Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2023 16:11

“Övladlarımızın ruhu şaddır ki, onların uğrunda can verdiyi müqəddəs yol Zəfərlə başa çatdı”

Mənzilimiz müqəddəs ocaqlardan birinədir. Müqəddəs ocaq ona görə ki, bu ailənin igid oğlu Rauf İbadov kimi torpaqlarımızın azadlığı uğrunda canından keçənlərin ünvanıdır. Müqəddəs amal uğrunda şəhid olan bütün oğullarımız kimi, onların ailələri də müqəddəsdir, dərin hörmətə və ehtirama layiqdirlər. Çünki onların tərbiyə etdiyi övladları Vətənimizin dar günündə onun harayına çatıblar. Vətənin çağırışına hay verərək, cəbhəyə yollanıblar. Torpaqlarımızın azadlığı uğrunda cəng meydanına atılaraq mərdliklə döyüşüblər. Xalqımıza Böyük Qələbə sevincini yaşadan oğulların sırasında olublar. Tarixi Zəfərimizdə pay sahibi olaraq tarixə yazılıblar. Bu da onun göstəricisidir ki, onlar ailədə milli-mənəvi dəyərlərə sədaqət, vətənpərvərlik ruhunda tərbiyə olunublar. Çünki cəsurluq, igidlik, mərdlik kimi keyfiyyətlər Vətən sevgisindən, torpaq məhəbbətindən irəli gəlir. Vətən sevgisi isə vətənpərvərlikdən ilhamlanır. Vətənpərvərlik də insanda fədakarlıq, qəhrəmanlıq hissi yaradır, eləcə də apardığı mübarizədə onun inam və güvənc hissinə güclü təsir edir, qətiyyətli mübarizənin əsasını qoyur. Bu ali hisslərin bünövrəsi də ailədən, ana laylasından başlanır. Vətən də ana qədər sevilir, müqəddəsləşir. Xalqımızın qəhrəmanlıq salnaməsinin şah əsəri olan 44 günlük Vətən müharibəsində qələbəmiz göstərdi ki, igidlik, qəhrəmanlıq genlərimizə hopub. Bizim ailəmizdə, cəmiyyətimizdə, təhsil ocaqlarımızda təlim-tərbiyənin özəyini vətənpərvərlik, milli köklərimizə bağlılıq, şəhidlərimizə ehtiram, Azərbaycan əsgərinə rəğbət... hissləri təşkil edir. Belə mühitdə formalaşan gənclərimiz də Vətənimizin hər çağırışına daim hazır olur, torpaqlarımızın hər qarışı üçün, ərazi bütövlüyümüzün qorunub saxlanılması üçün gözünü belə qırpmadan canınlarını fəda edirlər. Bu müqəddəs amal uğrunda şəhidlik zirvəsinə ucalan Poladlar, Mübarizlər, Raquflar, Rauflar, Anarlar, Zaurlar, Orxanlar, Fəqanlar... kimi.  Onlar öz qanları ilə tariximizin şərəf və qəhrəmanlıq salnaməsini yazdılar. Bu oğullar vaxtilə düşmən qarşısında keçilməz qala olublar, indi də onların davamçıları da əzəmətli qaladır. Bu qalaların memarı isə valideynlərdir. Ona görə də hər bir şəhid ocağı müqəddəsdir. Rauf da belə müsbət-əxlaqi keyfiyyətlərlə böyüdülən gənclərimizdən olub. Onun ailədə aldığı tərbiyə, valideynlərinin aşıladığı keyfiyyətlər, Vətəninə böyük sevgi bəsləyən vətəndaş, döyüş meydanında torpaqlarımızın azadlığı uğrunda şücaət göstərən cəsur döyüşçü kimi iştirak etməsinə zəmin yaradıb. Belə müqəddəs ocağa getməyin yaşatdığı qürur hissinin ağuşunda mənzil başına çatdıq.
Abşeron rayonunun Saray qəsəbəsinin girişində bir neçə məhəllə getdikdən sonra Rauf İbadovun adına küçədə şəhid bulağının qarşısında dayandıq. Bulağın fonundakı lövhədə qəsəbənin şəhidlərinin adları və şəkilləri həkk olunmuşdu. Məlum oldu ki, bulaq bu məhlədə yaşayan, 44 günlük Vətən müharibəsində şəhid olan Raufun və digər igidlərin xatirəsinə salınıb. Bulaqdan 100-200 metr uzaqlıqda, Raufun doğulub boya-başa çatdığı evin qapısını döydük. Qapını atası Məhərrəm kişi açdı, salamlaşıb içəri daxil olduq. Qonaq otağında əyləşib söhbətləşdik. Qarşımızdakı divarda şüşə çərçivənin içinə Raufun bir neçə əşyası, medalları, hərbi xidmətdə olarkən nümunəvi xidmətinə görə aldığı fəxri fərmanı və qol saatı qoyulmuşdu.
