III yazı
Erməni qəsbkarlarının 1988-ci ildən Qarabağda başladıqları işğalçılıq fəaliyyətləri bir gün, bir an olsun belə səngimirdi. Azərbaycanlıları doğma ocaqlarından sıxışdırıb çıxarmaq üçün daşnak xislətli ermənilər bütün qanlı vasitə və üsullara əl atırdılar. Qarşılarına qoyduqları məqsəd və məramlarına çatmaq üçün demək olar ki, hər gün azərbaycanlılar yaşayan kənd və qəsəbələrə hücum edirdilər. İnsanları vəhşicəsinə öldürür, evləri yandırırdılar. Sanki ermənilər məqsədlərini ildırım sürəti ilə həyata keçirməyə çalışırdılar. Min təəssüflər olsun ki, azərbaycanlılar yaşayan kəndlərə olunan qəfil hücumlar və həmlələr qanlı sonluqla başa çatırdı. İllərdən, əsrlərdən bəri doğma ocaqlarında yaşayan azərbaycanlılar amansızcasına öldürülür, sağ qalanlar isə ev-eşiyindən qovulurdular. Qaçıb evindən çıxa bilməyənləri isə işgəncələrlə dolu erməni əsirliyi gözləyirdi.
Heç vaxt özlərinin olmayan torpaqları ələ keçirmək üçün ermənilər bir-bir azərbaycanlılar yaşayan şəhərləri, kənd və qəsəbələri işğal edib yandırırdılar. Daşnakların yaşayış məntəqələrini yandırmaqda məqsədləri bu yerlərdən azərbaycanlıların izlərini tamamilə silmək idi. Getdikcə hücumlarını gücləndirən erməni qəsbkarları 1991-ci ilin dekabrın sonlarında Xocalı rayonunun Meşəli kəndini işğal edib odlara qaladılar. 1992-ci ilin əvvəllərində isə Xankəndi şəhərindən, Kərkicahan qəsəbəsindən azərbaycanlıları silah gücünə qovdular. Ağrı-acılarla dolu olan tarixi faktlara nəzər yetirdikcə öyrənirik ki, 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağda azərbaycanlılar yaşayan 30-dan çox kənd yandırılıb, dağıdılıb və talan edilib. Yüzlərlə sakin amansızcasına öldürülüb. Minlərlə insan doğma ocaqlarından qovulub. Neçələrini isə ermənilər əsir aparıblar. Hadisələrin bu cür gedişi Qarabağda yaşayan azərbaycanlıları daha böyük fəlakətlər gözlədiyindən xəbər verirdi.
Ermənilər həmin illərdə Qarabağa gedən bütün yolları da nəzarətə götürmüşdülər. Buna görə də demək olar ki, bölgə erməni silahlılarının mühasirəsində qalmışdı. 1991-ci ildən mühasirədə qalmış kənd və qəsəbələrə gediş-gəliş yalnız və yalnız hava yolu ilə mümkün idi. Təəssüflər olsun ki, erməni quldurları Qarabağda yaşayan azərbaycanlılara humanitar yardım aparan helikopterləri də vururdular. Fakt üçün deyək ki, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 nömrəli, Mİ-8 helikopteri şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində ermənilərin Xankəndi istiqamətindən atdığı raketlə vurulmuşdu. Partlayışın nəticələri çox ağır olmuşdu. Helikopterin 3 nəfər heyət üzvü və 41 sərnişini faciəli şəkildə həlak olmuşdu. Bununla da Qarabağa gedən hava yolları da bağlanmışdı. Baş verən bu hadisələr ermənilərin yaxın gələcəkdə törədəcəkləri böyük soyqırımların ilk qığılcımları idi.
Azərbaycanlıların mühasirəyə düşdüyünü, köməksiz qaldığını görən ermənilər 1992-ci ilin əvvəllərindən başlayaraq onların yaşadıqları kəndlərə hücumlarını daha da gücləndirirdilər. Güclənən bu hücumlar Qarabağ müharibəsini daha da güclü alovlandırırdı. Alovlanan müharibə isə yüzlərlə insanın həyatına son qoyurdu. Vəziyyət günbəgün gərgin xarakter alırdı. Ermənistan ordusu bir-birinin ardınca Qarabağda azərbaycanlılar yaşayan kənd və qəsəbələri işğal edirdi. Zaman keçdikcə hadisələr daha da qanlı məcraya yuvarlanırdı.
