Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Sentyabr 2023 16:50

Yeni tədris ili və hərbi tədris sistemində yeniliklər

General-leytenant Heydər Piriyev,

Milli Müdafiə Universitetinin rektoru, milli təhlükəsizlik və

hərbi elmlər üzrə fəlsəfə doktoru, professor

Ordu quruculuğunu şərtləndirən mühüm amillərdən biri də ordunun peşəkar hərbçi kadrları ilə komplektləşdirilməsidir. Bu baxımdan hərbi təhsil həmişə dövlət üçün prioritet olub. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra hərbi təhsil də müstəqil dövlətin mənafeləri əsasında qurulmağa başladı. Bu zərurət əsasında hərbi təhsil fəaliyyətini yeni proqramlar əsasında davam etdirməyə, tədris prosesi ordu quruculuğunu daha geniş müstəvidə inkişaf etdirməyə, hərbçi kadrlar hazırlığını daha da təkmilləşdirməyə, tədris-təlim materiallarını zənginləşdirən, yeni fənlərlə yeni mövzuları da əhatələyən proqramlarla aparılmağa başladı. Azərbaycan dili, Azərbaycan ədəbiyyatı Azərbaycan tarixi fənlərinin təkmil tədris proqramları ilə tədrisi təmin edildi. Belə tədris yenilikləri digər fənləri də, bu sıradan hərbi fənləri də əhatələdi. Terminologiya Azərbaycan dilinə uyğunlaşdırıldı, tədris yeni tələblər əsasında aparılmağa başladı. Hərbi Andın mətni tərtib edildi, təkmilləşdirildi. Müdavimlər də, kursantlar da hərbi xidmətə təhsil prosesinin tərkib hissəsi olan bu andla başlayırlar. Yəni, hərbi təhsil prosesi üçün daha bir etibarlı stimul var - and, Hərbi And.
Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Zəfərdən sonra Azərbaycanda ordu quruculuğu istiqamətində müəyyən islahatlar aparıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordunun Türkiyə Ordusu modeli əsasında formalaşdırılmasının məqsədəuyğunluğu haqqında qərar qəbul etdi - 2022-ci il martın 5-də Milli Müdafiə Universitetinin yaradılması haqqında Fərman imzaladı. Tədrisdə müəyyən yenilikləri əhatələyəcək bu yeni struktur Azərbaycanda hərbi təhsil sistemini koordinasiya edir. Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutu və Hərbi İdarəetmə İnstitutu fəaliyyətə başladı. Yeni yaradılan bu tədris müəssisələrinin fəaliyyəti, vəzifələri Elm və Təhsil Nazirliyinin müvafiq rəhbər sənədləri və Milli Müdafiə Universitetinin Elmi Şurasının birgə qərarı ilə müəyyənləşdirilib.
Elmi Tədqiqatlar indi daha sistemli şəkildə, Azərbaycan Elmi-Tədqiqat İnstitutunun müvafiq tədqiqat institutları ilə koordinasiya formatında aparılır.
Milli Müdafiə Universiteti milli-mənəvi və bəşəri dəyərlərin qorunması, onların dialektik vəhdətini təmin etməklə dünyəvi təhsil sisteminin yaradılması, inkişaf etdirilməsi, təhsilin mövcud standartlara, normalara, hərbi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu istiqamətində fəaliyyət göstərməkdədir. Hərbi təhsilin və hərbi-elmi yaradıcılığın kəsilməz inkişafı, faydalı və son nəticəyə nail olunması baxımından dünyəvi təhsil sisteminin ən müasir metodları ilə təşkil olunur. Hərbi təhsil sistemi də fasiləsizliyə, vəhdətliyə, daimiliyə dolğunluğu ilə cavab verir. Hərbi təhsildə mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə aparılması imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqə də mövcuddur.
Milli Müdafiə Universitetinin yaradılması Azərbaycanda hərbi təhsil sisteminin komplektləşdirilməsinin, təhsilin mərhələləri arasında dialektik koordinasiya yaradılmasının, nəticə etibarilə ordu quruculuğu prosesinin dönməzliyinin möhkəmləndirilməsinin yeni, mütərəqqi, dünyəvi təzahürüdür.
Ordumuzu zabit kadrları ilə Heydər Əliyev adına Hərbi İnstitut komplektləşdirir, kursantlar bu təhsil müəssisəsində bakalavr səviyyəsində təhsil alır, "leytenant" rütbəsi ilə qoşunlarda hərbi xidmətə göndərilir. Zabit kadrları həm də Təlim və Tədris Mərkəzində hazırlanır. Bu tədris ilindən etibarən belə hazırlıq üzrə gərəkli islahatlar həyata keçirilib, gələcəkdə daha da təkmilləşdiriləcəkdir ki, bu da ehtiyat zabit kadrları hazırlığı prosesinin səmərəliyini xeyli dərəcədə artıracaq, nəticə etibarilə qoşunlara daha geniş hərbi biliklərlə təkmil, təcrübi vərdişlərə malik olan "leytenant" rütbəli zabitlər göndəriləcəkdir.
