Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Oktyabr 2023 16:55

Ermənilərin Qarabağda törətdikləri vəhşiliklərin qanlı izləri

I yazı
Ermənilərin Azərbaycan torpaqlarına qarşı iddiaları onların "böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsi idi. Ona görə də ermənilər "ənənələrinə" sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu çirkin planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. 1985-ci ildə ermənipərəst M.S.Qorbaçov hakimiyyətə gələndən sonra erməni separatçıları yenidən fəallaşdılar.
Erməni akademik A.Aqanbekyan Parisdə "Humanite" qəzetinə müsahibəsində Qarabağ barədə sovet rəhbərliyinə təklif verdiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümid etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni "Qarabağ Komitəsi", onun keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndəki separatçı-terrorçu təşkilatı "Krunk" (Durna) açıq mübarizəyə keçdi. Qısa müddət ərzində "Miatsum" (Birləşmə) hərəkatı formalaşdırıldı. Bu hərəkat Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı. 1988-ci ilin fevralından hadisələr daha aqressiv məcraya yönəldi. Soyuq fevral günlərində İrəvanda və Xankəndidə (Stepanakertdə) separatçılar və erməni millətçilərinin iştirakı ilə mitinqlər dalğası başladı.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə cəlb olundu. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və buradakı erməni separatçıları və terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar.
1988-ci ilin fevral hadisələrindən sonra keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatları daha da genişləndirdilər.
Tarixi vərəqləyəndə görürük ki, 1917-ci ilin fevralında çar hökumətinin yıxılması nəticəsində meydana gələn tarixi şəraitə bənzər vəziyyət SSRİ-nin dağılmasından sonra yenidən təkrar olundu. Sovet ordusu sıralarında qulluq edən erməni zabitləri və keçmiş sovet hərbi hissələri azərbaycanlılara qarşı birləşdilər və vahid cəbhədə hərbi əməliyyata başladılar.
Ermənilər işğal etdikləri torpaqlarda "viran qoymaq, dağıtmaq" taktikasına əl atdılar. Birinci Qarabağ döyüşləri acı nəticələrlə başa çatdı. Müharibədə minlərlə azərbaycanlı şəhid oldu, yaralandı, sağlamlığını itirdi. Bir milyondan çox insan doğma ocaqlarından köçkün düşdü. Rəsmi məlumatlara görə, erməni işğalçıları tərəfindən 4.852 nəfər azərbaycanlı, o cümlədən 323 qadın, 54 uşaq və 410 qoca əsir və girov götürüldü. Erməni faşistləri əsir və girovların dəqiq sayını beynəlxalq humanitar təşkilatlardan gizlədirlər. Əsirlərlə qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar.
27 sentyabr 2020-ci ildə ermənilərin təxribatı nəticəsində başlanan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğalda qalmış torpaqlarımız azad olundu. İndi azad olunan ərazilərdə kütləvi məzarlıqlar aşkarlanır. Bunlar hamısı ermənilərin beynəlxalq təşkilatlarından gizlətdikləri 1992-1994-cü illərdə əsir və girov götürülmüş insanların qalıqlarıdır.
Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu Birləşmiş Millətlər Təşkilatı (BMT) təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər. Bu qətnamələri Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əsgəri icra etdi.
Erməni işğalçıları ələ keçirdikləri qəsəbə və kəndlərdə xalqımıza qarşı dəhşətli soyqırımlar törətdilər. Üstündən illər keçməsinə baxmayaraq, həmin dəhşətli hadisələr bu gün də qəlbimizi göynədir. Düşmənin  xalqımıza qarşı törətdikləri bu dəhşətli soyqırımları, qırğınları tarix heç vaxt unutmayacaq.
Ermənilər əvvəlcə Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin işğalına başladılar. Təpədən-dırnağadək silahlanmış ermənilər xarici havadarlarına güvənərək min illərdən bəri Qarabağda azərbaycanlılar yaşayan kəndlərinə hücum edir, evləri yandırır, insanları amansızcasına qətlə yetirirdilər. Onlar azərbaycanlılar yaşayan yalnız bir kəndə, bir qəsəbəyə deyil, bütün kənd və qəsəbələrə eyni vaxtda hücum edirdilər. 1991-ci ildən başlayaraq bu hücumlar daha da geniş vüsət aldı. Dünya Qarabağ hadisələrində erməni vəhşiliyinin amansızlığının, qəddarlığının qanlı simasını 1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində daha aydın şəkildə gördü.
Meşəli faciəsi
Erməni işğalçıları 23 dekabr 1991-ci ildə səhər saat 07:00 radələrində Xocalı rayonunun Meşəli kəndinə iki zirehli transportyor, bir piyada döyüş maşını, üç "Qaz-66" və dörd "UAZ" maşının istifadə etməklə hücum etdi və dünyanı sarsıdan qətliam törətdilər. Silahsız, köməksiz qalmış kənd sakinləri erməni qəsbkarları tərəfindən böyük amansızlıqla öldürüldülər. Bu qanlı  hadisədən bir neçə gün əvvəl bölgədəki rus əsgərləri tərəfindən kənd camaatının ov tüfəngləri yığılmışdı. Ona görə də silahsızlaşdırılmış kənd sakinləri ermənilərə qarşı müqavimət göstərə bilmirdilər. Köməksiz, çarəsiz vəziyyətə düşmüş kənd sakinləri sağ qalmaq ümidi ilə ətrafdakı meşəlik əraziyə qaça bildilər. Amma ermənilər meşədə də onları izləyirdilər. Sahibsiz, müdafiəsiz qalan kəndi ermənilərin "Böyük Tiqran" və "Sasunlu David" dəstələri işğal etdilər.  Həmin gün Azərbaycan Ordusunun yeni yaranmış qüvvələri əks-hücuma keçərək düşmənləri geri oturtdu. Kənd sakinləri gizləndikləri meşədən geri dönəndə evlərinin və tövlələrinin ermənilər tərəfindən yandırıldığını gördülər. Ermənilər meşəyə qaça bilməyən sakinləri öldürmüşdülər. Ermənistan tərəfi isə həmişə olduğu kimi, Meşəlidə qətliam törətdiklərini inkar edirdi.