İbadov Rauf Məhərrəm oğlu 4 may 1996-cı ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. Həmin qəsəbədə yerləşən Azim Müzəffərov adına 2 saylı orta məktəbdə təhsil alıb. 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirərək hərbi xidmətə yollanan Rauf Azərbaycan Ordusunda müddətli hərbi xidmət keçib. 2020-ci ilin sentyabrında yenidən ordu sıralarına dönərək 44 günlük Vətən müharibəsinin başlandığı ilk gündən döyüş meydanında olub. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Oktyabrın 23-də Laçın dəhlizi ətrafında gedən qızğın döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Məhərrəm kişi dərindən köks ötürüb Rauf haqqında danışdı: "Rauf yaradıcı uşaq olub. Ən sevdiyi məşğuliyyəti rəsm çəkmək idi. Uşaq baxçasına gedəndən rəsm çəkməklə məşğul olurdu. Ən çox da əsgər, bayraq və silah şəkilləri çəkirdi. Orta məktəblə paralel Saray qəsəbəsində yerləşən İncəsənət və Musiqi məktəbində də təhsil alırdı. Çox çalışqan idi. Həm dərslərinə yaxşı hazırlaşır, həm də sevdiyi sənət üzrə özünü təkmilləşdirirdi. Müddətli hərbi xidmətdən qayıtdıqdan sonra da rəssamlıq sahəsində fəaliyyətini davam etdirirdi. Onun çəkdiyi rəsm əsərləri bir çox sərgilərdə nümayiş olunmuş və yüksək qiymətləndirilərək 15-ə yaxın fəxri fərmanlarla təltif olunmuşdu. Hətta Rusiya Federasiyasının Leninqrad vilayətində keçirilən rəsm sərgisinə də Raufun əl işlərindən göndəriblər və oradan da fəxri fərman qazanmışdı. Ölümündən sonra da bir neçə dəfə Raufun rəsm əsərlərinin sərgisi keçirildi. Sonuncu dəfə müxtəlif janrlarda olan rəsm əsərləri təhsil aldığı universitetdə və Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan sərgidə nümayiş olundu. O tələbə vaxtı da ictimai fəal gənc olub. 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının könüllülər dəstəsində fəaliyyət göstərib. Oyunların təşkilində fəal iştirak edərək xalqımızı, Vətənimizi, o cümlədən təhsil aldığı universiteti layiqincə təmsil etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın imzaladığı fəxri fərmanla təltif olunub. Rauf ətrafındakılara qarşı çox diqqətcil, qayğıkeş və mehriban idi. Geniş ürək sahibiydi. Bir neçə kollektivdə çalışmışdı. Sonuncu dəfə diş klinikasında texnik işləyirdi. Hər yerdə kollektivin böyük sevgisini və rəğbətini qazanmışdı. Raufun bu qədər sevəninin olduğunu biz də şəhid olandan sonra bildik. Evimizə gələnlərin ardı-arası kəsilmirdi. Hamı ondan ağızdolusu danışır, səmimi, gülərüz, zəhmətkeş, xeyirxah insan olduğunu deyirdi".
Sözlərinə davam edən Məhərrəm kişi Raufun hərbi xidmətindən və döyüş yolundan da danışdı. Onun hərbi xidməti layiqincə başa vurduğunu qeyd etdi. Bildirdi ki, stenddə gördüyünüz fəxri fərman və qol saatı döyüş hazırlığı üzrə keçirilən təlim-məşqlərdə yüksək bacarıq nümayiş etdirdiyinə görə Raufa yuxarı komandanlıq tərəfindən təqdim olunub. Həm də vurğuladı ki, o saat onun üçün çox dəyərli hədiyyə idi, döyüşlər vaxtı da həmişə qolunda olubmuş. "Vətənpərvər idi. Geniş ürəyində dünya boyda Vətən sevgisi kükrəyirdi. Hələ məktəbdə oxuyanda Qarabağın azadlığından, şəhidlərimizdən tez-tez söhbət açırdı. İstifadə etdiyi sosial şəbəkələrdə həmişə vətənpərvərliyi, Vətən sevgisini, bayrağımıza, əsgərimizə, şəhidlərimizə ehtiramı tərənnüm edən paylaşımlar edirdi. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhidliyindən çox təsirlənmişdi. Mütəmadi olaraq profilində onun haqqında yazılar, şeirlər paylaşırdı. Tez-tez Mübarizin və digər şəhidlərimizin məzarını ziyarət edirdi. Hər bayramlarda əsgərlərimizin şəkillərini paylaşaraq "Bayramınız mübarək igidlərimiz!", "Allah sizləri qorusun!", "Sizin sayənizdə biz rahat bayram qeyd edirik!"... sözlərini yazırdı".
