Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2023 10:02

“Vüsalın yoxluğunu hər addımda hiss edirəm”

Baş leytenant Babayev Vüsal Sübbun oğlu Vətəninə, yurduna ürəkdən bağlı bir zabit idi. O, 44 günlük Vətən müharibəsinin ilk günlərindən artilleriyaçı kimi döyüşlərdə iştirak edirdi. Təəssüflər olsun ki, Vüsal Babayev Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid oldu. Yaxınlarının iştirakı ilə İkinci Şəhidlər xiyabanında dəfn edildi. Qəhrəmanın ölümündən 3 il keçir. Bu münasibətlə İkinci Şəhidlər xiyabanında anım mərasimi keçirildi. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Yaxınları, doğmaları şəhidin məzarı üstünə əklillər qoydular, gül-çiçəklər düzdülər. Din xadimləri ruhuna dualar oxudular.
Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək dövlətin şəhid ailələrinə göstərdiyi qayğıdan ətraflı danışdı. Dedi ki, torpaqlarımızın işğaldan azad olunduğuna görə biz Vüsal kimi oğullarımıza borcluyuq. Çünki onların igidliyi sayəsində düşmən məğlub oldu. 30 ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına uyğun olaraq dövlət tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına böyük diqqət və qayğı göstərilir. Biz Vüsal kimi cəsur oğulları unutmayacaq, onların xatirələrini həmişə hörmətlə yad edəcəyik.
Şəhidin həyat yoldaşı Aynur Babayeva çıxış edərək Vüsalın ömür və döyüş yollarından, həmçinin qəhrəmanlığından ətraflı söz açdı. Onun xatirəsini əziz tutduqlarına görə Azərbaycan Republikasının Prezidentinə, Birinci-vitse Prezidentə, Müdafiə Nazirliyinin rəhbərliyinə və mərasim iştirakçılarına minnətdarlığını bildirdi.
Anım günü ərəfəsində baş leytenant Vüsal Babayevin ömür və döyüş yolundan qısaca söz açmaq, bu cəsur zabiti oxucularımıza yaxından tanıtmaq istəyirik.
* * *
8 yanvar 1992-ci ildə Xəzərin sahilindəki Pirallahı qəsəbəsində yaşayan Sübbun kişinin ailəsində oğlan uşağı dünyaya göz açdı. Körpə gəlişi ilə soyuq qış günündə evə istilik, ailəyə xoş ovqat gətirdi. Vüsallarına çatdıqlarına görə valideynlər körpəyə Vüsal adı qoydular.
Ötüb keçən illər Vüsalı da böyüdürdü. 1999-cu ildə - yeddi yaşına çatan Vüsal valideynlərinin əlindən tutub sevinə-sevinə qəsəbədəki 186 nömrəli məktəbin birinci sinfinə getdi.
Kiçik yaşlarından hərbçi olmağı arzulayan Vüsal 2010-cu ildə orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul oldu.
Orta məktəbdə olduğu kimi, Vüsal hərbi təhsil ocağında da dərslərinə məsuliyyətlə yanaşırdı. Yerüstü artilleriya ixtisasının sirlərinə dərindən yiyələnirdi. Gələcəyin zabiti təkcə nəzəri dərslərdə deyil, əməli məşğələlərdə də fəal iştirak edirdi. 2014-cü ildə ali hərbi təhsilini uğurla başa vurub "leytenant" rütbəsi alan Vüsal bir il Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabitin ixtisasartırma kursunu keçdi. 2015-ci ildə taqım komandiri kimi "N" hərbi hissəsində xidmətə başladı.
2015-ci il iyulun 24-də Aynur xanımla ailə həyatı qurdu. Yaxınları, doğmaları gənclərə xoşbəxtlik arzuladılar.
Gənc zabit 2016-cı ildə ordumuzun böyük uğurlar qazandığı Aprel döyüşlərində fəal iştirak etdi. Tapqaraqoyunlu kəndi istiqamətində vuruşdu. Zabit kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldi.
2017-ci il martın 12-si Vüsalın həyatında yaddaqalan günlərdən biri oldu. Onun qız övladı dünyaya göz açdı. Körpənin adını Selcan qoydular. Belə sevinc dolu günü Vüsal ikinci dəfə 4 yanvar 2019-cu ildə də yaşadı. Həmin gün onun ikinci qız övladı dünyaya gəldi. Rüqəyya adı qoyulan qız ailənin sevincini daha da artırdı.
Xidmət illəri arxada qaldıqca Vüsalın döyüş təcrübəsi də artırdı. Torpaqlarımızın uzun illərdən bəri erməni işğalında qalması onu da çox narahat edirdi. O əmin idi ki, getdikcə güclənən ordumuz döyüşlərdə erməni qəsbkarlarına qalib gələcək. Baş leytenant Vüsal Babayev topaqlarımızın azadlığı uğrunda başlayacaq döyüşləri intizarla gözləyirdi ki, işğalçılarla vuruşsun,  düşməni məhv edənlər cərgəsində yer alsın.
