Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2023 11:12

Tariximizin unudulmayacaq şərəfli səhifəsi

Yaşanılmış zaman sübut edir ki, böyük tarixi hadisələr heç vaxt unudulmur, illərin yaddaşına hopur. 15 sentyabr 1918-ci ildə baş verən tarixi hadisə kimi. Həmin gün xalqımızın tarixinə Bakının erməni-bolşevik qüvvələrindən azad olunduğu gün kimi yazılıb. Bu tarixi gün hamımız üçün unudulmaz və şərəflidir. Bu tarixi hadisə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra tarix kimi xatırlanır.
Keçmiş ittifaq süquta uğradıqdan sonra xatırlanması qadağan olunmuş bu tarixi hadisənin üstünə həqiqətin gur işığı düşdü. İllər sonra biz bu hadisəni öyrəndikcə babalarımızın igidliyi, qəhrəmanlığı ilə qürur duyduq.
1918-ci il mayın 28-də, olduqca çətin, keşməkeşli bir dövrdə Milli Şura Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını dünyaya bəyan etdi. Həmin vaxtlarda Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Bakı şəhəri və ətraf rayonlar erməni-bolşevik qüvvələrinin və havadarlarının nəzarəti altında idi. Azərbaycan Xalq Cümhuriyyətini yaratmaq, yaşatmaq, onu dünyəvi dövlətə çevirmək həmin dövrdəki milli-demokratik qüvvələrin qarşısında dayanan ən çətin və ən şərəfli vəzifə idi.
Daşnak-bolşevik qüvvələri 1918-ci ilin martın son 3 günü ərzində xalqımıza qarşı soyqırımı törətdilər. Böyük məharətlə bolşevik libasına bürünmüş ermənilər necə olursa olsun, Bakını əldə saxlamağa, ona yiyələnməyə çalışırdılar. Amma Azərbaycanı, onun müstəqilliyini Bakısız təsəvvür etmək qeyri-mümkün idi. Çünki Göyçənin, Zəngəzurun, Qarabağın və başqa bölgələrin azadlığına doğru uzanan yollar Bakıdan - ölkənin paytaxtından keçirdi. Belə bir şəraitdə, mürəkkəb bir dövrdə özünün də ağır durumda olduğuna baxmayaraq, Osmanlı dövləti 1918-ci ilin iyununda Azərbaycanla bağladığı "Dostluq vəö əməkdaşlıq" müqaviləsinə əsasən, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə hərbi qüvvələrinin bir hissəsini Nuru paşanın rəhbərliyi altında ölkəmizə göndərdi.
1918-ci ilin avqust-sentyabr aylarında Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsi uğrunda gərgin döyüşlər başlandı. Göyçay rayonu ərazisində baş verən ilk döyüşdə daşnak-bolşevik qüvvələri elə ilk həmlədə darmadağın edildi.
Avqustun ilk günlərindən başlayaraq Bakı şəhəri uğrunda qanlı döyüşlər alovlanırdı. Həmin günlərdə Azərbaycanın paytaxtını daşnak Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti işğal altında saxlayırdı. Erməni-bolşevik qüvvələri necə olursa-olsun şəhəri əldə saxlamaq istəyirdilər.
Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun zabit və əsgərləri Bakının azad olunması uğrunda qəhrəmancasına vuruşurdular. Artıq döyüşlər Bakı kəndlərinin ətəklərinə qədər gəlib çıxmışdı. 1918-ci il avqustun 3-də Mürsəl paşa Bakıda olan Sentrokaspi Ordusu Komandanına və Erməni Milli Şurası İdarəsinə göndərdiyi teleqramda yazırdı: "Bakıdakı Erməni Şurasının rəhbəri. Bakının ətrafında Türk Qafqaz İslam Ordusunun döyüşdüyünü və şəhəri mühasirəyə aldığını bilirsiniz. Əgər şəhəri döyüşsüz təslim etsəniz, milli və dini mənsubiyyətindən asılı olmayaraq, Bakıdakı bütün insanların hüququ qorunacaq. Xüsusilə Ermənistana getmək istəyən ermənilərə heç bir maneə törədilməyəcəyinə zəmanət verirəm. Əgər şəhər təslim olmasa, axıdılacaq qanlara görə cavabdeh siz olacaqsınız. Şəhəri təslim etməyə razısınızsa, tezliklə cavabınızı göndərin".
Erməni Şurası və Daşnak partiyası bu məktuba cavab vermək əvəzinə, şəhərdə səfərbərlik elan etdi. Avqustun 3-də Stepan Şaumyan gəmi ilə qaçmağa cəhd göstərdi. Şaumyan Sentrokaspi hökumətinin tabeliyində olan donanmanın matrosları onu tutub geri qaytardılar.
Qafqaz İslam Ordusunun komandanlığı teleqramına cavab gəlmədiyinə görə şəhər istiqamətində hücumlarını davam etdirdi. Gərgin keçən döyüşlərdən sonra sentyabrın 15-də Azərbaycan Milli Korpusu və çoxsaylı azərbaycanlı könüllü qəhrəmancasına vuruşa-vuruşa Bakıya daxil olaraq şəhəri  erməni-bolşevik qüvvələrindən azad etdilər.
