Yaydı. İstidi-bürküdü. İnsan təbiətə hökm edə bilməsə də, onun yaratdığı çətinliklərin təsirini dözümü ilə, səbri ilə, duyğulara bağlandığı böyük amalı ilə azalda bilir. Azərbaycan əsgəri təbiətə, həm dövlətə, həm də dövlətçiliyə sədaqəti ilə təsir göstərə bilir. Bu təsir ruhun sıxıntılara üstün gəlməsi kimi təzahür edir...
Bu fikirlər düşüncələrimi bürüyüb - "N" hərbi hissəsinin təlim ərazisinə çatmışıq. Göy üzünə baxıram, zabitin göstərişlərini yerinə yetirən əsgərlərə baxıram. Baxışlarımı sıxan narahatlıq sovuşur; əsgərlərin üzündən öyrənmək, öyrəndiklərini təkmilləşdirmək niyyəti asanlıqla sezilir. Xatırlayıram ki, İkinci Qarabağ müharibəsindən əvvəl təmas xəttində, düşmənlə yaxın mövqedə xidmət edən əsgərlərdən biri demişdi:
- Gənc əsgər hazırlığı kursunu bitirdikdən sonra qoşunlarda xidmətə gəldik. Öyrəndiklərimizi burada təlimlərlə təkmilləşdirdik. İndi də öyrənirik, biliklərimizi artırırq. Hər dəfə yeni nəsə mənimsəyirik. Bizə elə gəlir ki, hərbi xidmətimizin mahiyyəti həm döyüş növbətçiliyini yüksək səviyyədə aparmaqdır, həm də bu yeni "nəsə"ləri də öyrənməkdir.
Az sonra İkinci Qarabağ müharibəsi başladı. Əminəm ki, həmin əsgər (əsgərlər) də qəhrəmanlıqla döyüşüb...
Bugünkü təlimdə iştirak edən əsgərlərin duruşunda (təlimin mövzusunun izahı), yerişində (təlim keçiriləcək əraziyə gediş), hərəkətlərində (təlim mərhələlərlə yerinə yetirilir) qətiyyət var, inam var, hərbi təmrinlərin icrasına gərək olan plastika var...
Taktiki hazırlıq üzrə təlimdir. Müdafiə və hücum döyüşü ardıcıllıqla icra olunacaq. Əsgərlər hücum döyüşünə daha həvəslidirlər. Maraqla zabitə baxıram:
- Əsgərlərimiz müdafiənin də, hücumun da aparılması metodlarına, üsullarına yaxşı bələddirlər. Hər ikisini yaxşı mənimsəyiblər. Ancaq hücumu daha mükəmməl mənimsəmək istəyirlər. Bu istək də Zəfərlə bağlıdır.
Baş leytenant Ceyhun Mahmudov deyir ki, əsgərlərin bu niyyəti vətənpərvərliyin, Hərbi Anda sədaqətin, bir də qürurla səslənən "Biz qalib əsgərlərin döyüş yolunun davamçılarıyıq!" düşüncəsinin təzahürüdür. Səmimiyyətlə bildirirəm: son üç ildə xidmət edən əsgərlərin əksəriyyəti döyüşənlərə həsəd aparırlar. Bu, bizi indi də qürurlandırır.
Zabitin dedikləri təlim ərəfəsində gözəl mənəvi-psixoloji ovqat yaradır.
Əsgər Asiman Cəfərov deyir:
- Zabitlərimizin Vətən müharibəsinin döyüşlərindən danışdığı hər təəssüratı maraqla dinləyirik. Bu döyüşlərin hər biri istər nəzəriyyədən öyrəndiklərimizin, istərsə də təlimlərdə mənimsədiklərimizin davamıdır. Bəzən bir döyüş epizodu üçün ayrıca təlim də keçirik. Bu epizod istər relyef baxımından, istərsə də döyüşün olduğu vaxta (gündüz, gecə) münasib vaxtda keçirilir ki, daha əyani şəkildə mənimsəyə bilək.
Əsgər Emin Əsgərov əsgər yoldaşının fikrinə əlavə kimi deyir ki, zabitlərimiz öyrəndiklərimizi təlimlərdə təcrübə ilə əlaqələndirirlər, Vətən müharibəsində aparılan döyüşlərin timsalında izah edirlər. Biz həm müharibənin tarixini öyrənirik, həm də döyüş hazırlığımız yüksəlir.
