Salam, ulu dağlar, salam, dağlara çətir olan göylər, salam, ot basmış cığırlar, salam, yaraları qaysaqlamayan torpaq, salam, dağları bir boy da dikəldən, işğalı son nəfəsinə qısnayan Azərbaycan əsgəri! Neçə illərdi bunca ürəkdolusu salamlaşdığım olmamışdı, bunca duyğulanmamışdım, könlüm bunca tellənməmişdi. 2020-ci ilin 9 noyabrına ən gözəl səhər demişdim. 2023-cü ilin 20 sentyabrı ən gözəl gün oldu...
Azərbaycan əsgərini salamlamaq, bu gün salamlamaq, burada salamlamaq səadətdi, Vətən! - demək keçir könlümdən...
Artilleriyaçıların əhatəsində bu günün adına ad olan işıq əsgərlərin də, bizim də düşüncələrimizin işığına dönür...
2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildi. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat işğalçı dövlətə (Ermənistana) məğlubiyyət, qalib dövlətə (Azərbaycana) qalibiyyət sənədi idi. Ermənistan Bəyanatın şərtlərinə əməl etmədi, ordusunun qalıqları Xankəndinə, Ağdərəyə, Xocalıya sığınmışdı. Adına seraratçı qüvvələr deyirdilər. Əslində, böyük əksəriyyəti Ermənistanın hərbçiləri idi. Vaxtaşırı işğaldan azad edilmiş ərazilərdə - Kəlbəcərdə, Laçında, Ağdamda təxribatlar törədirdilər.
Üçtərəfli Bəyanatın şərtləri yerinə yetirilmədi. Azərbaycan dəfələrlə işğalçı dövləti, bəyanatın imzalanmasının iştirakçısı olmuş dövləti, işğalçının havadarları olan dövləti sülh niyyətinə dəvət etdi. Ermənilik buna imkan vermədi.
Ermənilərin növbəti terror aktlarından sonra Azərbaycan suveren hüquqlarını müdafiə etmək üçün lokal xarakterli antiterror tədbirlər görməyə qərar verdi. Tədbirlər sentyabrın 19-da başladı...
Ağdərənin yaxınlığında Qələbə ovqatı ilə deyilənləri əsgərlər qələbə ovqatı ilə dinləyirlər. Döyüşdən sonra, qələbədən sonra Böyük Qələbənin cazibəsində bəşəri qələbənin qürurunu yaşaya-yaşaya dinlədiklərini müharibə tariximiz kimi dinləyirlər. İkinci Qarabağ müharibəsində artilleriyaçılarımızın döyüşlərini xatırlayıb dinləyirlər, o döyüşlərlə bu döyüşlər arasında ruhi bağlılığı görə-görə dinləyirlər.
Bir az əvvəl zabit müharibədə artilleriyanın fəaliyyətindən söz açmışdı:
- Artilleriya müharibədə düşmənin atəş vasitələrini, döyüş texnikalarını, canlı qüvvəsini, müdafiə sistemini, istehkam qurğularını, ... məhv edir. Bunlar artilleriyanın hücum xarakteridir. Artilleriya ordu hissələrinin mövqelərini, canlı qüvvəsini də qoruyur, əməliyyatlarda ona atəş dəstəyi verir. İkinci Qarabağ müharibəsində artilleriyaçılarımız vəzifələrini son dərəcədə yüksək məsuliyyətlə yerinə yetirdilər. Şuşa şəhərinin işğaldan azad edilməsi müharibəni başa çatdırmışdı. Ermənistan məğlubiyyəti sənədləşdirən üçtərəfli Bəyanata əməl etmirdi...
