Müzəffər ordumuzun əks-hücum əməliyyatının başlanmasından artıq üç il keçir. O tarixi günlərdən neçə illər keçsə də, yaşananlar unudulmur. Həmin günlərin ağrı-acısı, qələbə sevincləri, müqəddəs amal uğrunda qəhrəmancasına həlak olan igidlərimiz, şəhid valideynlərinin "Vətən sağ olsun" kəlmələri ilə məğrurlaşması, dövlət, xalq, ordunun yumruq olması, igidlik və şücaətləri ilə tarix yazan qəhrəmanlarımız, 44 günə sığan Böyük Qələbəmiz... bu tarixləşən anların heç birini unutmur, unutdurmuruq. Qəlbi Vətən eşqi ilə döyünən mərd oğullarımız şanlı tariximizə öz qanları ilə yeni qələbə yazdılar. Yeni bir tarix, yeni bir qələbə müjdəsi yurd sevgisi, torpaq həsrəti ilə yaşayan insanların gözündə sevinc yaşına, ürəyində qürura döndü. Qədirbilən xalqımız nə o günləri, nə də o tarixi günləri yaşadan qəhrəmanlarını unutmur. O müqəddəs yolda canından keçən oğullarımızın xatirəsini hər zaman yad edirlər. Şəhidlərimizin məzarları, şəhid ocaqları xalqın ziyarətgahına çevrilib. Dövlətimiz şəhid ailələrinə daim yüksək diqqət və qayğı göstərir, onların rifah halının yüksək olması istiqamətində uğurlu işlər aparır. 44 günlük Vətən müharibəsində öz canı bahasına xalqımıza Böyük Qələbə sevinci yaşadan ərənlərimizdən biri də mayor Aqşin İbadovdur. Şəhidimizin doğum günü ərəfəsində doğulub boya-başa çatdığı kənddə yerləşən evlərinə yola düşdük.
Əsası ailədə qoyulan Vətən sevgisi...
Yolumuz ölkəmizin qədim şəhərlərindən biri, Cənub bölgəsinin ən böyük şəhəri Lənkəranadır. Şəhid mayor Aqşin İbadovun ata ocağı Lənkəranın Boladi kəndində yerləşir. Kəndin girişində Aqşinin qardaşı Emil ilə görüşdük. Aqşinin məzarını ziyarət etdikdən sonra evlərinə yollandıq. Atası Nazim kişi ilə salamlaşıb evə daxil olduq. Masanın ətrafında əyləşib uzun-uzadı söhbətləşdik. Nazim kişi Liman şəhər 1 saylı orta məktəbin rus və Azərbaycan bölmələrində 44 il fizika-riyaziyyat müəllimi işləyib. Ömür-gün yoldaşı Ağabacı xanımla birgə 2 qız, 4 oğlan övladı böyüdüblər. Milli-mənəvi dəyərlərimizə sədaqət, vətənpərvərlik tərbiyəsində böyüyən övladlarının 3-ü hərbçi peşəsinə yiyələnib. Vətənpərvərlik hissi övlada ilk öncə valideynlərindən gəlməlidir. Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Bu baxımdan da ailə dəyərlərinin əsas sütunlarından biri olan vətənpərvərlik hissi mənəvi-əxlaqi keyfiyyətləri ilə həmişə xüsusi önəm daşıyır. Çünki ailə cəmiyyətin aparıcı qüvvəsi olan vətəndaşlar yetişdirir, milli-mənəvi dəyərlər sistemini formalaşdırır.