Yaddaşlardan heç vaxt silinməyəcək həmin tarixi günü general Denstervil gündəliyində bu cür qələmə alıb: "Türklərin həlledici hücumları səhər saat 4:00-da başlandı. Saat 11:00-a doğru onlar artıq şəhər ətrafındakı bütün yüksəklikləri ələ keçirib vaxt itirmədən bizim mövqelərə doğru xeyli irəliləmişdilər. Strafforddan, Varlikdən və Vorçesterdən olan hərbi hissələr əla döyüşürdülər. Onların əllərindəki 800 tüfəng, öz artilleriyamız və yerli qüvvələrin  artilleriyası (təxminən 40 yaxın top) sayəsində gücünü ikiqat artırıb komandamız altında zirehli avtomobillər də daxil omaqla 7 minə yaxın türklə savaşın ağırlığını üzərlərinə götürmüşdülər. Qarşıya qoyulan vəzifənin öhdəsindən əla gəlirdilər. Saat 16:00-a yaxın öyrəndim ki, Bakı qoşunları düşmənə müqavimət göstərmək əvəzinə, həmişəki kimi yenə də əsgərlərimi təhlükə altında qoyub mövqedən qaçırlar. Ermənilərdən isə həmişəki kimi fayda yox idi".
Bakının azad edilməsi Azərbaycanın şanlı tarixi kimi tarixə böyük hərflərlə yazıldı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 15 sentyabr 2018-ci ildə Bakının erməni-bolşevik qüvvələrindən azad olunmasının 100 illiyi münasibətilə keçirilən paradda əcdadlarımızın həmin tarixi gün göstərdiyi qəhrəmanlıqdan söz açaraq demişdir: "...Yüz il bundan əvvəl Nuru paşanın, Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğaldan azad edildi. Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq və şücaət göstərmişlər. Bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçmüş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıtmışdır".
Biz bu gün əcdadlarımızın qəhrəmanlığı, şücaəti ilə öyünür, inamla deyirik ki, 15 sentyabr xalqımızın tarixinin qürur dolu səhifəsidir. Xalqımız qəhrəmanlarını heç vaxt unutmayacaq.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"


1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan etdi, İstiqlal Bəyannaməsi imzalandı, Azərbaycan Demokratik Cümhuriyyəti yarandı. Dünyanın bəzi dövlətlərinin bu və ya digər səbəbdən zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Azərbaycanın müstəqilliyini gözə götürməməsi - istəməməsi siyasi vəziyyəti müharibə həddinə çatdırmışdı.
Azərbaycan xalqı Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun döyüşlərində yaxından iştirak etdi. Bu döyüşlər xalqı da əsgərləşdirmişdi....
Azərbaycanın ordusu yox idi, Türkiyənin ordusu var idi. Türkiyə qardaş xalqın azadlıq, istiqlal mücadiləsinə yardım edərdi. Azərbaycan hökuməti Türkiyədən hərbi yardım istəməyi qərara aldı. Danışıqları aparmaq üçün Nağı bəy Şeyxzamanovu göndərməyi məsləhət bildilər.
Görüş baş tutdu. Ənvər paşa Azərbaycanın xahişini yerinə yetirməyə söz verdi.
Osmanlı Sultanı Nuru paşaya "feriq" rütbəsi vermişdi. Türkiyə sultanın siyasətini Qafqazda təmsil etmək hüququ ilə Qafqaz İslam Ordusunun komandanı təyin olunmuşdu.
"Qardaşlarım, babalarım, analarım! Biz böyük bir mücadiləyə gedirik. Qardaş Azərbaycanın taleyinə qara əllər uzanıb. O əlləri biləyindən kəsməyə gedirik. Qoy yağı görsün ki, Can Azərbaycan tək deyil, çətin gündə, ağır vaxtlarda Türkiyə kimi havadarı var", - Qafqaz İslam Ordusunun döyüşləri Nuru paşa Azərbaycana bu əqidə ilə gəldiyini təsdiqləmişdi...
Camaat Gəncədə Nuru paşanı məhəbbətlə qarşılamışdı. Hamı inanırdı ki, Nuru paşa Azərbaycanda qırğınları, talanları dayandıracaq.
Nuru paşa Qafqaz İslam Ordusu ilə Azərbaycana ağsaqqala, ağbirçəyə oğul olmağa gəlmişdi, oğullara qardaş olmağa gəlmişdi, Azərbaycanın dərdini Türkiyənin dərdi bilib gəlmişdi, Azərbaycanın dostunu dost, düşmənini düşmən bilib gəlmişdi, çətin siyasi bir vaxtda Azərbaycana qardaş köməyinə gəlmişdi.
Nuru paşa Azərbaycana gələndən sonra Azərbaycan oğulları da Qafqaz İslam Ordusunun tərkibində bolşevik-daşnak qüvvələrinə qarşı vuruşurdu - Qafqaz İslam Ordusu iki qardaş xalqın xilaskarlıq missiyasını yerinə yetirən ordusu idi.
