VI əsrdən etibarən Qarabağda Xəzərlər, Səlcuqlar, Eldənizlər, Elxanilər, Qaraqoyunlular, Teymurilər, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və Azərbaycan türkləri hakimiyyətdə olub. XIX əsrdə ruslar erməniləri bölgəyə yerləşdirənə qədər Qarabağda, demək olar ki, bir nəfər də erməni olmayıb - bölgə tamamilə türk yurdu idi.
Tarixçi Bartxolda görə, "Qarabağ" adı türkcə "qara" (sıx, bol-bərəkətli) və farsca "bağ" (sıx bağ, bağlıq yer) sözlərinin birləşməsindən əmələ gəlib. "Qara" həm də böyük fikrini bildirir - Qarayazı, Qaradaş... Yəni, böyük bağları olan yer, ərazi, məkan.
VI əsrdə Xəzərlərin bölgəyə gəlişi ilə Qarabağ türk tarixində öz yerini tutmağa başladı. XI əsrdə Böyük Səlcuqların tərkibinə daxil oldu. Qacar, Qaramanlı, Otuziki, İyirmidörd, Baharlı tayfaları daxil olmaqla, bölgədə türkmənlər də məskunlaşdılar. Bölgə tamamilə türk yurduna çevrildi. Qarabağ haqqında Mustafa Aydın, Hüsaməddin Məmmədov, Gülşen Seyhan Alışık, Zabil Bayramlı və Bilal Bayramlının araşdırmaları vardır.
Sultan Alparslan Gürcüstan səfərindən qayıdarkən Qarabağdan qışlaq kimi istifadə edirdi. Böyük Səlcuqlardan sonra bölgədə İraq Səlcuqları, Eldənizlər, Elxanilər, Qaraqoyunlular, Teymurilər, Ağqoyunlular və Səfəvilər hakimiyyətdə olmuşdular.
1578-ci ildə Osmanlı-Səfəvi müharibələri zamanı Qarabağ Osmanlı ərazisi oldu. Qarabağ Osmanlı tabeliyində olarkən Gəncə vilayətinin tərkibində idi və "Vilayət-i Gəncə Qarabağ" adlandırılırdı. Səfəvilər 1603-cü ildə bölgəni yenidən ələ keçirdi və XVIII əsrə qədər tabeliyində saxladı. 1722-1724-cü illərdə rusların cənuba doğru irəliləməsi nəticəsində Osmanlılar hərəkətə keçərək Azərbaycanı ələ keçirdilər. 1724-cü ildə bağlanmış müqavilə ilə Qarabağ Osmanlı ərazisində qaldı. Lakin 1736-cı ildə bağlanan müqavilə ilə yenidən İrana verildi.
Qarabağ xanlığının yaranması
Qarabağı Osmanlılardan geri alan Nadir şah ona itaət etməyən Cavanşir tayfasının başçısı Pənahəlini Xorasana sürgün etmişdi, Nadir şahın ölümündən (1747) sonra Pənahəli xan Qarabağa qayıdaraq, Qarabağ xanlığının əsasını qoymuşdur. Pənahəli xan Türküstandan gələn Cavanşir tayfasının Bəhmənli qoluna mənsub Sarıcalı tayfasından idi.
Pənahəli xan 1748-1750-ci illərdə Bayat, Şahbulaq, Əsgəran və Şuşa (Pənahabad) qalalarını tikdirmişdir. 1755-ci ildə Şuşaya hücum edən Avşar Fətəli xana məğlub olan Pənahəli xan ona tabe oldu. Daha sonra Kərim xan Zəndlə birlikdə hərəkət edərək Fətəli xanı məğlub etdi. Lakin qüdrətli bir xanlığı qoyub getmək istəməyən Kərim xan Pənahəli xanı oğlu İbrahimlə birlikdə Şiraza apardı. 1759-cu ildə Şirazda atasının ölümündən sonra Qarabağa qayıdan İbrahim qardaşı ilə apardığı mübarizədə uğur qazandı və 1763-cü ildə Qarabağ xanlığının başçısı oldu.
Ruslar XVIII əsrin son rübündə Qafqazı işğal etməyə başladılar. 1783-cü ildə Gürcüstanı ələ keçirdilər. I Aleksandrın dövründə ruslar 1802-ci ildə Bakı və Qarabağın onlara tabe olmasını istəsələr də, buna nail ola bilmədilər. Bunun əvəzinə, 1804-cü ildə Gəncəni işğal etdilər. 1805-ci ilin mayında Kürəkçayda imzalanan müqavilə ilə İbrahimxan ruslara tabe oldu.
1806-cı ilin fevralında general Sisyanovun Bakıda öldürülməsindən sonra İbrahim xan rusları Qarabağdan qovmağı planlaşdırsa da, ruslar bundan xəbər tutaraq, 1806-cı il iyunun 10-da onu ailəsi ilə birlikdə öldürdülər. İran-Rusiya müharibələrindən (1804-1813) sonra bağlanan Gülüstan müqaviləsi ilə Qarabağ rusların tabeliyinə keçdi və 1822-ci ildə xanlıq ləğv edildi. Qarabağ xanlığının mövcudluğu bölgənin çiçəklənməsinə öz təsirini göstərmişdi. Xanlıq torpaqlarını qalalar, məscidlər, imarətlər bəzəyirdi. Xanlıqlar dövrünə qədər Qarabağın etnik quruluşunu araşdıran Qeybullayevə görə, Qarabağın yalnız bir neçə kəndində ermənilər yaşamış, Nadir şahın dövründə isə kənardan gətirilən ermənilər albanlara rəhbərlik etmişdilər.
