80-ci illərin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatı Ermənistanın ərazi iddiasına görə başlamışdı, iki dönməz tələblə davam etmişdi: Ermənistanın iddiasının kökünün kəsilməsi, dövlət müstəqilliyinin bərpası - imperiyanın ilhaqından xilas olmaq. Moskvanın siyasi və silahlı təqibləri xalqın iradəsini əyə bilmədi - Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycanda hakimiyyət imkanlarını itirən Mərkəz xarici siyasəti Azərbaycanın ərazilərini işğal etmək niyyəti olan Ermənistana həm siyasi, həm də hərbi yardım edirdi; Azərbaycanın ərazilərinin 20 faizini işğal edən Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmirdi, sülh danışıqlarından yayınırdı. Regionda mövcud status-kvonu saxlamaq istəyirdi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətini, dövlətçilik şüarını unudurdu: "Azərbaycan dövləti və xalqı Qafqazda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək". Azərbaycan diplomatiyası ilə Azərbaycan Ordusunun mənəvi və hüquqi birliyi bu niyyəti darmadağın etdi.
Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətləri mahiyyəti baxımından müharibənin xronikası kimi yaşanılırdı. Bu müraciətlər xalqın güvənci idi, xalq bu müraciətlərdən qələbə sorağı gözləyirdi, qələbələri Böyük Qələbənin ərəfəsində olduğumuzun təsdiqi bilirdi. Kəndlər, qəsəbələr, rayonlar işğaldan azad edilirdi, Azərbaycan Respublikasının Prezidenti bu sevinci, bu qüruru xalqa böyük qürurla bildirdi. Ordumuz noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Prezidentin böyük qürurla söylədiyi sevincli müjdələr xalqın Qələbə inamının işığına döndü - o gecə hamı ruhən Şuşadaydı, qaliblərlə nəfəs-nəfəsəydi, dumanı çəkilmiş Şuşa son 29 ilin ən gözəl gecəsini yaşayırdı - gözəl səhər açılacaqdı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi Zəfərdən sonra işğaldan azad edilmiş bütün ərazilərdə çıxışlarında Zəfərin quruculuq işləri ilə davam etdiriləcəyini bildirirdi. Bu, böyük inam idi. Xalq bu inamı Azərbaycanın sabahlarına düşən işıq bilirdi. Bu işıq xalqın dönməz sevgisi ilə əhatələnirdi. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına sərəncamlar verildi. Bütün ərazilərdə - Ağdamda, Füzulidə, Kəlbəcərdə, Laçında böyük miqyasda quruculuq işləri başladı.
Azərbaycan Respublikasının Prezidenti oktyabrın 15-də Xankəndidə tarixi bir gündə tarixi səfərdə oldu. Bu tarixi səfər də tarixi missiya idi! Azərbaycan dövlətçiliyinin qüdrətinin təntənəsi günü idi!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın". Bu niyyət bayrağımıza xitabən yazılan bayatı qüdrətli bir bəndlik şeirdə də vətəndaşlıq qayəsi ilə ifadə edilmişdi, son beyt könüllərin mehrabına dönmüşdü: "Əllərdə, könüllərdə və dillərdə qərar tut, Olsun bu Vətən torpağı başdan-başa bayraq!". Bəşəri arzu kimi, azərbaycançılığın niyyəti kimi, ədalətli müharibəmizin qalibiyyətinin təntənəsi kimi bu beyt düşüncələrimizin nizamına dönmüşdü, oktyabrın 15-də gerçəkləşdi.
"Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir..." - Azərbaycan Respublikası Prezidentinin bu fikirləri tarixi gerçəkliyin ifadəsidir...
"Laçın" sərhəd-buraxılış məntəqəsi tarixi Zəfərdən sonra Azərbaycanın böyük hərbi-siyasi qələbəsi kimi tarixləşdi. Ermənistan silahlı birləşmələrinin dağılmış hissələri Xankəndidə fəaliyyət göstərən separatçı adlandırılan silahlı birləşmələrlə birlikdə Ermənistanın əmrlərini yerinə yetirir, Kəlbəcərdə, Laçında müxtəlif miqyaslı təxribatlar törədirdi. Oktyabrın 15-də Xankəndidə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Bayrağını Xankəndi şəhərinin mərkəzi meydanında qaldırdı. Bu, bütün azərbaycanlıların, Azərbaycanı sevənlərin hamısının qüruruna döndü. Vətən müharibəsində hər döyüş bizi illərlə arzuladığımız günə yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı Azərbaycan Bayrağının o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılacağını bildirmişdi. Xankəndidə xalqa müraciətində dedi: "Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpaqda ikinci erməni dövləti yaradılsın".
Birinci Qarabağ müharibəsi Xankəndidə Ermənistanın, sonra Ermənistanın siyasi təhriki (və dəstəyi) ilə qondarma “Dağlıq Qarabağ Respublikasının” bayrağının dalğalanmasına görə başlamışdı, İkinci Qarabağ müharibəsi bu bayrağın layiq olduğu yerə atılması üçün başlamışdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi Zəfərdən sonrakı siyasi proseslərə də, hərbi əməliyyata da diqqəti çəkərək qondarma separatçı rejimin ideoloqlarının, rəhbərlərinin qanuni taleyinin bu günündən də söz açdı: "Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında...". Bu fikir erməniliyə meyillənənlərə xəbərdarlıq kimi səsləndi, belə dərk edildi. Dünya bir daha əmin oldu ki, haqqın, ədalətin qolu bükülmür, iradəsi zəifləmir, qətiyyəti sarsılmır. Bu qüdrət xalqın qüdrətidir.
Bu xəbərdarlıq revanşist meyillərin düşüncələrini də silkələyəcək. Ciddi qarşıdurma olanda, tərəflərdən biri işğala meyilli olanda, məğlubiyyətini etiraf edə bilməyəndə qalib dövlətin hər xəbərdarlığı da humanizm çaları olur. Azərbaycan həmişə bəşəri dövlət olub. Bəşəri niyyətlərin daşıyıcısı olub. İkinci Qarabağ müharibəsindən sonra da, lokal xarakterli antiterror tədbirlərindən sonra da, hərbi xuntanın süqutundan sonra da, Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldıqdan sonra da Azərbaycan dövlətinin ciddi xəbərdarlığıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xankəndidə çıxışı dünyəvi çıxışdı, bəşərilik naminə çıxışdı, Azərbaycanın ərazi bütövlüyünün bərpasının təntənəsini ifadə edən çıxışdı, azərbaycançılığın qalibiyyət çıxışıdı!..
İşğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımız dalğalanır. Qalibiyyət kimi! Azərbaycan Ordusunun qüdrəti kimi! Xankəndinin mərkəzi meydanında Azərbaycan Bayrağının dalğalanması bütün azərbaycanlıların, Azərbaycanın dövlətçiliyinə sayğısı olan dövlətlərin vətəndaşlarının hamısının qürurudu, şəhidlərin ruhuna gözaydınlığıdı...
"Azərbaycan Ordusu"