Kapitan Vüsal Hüseynov əsgərlərin fikirlərini ümumiləşdirərək deyir ki, təlim həm bilavasitə döyüş hazırlığının artırılmasıdır, həm də nəzəri baxımdan öyrədilmiş mövzunun təcrübə ilə təkmilləşdirilməsidir. Bu baxımdan onun İkinci Qarabağ müharibəsinin döyüşləri formatında imitasiyası öyrətmə-mənimsətmə prosesini daha da səmərəli edir.
Təlim başlayır. Əsgərlər təlimata uyğun şərti düşmənin mövqeyinə yaxınlaşırlar. Təlim gerçək döyüş ovqatı ilə aparıldığından (tələb belədir) əsgərlərin "düşmənin mövqeyinə" yaxınlaşmasını istər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində çəkilmiş döyüş kadrları ilə müqayisə etmək istəyirəm. Eynilik yoxdur, uyğunluq var. Bu uyğunluq o döyüşlərə, o döyüşlərin iştirakçılarına sevgidimi, o döyüşləri qələbə ilə tamamlayan döyüşçülərə ehtiramın əlamətidimi, öyrənilmişlərin tətbiqi hesabatıdımı? - əsgərlərin sıradan bir təlimdə belə məsuliyyətlə, belə istəklə (bu istək hərbi xidmətə sevgidir!) iştirakı bir gerçəkliyin təzahürüdü: Vətən müharibəsində Zəfər qazanmış döyüşçülərin qələbə ruhu sədaqətlə yaşadılır!..
Taktiki hazırlıq üzrə təlim davam edir. Şərti düşmənin mövqeyində döyüş gedir. Əsgərlər gerçək döyüşdə olduğu kimi bir-birini himayə edirlər. Himayə edə-edə daha da yaxınlaşırlar. Bir anlığa İkinci Qarabağ müharibəsi iştirakçısı olmuş 2-ci dərəcəli kapitan Orxan Qədirovun dediklərini xatırlayıram: Mövqeyə yaxınlaşana kimi başqa duyğular yaşayırsan, mövqeyə yaxınlaşanda başqa duyğular. Bu duyğular qələbə duyğularıdı. Döyüşçü əmr veriləndən həmin ana yaxınlaşır.
Təlimdə iştirak edən əsgərlərin hərəkətlərində 2-ci dərəcəli kapitan Orxan Qədirovun təsvir etdiyi məqamlar aydınlığı ilə sezilir. Xəyalən Vətən müharibəsini, döyüşləri düşünürəm. Bugünkü qətiyyətin gerçəyini təsəvvür edirəm. Baxışlarım əsgərlərin "döyüşündən" ayrılmır. Qürurlanıram. Mənə elə gəlir ki, bu təlimdə əsgərlərin "döyüşünü" Vətən müharibəsində Zəfər qazanmış döyüşçülər də bəyənərdilər...
Taktiki hazırlıq döyüş hazırlığının tərkib hissələrindən biridir. Ordu quruculuğu bilavasitə nizami ordunun döyüş hazırlığının yüksəldilməsini təmin edir. Bu baxımdan təlimlər döyüş hazırlığının mərhələlərindəndir. Bugünkü təlim taktiki hazırlığın təkmilləşdirilməsi baxımından əsgərlərin müəyyən vərdişlərini püxtələşdirir, pusqu və basqı elementləri qrup şəklində, hücum və s. mərhələlərlə, sonra vahid bir proses kimi yerinə yetirilir.
Qışda hərbi hissələrimizdən birində ezamiyyətdəydik. Döyüş hazırlığı planına əsasən təlim keçirilirdi: Şərti düşmənin mövqeyinin alınması. Əsgərlər qarda, sazaqda son dərəcə ehtiyatla şərti düşmənin mövqeyinə yaxınlaşmışdı. Əsgərlərin baxışları bir anlığa, tək bircə anlığa qoşalaşmışdı. Bu qoşalaşma bəlkə də "Əmri yerinə yetirməyə hazıram!" fikrinin ifadəsiydi. Az sonra atışmışdılar. Təlimin keyfiyyətinin müəyyənləşdirilməsi məqsədilə məşğələni polkovnik Pərviz Pirməmmədov da izləyirdi. Əsgərlərdən ikisinə irad tutmuşdu. Birinə şərti düşmənin mövqeyinə yaxınlaşanda kifayət qədər əyilmədiyinə görə, digərinə əsgər yoldaşını təlimata müvafiq himayə etmədiyinə görə.