Gənc zabitin gözlədiyi gün gəldi. 27 sentyabr 2020-ci ildə erməni işğalçılarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Baş leytenant Vüsal Babayevin xidmət etdiyi hərbi hissənin şəxsi heyəti də əks-hücum əməliyyatına cəlb olundu. Onun döyüş yolu Füzuli rayonundan başladı. Vüsal mərmiləri düşmənin başına dolu kimi yağdırırdı. Qısa müddət ərzində işğalçıların ön mövqeləri yarıldı.   
Vətən müharibəsinin 24-cü günü idi. Füzuli rayonunun mərkəzi erməni işğalçılarından azad olunmuşdu. Vüsalgil rayonunun Gecəgözlü kəndi uğrunda döyüşürdülər. Onun ürəyindən keçirdi ki, Şuşa uğrunda da vuruşsun, o gözəl diyarın azad olunmasında da iştirak etsin. Müharibədən qızlarının, həyat yoldaşının yanına qalib ordunun qalib zabiti kimi dönsün. Təəssüf ki, oktyabrın 23-də Füzuli rayonunun Gecəgözlü kəndi uğrunda gedən döyüşdə şəhid oldu. Yaxınları, qohumları oktyabrın 25-də Vüsalı acı göz yaşları içində İkinci Şəhidlər xiyabanında torpağa tapşırdılar. Gənc zabitin şərəf dolu həm ömür, həm də döyüş yolu ilıq bir payız günündə yarımçıq qaldı.
Döyüşlərdə göstərdiyi igidliyə görə Babayev Vüsal Sübbun oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeninə, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görüldü.
Vüsal bu gün onu tanıyanların xatirələrində yaşayır. Bu xatirələr kədərlidir. Amma şəhid zabit haqqındakı xatirələri dinləmək qürurvericidir. Çünki qəhrəmanların ömür yolları hər birimiz üçün örnəkdir.
Həyat yoldaşı Aynur xanım Vüsallı günlərindən söz açdı:
- Vüsal mənim üçün dünyanın ən doğma adamı idi. Doğmasını itirmək isə çox ağrılıdır. Təsəllim odur ki, həyat yoldaşım Vətənin azadlığı uğrunda şəhid olub. Vüsalın yoxluğunu hər addımda hiss edirəm. Bakının qədim kəndlərindən biri olan Zirədə anadan olmuşam. Onunla uşaqlığımız demək olar ki, bir yerdə keçib. Xalamgil onlarla qonşu idi. Yay tətilinə xalamgilə gedərdim. Vüsalla bir yerdə oynayardıq. Günlərimiz bir-birindən şən keçərdi. Bir az böyüyəndən sonra xalamgilə getmədim. Vüsalla görüşə bilmədim. İllər sanki tez ötüb keçdi. İkimiz də böyüdük, uşaqlığımız keçmişdə qaldı. İçəri şəhərdəki kitabxanada işləyirdim. Vüsalın da hərbi məktəbdə oxuduğunu bilirdim. Həyatda təsadüfi görüşlər çox olur. Bax belə təsadüfi bir görüş məni Vüsalla avtobusda üz-üzə gətirdi. Amma həmin gün bir-birimizi tanımadıq. Təsadüf bizi ikinci dəfə də görüşdürdü. Görürdüm ki, o, mənə diqqətlə baxır. Bu baxışlardan sevgi süzülürdü. Üçüncü dəfə rastlaşanda axır ki, dili "açıldı". Onda bildim ki, bu oğlan mənim uşaqlıq dostum Vüsaldır. Bunları bilsəm də, tanışlıq vermədim, uşaqlığımızın bir yerdə keçdiyini, Aynur olduğumu demədim. Amma "sirrimi" yalnız bir həftə gizli saxlaya bildim. Sonra söz-sözü çəkib hər şeyin üstünü açdı. Görüşlərimizin ikinci ayında Vüsal ürəyini mənə açıb sevdiyini dedi. Görünür, mənə məhəbbəti hələ o illərdən var imiş. Uşaqlıq dostumun sevgisinə biganə qalmadım.  2015-ci ildə, gözəl yay günlərinin birində ailə qurduq. Ömrümüzün ən gözəl günlərini yaşamağa başladıq. Vüsal çox ailəcanlı insan idi. O, mənə təkcə həyat yoldaşı deyil, həm də ən etibarlı sirdaş və dost idi. Həyat yoldaşım Tanrıya yaxın adam idi. Namaz qılar, oruc tutardı, halallığı sevərdi. Heyflər olsun ki, xoşbəxt günlərimizin ömrü çox uzun olmadı. Vüsal 27 sentyabr 2020-ci ildə döyüşlərə yollandı. Evdən çıxanda dönə-dönə uşaqları mənə tapşırdı. Dedi ki, Aynur, mən döyüşə gedirəm. Dünyanın işini bilmək olmaz. Bəlkə də heç bu gedişin bir dönüşü olmayacaq. Uşaqlara yaxşı bax, gözün onların üstündə olsun. Vüsal tez-tez zəng vurub uşaqlardan xəbər tutur, apardıqları uğurlu döyüşlərdən danışırdı. Hər dəfə onun zəngi gələndə qəlbimə bir dünya sevinc dolurdu. Arxayın olurdum ki, sağ-salamatdır. Sonuncu dəfə oktyabrın 21-də danışdıq. Sonra həyat yoldaşımdan zəng gəlmədi. Bilmirdim ki, nə edim. İntizar içində ondan zəng gözləyirdim. Oktyabrın 23-də telefonuma zəng gəldi. Amma bu Vüsalın zəngi deyildi. Bu kədər dolu, qəm yüklü bir zəng idi. Bu zəng mənə həyat yoldaşımın şəhid olduğu xəbərini çatdırdı. Oktyabrın 25-də Vüsalı İkinci Şəhidlər xiyabanında torpağa tapşırdıq. Mənim üçün nə qədər çətin olsa da, çalışıram ki, Selcanı, Rüqəyyanı onun adına layiq böyüdüm...