Zabitin dediklərini əsgərlərə də xatırladıram. Deyirəm ki, Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə də budaqları torpaq silən ağaclar göyçək-göyçək ləngərlənirdi, çəmənlər çiçək-çiçək gümüldənirdi, çiçəklər ləçək-ləçək gülümsünürdü. 2020-ci il noyabrın 25-dən üzü bu yana beləydi. Bu ecazkarlıq Ağdamın işğaldan qurtuluşundan sonra yaranmışdı. O qurtuluş İkinci Qarabağ müharibəsi iştirakçılarının döyüşlərinin qüdrətidi. Onlarla hamımız qürurlanırıq...
İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən üç il keçir. On-on beş gün əvvələ kimi hər söhbətimizin mübtədası Vətən müharibəsi olurdu, bu gün o döyüşlərə, o döyüşlərdə Zəfər qazananlara, döyüşlərdə şəhid olanlara - ehtiram. Bu gün Zəfərin işığında Zəfər günüdü!..
Top komandiri kiçik çavuş Ceyhun Səlimzadə İkinci Qarabağ müharibəsinin iştirakçısıdı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasən "Xocavəndin azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
- Hərbi xidmətə çağırılana kimi, mən də efirdən eşidirdim, bilirdim ki, Ermənistan işğal müddətində müdafiə sədlərini möhkəmləndirirdi, təkmilləşdirirdi. Azərbaycan Ordusu bu sədləri dağıdıb keçdi, döyüşə-döyüşə Böyük Qələbəyə yaxınlaşdı, tarixi Zəfər qazandı. Ermənistan məğlub olduğunu etiraf etdi, ancaq məğlub dövlət kimi deyil, döyüşə hazırlaşan, revanşist dövlət kimi davranırdı. Niyyətini separatçılıq bürüncəyi altında davam etdirirdi. Xankəndidə, Ağdərədə, Xocalıda cəmləşmiş hərbçilər Ermənistan silahlı birləşmələrinin əmrlərinin icraçısıydı, - əsgər Elçin Əsədov belə deyir.
Vətən müharibəsi iştirakçısı olmuş top komandiri kiçik çavuş Ceyhun Səlimzadə gənc əsgər hazırlığı keçmiş əsgərlərlə döyüş təcrübəsindən danışıb, onlara artilleriyanın döyüş imkanlarını da mənimsədib.
- Öyrəndiklərimizin döyüşlərdə nə qədər gərəkli olacağını bilirdik. Öyrənə-öyrənə peşəkarlaşdıq. Əsgərana, Xocalıya aparan yolları görəndə ürəyimiz gizildəyirdi. O yollardan keçəcək döyüşçülərimizə atəş dəstəyi verməyə niyyətli idik.
- Düşmənin mövqelərinə hücum edənlərin sırasında olmağa niyyətliydik.
Əsgər Sahil Xəlilov əsgər yoldaşının sözünə qüvvət kimi belə deyir.
- Bu gün düşmənin zenit-raket qurğusu da daxil olmaqla, xeyli hərbi qurğusu sıradan çıxarıldı.
- Antiterror tədbirindən əvvəl komandirimiz deyirdi ki, Ermənistan rəsmiləri "Xankəndində Ermənistana aid silahlı qüvvələr yoxdur", - deyirdilər. Dağdan-dərədən daşınan silah-sursatı kim göndərir, kimə göndərir? - sualı həmişə cavabsız qalırdı. Bilmirəm deyə bilmirdilər (onların hərbi maşınlarıyla daşınırdı), xəbərimiz yoxdu deyə bilmirdilər (ordumuzun müşahidə vasitələrinin qeydə aldığı videolar bütün dünyaya təqdim edilmişdi). Xankəndinə təzyiqlər ciddiləşəndə Ermənistan da, onun səsinə səs verənlər də Azərbaycanı səbəbsiz-filansız suçlayırdı.
Lokal antiterror tədbirlərinin başlanması bu kimi məqamlarla da bağlı idi.
