Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2023 09:58

“Azərbaycan Ordusunun qüdrəti tarixi gerçəklikdir”

"Vətən adlı sədaqətin əsgəriyik!", - Azərbaycan əsgəri qazandığı tarixi Zəfərlə qürurlandığı səviyyədə bu gerçəkliyin də qürurunu yaşayır. Bu sədaqət dövlətçiliyə, dövlətə, xalqa sevgidi. Hərbi xidməti bu sevgi əsasında formalaşanlar 2020-ci il sentyabrın 27-nə kimi döyüş növbətçiliyindən döyüşə qoşulacaqları anı gözləyirdilər. Baxışlarından döyüş əzminə, qələbə ruhuna görə "Vətən adlı sədaqətin əsgəriyik!" qətiyyəti oxunanlar Ali Baş Komandanın döyüş əmri ilə başlayan Vətən müharibəsində Zəfər qazananların sırasında oldular. Qaliblərin davamçıları deyirlər ki, biz də Vətən adlı sədaqətin əsgərlərinin döyüş yoluna sədaqətin əsgəriyik. Bu kəlmələri müqəddəs döyüşlərin müqəddəs davamı bilmişik.
Son 30 ilin altı döyüşünü (əməliyyatını) xatırlayıram: 1994-cü ilin yanvar döyüşləri (Horadiz əməliyyatı), 2016-cı ilin Aprel döyüşləri (Lələtəpə, Bayraqtəpə əməliyyatı), 2018-ci ilin mayında Günnüt əməliyyatı, 2020-ci ilin iyul döyüşləri (Tovuz əməliyyatı), 2020-ci ilin 27 sentyabr döyüşləri (İkinci Qarabağ müharibəsi), 2022-ci ilin avqust döyüşləri ("Qisas" əməliyyatı). Bu döyüşlər - bu əməliyyatlar, bu tarixlər Azərbaycan Ordusunun qüdrətinin təsdiqidir. Bu qüdrəti dünyanın əksər dövlətləri də etiraf edir.
Bu fikirlər "N" hərbi hissəsində "Azərbaycan Ordusunun qüdrəti tarixi gerçəklikdir" mövzusunda disputun başlanğıcı olur. Mayor Faiq Mehdiyev Azərbaycan Ordusunun tarixinin Azərbaycan dövlətçiliyi ilə bağlılığından, İkinci Qarabağ müharibəsinin başlaması səbəblərindən, Azərbaycanın ədalətli müharibəsindən, döyüşlərdən, döyüşənlərdən danışır. Zabitlər də, əsgərlər də deyilənləri müharibənin tarixi kimi dinləyirlər. Mayor Faiq Mehdiyev deyir ki, disputda bildiklərinizi deyin, bilmədiklərinizi öyrənin. Döyüş hazırlığınız təlimlərlə yüksəldiyi kimi, mənəvi-psixoloji hazırlığınız da belə tədbirlərlə yüksələcəkdir.
Əsgər Ruslan Ələsgərov:
- Müəllimlərimiz deyirdilər ki, 1983-cü ildə Qazaxın 3000 hektar ərazisi Ermənistana birləşdirilib. Ermənistan Azərbaycandan yenə ərazi iddiasına düşmüşdü. Əvvəlcə Naxçıvan iddiası, bu iddiasını Qarabağ iddiası ilə davam etdirdi. Ermənistanın bu iddiasına Mosvka ciddi etiraz bildirmədi, əslində, onun iddiasını dəstəklədi. Bu dəfə niyyətinə çata bilmədi. Onda elan edilməyən müharibə başladı. Birinci Qarabağ müharibəsində havadarlarının siyasi və hərbi köməyindən istifadə edən Ermənistan 20 faiz ərazimizi işğal etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə bildirmişdi ki, Azərbaycanda ikinci erməni dövləti yaranmayacaq.
Əsgər Rəşad Qurbanov:
- Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmirdi. Dünyanın iri dövlətləri Ermənistanı ciddi suçlamırdı. Buna görə də işğalçı Ermənistan sülh danışıqlarından yayınırdı, regionda mövcud status-kvonu saxlamağa çalışırdı. Həm də yeni ərazilər işğal etmək niyyəti ilə irimiqyaslı təxribatlar törətmək istəyirdi.