Nuru paşa Şimal qrupu ilə Bakıya doğru irəliləyirdi. Həmin vaxtlarda Bakıdakı düşmən qüvvələri siyasi (və hərbi!)  çaxnaşma içindəydi. Biçeraxov ingilis pulu və ermənilərin mövcud qüvvəsi ilə Bakıya, deməli, Azərbaycana nəzarətə yiyələnməyə niyyətli idi...
Ordu hissələri düşməni Göyçaydan Bakıya kimi sıxışdıra bildi. Komandanlıq Bakı uğrunda döyüşlərdə də qələbə qazanılacağına inanırdı, buna ordunu da inandırmışdı.
Belə bir şəraitdə ordu komandanı Bakıya hücum əmrini bir də götür-qoy etmişdi...
Avqustun 7-də Nuru paşa Ənvər paşaya yazırdı: "Döyüş avqustun 5-də başladı. Güclü zərbədən sonra Şimal qrupunun bölmələri Qurd qapısı yüksəkliyini ələ keçirərək şəhərə xeyli yaxınlaşdı. Ən təhlükəli yerlər nəzarətimiz altına keçdi... İslam Ordusunun Bakını tutacağından qorxuya düşən keçmiş komissarlar da əllərində olan toplarla mövqelərimizi atəşə tutdular. Şimal qrupunun bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur oldu... Bakını yaxın vaxtlarda mütləq azad edəcəyik. Mütləq!.."...
Bakı üzərinə hücumun iki istiqamətli təşkili qələbə ilə nəticələnəcəkdi. Nuru bəy deyirdi: "Sayın Əlağa bəy böyük sərkərdədi. Əraziləri birlikdə nəzərdən keçirdik...".
Top mərmiləri azalmışdı - düşmən ciddi müqavimət göstərsə, döyüşü başa çatdırmaq üçün mərmi çatmayacaqdı. Şimal qrupu Xırdalandan Abşeron yarımadasının Şərq sahilinə qədər olan sahədəki qüvvələri birləşdirirdi. Ona Osman bəy rəhbərlik edirdi. Qərb qrupuna, Bakının Qərb tərəfindəki   qüvvələrə Cəmil Cahid bəy, Cənub qrupuna - Puta və Ələt stansiyaları arasındakı qüvvələrə Həlim Pərtov bəy. Nuru paşa ilə Əlağa Şıxlinskinin taktiki qərarı hərbi baxımdan dəyərli, qələbəyə aparan qərar idi - ingilislər, ingilislərin ordusunun komandanı Denstervil niyyətinə çatmayacaqdı...
Hücum 15-ci ordu Bakı ətrafına çatanda başladı. Hücumda Şərq ordular qrupunun komandanı Xəlil paşa da, Nuru paşanın özü də bilavasitə iştirak etdilər. Döyüşçülər onları sıralarında görəndə daha üstün əhval-ruhiyyə ilə vuruşurdular.
Düşmən Qurd qapısı istiqamətində daha ciddi müdafiə səddi qurubmuş. Bu istiqamətdə qəti həmlə, qəti hücum etməyi qərara almışdılar. Bakının Şimalından Süleyman İzzət bəyin rəhbərliyi ilə 15-ci firqə, Qərbdən Mürsəl paşanın rəhbərliyi ilə 5-ci firqə hücuma keçdi. Ümumi komandanlığı Nuru paşa öz üzərinə götürdü. Hücumun idarə edilməsində Əlağa Şıxlinski də yaxından iştirak edirdi...
Düşərgələrdəki çadırlar olduğu kimi saxlanılmışdı. Atəş əmri verilmədi, hücum əmri verildi. Düşmənin müdafiə səddi atəşsiz, gecə vaxtı, süngü döyüşü ilə yarıldı. Nuru paşa ayın 13-də saat 17:00-da Hacıhəsən kəndinin Qərbindəki müşahidə məntəqəsində Əlağa Şıxlinskinin iştirakı ilə Bakının azad olunması üçün hücum əmri imzaladı və əlavə olaraq bildirdi ki, hamı bizi nicat, qurtuluş, azadlıq ordusu bilir. Bu inamı doğrultmalıyıq. Bakı ən geci 36 saat müddətində azad olunmalıdır. Bakı nəzərdə tutulan müddətdən də tez - sentyabrın 15-də azad edildi...
Bakını Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu azad etdi, tam artilleriya generalı Əlağa Şıxlinski döyüşlərdə Nuru paşa ilə nəfəs-nəfəsəydi...
1918-ci il sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsi planını Nuru paşa ilə Əlağa Şıxlinski hazırlamışdı.
Azərbaycanda  Nuru paşaya bəslənilən hörmət və ehtiram türk xalqına minnətdarlığı və xoş duyğuları ifadə edir.
Qafqaz İslam Ordusu tarix yazdı! O tarixdən 105 il keçir....
 
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"