Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Avqust 2023 10:34

Ucalığın bayrağısan, Azərbaycan əsgəri!..

Dağlarda elə gözəl duyğular yaşanılır ki! Dağların duruşunu kürəyini dağlara söykəmiş əsgər bilirsən. Sənə elə gəlir ki, dağın dağa söykənməsində də min illərin yaşam fəlsəfəsi var: Dağın əzəməti də, qüdrəti də, heyrəti də nəfəsini arzuladıqlarının doğmalığındadı, bu doğmalığın ruhundadı. Ucalıqlarda bayrağımızın dalğalanması da bu doğmalığın qüdrətidi...
İşğaldan azad edilmiş ərazilərdə dağlara baxanda bənzərsiz duyğular yaşayıram. Ötən il Murovdağda gördüklərim hələ də yaddaşımdadı: Bir qartal uçurdu, onun uçuşunu sonacan izləməyə macal tapmamış başqa bir qartal göründü, zirvələrin o üzünü kölgələndirdi. Bu uçuş sədaqətə and uçuşuydumu, sədaqətlilərə ehtiram uçuşuydumu, işğaldan azad edilmiş ərazilərimizdə xidmət edənlərin gerçəkləşmiş xəyallarına yetmək üçün Murovdağdan xeyir-dua istəyinin uçuşuydumu? - bu haqda düşünməyə macal tapmamış Kəlbəcərə gedən əsgərlərimizin nəfəs dərimini gördük. Nəfəsimizə əsgər nəfəsi dəyəndə ruhumuz təzələndi...
Vətən müharibəsindən əvvəl düşmənlə təmas xəttində əsgərlərin əhatəsində bənzərsiz bir duyğu yaşamışdıq: Mübariz İbrahimovun adını daşıyan postda əsgərlərin mübarizləşdiyini sezmək çətin deyildi. "Mübariz düşmənin postuna bu mövqedən gedib. Bu post qəhrəmanlığın başlanğıcıdı. Biz Ali Baş Komandanın əmri ilə döyüşə bu mövqedən qoşulacağıq. Mübarizin ruhu da sıramızda olacaq...". Əsgərlərin döyüş əzmini Azərbaycan Ordusunun qələbə ruhu bilmişdik.
Əsgərlərdən biri demişdi ki, biz də Vətən üçün qətiyyətlə, rəşadətlə, sədaqətlə döyüşəcəyik. Başqa bir əsgər bu fikri "Qəhrəman olmaq üçün döyüşməyəcəyik, qəhrəmanlıqla döyüşəcəyik" kəlmələriylə tamamlamışdı.  Qəhrəmanlığın qələbə, qələbələrin qəhrəmanlıq olduğunu bilənlərin, həm də bu amalla xidmət edənlərin əhatəsində torpaqlarımızı işğaldan azad edəcək döyüşlərdən danışmışdıq. 2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı birləşmələrinin işğal etdiyi ərazilərdən hücumunun qarşısı alındı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı, bu əməliyyatın davamı kimi İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi başladı və Zəfərlə tamamlandı...
Zəfər Azərbaycan Ordusunun qüdrəti kimi tarixləşdi. Zəfərdən sonra Ağdamda, Zəngilanda, Füzulidə, Qubadlıda yaşadığım qürur (torpaqlarımız işğaldan azad edildi) və qəhər (ermənilər kəndlərimizi, şəhərlərimizi dağıdıb) düşüncələrimdə fikir fırtınası yaratmışdı: Azərbaycan gerçəklikləri dünyanın sükutunu tərpədəcək. Əsgərlərdən biri İkinci Qarabağ müharibəsinin bir döyüşünü xatırladır:
- Müharibədə düşmənlə bir güllə məsafəsi qədər, ondan da yaxın məsafələrdə xidmət edən əsgərlərimiz döyüş növbətçiliyindən döyüşə qoşulub. Düşmənin mövqeləri olan yüksəkliyə hücum əmri verilib. Hücumda döyüş növbətçiliyi aparan əsgər Nail Abbaslı da iştirak edib. Döyüş əmri veriləndən dörd saat sonra düşmənin mövqelərinin yaxınlığına çatıblar. Düşmən mövqedə, səngərdə, döyüşçülərimiz - açıqlıqda. Güllələrdən yayına-yayına güllələrin atıldığı yerə yaxınlaşıblar. Düşmən müqavimət göstərsə də, sonacan döyüşə bilməyib, geri çəkilib. Düşmənin sonuncu güllələrindən biri Nailin ürəyinin yaxınlığına dəyib. Döyüş yoldaşları açılan səhərdə Qələbəni Nailsiz qarşılayıblar. Dan yeri söküləndə bir lövhə hazırlayıblar: Nail postu. Bu lövhə döyüşçülərin şəhid döyüşçüyə ehtiramıydı. Həmin lövhənin yaxınlığında bayrağımız dalğalanır...
Polkovnik-leytenant Azər Rzayev İkinci Qarabağ müharibəsini belə döyüşlərə, şəhidliyə, qazanılan Zəfərə görə Azərbaycanımızın tarixində ən qürurlu hadisə, ən qüdrətli döyüş, bu Zəfəri ən bəşəri Zəfər adlandırmışdı, sonra əsgərlərə baxmışdı.
- Siz onların döyüş yolunu bu dağlarda davam etdririsiniz. Sizin də davamçılarınız olacaq. Hərbi Anda, dövlətə, dövlətçiliyə sizin, sizdən sonra xidmət edəcək əsgərlərin sədaqəti kimi torpaqlarımıza heç zaman yad nəfəsi dəyməyəcək, - demişdi. O ucalıqda bir bayatı demişdim:
 