Qətliamın şahidi olan Alış Musa oğlu Alışov kəndə hücumdan əvvəl rus hərbçilərinin kəndə daxil olaraq camaatdan bütün silahları yığdığını bidirdi. O dedi ki, ermənilər kəndə hücum edəndə qadınlar və azyaşlılar məktəbin zirzəmisində gizlənmişdilər. Təəssüf ki, ermənilər onları tapıb öldürmüşdülər. Quldurlar evlərə, içərisində heyvanlar olan tövlələrə, ot tayalarına, çəpərlərə od vurub yandırmışdılar. Hadisələr nəticəsində ermənilər 25 nəfər kənd sakinini amansızcasına öldürmüşdülər. Öldürülənlərdən 8-i qadın, 3-ü isə uşaq idi. Döyüşlər zamanı 14 nəfər də ağır yaralanmışdı. Ermənilər Novruzovlar ailəsindən bir nəfər uşağın əl-ayağını bağlayaraq yük maşınının arxasına yerləşdirib girov apararkən həmin uşaq özünü maşından atmış, lakin terrorçuların gülləsindən yayına bilməmişdi. Düşmən qaçan uşağı vurmuşdu.
Meşəli kənd sakini Kamran Rəcəbov xatırlayır ki, erməni hücumları nəticəsində evi tərk edərkən oğlu 1 yaş 7 aylıq Mərhəmət Rəcəbov yolda şaxtaya düşərək şəhid olmuşdu. Kəndə hücum zamanı ermənilər Novruzovlar ailəsindən beş, Quliyevlər ailəsindən dörd nəfəri qətlə yetirmişdilər. Meyitlər ermənilər tərəfindən təhqir olunmuş, tanınmaz hala salınmışdı.
Daşnakların hücumları qarşısında müdafiəsiz, köməksiz qalan 358 nəfər kənd sakini doğma ocaqlarını tərk etməyə məcbur  olmuşdu. Sakinlərini öldürməklə, didərgin salmaqla kifayətlənməyəm ermənilər kəndi də yandırmışdılar. Bu yerlərdən azərbaycanlıların izlərini silməyə çalışmışdılar. Meşəlidə dövlətə və kənd sakinlərinə məxsus əmlakların məhv edilməsi və zədələnməsi ilə sakinlərə xeyli maddi ziyan vurulmuşdu.
"Memorial" təşkilatı Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunun Meşəli kəndinin azərbaycanlı sakinlərinin məcburi olaraq köçürülməsi barədə geniş material yazmışdır. Yazıda ermənilərin Meşəli kəndində mülki əhalisinə qarşı ağır zorakılığın olduğu xüsusilə vurğulanmışdır. Ermənilərin hücumları qəti şəkildə pislənmişdir.
29 iyul 2023-cü ildə Meşəli qətliamında iştirak etməkdə ittiham olunan, əli Qarabağda yaşayan azərbaycanlıların qanına bulanmış Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilində Ermənistana qaçmaq istəyərkən  Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhəd xidmətinin hərbçiləri tərəfindən saxlanılmışdır. Xatırladaq ki, V.Xaçaturyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdi və beynəlxalq axtarışa verilmişdi. Axır ki, uzun illərdən sonra cinayətkar həbs edilmişdi. Hazırda Xaçaturyanın Qarabağda azərbaycanlılara qarşı törətdiyi başqa cinayətləri araşdırılır. Oktyabrın 13-dən isə V.Xaçaturyanın məhkəməsi başlayıb. Onun törətdiyi qətliamlar şahidlərin iştirakı ilə öz təsdiqini tapır.
Azərbaycan Ordusunun 19 sentyabr 2023-cü ildə Qarabağda hələ də qalmış separatçı tör-töküntülərə qarşı həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ermənilərin 23 dekabr 1991-ci ildə ələ keçirib, sakinlərini öldürdüyü, qovduğu Xocalı rayonunun Meşəli kəndi də işğaldan azad olundu.
Erməni işğalçılarının bir qanlı əli Meşəlidə qətliam törədirdisə, o biri əli Xankədidə, şəhərin yaxınlıqdakı kənd və qəsəbələrində azərbaycanlılar yaşayan məhəllələri,  kəndləri yandırırdı. Daşnakların əsas məqsədi azərbaycanlıları Qarabağdakı doğma ocaqlarından zor gücünə çıxarmaq idi. Ermənilər kənd-kənd, qəsəbə-qəsəbə məqsədlərinə nail olurdular. Demək olar ki, hər gün Qarabağda azərbaycanlıların qanı tökülürdü. Müdafiəsiz qalmış azərbaycanlılar ermənilər tərəfindən zor gücünə doğma ocaqlarından qovulurdu.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"