Ermənistan işğalçı dövlət kimi elan etmədən Azərbaycanla müharibəyə başladı, havadarlarının siyasi və hərbi dəstəyindən bəhrələndi, Azərbaycanın 20 faiz ərazisini işğal etdi, beynəlxalq təşkilatların, bu sıradan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədi, işğalçı dövlət kimi illərlə sülh danışıqlarından yayınmaqla regionda mövcud status-kvonu saxlamaq istəyirdi. Yeni ərazilər işğal etmək niyyəti ilə işğal etdiyi ərazilərdən Azərbaycanın ərazilərinə hücumlarının qarşısını Azərbaycan Ordusunun hissələri qətiyyətlə alırdı.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun hissələri düşmənin irimiqyaslı təxribatının qarşısını aldı, hücum dayandırıldı, Ali Baş Komandanın döyüş əmri ilə başlayan əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdirildi.
Xalqın ruhunun arzuladığı günün üçüncü ili ərəfəsində "N" hərbi hissəsində asudə vaxtda əsgərlərlə söhbətləşirik. Səmimi söhbətləşmədi. Əsgərlər Vətən müharibəsi haqqında bildiklərini deyir, bilmədiklərini deyilənlərdən öyrənir; bugünkü söhbətin mahiyyəti öyrənməkdi, bu öyrənmə mənəvi-psixoloji hazırlıq üçündü...
Mayor İsrafil Muxtarov söhbətə başlanğıc kimi deyir ki, xalq bu müharibəni gözləyirdi, arzulayırdı. İllər ev-eşiyindən, doğma ocağından iraq düşənlərin qəhəri kimi yaşanılırdı - işğal olunmuş ərazilər xalqın gündüzlər düşüncələrindəydi, gecələr yuxularında. Ali Baş Komandanın döyüş əmri ilə başlayacaq müharibə xalqın müharibəsi olacaqdı. Bu əmr 2020-ci il sentyabrın 27-də verildi. Xalqın müharibəsi başladı. Vətən müharibəsi başlayanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi ki, biz haqq yolundayıq, bizim işimiz haqq işidir, biz Zəfər çalacağıq. Bu inam, həm də müharibənin ilk günü səslənən inam ordunun döyüş əzmini, qələbə ruhunu yüksəltmişdi, xalqın əminliyini artırmışdı.
Leytenant Pərvin Məmmədov əsgərlərin düşüncələrini Vətən müharibəsinin ilk günlərinə yönəldir:
- Ordumuz düşmənin qəfil hücumuna həmişə hazır idi. Hazırolma yüksək döyüş hazırlığı deməkdir. Düşmən Azərbaycan əsgərinin döyüş hazırlığının səviyyəsini 2016-cı ilin aprelində görmüşdü.
Əsgər Əkbər Zeynalov Vətən müharibəsinin ilk gününü xatırlayır, səsində bir əlçim sevinc də var, dönməz qürur da:
- Vətən müharibəsində biz orta məktəbdə oxuyurduq, əsgər yoldaşlarımızdan bəziləri tələbə idi. Onları tələbə olduqlarına görə, bizi yaşımızın azlığına görə döyüşlərə aparmadılar. Ona görə müharibənin gedişini televiziyadan izləyirdik. Ali Baş Komandanın xalqa müraciətləri müharibədə böyük ruh yüksəkliyi yaradırdı. Xalq özünü döyüşlərin içində hiss edirdi. Xatırlayıram ki, sentyabrın 28-də bu müraciəti hamı kimi, mən də ömrümə köçürmüşdüm. Ömürlərə köçürülmüş bu müraciət xalqı bir amal naminə səfərbər etmişdi...
Əsgərin dedikləri hiss edilməsi çətin olmayan coşqu yaradır. Bu coşqu döyüşlərə, döyüşçülərə ehtiramın coşqusudu.
Bir ana döyüşən orduya göndərdiyi məktubda tanımadığı əsgərə yazmışdı ki, oğlum döyüşdə şəhid oldu. Siz döyüşün, qələbə qazanın, qələbədən sonra sizi milyonlar qarşılayacaq. Mən qarşıma çıxan ilk əsgəri şəhid oğluma əvəz bağrıma basacam, onu oğlum biləcəm. Xalq müharibədə döyüşənləri belə sevirdi, doğması bilirdi, döyüşlərin sonunu belə görürdü, - əsgər Ömər Əliyev xalqın Vətən müharibəsinə ruhən bağlılığını belə ifadə edir. Bu bağlılığın başlanğıcı min illərin o üzündədi, belə bağlılıq xalqla birlikdə yaşayır - yaşarı bağlılıqdı, bəşəri bağlılıqdı...
