Müsahibimiz Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevdir.
- Cənab general, son üç il Azərbaycanda ordu quruculuğu sahəsində konkret yeniliklər dövrü oldu. Bu yeniliklər İkinci Qarabağ müharibəsində, mahiyyəti etibarilə Vətən müharibəsində qazanılan tarixi Zəfərlə bağlıdır.
- 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri ərazilərimizə qəfil hücum edəndə Azərbaycan Ordusu düşmənin hücumunun qarşısını yenə qətiyyətlə aldı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə ordumuz əks-hücuma keçdi. Qısa müddətdə düşmənin işğal dövründə yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini dağıtdı, döyüşlərdə ilk mövqe qələbələri qazandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində xalqa müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik". Bu kəlam Azərbaycan Ordusunun döyüş əzmini də yüksəltdi, qələbə ruhunu da. Ordu hissələrimiz döyüşə-döyüşə Böyük Qələbəyə yaxınlaşırdı. Obrazlı şəkildə desək, hər qələbə sonrakı döyüşlərin başlanğıcı olurdu.
- Vətən müharibəsi xalqın müharibəsi idi. Xalq ruhən ordunun yanındaydı. Ali Baş Komandanın sərkərdəlik məharəti qələbəni şərtləndirən bütün amilləri yüksək vətənpərvərlik ətrafında sıx birləşdirmişdi. Bu da ordunun yüksək döyüş hazırlığı ilə birlikdə tarixi Zəfərin qazanılmasında əhəmiyyətli oldu. Rusiya mətbuatında dərc edilən bir məqalə Şuşanın timsalında ümumən müharibədə Azərbaycan əsgərinin döyüş fəlsəfəsinin göstəricisi hesab edilə bilər: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar".
- Bu gərəkli heyrəti təkcə döyüş hazırlığı ilə məhdudlaşdırmaq mümkün deyil.
- Əlbəttə, elədir. Döyüş hazırlığı vətənpərvərliklə birləşəndə daha böyük gücə çevrilir. Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş əzmi də, qələbə ruhu da vətənpərvərlik duyğularının qüdrəti ilə qoşalaşdığına görə döyüşlərdə əlavə gücə, əlavə qüdrətə dönmüşdü.
- Və tarixi Zəfər qazanıldı.
- Azərbaycan Ordusu noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat Azərbaycan Ordusunun qalibiyyət sənədi idi. Tarixi Zəfər Azərbaycan Ordusunun gücünün, möhtəşəm sərkərdəliyin, yüksək vətənpərvərliyin Zəfəri oldu. Tarixi Zəfər ordu quruculuğunda da mahiyyətli yeniliklər yaratdı. Belə yenliklər hərb elminin təhsil prosesinə daha intensiv, daha səmərəli tətbiqinə də şamil edilməyə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Milli Müdafiə Universiteti yaradıldı.
Yeni təhsil sistemi hərbi təhsildə yeni tədris metodlarının tətbiqi üçün optimal imkanlar yaradıb, Azərbaycanda hərbi təhsili yeni mərhələyə keçirib. Bu mərhələ hərbçi kadrları hazırlığı prosesində müəyyən mütərəqqi yeniliklər deməkdir.
- Mümkünsə, bu yenilikləri də xatırladın.
- Azərbaycanda zabit kadrları hazırlanması prosesi iki istiqamətdə aparılır. Təbii ki, hər ikisinin də yönləndiricisi, təminatçısı vətənpərvərlikdir. Zabit kadrları həm Heydər Əliyev adına Hərbi İnstitutda, həm də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu”nda hazırlanır: Bu, nə dərəcədə səmərəlidir? - mülki ali təhsil almış kadrlar müəyyən biliyə, biliklər sisteminə malik olduğundan bu biliklərin bazasında hərbi biliklər, hərbi təcrübi vərdişlər aşılamaq pedaqoji baxımdan da səmərəlidir.
Orduda hərbi vəzifələri müxtəlif hərbi rütbəli hərbi qulluqçular yerinə yetirirlər - zabitlərdən əlavə gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular. Hər iki kateqoriyadan olan hərbi qulluqçular da hərbi xidmətə müəyyənləşdirilmiş hazırlıqdan sonra başlayırlar. Yeni hərbi təhsil sistemində gizirlərin hazırlanması üzrə yeni tələblər müəyyənləşdirilib. Bu ildən etibarən gizir hazırlığı kurslarının müddəti 2 il olacaq. Təhlillər təsdiqləyir ki, bu müddət istər hərbi biliklərin, təcrübi vərdişlərin öyrədilməsi, aşılanması baxımından, istərsə də orta təhsil almış gəncin hərbçi kimi formalaşması baxımından hərbçi kadr kimi hazırlığında ən optimal müddətdir. Gizir hazırlığı kursuna tam orta təhsilli gənclər qəbul olunur. Bu kurs artıq fəaliyyətə başlayıb.
İstər zabit hazırlığı, istərsə də gizir hazırlığı, bu kurslarda təhsil almaq istəyənlərin, daha dəqiq desək, gələcəkdə zabit, gizir olmaq istəyənlərin vətənpərvərliyi ilə şərtlənir.