Siyasi dərsdə qrup rəhbərimiz demişdi ki, belə bir şəraitdə ordu quruculuğunda həyata keçirilən islahatlar ordunun gücünü yüksəltdi. Hər əsgər hərbi ixtisasına uyğun olaraq silahlanmaya daxil edilən ən yeni döyüş texnikalarının, uçuş aparatlarının, atıcı silahların istismar xüsusiyyətlərini mükəmməl mənimsəyir. Ordumuzda keçirilən təlimlər, eləcə də beynəlxalq təlimlər ordunun döyüş hazırlığını yüksəltdi.
Əsgər Malik Arzumanov:
- İşğalçı Ermənistanın yeni ərazilər işğal etmək məqsədi ilə müxtəlif istiqamətlərdən müxtəlif miqyaslı təxribatlarının qarşısı qətiyyətlə alınırdı.  
Ermənistan 2020-ci il sentyabrın 27-də işğal etdiyi ərazilərdən torpaqlarımıza hücum etdi. Ordu hissələrimiz hücumun qarşısını aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Qısa müddətdə düşmənin işğal etdiyi ərazilərdə yaratdığı, möhkəmləndirdiyi müdafiə sədləri dağmadağın edildi, ilk mövqe qələbələri qazanıldı.
Kapitan Ümid Mikayılov:
- Bu müharibə həm də siyasi müharibə idi, müharibənin genişlənməsi üçün bəzi dövlətlər işğalçı  dövlətə gizli də olsa kömək edirdi, müəyyən mənada, işğalçı dövlətin istəyinin iştirakçısı olurdu.
Mayor Elman Əsgərov bu fikirlərin məntiqi davamı kimi deyir ki, Azərbaycan Ordusu XXI əsrin müharibəsini Zəfərlə başa çatdırdı. Bu Zəfər qüdrətin təntənəsi idi.
Əsgər Ümid Qasımov hamının bu qüdrətlə qürurlandığını bildirir.
Əsgər İsaxan Abdullayev deyir ki, ordunun qüdrətindən söz düşəndə həmişə yaddaşıma hopmuş bir fikri xatırlayıram: "Azərbaycan əsgəri düşmənin işğal müddətində qurduğu, yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini çığnayıb keçdi". Qüdrət budur!
Əsgər Ümid Qasımov:
- Bu qüdrət döyüşçülərin qətiyyəti kimi, şücaəti kimi davam etdirildi. Yaralanmış döyüşçünü döyüşdən çıxartmaq istəyən döyüşçünün şəhidliyi də qüdrətdi. Nazirlə Tacir Allahverdiyev əkiz qardaşıydılar. Ağdamın Çullu kəndində anadan olmuşdular. Vətən müharibəsində oktyabrın 24-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid oldular. Bu da qüdrətdi.
Əsgər Ruslan Ələsgərov:
- İki qardaş vardı, Lerikin Kəlvəz kəndində anadan olmuşdular. Altayın 20 yaşı vardı, Elgünün 18. Elgün sentyabrın 30-da, Altay oktyabrın 30-da şəhid oldular. Altayın cibində qardaşının dəfnində iştirak etmək üçün 5 günlük icazə kağızı olub. Qardaşının dəfninə getməyib. Döyüşlərdə iştirak edib. Bu da Azərbaycan əsgərinin qüdrətidir...
- İkinci Qarabağ müharibəsində döyüşçülərin əksəriyyəti döyüşə dövlət bayrağımızla gedirdi. Bu mənəvi yaraq onları qələbəyə aparırdı. Döyüşlərə belə getmək də, belə döyüşmək də ordumuzun qüdrətinə yozulmalıdı, yozulur da, - deyirəm. Sözümə söykək kimi mayor Elman Əsgərov İkinci Qarabağ müharibəsində son nəfəsi dövlət bayrağımıza qismət olan şəhidlərimizi xatırladır. "Belə şəhidlik hər orduda olmur", - deyir. Əsgərlərin ifadəli baxışlarından "İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qüdrəti həm də belə şəhidlik məqamlarıyla da təsdiqləndi", - mətləbi oxunur. Bu mətləbə qüdrətin zərrəsi demək istərdim...