Əsgər Oral Ağayev deyir ki, düşmən həmin məğlubiyyətin sonluğunu nəzərə almamışdı, niyyətindən əl çəkməmişdi. Həm də işğal etdiyi ərazilərdə möhkəm sədlər, döyüş mövqeləri qurmuşdu.
Onun fikrini Ömər Əliyev tamamlayır:
- İşğal müddətində bu sədləri həm möhkəmləndirmişdi, həm də təkmilləşdirmişdi.
Əsgər Tural Ağayev əsgər yoldaşlarının dediklərini qürurla, qürrəylə ümumiləşdirir:
- Azərbaycan əsgəri düşmənin bu sədlərini darmadağın etdi, çığnayıb keçdi, ilk qələbələr qazandı. Bu qələbələr sonrakı qələbələrin başlanğıcı oldu.
Əsgərlərin düşüncələri də, dedikləri də bizə bir gerçəklik yaşadır: qaliblər haqqında deyilənlər tarix kimi dinlənilir. Əsgərlərin Vətən müharibəsindən danışdıqları gerçəklikləri həm tarixin zərrəsi bilirik, həm də təəssübkeşlik. Təəsübkeş olmayan heç zaman yaxşı vətəndaş, yaxşı hərbçi ola bilməz. Bu gün asudə vaxtda söhbətləşdiyimiz əsgərlərin təəssübkeşliyi zabitlərə də, bizə də könül xoşluğu verir.
Vətən müharibəsi Azərbaycan vətəndaşlarının, hər bir azərbaycanlının həyatına hopmuşdu. Hamı döyüşlərlə nəfəs alırdı. Döyüşlər gedən vaxtlarda hamının düşüncələrində güllələr açılırdı, mərmilər partlayırdı, düşmənin mövqeləri dağıdılırdı, döyüş texnikaları, canlı qüvvəsi məhv edilirdi.
Əsgər Əkbər Zeynalov deyir ki, mən hərbi xidmətə Ağcabədidən çağırılmışam. Döyüşlər vaxtı məktəbli idim. Xalqın döyüşlərə, döyüşənlərə münasibətini görürdüm, duyurdum. Hamı əsgərlərin yanına can atırdı, döyüşənlərin sırasında olmaq istəyirdi. Əsgərin heç nəyə ehtiyacı olmasa da, analar müxtəlif yeməklər hazırlayıb döyüşən orduya göndərirdilər.
Əsgərin sözünün qüvvəti kimi deyirəm ki, oktyabrın əvvəllərində bir kəndin bir məhəlləsinin analarının döyüşçülər üçün hazırladığı, ciddi xahişlərlə yola saldığı yeməyi aparan yük maşınında biz də var idik. Döyüşdən çıxan əsgərlər də, döyüş əmri almış əsgərlər də bunu bilincə, dağların o üzünə baxdılar, baxışlarında sədaqət görmüşdüm, and görmüşdüm. Dan yeri söküləndə düşmənin həmin istiqamətdə iki mühüm döyüş mövqeyi darmadağın edilmişdi...
Əsgər Oral Ağayev müharibədə eşitdiyi bir döyüşü xatırladır:
- Füzuli istiqamətində ağır döyüşlər gedirmiş. Döyüşçülərdən biri yaralanır. Sol tərəfində döyüşən döyüşçü onun yaralandığını, torpağa sarı əyildiyini görür. Köməyinə tələsir. Əli yaralı döyüşçüyə çatan anlarda düşmən snayperi onu başından vurur. Yaralını döyüşdən çıxartmaq istəyən döyüşçü də şəhid olur. Vətən müharibəsində hər döyüşçünün bir amalı olub: Qələbə! Qələbə naminə döyüşüblər.
Söz sözü çəkir. Əsgərlər Vətən müharibəsinin döyüşlərini, döyüşənləri, şəhidləri xatırlayırlar. Hər xatırlama müharibənin bir anıdır. Tarixləşəni də var, hələ ictimailəşməyəni, tarixləşməyəni də. Bu anlarda ən səmimi söhbətdaşımız əsgər düşüncələridi, əsgər yaddaşıdı.