- Yəni, bu kurslar həm də vətənpərvərliklə şərtlənir.
- Bəli, bu kurslar istəyin, peşə seçiminin bazasında fəaliyyətə başlayır - bu kurslara hərbçi olmaq istəyənlər gəlir, onların arasından dəyanətlilər, və biliklilər seçilirlər. Bunu kadr hazırlığının "qızıl qaydası" da adlandırmaq olar.
- Milli Müdafiə Universitetinin, bu sıradan Hərbi Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti cəmiyyətdə hərbi vətənpərvərlik duyğularının yüksəldilməsinin, genişləndirilməsinin, elmi əsaslarla formalaşdırılmasının cəfakeşidir.
- Bəli. Hərbi Elmi-Tədqiqat İnstitutunun tədqiqatları həm də Vətən müharibəsinin döyüşlərini, döyüşlərin taktiki-strateji xüsusiyyətlərini, qələbəni şərtləndirən amillərin ümumiləşdirilməsini əhatələyir. Vətənpərvərlik də belə şərtlərdən biri, bəlkə də ən vaciblərindən biridir. İnstitutun Elmi Şurasının qərarı ilə bu sahə tədqiqat vahidi, tədqiqat obyekti kimi ayrıca öyrənilir, öyrənilənlər elmi baxımdan ümumiləşdirilir. Yüksək vətənpərvərlik duyğusuna malik olmayan döyüşçünün özü də, daxil olduğu hərbi qurum da məğlubiyyətə məhkumdur. Azərbaycan Ordusu Vətən müharibəsində döyüşləriylə təsdiqlədi ki, ordunun ən güclü silahlarından biri də yüksək, dönməz, sədaqətli vətənpərvərlikdir.
- Cəmiyyətdə də, cəmiyyətin bir hissəsi olan orduda da vətənpərvərlik, bu baxımdan hərbi vətənpərvərlik tədbirləri ali, müqəddəs bir duyğunun daha yüksək səviyyədə formalaşmasına yönəldilir.
- Müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun əmri ilə bu və ya digər universitetin tələbələri, orta məktəblərin şagirdləri ilə görüşlər keçirilir. Bu görüşlər Azərbaycanda hərbi təhsillə bağlı əhatəli bilgilər vermə, tələbələrin də, şagirdlərin də vətənpərvərlik ruhunu daha da yüksəltmə missiyasıdır, mahiyyət baxımından ordu-cəmiyyət münasibətlərini əhatələyir. Belə tədbirlər səmimiliyinə görə orduya ümumxalq sevgisinin tərkib hissəsinə dönür, düşüncələrə daha həssaslıqla hopur...
Hərbi təhsildə yaradılan yeniliklər zabit kadrları hazırlığı prosesində yeni fənlərin, klassik fənlər üzrə hərbi biliklərin tədrisə cəlb olunmasına, kursantlara aşılanmasına, yeni texnikaların, uçuş aparatlarının istismar və idarəetmə xüsusiyyətlərinin mənimsənilməsinə imkan yaradıb; Azərbaycanda yeni təhsil strukturu zabit kadrları hazırlığı prosesinin daha dönməz təminatçısı olub. Bunlarla bir sırada kursantların, eləcə də kursların dinləyicilərinin Vətənə sevgisini mətinləşdirmək istiqamətində gərəkli pedaqoji üsul və metodlardan istifadə də müəyyənləşdirilib, ilk uğurlar var.
Qeyd etdiyim kimi, mahiyyəti baxımından Vətən müharibəsi olan İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanda ordu quruculuğunda yeni mərhələ yaratdı. Bu mərhələ ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsinin yüksəlişini də təmin etdi, ictimaiyyətin orduya münasibətində sıx ehtiramı da formalaşdırdı.
- Vətən müharibəsinin döyüşləri gərəkli vətənpərvərlik dərsliyidir.
- Bu döyüşlərin tarixi Zəfərlə tamamlanması da, müddəti də, Azərbaycan hərbçilərinin döyüş hazırlığı da, döyüş əzmi də, qələbə ruhu da dünyanın əksər dövlətlərini heyrətləndirdi, dünyanın aparıcı dövlətlərin orduları bu döyüşlərin öyrənilməsi zərurətini etiraf etdi. İndi xarici hərbi ekspertlər Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığını şərtləndirən amilləri də öyrənir, vətənpərvərliyini də. Biz bu vətənpərvərliyin elmi əsaslarla formalaşmasının üsul və metodlarını tədqiqata cəlb etmişik.
Azərbaycan Texniki Universitetində tələbələrdən biri maraqlı məqama toxundu: Hərbi xidmətdə hərbi ali təhsil alan zabitlə mülki ali təhsil aldıqdan sonra "Ehtiyat zabit hazırlığı kursu" keçmiş zabitin vəzifələrə təyin olunmasında fərq olurmu? Bu sualı orduya mövcud münasibətin ehtirama, istəyə, sevgiyə çevrilməsinin başlanğıcı bildik. Bu başlanğıc gərəkli vətənpərvərlikdir, ona gələcəkdə ali təhsilli mütəxəssisin zabit heyətinə daxil olma istəyinə zəmanət də deyə bilərik.
