Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Oktyabr 2023 09:54

Azərbaycan Ordusunda kadr planlaşdırılması prioritet məsələlərdəndir

Müsahibimiz Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilovdur.

- Cənab general-mayor, dünya təcrübəsi göstərir ki, əsaslandırılmış kadr siyasəti istənilən sivil dövlətin ordu quruculuğunun uğurunu təmin edir. Azərbaycan Ordusunda təşkilati-hüquqi və elmi baxımdan əsaslandırılmış, düzgün qurulmuş hərbi kadr siyasəti necə aparılır?
- Xüsusuilə qeyd etmək istəyirəm ki, istənilən ordunun gücləndirilməsi prosesində təşkilati-hüquqi, elmi baxımdan əsaslandırılmış və düzgün qurulmuş hərbi kadr siyasəti olmadan dinamik inkişaf mümkün deyil. Hərbi qulluqçularda Hərbi Anda sədaqət, yüksək məsuliyyət, peşəkarlıq, ustalıq, təşəbbüskarlıq, idarəetmə, kadr mədəniyyəti və bu kimi digər vacib peşəkarlıq keyfiyyətlərinin formalaşdırılması başlıca şərtdir. Azərbaycan Ordusunda bu proses dönməzliklə qanunauyğun şəklində aparılır. Kadr potensialı formalaşdırılır, inkişaf etdirilir, eləcə də komandir heyəti və idarəetmə vəzifələrinə müasir düşüncəli, hərbi işi dərindən bilən, məhsuldar hərbi fəaliyyət qabiliyyətli, yeni təhlükə və təhdidləri dəf etməyi bacaran, dayanıqlı mənəvi-psixoloji duruma malik zabitlər irəli çəkilirlər.
- Bildiyimiz kimi, kadr siyasətinin səmərəli reallaşmasında kadr planlaşdırılmasının böyük rolu var. Bu planlaşdırma zamanı zabitlərin irəli çəkilməsi prosesi Azərbaycan Ordusunda hansı formada həyata keçirilir və bu istiqamətdə hansı işlər görülür?
Planlaşdırma - gələcəyə istiqamətlənmiş sistemli qərar qəbuletmə prosesidir. Kadr planlaşdırılması, əsasən, Azərbaycan Ordusunun taktiki və strateji məqsədlərinə nail olmaq üçün hərbi qulluqçuların kəmiyyət və keyfiyyət baxımından tələbatının ödənilməsini, kadr strukturunun və kadr potensialının uyğunluğunun təmin edilməsini nəzərdə tutur.
Azərbaycan Ordusunun strateji məqsədlərinə çatmaq üçün zəruri olan insan resurslarının hərbi təhsil prosesinə cəlb edilməsi və inkişafını təmin edən planların hazırlanması kadr orqanlarının insan resurslarının planlaşdırılması istiqamətində əsas funksiyalardandır. Bu funksiyaların reallaşmasına nail olmaq üçün kadr orqanı işçiləri bütün sahələr üzrə geniş məlumata malik olmalı və kadr axını üzrə biliklər əsasında insan resursları ilə təminat strategiyasının reallaşmasının praktik planını hazırlamağı bacarmalıdır.
- Azərbaycan Ordusunda xidmət edən kadr orqanı işçiləri hansı metod və təcrübələrdən istifadə edirlər?
- İnsan resurslarının idarə edilməsi prosesində müsbət nəticələrin əldə olunması idarəetmə qərarlarının keyfiyyət göstəricilərindən, onların prosesə təsir imkanlarından, həmçinin planlaşdırma mütəxəssislərinin peşəkarlığından əhəmiyyətli dərəcədə asılıdır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün planlaşdırma mütəxəssisləri proqnozlaşdırmanın məzmununu, mahiyyətini, əsas yanaşmalarını, metodlarını və prinsiplərini, həmçinin dövlət idarəetməsində planlaşdırma və proqnozlaşdırmanın xüsusiyyətlərini bilməlidirlər. Onlar əsas proqnozlaşdırma metodlarını tətbiqetmə və planlaşdırma vərdişlərinə malik olmalıdırlar. Peşəkar kadr orqanı işçiləri dünya ölkələrinin qabaqcıl təcrübəsindən, insan resurslarının idarə edilməsi metodologiyasından bəhrələnməlidirlər. Belə ki, hər hansı ölkə digər ölkələrin tətbiq etdiyi texnologiyalardan yaradıcılıqla yararlanmadan müsbət nəticə əldə edə bilməz.
