Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Oktyabr 2023 10:45

10 oktyabr Azərbaycan xalqının həyatında əlamətdar tarixdir

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi...
Azərbaycanın müstəqilliyini dünyanın əksər dövləti tanıdı.
Həm Ermənistanın ədalətsiz müharibəsi, həm də respublika daxilində baş verənlər (hakimiyyət boşluğu, səriştəsizlik, iddialar, separatçılıq və s.) qarşıdurma yaratmaqda idi.  Xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu, Azərbaycan dövlətçiliyini labüd iflasdan xilas etdi.    
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri xalq üçün mühüm tarixi hadisə ola bilərdi,  tarixi hadisə - Azərbaycanın düşdüyü siyasi (həm də iqtisadi) vəziyyətdən qurtuluşu, həm də dünyəvi dövlətçiliyin başlanğıcı kimi tarixləşəcəkdi, əgər düzgün seçim olardısa. Xalq heç zaman səhv etməyib. Xalq seçimini etdi, böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçim bəşəri dövlət olmaq etibarilə müasir Azərbaycanın yaşam sənədi oldu.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içdi. İnauqurasiya bir inamın təsdiqi oldu: Azərbaycan bütün sınaqlardan, müharibədən də qalibiyyətlə çıxacaq, ölkə siyasi sabitlik, yüksək iqtisadi inkişaf və dönməz tərəqqi dövləti olacaq. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev andiçmə mərasimində dedi: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".
Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ölkədə ictimai-siyasi sabitlik yarandı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikanın sosial-iqtisadi yüksəlişini müəyyənləşdirən amillər reallaşdırıldı. Dövlət çevrilişinin qarşısı alındı, Gəncə qiyamı, vətəndaş müharibəsi təhlükəsi sovuşdu. Respublikada ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirilirdi ki, bunlar da ordunun nizami ordu kimi formalaşmasını təmin edirdi. Zabit kadrları hazırlığı genişləndirilməklə təkmilləşdirildi, proqram materialları yeni fənlərlə, yeni elmi müddəaları əhatələyən mövzularla zənginləşdirildi. Bu proses dönməzləşdi...
Yerli özünümüdafiə taborları buraxıldıqdan sonra Azərbaycan Ordusunda vahid komandanlığın yaranması müasir ordu quruculuğunun başlanğıcı oldu. Horadiz əməliyyatı ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını yüksəltdi, qələbə ruhunu artırdı. Beləliklə, bir bazis üzərində inkişaf etdirilən ordu quruculuğu Heydər Əliyevin fenomenal düşüncəsinin fəaliyyətə tətbiqini təmin etdi. Ordu quruculuğunda daha gərəkli kompleks tədbirlərin həyata  keçirilməsi üçün etibarlı zəmin yaradıldı...
Ordumuz yarana-yarana formalaşırdı, formalaşa-formalaşa da yaranırdı...
"Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır", - deyən böyük tarixi şəxsiyyət Heydər Əliyevin dövlətçilik qüdrətinin mənəvi əsası azərbaycançılıq ideologiyası idi. Milli ideologiya kimi formalaşan bu ideologiya təkcə Azərbaycanın ərazisində deyil, bütün dünyada yaşayan azərbaycanlıların məfkurəsi olmuşdu. Bu ideologiya dünya azərbaycanlılarını birləşdirirdi. Böyük tarixi şəxsiyyət bu birliyi təşkilatlandırdı. Bakıda Dünya Azərbaycanlılarının qurultayı çağırıldı. Bu ideologiya qüdrətli bir mənəvi gücə çevrildi.
Böyük tarixi şəxsiyyət deyirdi: "Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir". Bu kəlamlar indi də çağdaş dövlətçilik tezisləri kimi yaşadılmaqdadır...
Uğurlu xarici siyasət dövləti  dünyaya daha yaxşı tanıdır. Beynəlxalq təşkilatlarla bərabərhüquqlu  əməkdaşlıq dövlət müstəqilliyi üçün başlıca amillərdəndir. Azərbaycan da müstəqil dövlət olaraq kollektiv müqavilələrdə təmsil olunurdu, iqtisadi potensialı onu dünya dövlətlərinin nüfuz dairəsi ilə əhatələyirdi, "Böyük İpək yolu"nun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirirdi. "Əsrin müqaviləsi" Azərbaycanla dünyanın nüfuzlu dövlətləri arasında iqtisadi bağlılığın ən etibarlı vasitələrindən biri oldu. Bu iqtisadi əlaqə mahiyyət etibarilə siyasi əlaqə idi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycanın nüfuzunu dünya miqyasında yüksəltdi. Azərbaycan beynəlxalq təşkilatlarda təmsil olunmağa başladı. Dünya dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi müqavilələr imzalamağa maraq göstərirdi. Bu da Azərbaycanın iqtisadi inkişafı üçün etibarlı zəmin yaradırdı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdi, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni, ölkəmizin ərazi bütövlüyü təmin edilməklə həll olunması təşkil edirdi. Məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olaraq Ermənistanın işğalçılıq siyasətinə qarşı məntiqli, əsaslandırılmış fikirlər deyirdi, Ermənistanın işğalçılıq niyyətinin  mahiyyətini dünya ictimaiyyətinə çatdırırdı. Bununla da beynəlxalq tədbirlərdə, sammitlərdə dünyanın əksər dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Ermənistanın işğalçılıq siyasətini pislədiyini bildirirdi, bu fikirləri ifadə edən qətnamələr, bəyanatlar qəbul olunurdu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olduğu müddətdə də Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə qayğı göstərirdi, onun tarixləşməsini azərbaycançılığın mühüm tərkib hissələrindən biri bilirdi. "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi, yazıçı və şairlərin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, dünya şöhrətli sənətkarlara abidələr ucaldılması, Azərbaycan mədəniyyətinin elmi əsaslarla təbliği, ... Azərbaycana böyük xidmət kimi tarixləşdi, həmin tarixləşmənin işığı bu gün də dünyanı dolaşmaqdadır...  
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıdışı ilə Azərbaycanın siyasi nüfuzu yüksəldi, dünya birliyi Azərbaycana böyük ehtiramlarla yanaşdı, Azərbaycanın iqtisadi qüdrəti daha da artdı. Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər ordunun nizami ordu kimi formalaşmasını təmin etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da dahi şəxsiyyətin yolunu uğurla davam etdirdi. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı, 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri ilə separatçı qüvvələr də, Ermənistan silahlı qüvvələrinin dağılmış hissələri də tərk-silah edildi, qondarma hərbi xunta rejimi öz fəaliyyətini dayandırdı.

"Azərbaycan Ordusu"