Türkiyənin 30 Avqust - Zəfər bayramı türk xalqının hərb tarixinə yazdığı ən şərəfli səhifələrdən biridir. 1922-ci ilin 30 avqustunda Türkiyə Ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edərək möhtəşəm tarixi bir Zəfər qazandı. Bu qələbə ilə ölkənin cənub-qərbini yunan işğalından azad etdi. 1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun əzmini nümayiş etdirdi. 1922-ci ilin avqustunda baş verən "Böyük Taaruz" (Böyük Hücum) zəfərinin təməli də Sakarya savaşında qoyuldu.
Türk Ordusu düşmənə qəti sarsıdıcı zərbəni avqustun 30-da endirdi. Səhər tezdən hər tərəfdən mühasirəyə alınan düşmən qüvvələri ilə Türkiyə Ordusunun hərbi birlikləri arasında Dumlupınar bölgəsində böyük bir meydan savaşı başlandı. Baş Komandan Kamal Paşanın doğru-düzgün, məharətlə idarə etdiyi, yönəltdiyi bu savaşa Qərb cəbhəsinin komandanı İsmət Paşa haqlı olaraq, "Baş Komandan müharibəsi" adını vermişdi. Onun hərbi dühası sayəsində bu savaşda bir gün içində yunan ordusunun böyük bir hissəsi darmadağın edildi.
Baş komandan elə həmin gün Baş Qərargah rəisi Fövzi Paşanı, Qərb cəbhəsi komandanı İsmət Paşanı (İnönü), ordu komandanları Yaqub Şevki Paşanı və Nurəddin Paşanı qərargahın qurulmuş olduğu Çal kəndində toplayaraq yaranmış vəziyyəti dəyərləndirdi. Toplantının yekununda düşmənin sürətlə təqib edilməsi, İzmir və ətrafındakı qüvvələri ilə birləşə bilməməsi üçün üç istiqamətdən Egeyə doğru irəliləmək məqsədəuyğun bilindi. Bundan sonra Baş Komandan Mustafa Kamal tarixi əmrini verdi: "Ordular! İlk hədəfimiz Ağ dənizdir. İrəli!"
Təqibin sonunda türk birlikləri sentyabrın 2-də yunan əsgərləri tərəfindən xarabalığa çevrilmiş Uşak şəhərinə daxil oldular. Burada maraqlı bir səhnə yaşanmışdı. Döyüşən iki ordunun komandanları qarşı-qarıya dayanmışdı. Bir tərəfdə məğlub olmuş yunan ordusunun baş komandanı və əsir alınmış general Trikopis, digər tərəfdə isə qalib ordunun Baş Komandanı Mustafa Kamal Paşa. Kamal Paşa əsir alınmış yunan baş komandanına qarşı törətdiyi vəhşiliklərə rəğmən hörmətlə, səmimi davranırdı. Təkəbbürlü deyildi. Trikopisi qonağı kimi qəbul edərək onunla xoş rəftar etdi (Səlcuq hökmdarı Alparslan da Malazgird savaşında Bizans imperatoru Roman Diogeni əsir alarkən ona qarşı belə hörmətlə davranmışdı).
İzmir limanında qayıqlara minə bilmək üçün bir-birini dənizə tullayan düşmən əsgərlərinin gülünc görüntülərini türk əsgərləri maraqla seyr edirdilər. Kamal Paşa sentyabrın 10-da İzmirə gəldi. Şəhərin hökumət binasına tərəf gedən Paşanı salamlamaq, təbrik və təşəkkür etmək üçün hamı onu görməyə tələsirdi. Bu zaman şəhərdə böyük bir gərginlik yaşandı. Üç il əvvəl yunanların İzmiri işğal etdikləri zaman türklərə qarşı törətdikləri insanlığa zidd hərəkətləri bu dəfə türklər tərəfindən onlara qarşı ediləcəyindən qorxurdular. Lakin qorxuları həqiqətə çevrilmədi...
Bu dövrdə yunanlar İzmirin yarısını atəşə tutub külə döndərmişdilər. Necə ki, qaçarkən geridə qoyduqları digər kənd və qəsəbələri yandırdıqları kimi. Bu dəhşətli görüntünü Mustafa Kamal Atatürk də ürək ağrısı ilə izləmişdi. Lakin düşüncələrini yaxın gələcəyin mədəni və çiçəklənən İzmirinə yönəltmişdi. Beləliklə, 1922-ci il sentyabrın 18-də Qərbi Anadolu işğalçı yunan birliklərindən təmizləndi. Türk ordusu 15 gün ərzində döyüşə-döyüşə 500-600 kilometr yol qət etdi. Bununla da yurdun bütövlüyü təmin edildi və Türkiyə Cümhuriyyətinin yaranmasına aparan yol açılmış oldu. Atatürk zəfərlə nəticələnən bu hərəkatdan bəhs edərkən yazırdı: "Bu əsər türk millətinin hürriyyət və müstəqillik fikrinin əbədi abidəsidir".
1922-ci il avqustun 30-da Böyük Zəfərlə nəticələnən Dumlupınar savaşını türk millətinin yenidən dirçəliş günü hesab etmək olar. Bu savaş Anadolu torpaqlarının türkün Vətəni olduğunu bir daha düşmənə sübut etdi.
Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd edildi. Rəsmi olaraq Zəfər bayramı 1936-cı ilin mayında elan olundu. Bu bayram, eyni zamanda, Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Respublikasının milli bayramıdır. O zaman işğalçı ordu hissələri ölkə hüdudlarını bir qədər gec tərk etsələr də, 30 avqust rəmzi olaraq ölkə ərazilərinin düşməndən geri alındığı gün kimi qeyd olunur.
Bu zəfər naminə 13 min türk əsgəri şəhid olmuşdu... 30 avqust zəfəri türk xalqının və Türkiyənin dövlətçilik tarixində yeni bir səhifə açdı. 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan etdi.
Keçən əsrin 20-ci illərinin əvvəllərində Mustafa Kamal Atatürk yazırdı: "Amerika, Avropa və bütün sivilizasiya dünyası bilməlidir ki, türk xalqı hər bir sivilizasiyalı və qabiliyyətli millət kimi, qeyd-şərtsiz azad və müstəqil yaşamağa qərar veribdir. Bu haqlı qərarı pozmağa yönələn hər bir qüvvə Türkiyənin əbədi düşməni kimi qalacaqdır. Bu barədə insaniyyət və sivilizasiya aləminin təmiz vicdanı, şübhəsiz Türkiyə ilə yekdildir". Türk xalqının siyasi müstəqillik, siyasi varlıq uğrunda mübarizəsi, ümumiyyətlə, bəşər tarixinin ən şərəfli səhifələrindəndir.
Bu tarixi günü Türkiyə, Şimali Kipr ilə yanaşı, qardaş Azərbaycan da böyük sevinc hissi ilə qeyd edir.
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"