- Kadr planlaşdırılmasının cari vəziyyəti, imkanları və perspektivlərinin təhlili barədə nə deyə bilərsiniz?
- Azərbaycan Ordusunda kadrların planlaşdırılması üzrə fəaliyyətlər sistemli şəkildə aparılır. Belə ki, Kadrlar İdarəsinin tərkibində planlaşdırma şöbəsi yaradılıb. Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun fəaliyyətin təşkili görülən işlərin keyfiyyətinin artmasında mühüm rol oynayır. Xüsusilə təyinatların kompüter proqram təminatı ilə həyata keçirilməsi şəffaflığın bariz nümunəsidir. Nəinki ilkin təyinat alan zabitləri, hətta gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının (əsgərlərin) təyinatı da kompüter proqram təminatı vasitəsilə həyata keçirilir. Həmçinin zabitlərin rotasiyası prosesi də bu proqramlar vasitəsilə icra olunur.
Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşmadan söz düşmüşkən "Gizir hazırlığı məktəbi"nin fəaliyyətə başlamasını xüsusilə vurğulamaq yerinə düşər. Bu məktəbin yaradılmasında başlıca məqsəd peşəkar gizirlərin hazırlanması və komanda idarəetmədə gizir konsepsiyasından istifadənin daha da artırılmasından ibarətdir.
Qeyd olunan mühüm xüsusiyyətlər və bu istiqamətdə görülən işlər mövcud problemlərin həllində, gələcək planların inkişafında və daha da sürətlənməsində mühüm rol oynayacaq.
Azərbaycan Ordusunun inkişaf istiqamətlərinə uyğun olaraq, zabit heyətinin vaxtında və ədalətli karyera inkişafının təmin edilməsi, onların peşəkarlıq keyfiyyətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə karyera inkişafının planlaşdırılmasının həyata keçirilməsi və bu məqsədlə karyera inkişafı mexanizmlərinin, metod və vasitələrinin müəyyənləşməsi perspektivdə reallaşdırılmalı olan prioritet məsələlərdəndir.
- Kadr planlarının tərtib edilməsi və reallaşması hansı əsas prinsiplər əsasında həyata keçirilir?
- Planların tərtib edilməsi və reallaşması planlaşdırmanın varisliyi, elastikliyi, onun uzlaşdırılması, qanunvericiliyin tələblərinin, fərdi və kollektiv psixologiyanın, qəbul olunan qərarların iqtisadi və sosial nəticələrinin nəzərə alınması, planın yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılması, qabiliyyətlərin (istedadların) üzə çıxarılması, planların icrasına nəzarət prinsiplərindən asılıdır. Bu prinsiplər əsas istiqamət meyarlarını müəyyənləşdirməklə kadr orqanı işçilərinin xidməti fəaliyyətlərini müəyyənləşdirir. Təbii ki, görülən bütün işlər bu prinsiplər əsasında aparılır ki, bu da inkişafa doğru yönəlmişdir.
- Cənab general-mayor, bildiyimiz kimi, prinsiplərlə yanaşı, metodlar da kadrların planlaşdırılmasında mühüm rol oynayır. Kadr planlaşdırılmasında hansı metodlar tətbiq olunur?
- Kadr planlaşdırmasında, bir qayda olaraq, keyfiyyət və kəmiyyət metodları tətbiq olunur. Azərbaycan Ordusunda kadrlara olan keyfiyyət göstəriciləri üzrə tələbat rütbə kateqoriyaları, hərbi uçot ixtisasları üzrə personala qoyulan tələblər nəzərə alınmaqla təşkilati-ştat strukturu əsasında müəyyən olunur. Keyfiyyət baxımından planlaşdırılma zamanı ekspert qiymətləndirmə, qrup şəklində qiymətləndirmə, modelləşdirmə metodlarının tətbiqi imkanları mövcuddur.