Nazim kişi və Emillə söhbətləşdikcə İbadovlar ailəsinin də ziyalı, milli köklərimizə bağlı ailə kimi övladlarını yüksək əxlaqi keyfiyyətlərlə tərbiyə etdiklərini anlamaq çətin deyildi. Bu ocaqda uşaqların xəmrinin vətənpərvərliklə yoğrulduğu aşkar görünürdü. Bu isə çox mühüm məsələdir. “Ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur”, - dedim. Bu düşüncəmi Nazim kişi də təsdiqlədi. O qeyd etdi ki, övladlarımın və dərs dediyim şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması ən birinci vəzifəm olub. "Vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə, bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür. Gənclərin buna yiyələnmələri, bütövlükdə, dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna əhəmiyyətə malikdir. Şübhəsiz ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Azərbaycan xalqı daim gənc nəslin Vətənə sədaqət, xalqa hörmət, soykökünə, öz ata-babalarının adət-ənənələrinə bağlılıq ruhunda tərbiyə olunmasına xüsusi diqqət göstərib. Əminliklə deyə bilərik ki, insanda qəhrəmanlıq, mərdlik və məğlubedilməzlik hissi yaradan, apardığı mübarizədə inam hissini hər zaman alovlandıran vətənpərvərlik tərbiyəsi, ilk növbədə, ailədə və ümumtəhsil məktəblərində aşılanır. Bunun bariz nümunəsini 44 günlük Vətən müharibəsində gördük. Hərbi qulluqçularımızın sonsuz Vətən sevgisi, vətənpərvərlikdən qaynaqlanan mübarizlik əzmi qələbəmizi təmin etdi. Aqşin kimi ürəyi Vətən sevgisi ilə döyünən minlərlə igidlərimiz torpaqlarımızın azadlığı uğrunda canından keçdi. Onların şəhidliyi ürəyimizi dağladı, onlarla bağlı xəyallarımızı, arzularımızı yarımçıq qoydu. Lakin onlar öz şəhidliyi ilə həyat boyu dillərdə yaşayacaq qəhrəmanlıq dastanı yazdılar. Aqşinlə, uca, müqəddəs zirvədə olan bütün oğullarımızla fəxr edirik", - Nazim kişi dedi.
Sözlərinə davam edən şəhid atası ailə tərbiyəsinin vacibliyinə bir daha toxundu. "Vətən ailədən, ata-anadan başlanır. Vətən də ana kimi doğmadır, əzizdir, sevimlidir. Çünki biz anamızı çox sevirik. O, bizi bu dünyaya gətirən, tərbiyə edib boya-başa çatdıran müqəddəs varlıqdır. Ağıllı, tərbiyəli övladlar həmişə ananın qədrini bilirlər. Ananın qədrini bilməyən kəs heç Vətənin də qədrini bilməz. Vətəni sevmək, qədrini bilmək gərəkdir. Yoxsa, bizdən əsl vətəndaş olmaz. Ona görə də mən gənc ailələrə səslənmək istəyirəm ki, ailə kiçik dövlətdir. Məhz ailə övladı elə tərbiyə etməlidir ki, o, Vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərimizə məhəbbət, düşmənə isə nifrət ruhunda böyüsün. Ailədə uşağa başa salınmalıdır ki, vətənpərvərlik hissi bütün şəxsi maraqlardan üstün olan bir hissdir".
İbadovlar ailəsinin Vətən keşikçisi üç oğlu
Nazim kişi övladlarını Vətəninə, torpağına, ordusuna və onun şəhidlərinə məhəbbət ruhunda, düşmənə isə nifrət hissləri ilə böyüdüb. Bir sözlə, İbadovlarda ailə dəyərlərinin əsas sütunlarından biri vətənpərvərlik hissi olub. Bu hissdən qidalanan qardaşlardan ilk olaraq böyük oğul Emil Birinci Qarabağ müharibəsində iştirak edib. Həmin illərdə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətdə olan Emil Ağdam istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Emildən sonra hərbi xidmətə yollanan Cəmil "Gizir hazırlığı kursu"nu keçib. Gizir hərbi rütbəsinə layiq görülərək tankçı ixtisasına yiyələnib və tank bölmələrimizdən birində xidmətə başlayıb. Bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlə iştirak edib. 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub. Hal-hazırda da baş gizir hərbi rütbəsində ordu sıralarında layiqli xidmətini davam etdirir. Cəmilin nümunəvi xidmətindən ilhamlanan qardaşları Məmmədhüseyn və Aqşin də zabit olmaq qərarına gəliblər. Orta məktəbi yaxşı qiymətlərlə oxuyan qardaşlar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (İndiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olublar. Aqşin Məmmədhüseyndən bir kurs aşağı oxuyub. Hər ikisi də kəşfiyyatçı ixtisasını seçib. 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Məmmədhüseyn polkovnik-leytenant hərbi rütbəsində xidmətini uğurla davam etdirir. Nazim kişi etiraf edir ki, Aqşinin hərbçi olmasını istəməyib. "Səmimi deyim ki, Məmmədhüseyn hərbi məktəbə qəbul olandan bir il sonra Aqşin də hərbçi olmaq istədiyini bildirdi. Artıq iki oğlum bu çətin və şərəfli peşə yolunda addımlayırdı. Ona görə Aqşini fikrindən yayındırmaq istədim. Aqşin riyaziyyatdan çox güclü idi. Bu sahədə davam etməsini, elmi işlə məşğul olmasını, müəllim, alim olmasını təklif etdim. Lakin Aqşin qətiyyətlə zabit olacağını bildirdi. Hərbçi peşəsinə o qədər rəğbət bəsləyirdi ki, onu heç cür fikrindən yayındıra bilmədim. Yüksək balla hərbi məktəbə qəbul oldu".
