Azərbaycan xalqı XX əsrin əvvəllərində mövcud tarixi şəraiti dəyərləndirərək müsəlman Şərqində ilk demokratik, hüquqi dövlətini qurdu. Dünyanın ən qüdrətli ölkələri tərəfindən tanınmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Xalq Cümhuriyyətinin bolşevik işğalı nəticəsində süquta uğraması müstəqilliyin qorunub saxlanılmasının onun əldə edilməsindən daha çətin olması reallığını bir daha təsdiqlədi. Sovet imperiyasının 70 il tərkibində yaşamaq məcburiyyətində qalmış xalqımız daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, bu arzusunu yalnız ötən əsrin sonlarına doğru reallaşdırmaq imkanı qazandı.
18 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə xalqa müraciətində xalqımızı dövlətçilik ənənələrinin yenidən dirçəldilməsinin - müstəqilliyimizin bərpa edilməsinin 30-cu ildönümü ilə əlaqədar təbrik edərək bildirirdi: “1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdir. Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha göstərmişdir ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir”.
Bu bir danılmaz faktdır ki, müstəqilliyin bərpasının ilk illərində respublikada hüquqi qaydaların son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsi ayrı-ayrı siyasətçilərin, "könüllü döyüşçü" adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Azərbaycan xalqı vətəndaş müharibəsinin astanasında, dövlət isə süqutun ərəfəsində idi.
Yalnız 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan dahi rəhbər özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Azərbaycan xalqının Ümummilli Liderinin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, doğma Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.
Müdrik rəhbər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Dünyaşöhrətli siyasi rəhbər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi, sarsılmaz və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaq deməkdir. 1994-cü ilin 20 sentyabrında müdrik rəhbərin müəllifi olduğu nəhəng neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq dünya qarşısında öz sərvətlərinin sahibi kimi çıxış etdi. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmlənməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Nəhayət, əgər müstəqillik Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, onun müstəqilliyinin əbədiliyi və dönməzliyi Azərbaycan xalqının Ümummilli Liderinin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin ən şərəfli səhifəsidir. Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycanın dünyaya, dünyanın Azərbaycana gərəkli olduğunu sübut etdi.
Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrinin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən atəşkəsə nail olunmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun nəticəsində 1994-cü il mayın 12-də ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Dünyaşöhrətli, əvəzolunmaz tarixi şəxsiyyət olan Heydər Əliyevin xarici siyasət məsələlərinə əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məsələlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub. Dahi rəhbərin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail olub.
Ulu Öndərin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib. Onun dünya təcrübəsinin bütün nailiyyətlərinin, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, birinci növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli münasibətlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, həmçinin dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı. Bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti olan Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi və mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərib, uğurlu nəticələrə nail olub.
Tarixin sərt və amansız sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində müdrik rəhbərimizin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə əhəmiyyətli qərarlar qəbul etmişdir.
Türk dünyasının sönməyən günəşi olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi. Bəli, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".
Hər bir liderin dövlət idarəçiliyində qazandığı uğur və nailiyyətləri şərtləndirən başlıca amillərdən biri də ciddi təmələ söykənən siyasi varislik ənənələrinin qorunmasıdır. Söhbət ölkənin və dövlətin sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsi xəttinin etibarlı şəkildə qorunmasından gedir. Bu baxımdan Ulu Öndərin böyüklüyü həm də ondadır ki, güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla yerinə yetirəcək peşəkar lider, layiqli davamçısını yetişdirdi. Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz siyasətini bu ənənəyə uyğun qurur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar dövlətimizin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə dünyada lider dövlətlərdən birinə çevrilməsi, iqtisadi sahədə keçid dövrünü başa vurması faktıdır. Bakı-Tblisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir.
Müstəqil Azərbaycan Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni uğurlara doğru inamla irəliləyir. Dövlət başçısı İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, onu yeni dövrün tələblərinə uyğun zənginləşdirərək, sosial-iqtisadi islahatlarla demokratikləşdirmə proseslərinin paralel şəkildə aparılmasına çalışır. Dövlət müstəqilliyinin bərpasının ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib.
Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə 30 ilə yaxın Ermənistan silahlı birləşmələrinin işğalı altında qalmış tarixi torpaqlarımızı qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində azad etdi. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, dəmir iradəsi, yüksək diplomatik bacarığı sayəsində Qurtuluşdan Zəfərə doğru irəliləyən Azərbaycan haqq mübarizəsində dünyaya qalib olduğunu sübut etdi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin olundu. Bu gün Xankəndidə, Şuşada, Xocalıda, Əsgəranda və digər işğaldan azad olunmuş ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı əzəmətlə, qürurla dalğalanır.
Qüdrətli Azərbaycan Ordusu Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü hər an, hər zaman qorumağa qadirdir...
Əbədi, dönməz, sarsılmaz olan müstəqilliyimizin bərpasının 32-ci ildönümünü xalqımız daha fərqli, daha coşqulu, daha möhtəşəm keçirir.
Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisin qəbul etdiyi "Müstəqillik Günü haqqında" qanunda deyilir: "2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir".
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi 1991-ci il oktyabrın 18-i "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü yeni adla "Müstəqilliyin Bərpası Günü" kimi qeyd edilir və ediləcək.
Xalqımız bu tarixi günü böyük qürur hissi ilə yaşadır, yaşadacaq.
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"