Nəzərdə tutulan zəruri tədris materiallarının hansı müddətdə aşılanması pedaqoji proses üçün vacib amillərdəndir. İkinci Qarabağ müharibəsində zəfər qazanmış ordumuzun əsgərlərinin hərbi bilikləri daha zəngin olmalıdır, bunun üçün daha savadlı, daha geniş hərbi biliklərə malik zabitlər hazırlanmalıdır. Milli Müdafiə Universiteti həm də bu missiyanı yerinə yetirir...
Müdafiə Nazirliyində xüsusi təyinatlı təhsil sisteminin inkişaf etdirilməsi, Türkiyə Respublikasının, digər qabaqcıl ölkələrin hərbi təhsil sisteminə uyğunlaşdırılması məqsədilə görülmüş işlərin məntiqi nəticələrindən biri kimi Azərbaycan Ordusunun (xüsusən də əməliyyat və komando birləşmələrinin) orta ixtisas təhsilli kadrlarla (gizir və miçman) komplektləşmə keyfiyyətinin yüksəldilməsi üçün orta ixtisas üzrə (gizir və miçman) ilk dəfə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmişdir. Təhsil müddəti iki ildir. Orta ixtisas təhsilini başa vurmuş hərbi qulluqçulara müvafiq təhsil pilləsi ilə yanaşı, gizir hərbi rütbəsi də veriləcək.
Milli Müdafiə Universitetinin tabeliyində orta ixtisas təhsilli hərbi kadrlar da hazırlanır. Tədrisin, əsasən, poliqon bazasında olması nəzərdə tutulub. Poliqonda mövcud olan tədris binaları, yataqxanalar və digər yardımçı tikililərin təmiri, müasir maddi-texniki bazanın gücləndirilməsi, formalaşdırılması başa çatdırılmaqdadır. Bununla da Azərbaycan Ordusu üçün orta ixtisas təhsilli subbakalavr peşə-ixtisas dərəcəli mütəxəssislər, əlavə təhsil üzrə kadrlar hazırlanacaqdır. Silahlanmaya yeni daxil edilmiş müasir silah və silah sistemlərinin peşəkar istismarı məqsədilə subbakalavr peşə-ixtisas dərəcəli mütəxəssislər hazırlamaq kimi mühüm vəzifə də yerinə yetiriləcəkdir. Bu məqsədlə qarşıya aşağıdakı vəzifələr qoyulub: orta ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, tədris planlarının, fənn proqramlarının hazırlanmasını təmin etmək, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək, orta ixtisas təhsili və əlavə təhsil üzrə təhsil proqramlarını həyata keçirmək, profilinə uyğun olaraq, nəzəri-metodoloji və pedaqoji-metodiki sənədləri hazırlamaq, təhsil proqramlarına (kurikulumlara) uyğun digər tədris-metodiki sənədləri hazırlamaq, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaq, fəaliyyət istiqamətləri üzrə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək, daimi heyətin əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək, orta ixtisas üzrə maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, genişləndirilməsi istiqamətində işlər görmək, təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, onun monitorinqini keçirmək, dəyişən heyətin intellektual, mədəni və mənəvi inkişafını təmin etmək, peşəkarlıq xüsusiyyətlərinin formalaşdırılmasına nəzarət etmək, müasir informasiya texnologiyalarından istifadə olunmaqla təlimlərin təşkilini və keçirilməsini təmin etmək, xarici dövlətlərin təhsil müəssisələri ilə bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələrə uyğun olaraq, daimi və dəyişən heyətinin mübadiləsini həyata keçirmək, şəxsi heyət üçün sağlamlıq, iaşə və məişət xidmətlərini təşkil etmək.
Müasir tədris ədəbiyyatlarının əsasən ingilis dilində olması, onların bilavasitə mənbədən öyrənilməsi olduqca əhəmiyyətlidir. Azərbaycan dünyəvi dövlətdir, onun vətəndaşlarının, bu sıradan ordunun şəxsi heyətinin də ingilis dilini akademik səviyyədə öyrənməsini şərtləndirir. Hərbi təhsilin müasir tələblərə uyğunluğunun və dünya hərbi təhsil sisteminə inteqrasiyasının təmin olunması məqsədilə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutuna qəbul olunmuş kursantlar üçün zəruri fənlər, əsasən, ingilis dili üzrə əlavə bir illik hazırlıq kursunun təşkili və keçirilməsi də planlaşdırılıb. Bu, gələcək zabit korpusunun inkişafına müsbət təsir göstərməklə yanaşı, təhsilin davamında da nəzərəçarpacaq dərəcədə əhəmiyyətli olacaqdır.