Aynur xanımın ürəyi Vüsallı günlərin xatirələri ilə dolu idi. Amma kövrəldiyindən sonacan danışa bilmədi.
Əsgər Rəşad Hüseynli 44 günlük Vətən müharibəsində Vüsalla çiyin-çiyinə vuruşub. Rəşad o günləri xatırlayaraq dedi:
- Zabit Vüsal Babayevlə müharibədə tanış olduq. Çox cəsur, qorxmaz bir hərbçi idi. Yaşı az olsa da, döyüş təcrübəsi yüksək idi. Onun komandası ilə düşmən hədəflərini dəqiq vururduq. İşğalçılar geriyə çəkildikcə daha da inamla vuruşurduq. Ümid edirdik ki, Qarabağı azad edənədək birlikdə döyüşəcəyik. Təəssüflər olsun ki, belə olmadı. Oktyabrın 21-də düşmən bizi minaatanlardan atəşə tutdu. Komandir ayağından yaralandı. Heyət nəfərləri Orxan Qəhrəmanov və Çərkəz Teyyublu komandiri bir az geriyə apardılar ki, tibbi yardım göstərsinlər. İşğalçılar növbəti minaatan atəşi ilə onları vurdu. Orxan da, Çərkəz də, komandirimiz də şəhid oldular. Çox kədərli bir gün yaşadıq. Sonrakı döyüşlərdə düşmənlərdən şəhidlərimizin qisasını aldıq.
Əsgər Tural Abdullayev komandirini belə xatırladı:
- Baş leytenant Vüsal Babayev həmişə təlim-məşqlərdə bizə artilleriya qurğusunun sirlərini dərindən öyrədirdi. Deyirdi ki, müharibə zamanı hansı tərəfin zabiti, əsgəri hazırlıqlıdırsa, o tərəf də qalib gəlir. Biz də komandirin dediklərinə əməl edərək hərbi bilikləri dərindən öyrənirdik. Hazırlığımız yüksək olduğuna görə döyüşlərdə işğalçıların hədəflərini dəqiq vururduq. Düşmənin zirehli texnikalarını məhv edir, atış mövqelərinin külünü göyə sovururduq. Zabit Vüsal Babayev çox alicənab adam idi. Komandirim yaddaşımda həmişə cəsur hərbçi kimi qalacaq.
İnanırıq ki, Vüsalla bağlı xatirələrini bizimlə sonacan bölüşə bilməyən Aynur xanım Selcanı da, Rüqəyyanı da həyat yoldaşının adına layiq böyüdəcək.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş baş leytenant Vüsal Babayev haqqında eşitdiklərimi xatırlaya-xatırlaya onun dəfn olunduğu İkinci Şəhidlər xiyabanına getdim. Qəhrəmanın məzarı önündə dayanıb xatirəsini bir dəqiqəlik sükutla yad etdim. Belə kövrək anlarda dilimdən bu sözlər qopdu: "Məzarında rahat yat Vüsal, Qarabağ işğaldan azad olundu. Qanınız yerdə qalmadı. Düşməndən şəhidlərin qisası alındı!"
Pirallahı qəsəbəsindəki küçələrdən birinə Vüsal Babayevin adı verilib. Şəhidin adını daşıyan küçədən keçənlər cəsur zabiti hörmətlə anır, böyük ehtiramla yad edirlər. Çünki şəhidlər heç vaxt unudulmur. Heç vaxtda unudulmayacaqlar.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"