...ağdı, Vətən,

Buludun yumşaqdı, Vətən.

Dağların da deyir ki,

Hər oğul dağdı, Vətən!
 
Əsgərlər bayatının ovqatıyla qarşı dağlara, qarşı dağların o üzünə baxmışdılar...
Dəniz səviyyəsindən yüksəklikdə Vətən müharibəsi iştirakçısı olmuş baş çavuş Məhəmməd Şamanidze döyüş ruhundan danışmışdı:
- Mən Axıska türküyəm. Babalarım Aspinzada yaşayıblar. Ötən əsrin ortalarında Fərqanəyə sürgün ediliblər, Fərqanə hadisələrindən sonra Azərbaycana gəliblər. Axıska türkləri də İsgəndər Aznaurovun türkçülüyə, azərbaycançılığa sevgisini yaşada-yaşada əsgərləşiblər.
Məhəmmədin kəlmələri həm Vətən ucalığında, həm də relyef ucalığında hamımıza bənzərsiz bir mətləb yaşatmışdı: xalqın ruhu həmişə Vətənə əsgər olub. Azərbaycan "Ana", "Vətən", "Ana Vətən" deyənlərin hamısının Vətənidi. Vətənin o başı, bu başı olmadığına görə, harada yaşayırsa-yaşasın, bu ruhun mənəvi əsgəridi. Gördüklərimiz də, eşitdiklərimiz də bu ucalıqda hələ yaşanılmamış gözəl bir könül xoşluğuna dönür.
O ucalıqda iri daşların duruşunda da əsgəri əzəmət görmüşdüm.
İkinci Qarabağ müharibəsi, mahiyyəti etibarilə Vətən müharibəsi Azərbaycan Ordusunun tarixi qələbəsi ilə başa çatdı. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. İşğal sonlansa da, işğalçı Ermənistan niyyətini müxtəlif təxribatlarla davam etdirir, üçtərəfli razılaşmaya məhəl qoymadan, Rusiyanın sülhməramlılarının "nəzarətindən yayınmaqla" Kəlbəcərdə, Laçında təxribatlar törədir, hətta bu ərazilərdə 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar da basdırır. Güman edir ki, Azərbaycan əsgəri təxribatların qarşısını alanda minalandığı güman edilməyən yerlərdən keçməli olacaq. Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyən Ermənistan hələ də işğala meyillidir.
Füzuli istiqamətində döyüşlər gedirdi. Düşmən bu istiqamətdə daha güclü mühəndis-istehkam sədləri yaradıbmış  - bir-biri ilə əlaqəli, bir-birinin davamı olan müxtəlif üsullarla minalanmış sədlər döyüşçülərimizin hücumu başa çatdırmasında böyük təhlükə yaradırdı. Kəşfiyyatçılar ancaq özlərinə məlum olan üsullarla sədlər sisteminin nisbətən zəif səmtini müəyyənləşdirmişdilər. Düşmənin mövqelərinə yaxınlaşmağa xeyli vaxt sərf olunsa da, güman edilməyən səmtdən yaxınlaşmışdılar. Gözlənilməzlikdən çaşan düşmən müdafiəni təşkil edə bilməmişdi. Pərakəndə atışlar müdafiə döyüşü deyildi. Belə pərakəndə döyüşlər heç zaman həmlənin, hücumun qarşısını ala bilmir. Döyüşçülərimiz düşmənin çaşqınlığından istifadə edə bilmişdilər...
Sabir və daha dörd döyüşçü  geri çəkilən düşməni təqib edirdi...
