Xatirə - olmuşlar, yaşanmışlar tarixidirmi? - olmuş, yaşanılmış hadisələr xalqla, dövlətlə, dövlətçiliklə bağlıdırsa, mahiyyəti dünyəvi proseslərə təsir edibsə, tarixi hadisədir.
2020-ci ilin 27 sentyabr günü tarixi gündür, həmin gün tarixi hadisə yaşanıldı - Vətən müharibəsi başladı. 27 sentyabr ədalətsizlik müharibəsinə qarşı Azərbaycanın başladığı ədalətli müharibənin ilk günü oldu. Ermənistanın işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi "Ohanyan səddi" ilk dəfə həmin gün dağıdıldı, ermənilər ilk dəfə həmin gün sarsıldı, işğalın sütunları həmin gün titrədi.
O tarixi gündən 3 il keçir. Neçə 3 illər, 30 illər,... keçəcək, Azərbaycanın ədalətli müharibəsi (həm də müharibənin ilk günü) yaddaşlarda da, tarixdə də yaşadılacaq...
Polkovnik-leytenant Nofəl Şahbazov:
- Birinci Qarabağ müharibəsində əsgər kimi, 2016-cı ilin Aprel döyüşlərində zabit kimi Talış, Suqovuşan istiqamətlərində döyüşmüşəm. Vətən müharibəsinin də iştirakçısı olmuşam. Hər üç döyüşün təəssüratlarını xatirələrimdə ömrüm boyu yaşadacam.
Vətən müharibəsi başlayanda bizim hərbi hissə də döyüşlərə cəlb olunmuşdu. Döyüş əmrinin icrası hər əsgərin döyüş əzmini, qələbə ruhunu kükrətmişdi. Sentyabrın 27-si döyüşlərin ilk günü oldu. Biz döyüşlərə Qubadlı istiqamətindən başladıq. Döyüşçülərimiz adi payız gününü adilikdən fərqləndirmək, Vətənə ad olan gün kimi tarixləşdirmək üçün döyüşürdülər...
Düşmən ciddi müqavimət göstərirdi. Bu müqaviməti qırmaq üçün gərgin döyüşlər gedirdi. Əvvəlki gün - ayın 27-də düşmən hücum edəndə döyüşdə şəhidlərimizin olduğunu biz də eşitmişdik. Əsgərlərdən birinin çağırışı əsgərlərin hamısını döyüş meydanına daha qətiyyətlə çıxartdı: Şəhidlərimizin ruhu da sıramızdadır! Döyüşü qələbə ilə başa vuracağıq!
2020-ci ilin 27 sentyabrı yaddaşımda "Vətən müharibəsi başladı!" - çağırışı ilə, bir də əsgərlərimizin "Döyüşə gedirik!" - coşqusu ilə qalıb...
Mayor Zaur Əliyev:
- Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad edildi. Bu müharibə hamımızın ömrümüzdədir. Hərbçi taleyimdən razıyam ki, mən də bu müqəddəs müharibənin iştirakçısı oldum. Universitetdə təhsil alanda gələcək taleyimlə bağlı çoxlu niyyətlərim olurdu. Sonuncu kursda oxuyanda televiziyadan maraqlı bir veriliş izləyirdim. Bir Ana doğma yurdundan uzaqlarda qəhərlə yaşanılan ayların-illərin ağrılarından danışırdı. Ananın dedikləri mənim də düşüncələrimi təlatümə gətirmişdi. Haldan-hala düşdüyümü görən tələbə yoldaşlarımın sorğusuna cavab olaraq demişdim ki, mən hərbçi olacam.
Müddətli həqiqi hərbi xidmətdən sonra “Ehtiyat zabit hazırlığı kursu”nu bitirdim. “Leytenant” rütbəsi ilə qoşunlarda xidmətə başladım.
Mən də digər hərbi qulluqçular kimi, xalq kimi torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın döyüş əmrini gözləyirdim. Əks-hücum əmri 2020-ci il sentyabrın 27-də verildi. Hərbi hissəmiz döyüşlərə Murovdağ istiqamətindən cəlb olundu. Sentyabrın 27-də aldığımız "Döyüşlər başladı!" məlumatı da, hərbi hissəmizə verilən döyüş əmri də günümüzün tarixi oldu. Təkcə bizim yox, xalqın tarixi oldu. Bu günü döyüşləriylə, qələbələriylə ordumuz tarixləşdirəcəkdi. Biz tarixləşdirəcəkdik. Döyüşdük. Döyüşə-döyüşə Şuşaya, Şuşadan Zəfərə yaxınlaşdıq. Mövqe qələbələrimiz döyüşçülərimizin döyüş əzmini də yüksəldirdi, qələbə ruhunu da. Döyüş bir qədər səngiyəndə döyüçülərdən biri demişdi:
- Komandir, əmr əmrdir. İmkan olarsa, məni Şuşa istiqamətində gedən döyüşlərə göndərin. Babam Birinci Qarabağ müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Onun Şuşada yarımçıq qalan ömrünün davamı olum. Əsgərin niyyəti məni də, digər zabitləri də qürurlandırdı, duyğulandırdı. Hamımız Azərbaycan əsgərinin mənəvi kamilliyinə görə qürurlandıq, şəhid olmuş babasının ömrünə bu səviyyədə sevgiyə görə duyğulandıq. O əsgər sonacan bizimlə bir sırada döyüşdü, mərdliklə döyüşdü. Şuşanın işğaldan azad edildiyini eşidəndə bir tərəfə çəkilib ağladığını da sezdik. Qələbəyə görə sevinən əsgər şəhid babasının ruhunun sıxıntılardan xilas olmasına da sevinirdi; göz yaşları sevincin yaşlarıydı...
Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Həmin gün hamımız sentyabrın 27-ni xatırladıq. Sentyabrın 27-sini noyabrın 8-nin başlanğıcı bildik, Zəfəri - Şuşa qələbəsinin davamı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu döyüşlər haqqında qürurla belə dedi: "Həmin günlərdə Azərbaycan əsgəri Şuşaya doğru irəliləyirdi. Sıx meşələrlə, dağlarla irəliləyən ordumuz bu yolda qəhrəmanlıq nümunələri göstərdi. Düşmənin heç vaxt ağlına belə gəlməzdi ki, Azərbaycan əsgəri dağlardan, dərələrdən, sıldırım qayalardan dırmaşıb keçərək Şuşaya çata bilər. Lakin ordumuz mümkünsüz görünən bu işləri reallığa çevirdi". Sentyabrın 27-si bu kəlamların da başlanğıcı oldu...
Vətən müharibəsinin ilk günü yaddaşımda döyüş əzmi kimi, qələbə ruhu kimi qalıb...
27 sentyabr tarixdir. Bu tarix işğalı sonlandıran tarixi bir Zəfərin başlanğıcıdır. 2020-ci il sentyabrın 27-si günü unudulmayacaq, heç vaxt unutmayacağıq!..
Əsgər Murad Cavadov:
- Onda orta məktəbdə oxuyurdum. Vətən müharibəsinin başlandığı xəbərini səhərisi gün - ayın 28-də eşitdim. Digər sinif yoldaşlarım kimi, mən də döyüşlərə getmək istədim. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsinə müraciət etdik. Yaşımızın azlığına, məktəbli olduğumuza görə aparmadılar. Həmin gün məktəbdə də, küçələrdə də ancaq döyüşlərdən danışırdılar.
Eşitdiklərimizi biz də maraqla dinləyirdik. Televiziyadan verilişləri, xəbərləri də böyük maraqla izləyirdik. Cəbhə xəbərləri hamımızın düşüncələrindəydi. Ordu hissələrimizin mövqe qələbələri qəlbimizi dağa döndərirdi.
Əsgərlərimizin düşmən sədlərini dağıtması, mövqe qələbələri qazanması müharibənin ilk günlərində hamı kimi, bizim də qələbəyə inamımızı artırmışdı. İnanırdıq ki, ordumuz qalib gələcək, torpaqlarımız işğaldan azad ediləcək.
Müharibənin ilk günündə də şəhidlərimiz oldu. Onlar ordumuzun qələbəsi naminə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuşdular. Onların hər birini özümüzə örnək bildik.
Vətən müharibəsi ordumuzun tarixi Zəfəri ilə başa çatdı. Nə müharibəni, nə də döyüşləri heç birimiz unutmayacağıq. Vətən müharibəsinin ilk gününü necə yaşadığımızı da yaddan çıxarmayacağıq...
Əsgər Malik Atakişiyev:
- Sentyabrın 27-si yaddaşımda həm Vətən müharibəsinin başladığı gün kimi qalıb, həm də ordu hissələrimizin düşmənin sədlərini dağıtdığı gün kimi. Həmin gün həm ordumuzun ilk qələbələr qazandığı gün kimi xatırlancaq, həm də döyüşlərdə şəhid olanların sonuncu gülləsini atdığı gün kimi...
Biz də hamı kimi müharibəni televiziyadan izləyirdik. Xəbərlərə baxırdıq, verilişlər izləyirdik. Döyüşlər haqqında məlumatlar alırdıq. Ordu hissələrimizin qazandığı mövqe qələbələrinə sevinirdik, şəhidlərimizə görə qəhərlənirdik.
Nurəddin Məstəliyev Qaradağ rayonunun Qızıldaş qəsəbəsində dünyaya göz açmışdı. İdmançı idi, respublika çempionu olmuşdu. 20 yaşı vardı. 2020-ci il sentyabrın 27-də Ermənistan ordu hissələrinin torpaqlarımıza hücumunun qarşısını alanların sırasında Nurəddin Məstəliyev də vardı. Həmin döyüşlərdə o da mərdliklə vuruşdu, şəhid oldu. Müharibənin ilk günü - sentyabrın 27-də. Bunları mən müharibənin səhərisi gün atamdan eşitmişdim.
2021-ci il sentyabrın 27-də müəllimimiz bizdən soruşdu ki, dərsə başlamamış nədən danışaq. Mən təklif etdim ki, Nurəddindən, ötən il sentyabrın 27-də şəhid olan döyüşçülərimizdən.
Müəllimimizin təklifi ilə Nurəddin haqqında bildiklərimi danışdım. Nurəddinin timsalında bütün şəhidlərimizi andıq. Sonra müəllimimiz Vətən müharibəsinin başlamasının ilk günündən, müharibədən, döyüşlərdən, qazanılan tarixi Zəfərdən danışdı. Onu da dedi ki, Vətən müharibəsinin başladığı gün də tarixdi. Bu günü biz də unutmayacağıq, siz də unutmayacaqsınız, sizdən sonra təhsil alacaq şagirdlər də unutmayacaqlar. Müharibənin ilk günü yaddaşımda məktəbimizlə əlaqəli qalıb, bu xəbəri ilk dəfə məktəbimizdə eşitdim, bir il sonra bu duyğuları da məktəbimizdə yaşamışam...
Ceyhun CƏFƏRLİ "Azərbaycan Ordusu"
fotolar Namiq PƏNAHOVUNDUR