Rauf sosial şəbəkədə paylaşdığı statuslarından birində belə yazıb: "Ulduzlar nə qədər yüksəklikdə olsa da, şəhidlik zirvəsi ondan da yüksəkdir". İndi Rauf da minlərlə igidimiz kimi o ali zirvədədi. Bu zirvə xalqımızın qürur yeri, hünər və qeyrət simvoludur.  Atası Raufu bu zirvəyə aparan Vətən sevgisindən və döyüş yolundan söz açaraq dedi: "Tovuz döyüşləri zamanı bir yerdə dura bilmirdi. Hey arzulayırdı ki, kaş o da döyüş meydanında olsun. Milli Qəhrəmanımız Polad Həşimov şəhid olandan bir gün sonra bizdən xəbərsiz qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə müraciət edərək, “Səfərbərlik olsa ilk gedən mən olacam, Polad Həşimovun intiqamını alacam”, - demişdi. Arzusuna 44 günlük Vətən müharibəsində çatdı. Arzuladığı kimi ilk çağırışçılardan oldu. Anası Zərnigar xanımla Raufa son nəsihətlərimizi verib yola saldıq. Sevincindən yerə göyə sığmırdı. "Şükürlər olsun ki, bu gün mənə qismət oldu, gedirəm şəhidlərimizin intiqamını almağa, torpaqlarımızı azad etməyə" sözləri dilindən düşmürdü. Belə oğulla necə fəxr etməyəsən, qürurlanmayasan. Anası nə qədər kövrəlsə belə, "igid oğlum get, yolun açıq olsun, Allah sizləri qorusun, südüm sənə halal olsun, igidim" deyərək onunla vidalaşdı..."
Məhərrəm kişi danışdıqca xalq şairi Səməd Vurğunun qələmə aldığı "Ananın öyüdü" şeirindən bir neçə misra yadıma düşdü.
Geyib əsgər paltarını silahlandı qəhrəman,

Onun polad sinəsinə sığışmırdı ürəyi.
Hər şey şairin yazdığı kimi olmuşdu. Ana cəbhəyə tələsən igidə qollarını açaraq, üz-gözündən öpüb, bağrına basıb "oğlum, göz bəbəyim, ömür çiçəyim, görürəm ki, qəhrəmansan, sənə südüm halaldır, uğur olsun yoluna. Vüqarlı ol, düşmənin qabağında igid tərpən, sorağınız zəfərlərlə gəlsin"  deyərək yola salıb. Həmin günlər bu sözlər bütün anaların dilində idi. Bu məğrurluq, bu iradə bütün valideynlərin ruhuna hopmuşdu. Çünki hamı yumruq tək birləşmişdi. Çünki 30 ilə yaxın gözlənilən məqam çatmışdı. Şəhidlərimizin, erməni vəhşiliyinin, soyqırımın qurbanları olan vətəndaşlarımızın qisasını almağın məqamı idi. Qisasımız alındı, torpaqlarımız azad olundu, Böyük Qələbə qazandıq. Bu tarixi, qürurlu günləri məhz vətənpərvər ruhda tərbiyə alan oğullarımız yaşatdı bizlərə. Onların valideynlərindən qazandığı əxlaqi keyfiyyətləri, Vətən sevgiləri, döyüş meydanında onlara güc, iradə, mübarizə ruhu verdi. Ona görə də bu gün xalqımız şəhid ailələrinin qarşısında baş əyir, onlara daim yüksək qiymət və dəyər verir. Dövlətimiz şəhid ailələrinə hər zaman yüksək diqqət və qayğı göstərir. Bu ali diqqət də qələbəni təmin edən dövlət, xalq, ordu  birliyimizin bu gün də davam etdiyinin tazahürüdür.
Məhərrəm kişi də bu qayğıdan razılığını bildirdi. Raufun xatirəsinin əbədiləşdirilməsi üçün atılan addımlardan danışdı: "Raufun əziz xatirəsinin daim yaşadılması üçün bir çox işlər görülüb. Yaşadığımız küçəyə, Saray qəsəbəsində yerləşən iki məktəbin müxtəlif siniflərinə Raufun adı verilib. Masazırda yerləşən uşaq baxçası və bir vaxtlar çalışdığı diş klinikası da onun adını daşıyır. Bundan əlavə keçirilən bir çox rəsm sərgilərində onun da əsərləri nümayiş olunur. Bu qəbildən görülən işlərin hamısı cəmiyyətimizdə şəhidlərimizə yüksək hörmət bəsləndiyinin, onların xatirəsinin daim yaşadıldığının bariz göstəricisidir".
