Bu günlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları Azərbaycan İstiqlal Muzeyində olublar. Zabit Orxan Ağasoy bildirdi ki, müntəzəm olaraq kursantlar üçün ekskursiyalar təşkil olunur. Gələcəyin zabitləri olacaq kursantların tarixi yerlərə və muzeylərə gəzintilərinin təşkili olduqca əhəmiyyətli xarakter daşıyır. Onlar Vətənimizin tarixi ilə yaxından tanış olurlar. Bu cür gəzintilər kursantların təlim və tərbiyəsinə mühüm təsir edir.
Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılıb. Muzey 6 ekspozisiya zalından ibarətdir. Muzey rəsm və heykəltəraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar və başqa eksponatlarla zəngindir.
Kursantlar əvvəlcə Azərbaycan Dövlət Rəmzləri olan 1-ci zala gəldilər. Onlar burada Bayraq, Gerb və Himnimizlə yanaşı, "Gülüstan" və "Türkmənçay" müqavilələrinə dair materiallarla da yaxından tanış oldular.
Kursant İbrahim Əliyev dedi ki, Azərbaycan İstiqlal Muzeyinə ilk gəlişidir. "Ölkəmizin zəngin tarixi ilə bağlı dolğun məlumatları əldə etdim. XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərindəki dövrü əhatə edən mədəniyyət, elm, neft sənayesinin inkişafı Bakı milyonçuları H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov və başqa tarixi şəxsiyyətlərə məxsus əşyaların burada yer alması marağımıza səbəb oldu".
1905-1911-ci illərdə Cənubi Azərbaycanda baş vermiş Milli Azadlıq hərəkatı və bu hərəkata rəhbərlik etmiş tarixi şəxsiyyətlərin mübarizələrlə zəngin həyat hekayələrini ekspozisiya zalının bələdçisinin dilindən öyrənən kursantlar daha dolğun məlumat almaq üçün ona əlavə suallar da verirdilər. Kursant Elxan Heydərovun da muzeyə ilk gəlişidir. 1988-ci ildə ermənilərin terror və separatçılıq əməlləri nəticəsində başlayan Qarabağ hadisələri ilə bağlı yaradılmış ekspozisiya zalında toplanmış eksponatlar onun daha çox diqqətini cəlb etdiyini bildirdi. "Burada yaxın tariximizlə bağlı zəngin materiallar, həmçinin ermənilərin Azərbaycanın tarixi ərazilərinin iyirmi faizinin işğalı, bir milyondan artıq soydaşımızın doğma ev-eşiyindən didərgin düşməsi, qarşılaşdıqları faciələr də geniş yer alıb. Muzeydə öyrəndiyimiz və dəqiqləşdirdiyimiz əsas o oldu ki, ölkəmizi yaşatmaq üçün xalqımız düşmənlərə qarşı nə cür mübarizələrdən keçib".
Kursantlar Mirsalam Ağayev, Nahid Süleymanov, Ülvi Səyidov və başqaları ekskursiyadan məmnun qaldıqlarını bildirdilər. Onlar 1993-cü il iyunun 15-də Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışını əks etdirən şəkillərlə tanış oldular. Burada Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə ordu quruculuğunda görülən işlərlə bağlı materiallar toplanıb. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyəti ilə, həmçinin İkinci Qarabağ müharibəsində 44 gün ərzində əldə etdiyi tarixi Zəfərlə bağlı dolğun məlumatlar da kursantların marağına səbəb oldu.
Kursantların asudə vaxtında Azərbaycan İstiqlal Muzeyinə gəzintisi onların xatirəsində yadda qalan bir gün oldu.
Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"