Boğazına snayper gülləsi dəyən Sabir son nəfəsində döyüşçü yoldaşlarına baxıb. Bu baxışların ən gözəl (və gərəkli!) yozumu qələbəyə inam olub: Siz qalib gələcəksiniz!
Sabir şəhid olan yerdən beş-altı addım aralıda bir bina vardı. Qələbə bayrağını o binada dalğalandırıblar. Qələbənin təsdiqi kimi, həm də şəhid döyüşçüyə (döyüşçülərə!) dünyəvi ehtiram kimi...
Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsi də təsdiqləndi, milli-mənəvi dəyərlərə sədaqəti də - Vətən naminə, qələbə naminə qətiyyət, cəsarət, mənəvi kamillik...
Cəbrayılın Soltanlı kəndi yaxınlığında Moruqluqda daldalanmışdılar. Aylı-ulduzlu bir payız gecəsinin dan yerinin söküləcəyi anı gözləyirdilər; dan yeri söküləndə hücuma keçəcəkdilər. Hələ gözləyirdilər. Belə məqamlarda zaman ləng ötüşür elə bil...
Hücum əmri verildi. Kəndə səkkiz döyüşçü kənd yolunun üstü ilə, Sahiblə Rəhman irəlidə, onlarla dabanbasaraq üç döyüşçü Moruqluğun sağ səmtindən yaxınlaşacaqdı.
Düşmən duyuq düşəndə kəndin girəcəyinə çatmışdılar. Atışırdılar...
Rəhim Sabirin yaralandığını duyanda özünü ona yetirdi. Sağ qoluna güllə dəyibmiş. Tələsik sarıdı. Ona elə gəldi ki, qan dayanıb. Onu qucaqlayıb arxaya tərəf çəkildi. On-on beş addım uzaqlaşmamış qolları boşaldı. Güclə diz çökə bildi. Sabir onun yaralanmış başını sarımaq istədi. Gec idi. Rəhimin açıq gözlərində bir təəssüf donmuşdu: Sonacan döyüşə bilmədim...
Döyüş bitəndə sağ qolu yaralı-yaralı döyüşən Sabirin qəhərinin ünvanına baxdılar. Sabirin əlində bayraq görüblər. Bu bayraq Rəhimin son örtüyü olacaqdı...
Vətən müharibəsində azərbaycançılıq da döyüşlərə səfərbər olunmuşdu. Hamı müsəlləh əsgər idi - döyüşə cəlb olunanlar döyüşürdü, döyüşə cəlb olunmayanların ruhu əsgərləşmişdi...
Ötən il Kəlbəcərdə dəniz səviyyəsindən min metrlərlə yüksəklikdə dalğalanan qalibiyyət bayrağımızın kölgəsində əsgərlərlə səmimi söhbətimiz olmuşdu. Döyüşlərdən, döyüşənlərdən, qəhrəmanlıqlardan, qəhrəmanlardan danışmışdıq. "Bu ucalığa çatınca xeyli yol gəlmişdik. Döyüşçülərimizin döyüşə-döyüşə gəldiyi yol xeyli uzaqmış" - əsgərlərin baxışları ucalığın sağından asılı qalmış cığırlara dikilmişdi. Onlar bu ucalığa cığırsızlıqla gəliblər, onları bura bu dağlara ayaqlarının, dizlərinin açdığı təzə izlər gətirib. Gətirib ki, ruhumuzun dünyaya salamı olan Bayrağımız bu ucalıqda da dalğalansın. İndi qürurla dalğalanır.
Vətən müharibəsində Azərbaycan əsgərini döyüşlərə uca ruhlar uğurlamışdı; Azərbaycan əsgərinin döyüş andı Qələbəydi. Zəfərdən sonra bir daha əmin olduq ki, Azərbaycan əsgəri uca dağların - ucalığın bayrağıdı!..

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"