- Ağdamın Çullu kəndindən iki əkiz qardaş vardı - Nazir, Tacir Allahverdiyevlər. 2001-ci ilin aprelində anadan olmuşdular. Müharibə başlayanda hərbi xidmətdəydilər. Oktyabrın 24-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid oldular.
Əsgərin səsində çırpınan qəhərdə bir əlçim təsəlli də var: Nazirin də, Tacirin də uğrunda döyüşdüyü torpaqlar işğaldan azad edildi.
Əkiz qardaşların şəhidliyi hamımıza bir mətləbi xatırladır: Vətən müharibəsi müqəddəs müharibə idi, əsgərlərimiz, zabitlərimiz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularımız, könüllülərimiz Vətənin müqəddəsliyini işğal yükündən xilas etmək üçün döyüşürdülər. Şəhidlikdən keçməyən döyüşlərin sonunda qələbə olmur; Azərbaycan əsgəri döyüşdü, tarixi Zəfər qazanıldı. Əsgərlərin sözünə qüvvət kimi Şuşa uğrunda gedən döyüşlərin bir məqamını xatırladıram: döyüşçü yaralanır. Çətinliklə də olsa bir tərəfə çəkilə bilir. Yoldaşlarını döyüşdən ayırmaq istəmir. Son nəfəsi ərəfəsində qanı ilə dağın sinəsinə "Qarabağ Azərbaycandır!" yaza bilir. Döyüşçü ömründən dağlara düşən son qan da Azərbaycan deyir.
Xatırlatmam əsgərləri duyğulandırır, kövrəldir. Bu kövrəlmə qətiyyətdən, qürurdan dikələn kövrəlmədi. Əsgər İlkin Abbasov yoldaşlarına baxir, komandirlərinə baxır. Bir anlığa duruxur və qətiyyətlə deyir ki, həmin döyüşçü də, digər şəhidlər də hamımızın qardaşıdı. Biz onların ruhunun arzuladığı kimi xidmət edəcəyik, Hərbi Anda, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edəcəyik...
Xalqımız müstəqillik, azadlıq üçün min illərlə minlərlə döyüşlərdən keçib. Bu minlərlə döyüşün bəzisi məğlubiyyətlə nəticələnib. Ancaq məğlubiyyətlər xalqın qələbə ruhunu, azərbaycançılıq ruhunu azalda bilməyib. Bu ruh həmişə Qələbəyə köklənib. Qələbə ruhudu, Qələbənin ruhudu.
Əsgər İlkin Abbasovun dedikləri hamımızı duyğulandırır:
- Azərbaycan Respublikasının Prezidenti 27 sentyabrı Anım Günü elan edib. Biz də heç zaman unutmayacağımız şəhidləri ehtiramlarla anırıq. Azərbaycan əsgəri onların ruhunu da həmişə sıralarında biləcək...
Hər təqvim günü tarixləşmir. Dövlətçiliyin, dövlətin, xalqın adına ad olmayan təqvim günü tarixləşə bilməz. 28 May, 18 Oktyabr, 20 Yanvar, ... kimi 27 sentyabr da tarixi gündür. 27 sentyabr Azərbaycan Ordusu Ermənistanın böyük təxribatlar törətməklə yeni ərazilər işğal etmək niyyətli hücumunun qarşısını aldığı gündü, qarşısı alındığı, hücumun əks-hücum əmri ilə davam etdirdiyi gündü, azərbaycançılığın erməniliyə qarşı ədalətli müharibəyə başladığı gündü, Vətən müharibəsinin ilk günüdü...
İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra döyüşlərdə iştirak etmiş bir əsgərdən soruşmuşdum ki, müharibədə ilk gülləni atdığın anı necə xatırlayırsan. Əsgər cavab olaraq demişdi ki, barmağım tətiyi sıxanda bir qədər narahatıydım ki, birdən gülləm düşmənə dəyməz. Sonrakı döyüşlərdə döyüşçülərimizin düşmənin atışlarını seyrəldən atışlarının qələbəyə yaxınlaşdırdığına əmin idik.
Vətən müharibəsində gecələr xeyli qısalmışdı. Camaat gecə keçənə kimi həyətlərdə, söhbətləşmə yerlərində döyüşlərdən, döyüşənlərdən, qazanılan qələbələrdən danışırdı. Bu söhbətlər müqəddəsliyə - Vətənə sevgi idi, müqəddəs döyüşlərə xeyir-dua idi, müqəddəs sonluğa - Zəfərə inam idi. Xalq əmin idi ki, Vətən müharibəsi qüdrətin təntənəsi olacaq!..
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"