- 2010-cu il iyunun 18-də gizir Mübariz İbrahimov Tərtərin Çaylı kəndində təmas xəttini keçərək düşmənin mövqeyinə gedib, düşmənlə təkbaşına döyüşüb, neçəsini öldürüb, sonda şəhid olub - bu da qüdrət idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun hissələri düşmənin güclü hücumunun qarşısını aldı - bu da qüdrət idi, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi - bu da qüdrət idi, qısa müddətdə düşmənin müdafiə sədlərini dağıtdı - bu da qüdrət idi, ilk mövqe qələbələri qazanıldı - bu da qüdrət idi. Baş leytenant Elvin Şükürlü Kəlbəcər istiqamətində düşmənin səngərinə təkbaşına getmişdi, dörd düşmən öldürmüşdü - bu da qüdrət idi, şəhid olmuşdu, bu da qüdrət idi, - deyirəm. Əsgərlər fikrimi bəyənirlər...
Əsgər Rəşad Qurbanov Şuşanın qurtuluş döyüşlərini xatırladır:
- Bu döyüşlərdə Azərbaycan əsgərinin atdığı hər güllə qüdrət idi.
Kapitan Ümid Mikayılov bu döyüşlərə qüdrətin işğalla sonuncu döyüşü deyir. Mayor Faiq Mehdiyev bu fikri ümumiləşdirir:
- Azərbaycan Ordusu Şuşanı işğaldan azad etməklə, tarixi Zəfər qazanmaqla dünyada qüdrətli ordu kimi tanındı. Rusiya mətbuatında dərc olunmuş bir məqalə də Azərbaycan Ordusunun qüdrətinə heyrətin ifadəsidir: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar".
Əsgər Ümid Qasımov:
- Şuşa uğrunda döyüşdə əsgər yaralandığını bildirmir. Yarasını özü sarımağa çalışır. Ancaq qan dayanmır. Heç kimi köməyə çağırmır, çağırsa, döyüşdən yayınacaqdı, düşmənə atılası güllələrin sayı azalacaqdı. Özündə güc tapıb qanı ilə divara "Qarabağ Azərbaycandır!" yazır. Son nəfəsi yazdığı kəlmələrin örtüyünə dönür. Bu da qüdrət idi!
Əsgər Rəşad Qurbanov:
- Ermənistan Vətən müharibəsindən sonra üçtərəfli Bəyanatın şərtlərinə əməl etmirdi, heç indi də etmir. Erməni silahlı birləşmələri avqustun 3-də terror-təxribat törətdi. Ermənilərin hərbi əməliyyatları Kəlbəcər və Laçında da apardı, Qırxqız yüksəkliyini ələ keçirməyə, Qırxqızda döyüş mövqeləri qurmağa cəhd göstərdi. Azərbaycan Ordusu "Qisas" əməliyyatı ilə Qırxqız yüksəkliyini, Sarıbaba və bir sıra digər əhəmiyyətli yüksəklikləri nəzarətə götürdü, ...
Əsgər Ruslan Ələsgərov:
- ...döyüşdə düşmənin bir neçə döyüş mövqeyi dağıdıldı, Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəsinə hava zərbəsi endirildi, düşmənin onlarla döyüş maşını, hərbi qulluqçusu məhv edildi. Bu da qüdrət idi!
Əsgərlər qürurlanır. Bu qürur Azərbaycan Ordusunun qüdrətinə səmimi heyrət iidi...
Azərbaycan Ordusuna sevgi ilə başlayan disput Azərbaycan Ordusunun qüdrətinin gerçəkliyinin qüruru ilə tamamlanır. Bir daha təsdiqlənir ki, Azərbaycan Ordusu işğalı sonlandıran bir qüdrət ordusudu, xalqa, torpağa, dövlətə, dövlətçiliyə sədaqət ordusudu!..

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"
foto Namiq PƏNAHOVUNDUR