Şəhid atası oğlunun döyüş yolu haqqında silahdaşlarının dediklərindən də danışdı. Raufun döyüşdüyü bölmənin komandiri olan Bayram Hüseynov onun haqqında deyib: "Rauf döyüşlərin ilk günündən ağır əməliyyatlarda iştirak edib. Çox hünərli, iradəli, mübariz ruhlu idi. Hər tapşırıqda ən öndə olmağa can atırdı. Döyüşlərdə yüksək bacarıq və igidlik göstərdiyinə görə kəşfiyyat manqa komandiri təyin olunmuşdu. Döyüşməklə yanaşı, yaralıların, şəhid olanların nəşinin döyüş meydanından çıxarılmasında da şücaət göstərirdi. Gözündə qorxu yox idi. Sağolun ki, belə igid, cəsur, müsbət əxlaqi keyfiyyətlərə malik oğul böyütmüsüz".
Məhərrəm kişinin adını xatırlamadığı digər döyüş yoldaşı belə deyib: "Füzuli döyüşlərində yaralanıb meşənin içində qalmışdım, qanaxmadan həyatımı itirəcəkdim. Bir də gördüm Rauf sürünə-sürünə yanıma gəldi. Məni oradan sürüyüb təhlükəsiz yerə çəkdi. Köynəyindən bir parça cıraraq, qanaxmanı dayandırmaq üçün yaramın üstünə sıxdı. Tez qaçaraq su tapıb gətirdi. Durmadan da deyirdi ki, qorxma ölməyəssən, yaşayassan. Bu gün onun sayəsində həyatdayam".
Atası onunla bağlı son xatirəsini də dilə gətirdi: "Müharibə başlanmazdan 10-15 gün qabağ olardı. Raufu işlədiyi klinikaya aparırdım. Klinikanın qarşısında maşını saxlayıb onunla bir az söhbətləşdim. Ailə qurmasını istəyirdim, ona görə ürəyində kiminsə olub-olmadığını öyrənmək istəyirdim. Gözlərinin içinə baxıb dedim ki, bala bəlkə sevdiyin var, bir ürəyini aç danış. Rauf səssizcə bir neçə saniyə, gözünü qırpmadan mənə baxdı. Baxdıqca hiss edirdim ki, göz bəbəkləri mənə zillənsə də, gözün özü, xəyalları uzaqlarda, başqa yerlərdədi. Bir az gülümsəyərək "ondan böyük arzum var, onu yerinə yetirim sonra", - dedi. Sən demə hələ Tovuz döyüşləri gedəndə Rauf gedib qeydiyyata düşüb ki, səfərbərlik olsa döyüşlərə yollansın. Gözlərindəki o xəyalları sən demə Qarabağa aid imiş. Döyüşlərə getmək, torpaqlarımızın azadlığı uğrunda vuruşmaq arzusu imiş".
Rauf haqqında xeyli söhbətləşdikdən sonra Məhərrəm kişi ilə birlikdə Saray qəsəbəsinin Şəhidlər xiyabanına yollandıq. Raufun məzarını ziyarət etdik. Məzar daşında yazılan şeir parçası diqqətimi çəkdi. Şeirin son misralarında belə yazılmışdı:
Rahat yat, ey oğul, qisas alındı,

Zəfər bizimlədir, zəfər çalındı.
- Bu misralar mənə məxsusdu, - Raufun məzar daşındakı şəklini tumarlayan atası dilləndi. - Ona deyə bilmədiyim sözlərimi bura yazdırdım. Tək oğul övladım idi. Bacısı tək qaldı. Ailəmiz üçün ağır itkidi, ağır dərddi. Lakin bu şərəfli ölüm hər kəsə qismət olmur. Biz ordumuzun zəfər qazanması ilə təsəlli tapırıq. Övladlarımızın qanı yerdə qalmadı, Böyük Qələbəni qazandıq, ərazi bütövlüyümüzü təmin etdik. Övladlarımızın da ruhu şaddır ki, onların uğrunda can verdiyi müqəddəs yol Zəfərlə başa çatdı.

Mahmud MÖHBALIYEV"Azərbaycan Ordusu"

fotolar Coşqun CƏFƏROVUNDUR