Ermənilərin ruslar tərəfindən yerləşdirilməsi
Rusların məlumatına görə, 1810-cu ildə bölgədə 25 min nəfər yaşayırdı. Rusların 1823-cü ildə verdikləri rəqəm 90 min idi və bunun üçdəbir hissəsinin ermənilər olması göstərilirdi. Ruslar 1806-1812-ci illər Osmanlı-Rusiya və 1804-1813-cü illər Rusiya-İran müharibələri zamanı bölgəyə çox sayda erməni yerləşdirmişdilər. 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay müqaviləsinə əsasən, Azərbaycan iki yerə bölündü: ölkənin şimalı Rusiyada, cənubu İranda qaldı. Müqavilənin 15-ci maddəsi İranda yaşayan ermənilərin Rusiya tərəfindən Qarabağ ərazisinə yerləşdirilməsinə icazə verirdi. 1828-1830-cu illərdə Azərbaycana 40 min İran və 84 min Osmanlı ermənisi yerləşdirildi. Bu rəqəm XIX əsrin sonunda 1 milyona çatacaqdı.
Birinci Dünya müharibəsinin sonlarına doğru Qarabağ üçün çətin dövrlər başladı. 1917-ci il bolşevik inqilabından sonra ermənilər Qarabağ üzərində haqq tələb etməyə başladılar. Ruslardan qalan silah-sursatları ələ keçirən ermənilərə qarşı müdafiəsiz qalan Azərbaycan türkləri Osmanlıdan kömək istədi. Bundan sonra Ənvər paşanın əmri ilə Qafqaz İslam Ordusu quruldu. Nuri paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu erməni quldur dəstələrini darmadağın edərək, Bakıya doğru irəlilədi. 21 iyul 1918-ci ildə Şamaxı ələ keçirildi.
Şərq Orduları Qrupu komandiri Xəlil paşa və əməliyyata rəhbərlik edən Nuri paşa sentyabrın 15-də Bakıya daxil oldular. 1918-ci il oktyabrın 6-da Dərbənd azad edildi. Cəmil Cahid bəyin komandanlığı ilə 9-cu və 106-cı Qafqaz alayları Qarabağa göndərildi. Nuri paşanın komandanlığı altında Qafqaz İslam Ordusu 1918-ci il oktyabrın 8-də Şuşaya qədər üstünlük əldə etdi. Qarabağın tam süqutu yaxınlaşdığı bir vaxtda - 1918-ci il oktyabrın 30-da Mudros sülh müqaviləsi imzalandı. Atəşkəsin 11-ci və 15-ci maddələrinə əsasən, türk qoşunları Qafqazdan tamamilə çəkiləcək və Osmanlı hökuməti Bakının işğalına etiraz etməyəcəkdi. İngilislər tərəfindən ələ keçirilən Qarabağ 1919-cu ildə Azərbaycanın tərkibinə daxil edildi. Lakin 1920-ci ildə ruslar tərəfindən yenidən işğal edildi.
Azərbaycanın Böyük Qələbəsi
Sovet siyasətçisi Anastas Mikoyan Leninə etdiyi 20 may 1920-ci il tarixli məruzəsində ermənilərin Qarabağla heç bir əlaqəsinin olmadığını və buranın Azərbaycandan ayrılmamalı olduğunu bildirirdi. 1923-cü il iyulun 24-də Dağlıq Qarabağ Muxtar Vilayət elan edildi. Azərbaycanın idarəçiliyində yaradılan bölgəyə Cavanşir, Şuşa, Cəbrayıl, Zəngəzur və Qubadlının bir hissəsi daxil idi. 1970-ci illərin sonlarına doğru ermənilərin Qarabağdakı fəaliyyəti getdikcə genişlənməyə başladı. Azərbaycan hökuməti isə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etdi.
1987-ci ilin son aylarında Qarabağda yaşayan azərbaycanlılar ermənilər tərəfindən köç etməyə məcbur edildi. Ermənilər 1988-ci il fevralın 21-də Qarabağın Ermənistana məxsus olduğunu bəyan etdilər və həmin ayın 24-dən başlayaraq bu bölgədəki türklərə təzyiq göstərdilər. Həmin ilin iyununda Ermənistan SSR Azərbaycan Ali Sovetinə Dağlıq Qarabağla bağlı müraciət etdi, lakin bu təklif rədd olundu. Bu təklifi Moskva da qəbul etmədi. Ermənilər 1989-cu ildə Qarabağa gedən yolları kəsərək minaladılar, nəzarəti ələ keçirməyə başladılar. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsi Milli Müdafiə Komitəsi quruldu, SSRİ Ali Sovetin Rəyasət Heyəti Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiq etdi. Lakin sovet ittifaqı dağıldıqdan sonra ermənilər rusların dəstəyi ilə müxtəlif illərdə, o cümlədən Xocalıda qətliam törətdilər. 1992-ci ildə Şuşanı işğal etdilər. Qarabağ və onun ətrafında yaşayan azərbaycanlıların əksəriyyəti qaçqın düşdü, minlərlə azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Türkiyənin də dəstəklədiyi 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu böyük şücaət və qəhrəmanlıq göstərərək, Qarabağın və digər Azərbaycan torpaqlarının mühüm hissəsini işğaldan azad etdilər.
2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirlərində Azərbaycan Qarabağdakı terrorçuları 24 saatdan da az müddətdə məğlub etdi. Qarabağ Azərbaycanın idi, Azərbaycanın da oldu!
Qeyd: Dərc olunan məqalənin mətninin bütün hüquqları Turkuvaz Media Qrupuna məxsusdur. Mənbəyə istinad edilsə və ya mətnə keçid üçün aktiv link verilsə belə, mətnin tam və ya bir hissəsindən istifadə etmək qadağandır.
Erhan AFYONCU Türkiyə Silahlı Qüvvələrinin Milli Müdafiə Universitetinin rektoru, professor