Kadrlara olan tələbatın kəmiyyət göstəricisi (tələb olunan kadrların sayı) mövcud dövrdə olan ştat sayı ilə faktiki komplektləşmə sayının müqayisəsi əsasında müəyyən edilir.
Kəmiyyət planlaşdırılmasında (saya görə planlaşdırma) isə əsasən balans metodundan istifadə edilir. Balans metodu təşkilatın malik olduğu və planlaşdırma dövründə tələbatın qarşılıqlı uzlaşdırılmasına əsaslanır. Bu zaman plan mövcud resurslar (resurs mənbələri) və həmin resursların paylanmasının əks olunduğu ikitərəfli cədvəl şəklində qurulur. Bu metod Azərbaycan Ordusunda xüsusi təyinatlı təhsil müəssisələrinin məzunlarının vəzifələrə təyinatı, zabit heyətinin rotasiyası, həmçinin kadr ehtiyatından istifadə (səfərbərlik planı) zamanı müvəffəqiyyətlə tətbiq oluna bilər.
- Cənab general-mayor, kadr planlaşdırılmasında proqnozlaşdırma barədə məlumat verə bilərsinizmi?
- Kadr planlaşdırılmasının əsasını proqnozlaşdırma təşkil edir. Proqnozlaşdırma - baxılan idarəetmə obyektinin gələcək inkişafının əvvəlcədən görülməsi, gələcək vəziyyətinin qiymətləndirilməsidir. Proqnozlaşdırma planlaşdırma prosesindən əvvəl aparılır, onun əsas məqsədi idarəetmə obyektinin dəyişmə qanunauyğunluqları və tendensiyalarının təhlilinə əsaslanaraq idarəetmə qərarlarının qəbulu üçün elmi əsasların formalaşdırılmasıdır. Bu prosesdə idarəetmə obyektinin gələcək inkişafının alternativ variantları, onun obyektə aktiv təsirinin nəticələrinin qiymətləndirilməsi nəzərdə tutulmalıdır. Kadr proqnozlaşdırılması şəxsi heyətin vəziyyəti və gələcək inkişaf istiqamətləri haqqında əsaslandırılmış təsəvvür olub, kadr strategiyasının və perspektivdə personal üzrə planların tərtib edilməsinin əsasıdır.
Elmi-texniki tərəqqinin sürətli inkişafı və qloballaşma tendensiyasının yüksəldilməsi şəraitində idarəetmə obyektlərinin gələcəkdə özünü necə aparmasında qeyri-müəyyənliklər kəskin artır, bu isə idarəetmə qərarlarında xətaların olmasına gətirib çıxarır. Ona görə XXI əsrdə proqnozlaşdırmanın rolu əhəmiyyətli dərəcədə yüksəkdir.
- Proqnozlaşdırmanın əsas məsələləri kimi sosial-iqtisadi proses və hadisələrin elmi təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi və aparıcı problemlərin üzə çıxarılması, bu tendensiyaların gələcək təsirinin qiymətləndirilməsi, yeni yarana biləcək vəziyyət və problemlərin əvvəlcədən görülməsi, perspektivdə mümkün inkişaf alternativlərinin qabaqcadan müəyyənləşdirilməsini qeyd etmək mümkündürmü?
- Proqnozlaşdırma prosesi proqnozlara əsaslanaraq həyata keçirilir. Proqnoz idarəetmə obyektinin gələcək vəziyyəti haqqında ehtimallı, lakin kifayət qədər etibarlı elmi cəhətdən əsaslandırılmış təsəvvürlər (fərziyyələr) sistemidir. Proqnozun əsas formalarından biri inkişaf ssenariləridir ki, onlar proqnozlaşdırılan vəziyyətdə konkret subyektin fərz edilən bu və ya digər təsirləri nəzərə alınmaqla hazırlanır.
