Göyün üzü büsbütün dumandı. Hava küləksiz, çiskinli və nəmlidir. Qarşıda dayanan dağlara dumandan pərdə çəkilib. Başı qarlı dağların soyuğu hər yana çöküb.
Bəli, bu dəfə yolumuz dağların ətəyində yerləşən təlim mərkəzinədir. Nəzarət-buraxılış məntəqəsinə çatırıq, növbətçi əsgər özünü təqdim edir və gəlişimizin məqsədini öyrənir. Qərargah növbətçisi ilə əlaqə saxlayandan sonra bir nəfər əsgərin müşayiətilə biz qərargaha yollanırıq. Burada ortaboy, şux qamətli, gülərüz zabitlə görüşürük. Söhbətimiz səmimi alınır. Qarşıdakı adamı təmkinlə dinləmək, fikri qısa və aydın ifadə etmək bacarığı əsl zabitə xas xüsusiyyətlərdən biridi. Çox keçmir zabit Zahid Həsənov şəxsi heyətin taktiki təlimində bizi bələdçilik edəcək mayor İlkin Ağazadəylə tanış edir...
Kəşfiyyat cığırının keçilməsi
Zabit İlkin Ağazadə ilə təlim meydançasına gəlirik. Onun qısa, lakin maraqlı hərbi xidmət illəri barədə söylədiklərini dinləyirəm. Dinlədikcə də zabitə qarşı rəğbətim artır. Orta məktəb illərində hərbçi olmaq arzusuna düşüb. Bu istəyi gerçəkləşdirmək üçün əvvəlcə hərbçi peşəsinə gələn bütün yolları öyrənib. İllər öncə buna hazırlaşıb. Sonda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olmaqla arzusuna qovuşub. Hazırda təlim mərkəzində xidmət edir. O, təlimə cəlb olunan şəxsi heyəti düzüb məşğələnin mahiyyətini izah edir.
Ətrafa göz gəzdirdikcə təlim meydançasında taqım-taqım şəxsi heyətin praktiki çalışmalar yerinə yetirdiklərini görürəm. Müxtəlif maneələri keçməyi öyrənən taqımın yanındayıq. Burada gənc əsgərlərin təlim-məşqləri ilə gizir Hüseyn İbrahimli məşğuldur. O, on ildən artıqdır ki, hərbi xidmətdədir. İkinci Qarabağ müharibəsində iştirak edib. Müxtəlif komando kursları keçən gizir bu gün zamanında qazandığı hərbi bilik və bacarıqlardan yararlanaraq kursantlara döyüş vərdişlərini aşılayır. O deyir: - Başlıca məqsədimiz komando kursuna cəlb olunan kursantları qarşıya qoyulan normativlərə uyğun hazırlamaq və onlarda döyüş vərdişlərini müfəssəl aşılamaqdır.
Dəf edilən maneələr
İstənilən bölmə döyüşə girəndə ərazidə mövcud olan maneələrə rast gəlir. Burada əsgərlərə həm maneələrdən istifadə etməklə müdafiə olunmaq, həm də hücum zamanı həmin təbii maneələri necə aşmaq lazım olduğu öyrədilir. Praktiki məşqlərin üstünlüyü də məhz budur. Döyüşdə düşmənə qalib gəlmək üçün üstünlük əldə etmək, qarşıda duran hədəfləri məhv etməklə düşmənin mövqeyinə daxil olub orada möhkəmlənmək kimi mühüm tapşırıqların yerinə yetirilməsində bu bacarıqlar mühüm rol oynayır. Əsgərlərin çalışmanı praktiki olaraq necə yerinə yetirməsini müşahidə edirəm. Maneələr zolağında əsasən ərazidə olan aşması bir qədər çətin olan maneələr quraşdırılıb. İlk maneə iki metr hündürlükdə olan taxta hasardır. Bu hasarı tam döyüş dəsti ilə təchiz olunmuş əsgərlərin aşması maraq doğurur. Birinci cəhdi çətinliklə alınsa da, növbəti çalışmalarda əsgərlərdə ciddi irəliləyişin olduğunu görürük.