Ədalətsiz və ədalətli müharibə terminləri olduğu kimi, ədalətsiz və ədalətli atışlar da var. Bir məsəl düşür yadıma: "Döymə taxta qapımı, döyərəm dəmir qapını". Ədalətli atış aparmış əsgərlərimizə "Qolunuza qüvvət!" deyirəm. Bu alqış Azərbaycan Ordusunun bütün əsgərlərinə ünvanlanır! Lokal xarakterli antiterror tədbirlərinin iştirakçısı olmuş əsgərlər də Vətən müharibəsində Zəfər qazanmış əsgərlərin həm hərbi, həm də mənəvi davamçıları oldular...
Müharibədə döyüşən ordumuza atəş dəstəyi verən artilleriyaçılar Zəfərdən sonra təxribatlar törətmək istəyən düşmənin fəallaşmasının qarşısını alır, komandanlığın verdiyi koordinatları dəqiq atəşlərlə məhv edirlər.
Komandirimiz deyir ki, antiterror tədbirlərində ermənilər silah-sursatlarının, döyüş texnikalarının çoxunu itirdi, - əsgər Sahil Xəlilov belə deyir. Əsgərlərin ap-aydın sevincini aydınlıq içində görürəm. Sevincim sevinclərə sarılır...
- Düşmən uzun müddət bu ərazilərdə, təpəliklərdə, yüksəkliklərdə mühəndis baxımından hazırlanmış mövqelər qurmuşdu. Ağır relyef şəraitində döyüşçülərimiz bu mövqeləri də darmadağın etdilər. Bütün istiqamətlərdə mühüm qələbələr qazanıldı, - kiçik çavuş Ceyhun Səlimzadə qürurla belə deyir.
- Bizə düşmənin hərbi strukturlarının legitim hərbi obyektlərinin koordinatları verilirdi. Döyüş əmrini yüksək peşəkarlıqla yerinə yetirirdik. Tam məsuliyyəti ilə deyə bilərik ki, atışlarımız mülki əhaliyə zərər vermədi, - əsgər Elçin Əsədovun dedikləri müəyyən mənada atışların xarakterinə aydınlıq gətirir...
- Adına separatçı deyilənlər, Ermənistan ordusunun keçmiş, bəlkə də indiki hərbi qulluqçuları silahlarını təhvil verib ağ bayraq qaldırdığını eşidəndə bir anlığa 2020-ci ilin 8 noyabrını xatırladıq. Tarixi Zəfərin ruhunu yenidən yaşadıq. Onda şagird kimi, indi əsgər kimi. Qələbə qələbədir, ancaq onu qazananların sırasında olmaq qürurdur, Vətən üçün yaşanılan qürurdur, - əsgər İlkin İsmayılov belə deyir.
Azərbaycanın Qarabağda mövcud olmayan və heç zaman mövcud olmayacaq bir qurum üçün "prezident seçkiləri" keçirmək istəyəndə susan, Azərbaycanın ərazilərində terrorlar təşkil edəndə susan, mina terroru aparanda susan Ermənistan, Eldar Baxış demişkən, "kiçik budaqların üstündə oturub böyük budaqları silkələyirdi". Ən böyük siyasi terror bu idi, - deyirəm. Əsgər Məhəmməd Çingizov əsgər yoldaşlarına baxır. Bu baxışlarda minnətdarlıq da var (lokal xarakterli antiterror tədbirləri tarixi qələbə ilə başa çatdı), niyyət də (lokal antiterror tədbirlərinin mahiyyətinin başa çatdırılması). Bugünkü qələbə tarixi Zəfərlə onun davamı arasında qazanılan qələbədir.
- Hədəfin dəqiq vurulması da top heyətinin hər üzvündən eyni dərəcədə asılıdır. Ona görə öyrədilənləri mükəmməl öyrənmişik, onları təlimlərlə təkmilləşdirmişik. Onlar bu gün gərəyimiz oldu. Düşmənin 90-dan çox obyektinin, onlarla döyüş texnikasının, tankının, radioelektron mübarizə vasitələrinin, canlı qüvvəsinin məhv edilməsində bizim atışlar da əhəmiyyətli olub, - əsgər Məhəmməd Çingizovun dedikləri mənə 2020-ci ilin sentyabrını xatırlatdı.