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Hərbi Liseyin fənn proqramları Elm və Təhsil Nazirliyi ilə razılaşdırılaraq yenidən işlənildi, müasir tələblərə cavab verən fənn proqramları hazırlandı. Hərbi liseylərin maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi Milli Müdafiə Universitetinin daim diqqət mərkəzindədir.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2023-cü il aprelin 5-də mətbuatda çıxışında "Hərbi liseylərin nəticələri ölkənin orta göstəricilərindən də yüksəkdir" fikri çəkilən zəhmətə verilən dəyərdir. Bu nəticə bizi qürurlandırdı - "Heydər Əliyev İli"ndə qazanılan uğur ordu quruculuğuna xidmətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda ordu quruculuğunun Türkiyə modeli üzərində aparılması mühüm bir vəzifədir. Türkiyə ordusu indi dünyanın ən güclü orduları sırasındadır və belə bir səviyyənin əldə edilməsində Türkiyənin daxili potensialı ilə bərabər, dünyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiqi də böyük əhəmiyyət kəsb edib. Türkiyənin zəngin təcrübəsi indi Azərbaycanda da öyrənilir və tətbiq edilir. Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələri də bu prosesdən kənarda qalmayıb. Türkiyənin hərbi təhsil sahəsindəki təcrübəsi nəzərə alınmaqla, Azərbaycanda hərbi təhsilin yeni standartlar və tələblər əsasında qurulması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə Milli Müdafiə Universitetinin tərkibində birləşib. Milli Müdafiə Universitetinin yaradılması, sadəcə bir struktur dəyişikliyi deyildir. Bu strukturun yaradılması ilə xüsusi təyinatlı təhsil müəssisələrində, o cümlədən hərbi liseylərdə müasir dünya standartlarına uyğun, həm də hərbi təhsil sahəsində Azərbaycanın özünün qazandığı ən yaxşı təcrübə əsasında yeni tədris prosesi qurulub. Bu yenilik tədris prosesinin gedişində və nəticələrində özünü göstərməkdədir. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2023-cü ildə respublika üzrə XI sinif şagirdlərinin buraxılış imtahanlarında həm Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, həm də Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının göstəriciləri respublika üzrə orta göstəricidən daha yüksəkdir.
Ümumtəhsil məktəblərinin şagirdlərinin böyük bir hissəsi məktəbdənkənar özəl hazırlıqlarda da iştirak edirlər. Hərbi liseylərdə isə kursantlar günün nizam qaydalarına uyğun olaraq yalnız lisey daxilində tədrislə məşğul olurlar. Bununla belə, onlar respublika üzrə yüksək təhsil nəticələri göstərməyə müvəffəq olublar. Şübhə yoxdur ki, kursantlar savadlı və bilikli zabitlər kimi Azərbaycan Ordusunda öz layiqli yerlərini tutacaqlar və sədaqətli xidmətləri ilə Heydər Əliyevin əsasını qoyduğu məktəbin şərəfli tarixini daha da zənginləşdirəcəklər.
Kursantların  respublika miqyaslı fənn olimpiadalarında iştirakının miqyası da genişləndiriləcəkdir. Seçimlərlə konkret fənlər üzrə daha istedadlı müdavimlər, kursantlar müəyyənləşdiriləcək, onlarla əlavə məşğələlər keçiriləcəkdir. Milli Müdafiə Universitetinin bu istiqamətdə kursantların ali məqsədi beynəlxalq miqyaslı olimpiadalarda iştirakını təmin etməkdir.
Ordunun peşəkar hərbçi kadrları ilə komplektləşdirilməsini də Milli Müdafiə Universiteti tənzimləyir. Ənənəvi təhsil sistemində pedaqoji və elmi yenilikləri əhatələyən təcrübələrin tədris prosesinə inteqrasiyasını məqsədyönlü, sistemli tətbiqini stimullaşdırmaq baxımından Milli Müdafiə Universiteti cari tədris ilini müəyyən qədər yeniləşmiş proqramları ilə, yeni metodiki yanaşmalarla başlayacaq ki, bu da bilavasitə ordu quruculuğu prosesi üçündür.
İkinci Qarabağ müharibəsi, döyüşlər, qazanılan tarixi zəfər hərbi təhsil sistemində də elmi, elmi-pedaqoji yeniliklərlə bir sırada təcrübənin, bu baxımdan döyüş təcrübəsinin tədris prosesinə tətbiqini zəruriləşdirdi. Milli Müdafiə Universitetində müharibə, döyüşlər elmi baxımdan təhlil edildi, ümumiləşdirmələr dərs vəsaiti kimi nəşr edildi. İndi kursantlar - gələcəyin zabitləri yeni texnologiyalar əsasında hazırlanmış döyüş maşınlarının və uçuş aparatlarının istismar xüsusiyyətlərini həvəslə öyrənirlər. Zəfərdən sonra yaradılan Milli Müdafiə Universiteti Zəfəri təmin edən döyüşlərin, döyüş texnikalarının da hərbi təhsilə cəlb olunmasının təşkilatçısı oldu...