Dəlikli kərpic divarlarda, standart hasarlarda, yarım dağılmış binalarda, daş hasarlarda, örtülü əlaqə yollarında və başqa maneələrdə döyüşçü özünü qarşıdakı düşməndən müdafiə etməklə eyni anda digər döyüşçü yoldaşının da irəliləməsinə şərait yaradır. Dərs rəhbəri gizir Hüseyn İbrahimli hər bir əsgərin hərəkətinə diqqət edir və onların çalışmaları necə yerinə yetirdiklərinə göz qoyur. Buraxılan hər bir səhvi yerində izah edir və onu aradan qaldırmaq üçün çalışmanı təkrar elətdirir.
Düşməni dinləmək üsulu
Ərazidəki keçməsi çətin olan maneələri dəf etdikdən sonra şərti düşmən mövqeyinə daxil olan döyüşçülər döyüşdə tam üstünlüyü əldə etmək üçün digər vasitələri də zərərsizləşdirirlər. Bunlardan biri və ən vacibi rabitə xəttidir. Məşğələ iştirakçıları ələ keçirdikləri ərazidə düşmənin standart telefon dirəklərində quraşdırılmış rabitə xəttinə müdaxilə edirlər. Belə ki, qulaqasma aparatı vasitəsilə düşməni dinləmək üçün həmin dirəklərə dırmanmaqla rabitə xəttinə qoşulma məşqləri də uğurlu alınır. Yaxud kursantlar xətti qırmaqla düşməni tam olaraq rabitədən məhrum edir.
Ərazidə körpüləri, dəmir yollarını sıradan çıxartmaq kimi mühüm tapşırıqların məşq edilməsi əsgərlərdə daha ciddi obyektlərin də yararsız vəziyyətə gətirilməsinə maraq oyadır. Belə ki, onlar mövzuya uyğun əlavə suallar verməklə nəzəri biliklərini də artırırdılar.
Bacarıqlı əsgərlər
Baş leytenant Fikrət Ələkbərov taqım komandiridir. Tabeliyində olanların bilik və bacarıqlarına, onların fərdi xüsusiyyətlərinə yaxşı bələddir. İkinci Qarabağ müharibəsində "Suqovuşanın azad olunmasına görə" medalına layiq görülmüş zabit həm də komando kurslarının nümunəvi məzunlarındandır. Taqımda kursu daha yaxşı mənimsəyən əsgərlərdən söz düşəndə zabit F.Ələkbərov deyir ki, kursun buraxılışına hələ xeyli vaxt var. Burada hər bir hərbi qulluqçudan fiziki cəhətdən sağlam olmaq və güc tələb edilir. Biz buna qısa müddətdə nail ola bilmərik. Bunun üçün vaxt lazımdı. Komandanlıq tərəfindən təsdiq olunmuş proqram var. Bu proqramın sonunda əsgərlər məqbullar verəcəklər.
Hazırda əsgərlərin hazırlıq səviyyəsinin yüksək olduğunu deyir və inanır ki, hər kəs kursun sonunda məqbulları müsbət verəcək.
Bacarıqlı əsgərlərə gəlincə, Orxan Mehrəliyevin, İlham Hüseynovun, Orxan Rüstəmovun və başqalarının adlarını qeyd etdi. Əsgər Orxan Mehrəliyev Quba rayonunun Xınalıq kəndindəndir. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin magistr məzunudur. İdmana da böyük maraq göstərdiyini deyir. Bu səbəbdən də komando kursunda qarşıda duran bütün tapşırıqları vaxtında və dəqiq yerinə yetirə bilir.
Əsgər İlham Hüseynov isə Bakı şəhərində anadan olub. İdmanın cüdo növü üzrə öz çəkisində respublika ikinciliyinə qədər yüksəlib. Yevlax rayonunun Aran qəsəbəsindən olan Orxan Rüstəmov da Dinamo İdman Cəmiyyətində king-boksing növü üzrə uğurlu nailiyyətlər qazanıb. Onların zamanında idmanla məşğul olmaları bu gün ordu sıralarında yüksək nailiyyətlərin qazanmasına gətirib çıxarıb.
Biz təlim yerindən ayrılsaq da, komandolar öz məşqlərinə davam edirlər. Qeyd etməliyəm ki, ordumuzun Qarabağda keçirdiyi hərbi əməliyyatlarda komandoların rolu böyük olub. Odur ki, biz komandolarla daha güclüyük.
Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"