II yazı
Erməni qəsbkarları 1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndini odlara qaladıqdan, sakinlərini öldürdükdən, sağ qalanlarını doğma ocaqlarından didərgin saldıqdan sonra hədlərini daha da aşdılar. Meşəlidə evləri taladılar, camaatın mal-qarasını apardılar, var-dövlətlərinə sahib çıxdılar. 1988-ci ilin qışından Qarabağda yaşayan azərbaycanlılara qarşı düşmənçilik siyasəti yürüdən ermənilər 1991-ci ilin sonlarından daha da fəallaşmağa başladılar. Xarici havadarlarından aldıqları silahların və pulların hesabına hücumlarını daha da genişləndirdilər. Bundan sonra azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücumlar kütləvi xarakter aldı. Bütün bunlar isə Qarabağda yaşayan azərbaycanlılar üçün acı nəticələrə gətirib çıxarırdı. Yeni kəndlər, şəhərlər yandırılırdı, insanlar öldürülürdü.
Xankəndinin işğalı
Ermənilər Qarabağın ən böyük şəhəri olan Xankəndidən də azərbaycanlıları qovurdular. Onları ata-baba yurdunda yaşamağa qoymur, zorla çıxarırdılar. Xankəndi Qarabağın mərkəzində yerləşən şəhərdir. Ermənilər bir vaxtlar bu gözəl şəhərə uydurma adlar qoymuşdular. Əslində isə, XVIII əsrin sonlarında bu gözəl yerlərdə Qarabağ xanlığının xüsusi iqamətgahı olduğu üçün Xankəndi adlandırılmışdı. 28 aprel 1920-ci ildəki bolşevik işğalına qədər şəhər elə bu cür də adlanırdı. Bolşeviklərin işğalından sonra - Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 10 avqust 1923-cü il tarixli fərmanı ilə Xankəndinin adı xalqımızın qatı düşməni olan Stepan Şaumyanın adına uyğunlaşdırılaraq Stepanakert qoyulmuşdu. Bundan sonra Xankəndi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı olmuşdu və bölgədəki ermənilər üçün əsas şəhər rolunu oynamışdı.
Qanlı hadisələr başlayan gündən ermənilər Xankəndidə yaşayan azərbaycanlıları sıxışdırıb evlərindən qovub çıxarırdılar. Meşəli faciəsindən beş gün sonra - 28 dekabr 1991-ci ildə Xankəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu və orada separatçı rejim yaradılmağa başlandı. Məhz həmin tarixdə ermənilər Xankəndidən sonuncu azərbaycanlı ailələri qovub çıxartdılar. Beləliklə, erməni işğalçılarının 1989-cu ildən şəhərdə soydaşlarımıza qarşı apardıqları etnik təmizləmə hücumları qanlı sonluqla başa çatdı. Təəssüflər olsun ki, heç bir ciddi müqavimətlə qarşılaşmayan düşmən çirkin niyyətini həyata keçirtdi. Verilən məlumatlara görə, 1988-ci il hadisələri başlayanda Xankəndidə 17 minə yaxın azərbaycanlı yaşayıb. Ermənilər 1989-cu ildən başlayaraq 28 dekabr 1991-ci ilə qədər onların hamısını doğma ocaqlarından çıxartdılar. İşğal nəticəsində 34 nəfər şəhid oldu, 150 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı. Şəhid olanlardan 3-ü qadın, 2-si azyaşlı uşaq idi.
Kərkicahan qəsəbəsinin işğalı
Kərkicahan qəsəbəsi Qarabağın ən gözəl yaşayış məntəqələrindən biri idi. Təəssüflər olsun ki, 1960-cı illərdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxararaq Xankəndi şəhərinə birləşdirmişdi. Tarixi mənbələrdə Kərkican və ya Kirkican kimi qeydə alınmışdır. Əsli Kərkican olan bu etnotoponim kərki tayfası adından və yer, məkan bildirən - can topoformantından ibarət olub, "kərki tayfasının məskəni" mənasını ifadə edir.