Əsgərlər şərti düşmənin mövqeyinə basqın edəcəklər. Zabit bildirir ki, bu məqsədlə əsgərlər qruplara bölünüblər: Qruplar əməliyyatın icrasına hazırdırlar. Baş leytenant Ceyhun Mahmudovun əmri ilə təlimin mərhələsi başlayır. Əsgərlər Cəbrayıl Muzqarov, Elcan Nəbiyev, Təbriz Zeynallı, Hüseyn Hüseynov, Vüqar İsmayılov, Emin Əsgərov həmlə qrupunun üzvü kimi şərti düşmənin səngərlərinə yaxınlaşırlar. Döyüş başlayır. Qruplar tapşırığı yüksək səviyyədə yerinə yetirirlər. Zabit hər əsgərin hərəkətini diqqətlə izləyir. Təlimin gedişinə mane olmur. Təlimdən sonra yol verilmiş nöqsanları xatırladacaq, hansı hərəkətin necə yerinə yetirilməsini nümunə kimi nisbətən təcrübəli əsgərlərdən biri yerinə yetirəcək. Təlimdə səhv etmiş əsgər bu hərəkəti təkrarlayır. Dörd belə göstərişlə təlim başa çatır...
- Basqı haqqında nəzəri biliyimiz də var, təcrübi vərdişlərimiz də. Əsgərin vərdişləri təlimlərlə püxtələşir. Bəzən bu və ya digər hərəkəti müəyyən səbəblərə görə düzgün yerinə yetirə bilmirik. Komandirimiz bunu müşahidə edir, təlim başa çatanda belə nöqsanları təhlil edir. Nöqsanları yaradan səbəblər aydınlaşdırılır. Bu izahat bizim təcrübəmizi təkmilləşdirir, yaddaşımıza daha etibarlı şəkildə hopur, - əsgər Elcan Nəbiyev belə deyir. Bu kəlmələr əsgərin öyrənmə istəyi kimi dinlənilir...
- Burada bu mövzuda ilk təlimi də hərbi xidmətimin ilk günü kimi heç zaman unutmayacam. Onda mən də əsgər yoldaşımı təlimata uyğun himayə etməmişdim. Komandirimiz mənə irad tutmuşdu, təcrübəli əsgərlərdən biri himayəedici mövqenin necə tutulmasını, himayə atışının necə aparılmasını bir daha izah etmişdi. O izah yaddaşıma hopmuşdu, ondan sonra heç zaman səhv etmədim, - əsgər Asiman Cəfərov ilk təlim gününü belə xatırlayır.
İkinci Qarabağ müharibəsindən sonra Ağdamda əsgərlərdən soruşmuşdum:
- Vətən müharibəsinin hər günü tarix kimi yaddaşlardadı. İlk olaraq nələri xatırlayırsınız?
Əsgər Tahir Əhmədovun dedikləri hamımızı duyğulandırmışdı:
- Döyüş əmri, bir də avtomatı sinəmə sıxıb döyüşə qoşulduğum anları. Döyüş əmrini bizdən əvvəl xidmət edən əsgərlər də gözləmişdi, biz də gözləyirdik. Slahımı sinəmə sıxıb döyüş əmrinin icrasına addım atanda, elə bildim Vətəni köksümə sıxmışam.
Xatırlatmam təlimdə iştirak edən əsgərləri də duyğulandırır.
- Əminik ki, Vətən müharibəsində bütün əsgərlər döyüşə Tahirin dediklərinə tən gələn düşüncələrlə başlayıb, - baş leytenantın baxışlarından bir sorğu dikəlir: Siz nə deyirsiniz?
- Tahirin dedikləri döyüşdə qüdrətə döndü, biz təlimlərdə avtomatı sinəmizə sıxanda sanki onun istəyini təkrarlayırıq (əsgər Elmir Həmdəmov).
- Təlim başlayanda da, başa çatanda da sanki şəhidlərimizin ruhunun səsini eşidirik: Sən Azərbaycan əsgərisən!
Vətəni köksünə sıxan əsgərlərin davamçıları təlim-təlim püxtələşirlər: Azərbaycan əsgərinin döyüş hazırlığı yüksəlir.
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"
fotolar Namiq PƏNAHOVUNDUR