qüdrət yerişiylə, sədaqət yerişiylə keçən Xüsusi təyinatlılar üç il əvvəl döyüşlərə də belə qətiyyətlə getmişdilər. Bu qətiyyət ruhun döyüş əzmi idi. Digər qoşun növləri kimi onlar da qətiyyətlə, qəhrəmanlıqla döyüşmüşdülər, Şuşa əməliyyatını Qələbə ilə - müharibənin Zəfəri ilə tamamlamışdılar. Rus jurnalisti yazırdı: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olmayıb! Dağ yuxarı, şəhid olmuş yoldaşı çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar...". Bu məqalə təkcə heyrəti ifadə etmir, həm də ehtiramın (bəlkə də sevginin!) ifadəsidi. Paradda Azərbaycan Respublikasının Prezidenti qürurla deyir ki, döyüşənlərimiz, igidlərimiz "...çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər..."...
Zəfər Paradı Bakıda, Azadlıq Meydanında keçirilmişdi. Dünya ictimaiyyəti bu Paradı da görmüşdü, azərbaycançılığı da. Xankəndinin baş meydanında keçirilən bu Parad Zəfər Paradının məntiqi davamıdı, bitməyəcək - ruhən ürəklərimizdə davam edəcək. Dünya ictimaiyyəti bunu da duyacaq...
Orkestrin ifası Paradda iştirak edənlərin ahəngdar yerişiylə elə gözəl uzlaşır ki! - ayaq səslərini də ritm bilirsən. Sənə elə gəlir ki, bu anlarda şəhidlərin ruhunun səsini eşidəcəksən: Müqəddəs döyüşlər Zəfər gətirdi, hamımızın ruhu Paradda iştirak edənlərin sırasındadı...
Qoşquların üzərində son əməliyyatlar zamanı düşməndən qənimət kimi götürülmüş müxtəlif təyinatlı döyüş texnikaları keçir. Düşmən onların işləklərini döyüşə cəlb etməyə macal tapmayıb, vəziyyət gərginləşəndə döyüş maşınlarını, artilleriya qurğularını ataraq qaçıb. Düşmənin döyüşlərdə vurulan texnikaları paradda görk kimi göstərilir. Bunlar erməniliyin sonunun rəmzidi; parad azərbaycançılığın qüdrətini tarixləşdirir. Paradı izləyənlər bir az əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi bir kəlamı xatırlayır: "Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün". Bu kəlmələr birliyin, ayrılmazlığın, həm də Paradın qüruru kimi səslənir...
Görəsən, bu texnikaları vuran igidlərimiz bu anlarda nələr düşünürlər? Mənə elə gəlir ki, hamısı "Döyüşənlərimiz şücaətlə döyüşdülər, qəhrəmanlıqla döyüşdülər, qələbə üçün döyüşdülər", - deyir. İnamım payızın sərinliyini isindirir. Onlar da müharibənin başlanğıcında düşmənin möhkəmləndirilmiş sədlərini darmadağın edənlərin sırasında olublar. Düşmənin quraşdırdığı sədlərdən keçən yol ordumuzu Zəfərə çatdırdı. Paradın mahiyyətində üç il əvvəlin tarixi də var; Parad həm də Vətən müharibəsinin müqəddəs döyüşlərini tarixləşdirmə missiyasıdı...
Füzuli ətrafında döyüşlərin birində artilleriyaçılarımızın atdığı mərmi düşmən tankının üstünə düşüb. Görəsən, o mərmini atan hərbi qulluqçu da Paradın iştirakçıları sırasındadırmı? Tərxis edilibmi? Görəsən, üç il əvvəlin bu gününün sevinci yaddaşında necə qalıb? Görəsən, Vətən müharibəsində "Topçu Vüsal" kimi tanınan əsgər Vüsal Şahkərimov bu anlarda hansı duyğuları yaşayır? Paradı üç il əvvəl atdığı sonuncu mərminin duyğularıyla izləyir yəqin; qaliblər kimi tərxis olunmuş əsgər neçə aylarla mehrini saldığı, hər gün əlinin təmasını, doğmalığını əsirgəmədiyi topu da xatırlayır, gümanındayam. Könlündən keçir ki, onu əvəzləmiş əsgərə "Topa yaxşı qulluq elə..." - desin...
Döyüşlərdə "Xalqımızın ruhudu bu gün bayraqdarımız!" - deyirdik. Səsimiz səslərə qarışırdı, səsimizə səslər qarışırdı. Döyüşlərdən çıxmış hərbi hissələrin döyüş bayraqları əsgəri qürurla keçdikcə könlümüz tellənir. Yəqin ki, indi hamı "Bayrağım - varlığım, bəxtiyarlığım!" - deyir...
Döyüşlərdə "Gücümüz - əsgərimiz, gücümüzü gücləndirən gücümüz - Bayrağımız, türkçülüyün qüdrəti, öcümüz - "Bayraktar"ımız!" - deyirdik. "Bayraktar"ları da xatırlayırıq. Bu da bugünkü Paradın qüdrətidi. Vətən müharibəsində döyüşlərdə göy üzündə görünəndə düşmən "ödünü udurdu", döyüşçülərimizin döyüş əzmi kükrəyirdi, qələbə ruhu silaha dönürdü. "Bayraktar"lar döyüşlərin şahənşahıydı. Bu payız səhərində o payız səhərinin ovqatını yaşayırıq. Gün - eyni (8 noyabr), ovqat - eyni (bayraqlaşan qüdrət), il - ayrı (2020-ci il, 2023-cü il). Bu eyniliklərin qüruru Parad iştirakçılarının mətin yerişində coşqu ilə yaşanılır. O payız səhərində Paradı 6-7 yaşlı uşaq atasının çiyinlərindən izləyirdi. İndi 9-10 yaşındadı. Bugünkü Paradı o da görür. Qürurlanır. Özünü xəyalən tarixi Zəfərin 10 illiyinə həsr olunacaq tədbirdə iştirak edənlərin sırasında görür, şübhəsiz. Minlərlə həmyaşıdı kimi...
Ruhla gücün vəhdətinin Paradı başa çatır. "Qələbə marşı" iştirakçıların da, Paradı izləyənlərin də ruhunun dilmancına dönür...
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"