Bakı-Xankəndi dəmiryol stansiyası Kərkicahanın cənub-şərq hissəsindən keçirdi. Həmçinin Qarqar çayı Kərkicahandan keçdiyi üçün burada su nəqliyyatından da istifadə etmək mümkün idi. Bakı-Xankəndi-İrəvan magistral yolu, Xankəndi-Kəlbəcər magistralı, Bəhlul-Kosalar şosesi, Xankəndi-Kərkicahan şosesi buradan keçirdi. Qəsəbədə tarixi əhəmiyyətə malik olan qədim küçələr də vardır: Pir yolu, Aşağı və Yuxarı küçə, Kərki küçəsi və s. Kərkicahanın iqlimi mülayim-istidir. Buna görə də qəsəbədə pambıq, fındıq, kök, əzgil, taxıl, göyərti bitki və meyvə əkini geniş yayılmışdı. Ölkəmizdəki ən böyük sovxozlardan biri məhz Kərkicahanda idi. Kərkicahan Xankəndinin cənub-qərbində yerləşir. Qəsəbəni 4 böyük meşə əhatə edir. Ermənilər tezliklə belə bir gözəl qəsəbəni ələ keçirməyə, sərvətini talamağa çalışırdılar.
1989-cu ildə keçirilən sonuncu siyahıya almaya görə Kərkicahanda 2 min əhali yaşayırdı. Onların demək olar ki, hamısı azərbaycanlılar idi. Çox böyük strateji önəm kəsb edən qəsəbədən Xankəndi ilə yanaşı, Şuşa şəhərinə, Malıbəyli, Quşçular, Qeybalı, Ərminavan və Kosalar kəndlərinə gedən yollara da nəzarət etmək mümkün idi. Qarabağ hadisələri başlayanda sakinləri erməni hücumlarından qorumaq üçün qəsəbədə Azərbaycan Ordusunun qüvvələri və 200 nəfərdən ibarət polis dəstəsi yerləşdirilmişdi.
1991-ci ilin sonlarında Kərkicahan-Xankəndi istiqamətindən erməni silahlı dəstələrinin getdikcə artan hücumları xeyli güclənmişdi. Xankəndi şəhəri ətrafında Şuşadan sonra azərbaycanlıların kompakt məskunlaşdığı ən böyük yaşayış məntəqəsi olan Kərkicahan düşmən üçün böyük problemə çevrilmişdi. Ermənilər nəyin bahasına olursa olsun, qəsəbəni işğal etməyə can atırdılar. 1991-ci ilin noyabr-dekabr aylarında Kərkicahan istiqamətində hər gün şiddətli atışmalar, qanlı döyüşlər baş verirdi. İşğalçıların hücumları ara vermək bilmirdi. 1991-ci il dekabrın 3-də ermənilərin 260 nəfərdən ibarət qrupu Kərkicahana hücum edərək burada mövqe tutmağa cəhd göstərdi. Polislər və hərbi qüvvələr qəsəbənin müdafiəsinə atıldılar. Düşmən güclü müqavimətlə qarşılaşdı. Şiddətli döyüşdən sonra itki verən ermənilər geri çəkilməyə məcbur oldular. Döyüşçülər əməliyyatlar zamanı onu da öyrənmişdilər ki, yağıların Kərkicahana olan hücumlarının ümumi koordinatoru sovet ordusunun general-mayoru Arkadi Ter-Tadevosyandır. Bundan əlavə, qəsəbənin erməni sakinlərindən ibarət olan Benik Akopyanın başçılıq etdiyi dəstə də hücum əməliyyatlarında iştirak edirdi. Döyüşü kimin idarə etdiyindən, kimin vuruşmasından asılı olmayaraq, Azərbaycan əsgəri qəsəbəyə hücum edən düşməni məğlub edib geri qovurdu. Kərkicahan möhkəm müdafiə olunduğuna görə ermənilər heç bir uğur qazana bilmirdilər.
Amma 1991-ci ilin dekabrın üçüncü ongünlüyündə vəziyyət ermənilərin xeyrinə dəyişdi. Döyüşlərə əlavə qüvvələr cəlb edən işğalçılar daha da gücləndilər. Güclənən kimi də dekabrın 27-də səhər saatlarında general Ter-Tadevosyanın başçılıq etdiyi 250 nəfərlik qüvvə ilə Kərkicahanın bir məhəlləsini ələ keçirərək hücum əməliyyatını xeyli genişləndirdilər. Qəsəbə müdafiəçilərinin 2 günlük inadlı müqavimətindən sonra dekabrın 29-da separatçılar geri çəkilməyə məcbur oldular. Döyüşlərdə ermənilər itki versələr də, işğalçılıq niyyətlərindən əl çəkmirdilər. Yenə də hücuma keçməyə cəhd edirdilər.
