İyirminci əsrin sonunda baş vermiş Birinci Qarabağ müharibəsi nəsillərin yaddaşında silinməz izlər qoydu. İşğalçı erməni ordusu tərəfindən minlərlə azərbaycanlı döyüşlər vaxtı əsir oldu, şəhidlik zirvəsinə ucaldı və yaxud yaralandı. Ən əsası isə bir milyona yaxın insan doğma yurdlarından didərgin düşdü.
Bu dəhşətlərə cavab olaraq Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən ermənilərin genişmiqyaslı təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatı apararaq Qarabağı düşmən əsarətindən azad etdi. Minlərlə qəhrəman oğul evlərinə qələbə xəbərləriylə qayıtdı, üçrəngli bayrağa bürünmüş şəhidlərimiz Zəfər çələngləri ilə son mənzillərinə yola salındı. Döyüşlərdə iştirak etmiş hərbçilərimiz göstərdikləri igidliklərə görə müxtəlif orden və medallara layiq görüldülər.
Belə igidlərimizdən biri də "N" hərbi hissəsində tanış olduğumuz baş leytenant Əlqismət Vahid oğlu Nuriyevdir. Zabit söhbətimiz zamanı bildirdi ki, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.
Həyat və döyüş yolunu vərəqlədikdə öyrənirik ki, baş leytenant Ə.Nuriyev 1996-cı il yanvarın 25-də Lerik rayonunun Divağac kəndində doğulub. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Dərslərə böyük həvəslə hazırlaşdığını deyən zabit 2014-cü ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) ali hərbi təhsilini davam etdirib.
"Əks-hücum əmri verilənə qədər həyəcanla gözləyirdim ki, döyüşlər başlayacaq və mən də onun iştirakçılarından biri olacağam. Sübh tezdən Ali Baş Komandanın əmrini icra etmək üçün irəli atıldıq. Torpaqlarımızın azadlığı uğrunda döyüşmək bizlərin həsrətdən qurumuş ürəklərinə səpilən sərin su kimi rahatlıq hissi gətirirdi.
Suqovuşan uğrunda gedən qızğın döyüşlərdə bölməmizlə bərabər düşmən səddini yararaq irəliləyirdik. Düşmənin bir atəşinə yüz atəşlə cavab verirdik. Onlar da bizim səbrimizin bitdiyini çox yaxşı anlayırdılar. Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən düşmən əsgərləri komandirlərinin əmrini heçə sayaraq döyüş meydanından qaçırdılar. Hər birimizin adi qəbul etdiyi bu hal heç birimizdə təəccüb hissi doğurmurdu.
Artıq döyüşlərin başlamasından bir aydan artıq müddət ötürdü. Oktyabrın 30-u Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanaraq hərbi hospitala yerləşdirildim. Yaralanmağım məni olduqca məyus edirdi. Bir an əvvəl buradan çıxıb döyüş yoldaşlarımın yanına qayıtmaq istəyirdim. Noyabrın 6-da yenidən müalicəmi başa vurub döyüşlərə yollandım. Çox keçmədi ki, düşmən kapitulyasiya aktına imza atdı. Bu akt bizim qalibiyyət, düşmənin məğlubiyyət sənədi oldu. Fəxrlə qeyd edim ki, döyüşdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarına layiq görüldüm".
Söhbətimizin sonunda baş leytenant Əlqismət Nuriyevdən nəyə görə hərb peşəsini seçdiyini soruşduq. O isə cavabında bildirdi ki, əmisi Nuriyev İldırım Xanəli oğlu Birinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 1993-cü il martın 30-da başından aldığı qəlpə yarasından sonra şəhidlik zirvəsinə ucalıb. İldırım Nuriyevin döyüşlərdə göstərdiyi igidliklər haqqında çox eşitdiyini deyən Əlqismət bu hadisənin hərb peşəsini seçib düşməndən əmisinin və şəhidlərimizin intiqamını almağında stimul olduğunu bildirdi. İndi şəhid əmisinin adını yeganə övladına qoyaraq onun xatirəsini də bir ömür yaşatmaqdadır.
Hüsniyyə NƏSİROVA "Azərbaycan Ordusu"
foto C.CƏFƏROVUNDUR