Xalqımıza qənim kəsilmiş ermənilər soyuq qış günlərinin birində Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərini də işğal edib yandırdılar. Əhalisinə qarşı soyqırımı həyata keçirtdilər, sağ qalanları əsir götürdülər. Həmin günlər xalqımızın tarixinə qanla yazıldı. Qanla yazılmış bu tarixi oxuyanda baş vermiş hadisələrdən sarsılırıq. Bizi sarsıdan bu qanlı hadisələr bir daha erməni vəhşiliyinin iç üzünü açıq-aydın göstərir.
Malıbəyli və Quşçular faciələri
Azərbaycanın əbədi-əzəli ərazisi olan Qarabağın böyük yaşayış məskənlərindən olan Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri Şuşa rayonunda, Qarabağ silsiləsinin dağətəyi ərazisində yerləşir. Erməni silahlı dəstələri Xocalını işğal etmək üçün, ilk növbədə, Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərini ələ keçirməyə çalışırdılar. Bu çirkin və qanlı niyyətlərini həyata keçirmək üçün işğalçılar 10 fevral 1992-ci ildə çoxlu sayda silahlı dəstələrlə 3 müxtəlif istiqamətdən Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri üzərinə hücuma keçdilər. Bu kəndlərdə yaşayan 3 mindən çox əhali düşmən əlinə keçməmək üçün meşələrlə, dağlarla ya Xocalıya, ya da Ağdama qaça bilərdilər. Xilas üçün başqa yol yox idi. Təəssüflər olsun ki, həmin gərgin günlərdə 3 mindən çox sakini cəmi 60 nəfər əli silahlı müdafiə edirdi. Döyüşmək istəyən çox olsa da, silah tapılmırdı. Demək olar ki, kəndlər müdafiəsiz qalmışdı. Təpədən-dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri qarşısında 60 nəfər necə dayana bilərdi ki? Təbiidir ki, bu mümkün olan bir iş deyildi. Vuruşan qüvvələrin silahı az olsa da, sakinləri müdafiə edə bilməsələr də, heç olmasa onları kəndlərdən sağ-salamat çıxarmağa çalışırdılar. Ancaq düşmən çox amansız və qəddar idi. Dinc camaatın da evlərindən sağ çıxıb Xocalıya, Ağdama getməyinə imkan vermirdi. Ermənilər bu kəndlərdən çıxıb Xocalı istiqamətinə qaçmaq istəyən sakinləri öldürmək və girov götürmək üçün əvvəlcədən hərtərəfli hazırlıq işləri görmüşdülər. Ağbulaq və Pircamal kəndləri yaxınlığındakı dağların zirvələrində mövqe tutaraq əhalinin qaça biləcəyi ehtimal olunan yolları ciddi nəzarətə götürmüşdülər. Azərbaycanlıları öldümək üçün burada pusqu qurmuşdular. Təəssüflər olsun ki, ermənilər həmin günlər kənd camaatına qarşı soyqırımı planlarını həyata keçirtdilər. Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərinin sakinləri ələ keçməmək üçün pusqu qurulan ərazidən keçib Ağdama, Xocalıya qaçmaq istəyərkən ermənilər bu silahsız, dinc insanlara hücum etdilər. Hücum zamanı 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirildi, 100-dən çox sakin ağır yaralandı və ermənilər tərəfindən əsir götürüldü. Demək olar ki, bir-iki günün içində bu kəndlər erməni işğalçılarının əlinə keçdi. Qarabağın bu gözəl guşəsi işğal olundu, əhalisi doğma ocaqlarından didərgin salındı.