Milli Müdafiə Universitetinin yaradılması və fəaliyyətə başlaması Azərbaycanda hərbi təhsil sistemində həm forma, həm də məzmun baxımından (forma və məzmunun vəhdəti kimi) fəlsəfi - dialektik inkişafın bir mərhələsi, müasir hərbi təhsilin başlanğıcı oldu. Təhsildə yeniləşmə, müasirləşmə tədrisin forması və müddəti ilə məhdudlaşmır, elm və texnikanın inkişafının tədris prosesinə tətbiqi - yeni fənlərin, yeni mövzuların tədrisi gerçəkləşir. İkinci Qarabağ müharibəsində ordumuz PUA-lardan da istifadə etdi. Vətən müharibəsinin döyüşləri həm bütövlükdə, həm də səviyyələr baxımından öyrənilir, ümumiləşdirilir ki, bu da tədris prosesində elmi tezislər formatında kursantlara da çatdırılır. PUA-ların istismar xüsusiyyətlərinin öyrədilməsi bilavasitə ordunun güc amilinə yönəldilən pedaqoji-tədris fəaliyyətidir: Azərbaycanda hərbi təhsil həm də ordumuzun zaman anlamında sabahlarının zəmanətidir.
- Müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun əmri ilə keçirdiyiniz görüşlərdə bu və ya digər universitetin tələbələrinin, orta məktəbin şagirdlərinin fəallığı necədir, təbii ki, belə tədbirlərdə fəallıq vətənpərvərliyin təzahürü olur.
- Universitetlərdə də, orta məktəblərdə də tələbələrlə keçirilən görüşlərdə bunlar haqqında da danışırıq. Texniki Universitetdə tələbələrdən biri Azərbaycanda istehsal olunan silahlarla maraqlandı. Tələbənin vətənpərvərliyi bizə də, universitetin müəllimlərinə də könül xoşluğu verdi. Onun sualını hərbi sirrin mühafizəsi səviyyəsində cavabladıq. Belə suallar təkcə maraqdan yaranmır, həm də ordu quruculuğuna hərbi xidmətə ehtiramı ifadə edir...
Belə görüşlər Azərbaycan Pedaqoji Universitetində, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində də keçirilib.
Dövlət İdarəçilik Akademiyasında tələbələrdən biri soruşdu ki, bu ali təhsil müəssisəsinin məzunlarının orduda öz ixtisası üzrə xidməti mümkün olurmu? Ordu cəmiyyətin bir hissəsidir, struktur etibarı ilə cəmiyyətdən az fərqlənir. Bu gerçəkliyi xatırlamaqla tələbə özünün sualının cavabını özü bildirdi və əlavə olaraq qeyd etdi ki, sosial müstəvidə orduda təmsil olunmaq daha qürurludur. Verilən sualın belə cavablandırılması hamımıza xoş təsir bağışladı, sual həm də informasiya vermişdi. Başqa bir tələbə bu səmimi mükalimələşməni "Ordu bütün vətəndaşlar üçün qürur ünvanıdır", - fikri ilə ümumiləşdirdi. Universitetlərdə keçirilən görüşlər bu səviyyədə gözəl ümumiləşməni yaratmağa qadir görüşlər kimi tarixləşir. Eyni fikirləri orta məktəblərdə keçirilmiş görüşlərə də şamil etmək olar.
Belə görüşlər hərbi təhsilə, hərbi təhsilin timsalında ordu quruculuğuna, ordu quruculuğunun timsalında dövlətçiliyə sədaqətin ifadəsidir - ordu quruculuğunun tərkib hissələrindən biri olan hərbi təhsilə ehtiram vətənpərvərlik duyğularının yüksəlməsi deməkdir.
Tələbələrə, orta məktəblərin şagirdlərinə görüşləri təbliğat deyil, tələbələrə, şagirdlərə - zaman anlamında sabahların kadrlarına ordu haqqında daha əhatəli informativ biliklər çatdırmaq, bu biliklərin bazasında onların malik olduğu vətənpərvərlik duyğularını genişləndirməkdir. Belə görüşlərin mahiyyəti vətənpərvərlik duyğularını auditoriyada nəfəs-nəfəsə yaşamaqdır. Universitetlərdə, orta məktəblərdə keçirilən görüşlərdə eynilik olmur, mahiyyət eyniliyi olur. Məqsəd də bu mahiyyətin daha səmimi, daha əhatəli dərkidir...
- Yəni, hərbi qulluqçunun gücünü vətənpərvərliyi müəyyənləşdirir.
- Bəli, elədir. Ən güclü hərbi qulluqçu ən yüksək vətənpərvərliyə malik olandır.
- Yerinə yetirdiyiniz missiya Azərbaycan Ordusunun daha da güclənməsində, Azərbaycan cəmiyyətinin mənəvi yüksəlişində əhəmiyyətli olacaq. Müsahibəyə görə sağ olun. Sizə və rəhbərlik etdiyiniz universitetin kollektivinə uğurlar arzulayırıq.
- Sağ olun.
Müsahibəni apardı: Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"