Təəssüf ki, həmin döyüşdə ermənilər 8 azərbaycanlı əsgəri əsir götürdülər. Və onlar ağır işgəncələrlə öldürüldülər. Dekabrın 28-də Kərkicahanda Azərbaycan tərəfdən çəkiliş aparan rusiyalı jurnalist Leonid Lazareviç ermənilərin açdığı atəş nəticəsində həlak oldu. Bütün bunlara baxmayaraq, qəsəbəni qoruyan qüvvələr separatçılara qarşı müqavimət göstərməkdə davam edirdilər. Erməni separatçıları hər dəfə böyük itkilər verdikləri Kərkicahan istiqamətində dekabr uğursuzluğundan sonra atəşkəsi tez-tez pozurdular. 1992-ci ilin yanvarında qəsəbədə hələ də 150 nəfər azərbaycanlı döyüşçü və azsaylı dinc sakin qalmışdı. Hərbi dəstəyin gəlmədiyinə görə Kərkicahanın düşmən tərəfindən işğalı qaçılmaz idi. Çünki getdikcə canlı qüvvə ilə yanaşı, silah-sursat da tükənirdi. 1992-ci il yanvarın 2-də sonradan Qarabağ qoşunlarının komandanı olacaq 27 yaşlı Samvel Babayanın başçılıq etdiyi işğalçı qüvvələr Xankəndi istiqamətindən Kərkicahana hücum etdilər.
Düşmən bu dəfə biclik işlətdi, taktiki dəyişiklik edərək birbaşa yaşayış məntəqəsinə deyil, qəsəbəni Azərbaycan kəndləri ilə birləşdirən Kərkicahan-Qeybalı və Kərkicahan-Kosalar yolunu ələ keçirdilər. Kərkicahan müdafiəçiləri yaranmış ağır vəziyyətdən çıxmaq üçün mühasirəni yararaq Qeybalı kəndinə tərəf geri çəkildilər. Beləcə, uzun illər, əsrlər boyu iki min azərbaycanlının yaşadığı Kərkicahan qəsəbəsi düşmən əlinə keçdi. Qarabağdakı önəmli dayaq məntəqələrindən biri itirildi. Rəsmi məlumatlara görə, təkcə qəsəbə uğrunda noyabr-dekabr aylarında gedən döyüşlərdə 34 nəfər həlak olub, 150 nəfər isə yaralanıb. Bu faktlar döyüşlərin necə gərgin keçdiyindən xəbər verir.
Ümumiyyətlə isə, Kərkicahan uğrunda gedən döyüşlərdə 150-dən çox azərbaycanlı, 40 qadın və 110 kişi şəhid olub. Həmin vaxt kəndin müdafiəsi yerli əhali, polis və yenicə yaranmış Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunmuşdu. Lakin bu müdafiə qüvvələri Xankəndi istiqamətindən ağır hərbi texnika və iriçaplı silahlarla qəsəbəyə hücuma keçən erməni separatçılarının qarşısını ala bilmədilər. Çünki qüvvələr qeyri-bərabər idi. Qəsəbədə vuruşan qüvvələr Kərkicahanın mühasirəyə alındığını, bundan sonra əsir götürüləcəklərini görüb son anda geri çəkildilər. Bununla belə, zəif silahlanmış Azərbaycan əsgərləri bir müddət erməni silahlılarının hücumlarının qarşısını aldılar və bunun hesabına dinc əhali Kərkicahan qəsəbəsindən sağ çıxa bildi.
19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində həm Xankəndi şəhəri, həm Kərkicahan qəsəbəsi, həm də başqa yaşayış məntəqələrimiz erməni işğalçılarından azad edildi. Yaxın günlərdə doğma ocaqlarını tərk etmiş azərbaycanlılar böyük sevinc içində el-obalarına qayıdacaqlar.
Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"