1992-ci il fevralın 11-12-də Şuşanın Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri erməni silahlı dəstələri tərəfindən tamamilə zəbt olundu. Bu qanlı işğal keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının zabit və əsgərlərinin iştirakı ilə həyata keçirildi. O zaman təcavüzkar erməni silahlı dəstələrinin tərkibində döyüşən Suriya, Livan, ABŞ və Fransadan gətirilmiş muzdlular da bu qanlı işğalda iştirak edirdilər. Qarabağın bu gözəl guşəsində azərbaycanlılara qarşı vəhşiliklər törədirdilər. Faktlardan göründüyü kimi ermənilər Qarabağın kəndlərini işğal etməyə çox ciddi hazırlaşmışdılar. Əməliyyatlara xeyli qüvvə cəlb etmişdilər. Xankəndinin yaxınlığında yerləşən və düşmənə sipər olan bu kəndlərin sakinləri 1988-1992-ci illərdə erməni təcavüzünə qarşı mərdliklə mübarizə aparsalar da, bu yolda şəhid olsalar da, torpaqlarını erməni işğalçılarından sonadək müdafiə edə bilmədilər. Çünki düşmən çox güclü və arxalı idi. Ermənistanın törətdiyi bu qətliam - Malıbəyli, Aşağı və Yuxarı Quşçular faciəsi Xocalı soyqırımına gedən yolun başlanğıcı oldu.
Sakinlərinin hamısı azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. İşğal ərəfəsində kəndlərdə xeyli əhali yaşayırdı. Yerli sakinlərdən başqa 1988-ci ildə Ermənistandan zorla qovulmuş 1500-ə yaxın qaçqın da bu yaşayış məntəqələrində yerləşdirilmişdi. Qarabağ müharibəsi başlayan ilk günlərdən başqa yaşayış məntəqələri kimi, bu kəndlər də erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabrından Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri işğalçılar tərəfindən tamamilə mühasirəyə alınmışdı.
İşğaldan bir həftə əvvəl 1992-ci il fevralın 5-də kəndlərin üstündən uçan erməni helikopteri camaata yaşayış yerlərini tərk etmək üçün iki gün vaxt verildiyini bildirən vərəqələr atmışdı. Sakinlər bu vərəqələri oxusalar da, evlərini tərk etmək istəmirdilər. İstəmirdilər ki, onların doğma ocaqları düşmən əlinə keçsin. Nə qədər dirəniş göstərsələr də, edilən son güclü hücum və həmlələr kəndlərin yaxın zamanlarda ermənilər tərəfindən işğal olunacağından xəbər verirdi. Camaat müqavimət göstərsə də, düşmən məqsədindən əl çəkmirdi. İşğalçılıq məqsədi daşıyan hücumlar səngimirdi.
Yenicə yaranmış Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi üçün həyata keçirdiyi əks-hücumlara cavab olaraq ermənilər də Malıbəyli və Quşçular kəndlərinə hücum edirdilər. Bu yaşayış məntəqələrini işğal etməyə çalışırdılar.
1992-ci il fevralın 10-da ermənilərin güclü hücumu nəticəsində Malıbəyli və Quşçular kəndləri tamamilə işğal olundu. Sakinlər doğma ocaqlarından qaçqın düşdülər. Kəndləri ələ keçirən ermənilər evləri yandırdı, sakinləri gülləboran etdilər. Qüvvələri az olsa da, kəndlərin sakinləri yurdlarını qorumaq üçün düşmənlə vuruşdular. Amma gücləri və təminatları zəif olduğuna görə Ermənistan silahlı qüvvələri qarşısında sonadək dayana bilmədilər.
...Şükürlər olsun ki, gec də olsa işğala son qoyuldu. 19-20 sentyabr 2023-cü ildə ordumuzun Qarabağ separatçılarına qarşı həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Qarabağın başqa yaşayış məntəqələri kimi, Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri də erməni işğalçılarından azad olundu. Uzun illərdən sonra haqq-ədalət öz yerini tapdı. Çox keçməyəcək ki, illərcə əvvəl doğma ocaqlarından qovulmuş insanların səsi yenə də Malıbəylidən, Aşağı və Yuxarı Quşçular kəndlərindən eşidiləcək. Bu yaşayış məntəqələrində həyat əvvəlki axarına düşəcək.
Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"