Proqnozların hazırlanması obyektin və ya prosesin dəyişmə tendensiyasının təsviri və onları xarakterizə edən parametrlərin formalaşdırılması üsulları ilə həyata keçirilir. Obyektin və ya prosesin dəyişmə tendensiyasının təsviri üsulunda, əsasən cərəyan və faktlara görə yanaşma nəzərə alınır. Proqnozlaşdırmada cərəyanlara görə yanaşma proqnozlaşdırılan göstəricilərin dinamik zaman sırasının düzləndirilmiş qiymətinin ekstrapolyasiyasını nəzərdə tutur. Bu əvvəlki tendensiyaların xətti ekstrapolyasiyasından istifadə edilməsinə əsaslanan proqnozdur.
Proqnozlaşdırmada faktorlara görə yanaşma proqnozlaşdırılan obyektə təsirlər dairəsinin müəyyən edilməsini nəzərdə tutur. Bu yanaşma idarəetmə obyektinin gələcək vəziyyətinin mümkün inkişafına təsir edən müxtəlif faktorlara və faktorların kombinasiyasının təsirinin qiymətləndirilməsinə əsaslanır.
- Azərbaycan Ordusunda kadr idarəetmə sistemində keyfiyyət göstəricilərinin yüksəldilməsi, idarəetmədə taktiki yanaşmadan strateji yanaşmaya keçirilməsi tendensiyası kadr planlaşdırılması üzrə hansı fəaliyyətlərin icrasını zəruriləşdirir?
- İdarəetmə subyektləri tərəfindən kadr planlaşdırılmasının nəzəri-metodoloji əsaslarının dərindən öyrənilməsi, strateji kadr planlarında müasir silahların tətbiqi ilə bağlı kadrlara olan tələbatın proqnozlaşdırılması və nəzərə alınması, kadr planlarının ordunun inkişaf istiqamətlərinə uyğunlaşdırılması, planlaşdırma üzrə fəaliyyətlərdə innovasiya texnologiyalarının və metodlarının tətbiqi imkanlarından istifadə edilməsi vacibdir.
Bütün bu fəaliyyətlər Azərbaycan Ordusunda kadr idarəetmə sisteminin təkmilləşdirilməsinə, kadr orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına və hərbi qulluqçuların karyera inkişafına yönəlib.
- Sonda düzgün kadr islahatlarının nəticəsi olaraq Aprel döyüşləri, Günnüt zəfəri, Tovuz döyüşləri, Vətən müharibəsi və sonrakı uğurlu əməliyyatlar zamanı şəxsi heyətin peşəkarlıq fəaliyyətini, mənəvi-psixoloji vəziyyətini dəyərləndirməyiniz maraqlı olardı.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində Azərbaycan Ordusunun Vətən müharibəsindən sonra keçirdiyi uğurlu əməliyyatları qiymətləndirərək bildirmişdir: "Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir". Bu fikirlər onu göstərir ki, şəxsi heyətin kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılmışdır. Nəticədə bütün əməliyyatlar zamanı uğur əldə edilmişdir ki, bu da təyinatların qanunauyğun şəkildə aparıldığının göstəricisidir.
Bütün bunlarla yanaşı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək olmasının qazanılan qələbələrə mühüm töhfə olduğunu xüsusilə qeyd etmək lazımdır. Bu da şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, hərbi intizamın möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili və mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində görülən sistemli işlərin və bu  işlərə məsul şəxslərin öz xidmətlərinə məsuliyyətlə yanaşmasının, eləcə də onların peşəkarlığının nəticəsidir. Bu isə uğurlu kadr siyasətinin bəhrəsidir. Ali Baş Komandan cənab İlham Əliyev çıxışlarının birində bildirmişdi: "Hər bir hərbi hissədə ideoloji tərbiyə yüksək səviyyədə təşkil edilməlidir. Buna bütün rəhbər heyət cavabdehlik daşıyır ki, bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda döyüşsünlər, müstəqilliyin qədrini bilsinlər...".
Bizlər də Ali Baş Komandanın bu fikirlərini xidməti fəaliyyətimizdə rəhbər tutmuşuq və tutmaqda da davam edirik...
- Maraqlı müsahibəyə görə çox sağ olun!
- Sağ olun.

Müsahibəni apardı:

Ceyhun CƏFƏRLİ "Azərbaycan Ordusu"