Lokal xarakterli antiterror tədbirləri başlayanda bir gerçək döyüş əzmi, qələbə ruhu yaşanılıb. Atəş əmri veriləndən sonra ilk mərminin düşmən hədəfinə uçuşu və top komandirinin heyətə yönələn minnətdarlıq baxışları - növbəti mərmilər bu ovqatın davamı kimi atılıb.
Kiçik çavuş Ceyhun Səlimzadə deyir ki, komando məntəqəsindən atışların dəqiq olduğunu bildirirdilər, düzəliş edilmədən atışı davam etdirirdik. Az sonra düşmənin başqa mövqelərinin koordinatları verildi...
- Qonşumuz Vətən müharibəsi iştirakçısı və artilleriyaçı olub. Tərxis edildikdən sonra döyüş təəssüratlarını danışanda deyirdi ki, Xocavənd istiqamətində atdığımız mərmi düşmənin tankının üstünə düşmüşdü. Əmin idik ki, bizim atışlarımız da belə dəqiq olub; koordinatları verilmiş mövqelərdə düşmən ciddi müqavimət göstərə bilməmişdi, - deyilənlər əsgərin yoldaşlarına da, bizə də könül xoşluğu verir.
Əsgər Elçin Əsədovun dediklərini döyüş təəssüratı kimi dinləyirik:
- İlk mərmini atanda Vətən müharibəsinin başladığı günü xatırladıq. Onda ilk mərminin qüdrətini sonuncu Zəfər mərmisi tamamlamışdı.
Bu döyüşdə sonuncu mərminin də Zəfər mərmisi olacağına əmin idik. Bilirdik ki, Azərbaycan əsgəri bu döyüşlərdə də qələbə qazanacaq, Ali Baş Komandanın döyüş əmrini 8 noyabr ovqatı ilə yerinə yetirəcək.
Vətən müharibəsindən sonra Ermənistan silahlı birləşmələrinin bölmələri ərazilərdə böyük həcmli, genişmiqyaslı mühəndis işləri aparmışdı, hər yüksəkliyi ciddi döyüş mövqeyinə çevirmişdi. Azərbaycan Ordusu çox qısa müddətdə bunları da darmadağın etdi, düşmənin müdafiə sistemi söküldü. Bu qüdrət qələbə ərəfəsi olub, az sonra - qələbə...
Ermənistan silahlı birləşmələrinin bölmələrinə və separatçılar deyilən şəxsi heyətə Azərbaycan dövlətinin tələbi çatdırılmışdı. Xankəndidə ağ bayraq qaldırıldı, silahlar yerə qoyuldu, müqavimət bitdi, bu, tərksilah edilmə deməkdi...
Diqqətimi bizdən beş-on addım aralıdan uzanan yol çəkir. Bu yolun hara apardığını soruşuram. "Xankəndinə, oradan da növbəti qələbəyə", - deyirlər. Duyuram ki, əsgərlər növbəti qələbəyə aparacaq yolu gözlərinə, gözlərindən könlünə köçürüblər. Əsgərlərin əhatəsində mənim də könlüm bu yola sarılır...
27 sentyabr Zəfərə aparan döyüş yolumuzun başlanğıc günü kimi tarixləşdi, 8 noyabr Şuşanın işğaldan azad olunması günü - Zəfər günü kimi, 10 noyabr Vətən müharibəsinin başa çatdığı gün kimi tarixləşdi. 20 sentyabr düşmənin ağ bayraq qaldırdığı, antiterror tədbirlərinin sonlandığı gün kimi tarixləşdi...
20 sentyabr tarixi bir gün oldu...
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"