Tarixi Zəfər, tarix olan Aqşin
Aqşin İbadovlar ailəsinin son beşiyi olub. O, 1984-cü il avqustun 24-də Boladi kəndində anadan olub. 2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (İndiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alıb. Atası Aqşinin uşaq vaxtı çox zəif olduğunu bildirdi. "Aqşin anadan olanda çox zəif olub. Tez-tez xəstələnirdi. Hər 10-15 gündən bir günlərcə xəstəxanada yatırdı. Hətta 4-5 yaşına kimi danışmayıb. Haradasa 10-11 yaşına kimi belə oldu. 11 yaşından sonra birdən-birə fiziki cəhətdən inkişaf etməyə başladı. Boyu artdı, orqanizmi daha güclü oldu. Sanki Allah ona güc-qüvvət vermişdi. Dərslərini çox yüksək səviyyədə oxuyurdu. Çalışqan, zəhmətkeş idi. Məktəbdən gəlib saatlarla onunla məşğul olurdum, yorulmaq bilmirdi. Mən yatırdım, o hələ dərs çalışırdı. Çox məsuliyyətli idi. Elə bir fənn yox idi ki, ondan məktəbə hazırlıqsız getsin. Çoxlu qəhrəmanlıq dastanları oxuyurdu. İdmana böyük həvəsi var idi. Boş vaxtlarını idman etməklə keçirirdi. Aqşin bir möcüzə idi. Bir neçə xarici dil bilirdi. Güclü intellekt səviyyəsi, iti yaddaşı, geniş səbri var idi. O sanki hərtəfərli, ahəngdar inkişaf etmişdi. Yaxşı şahmat oynamağı bacarırdı. Deyirdi ki, zabit gərək şahmat oynamağı bilsin. Həmişə "general olacam" deyərdi", - Nazim kişi kövrək hisslərin ağuşunda danışırdı, gözləri dolurdu. Lakin elə məğrur dayanır, elə qürurla danışırdı ki, kövrək hisslərə təslim olmurdu. İçindən keçən sızıltıları siması hiss elətdirmirdi.
Qardaşı Emil İbadov sözə davam etdi: "Qardaşım özünü xidmətinə, Vətəninə həsr etmişdi. Peşəsinə çox bağlı idi. O, 2019-cu ilin avqustunda 36 yaşında ailə qurmuşdu. 2020-ci il sentyabrın 16-da Zeynəb adında qız övladı dünyaya gəlmişdi. Qardaşım övladıyla cəmi 9 gün bir yerdə ola bilmişdi. 2020-ci il sentyabrın 25-də Türkiyənin Milli Müdafiə Universitetini bitirdikdən sonra Vətənə qayıtdı. Sentyabrın 30-dan isə döyüşlərə qatıldı. Kəlbəcər istiqamətində döyüşdükdən sonra Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin azad olunması uğrunda döyüşlərdə iştirak edib. Hadrut yaxınlığında Tuğ kəndinin ərazisində adsız yüksəkliklərin azad olunması və Xankəndi-Şuşa yolunun düşməndən təmizlənməsi zamanı şəhid oldu. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Rəşadət” ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olundu".
Emil, həmçinin qardaşının yazdığı şeirlərdən də danışdı. Aqşinin güclü yaradıcılıq qabiliyyətinin olduğunu bildirdi. Aqşinin "Xilaskar" təxəllüsü ilə yazdığı bir neçə şeirini bizə göstərdi. Aqşinin məzar daşının üstündə yazılan misralar da "Xilaskar"a məxsus imiş. "Ana, Vətən" şeirindən olan misralarında bu qısa ömrünü ana Vətəni üçün yaşadığını yazmışdı. Qeyd edim ki, Aqşinin yazdığı şeirləri "Azərbaycan Ordusu" qəzetimizin növbəti saylarında dərc edəcəyik.
Xatirələrdə yaşadılan Aqşin
Ailəsinin Aqşinin əziz xatirəsinə yaşadığı evdə hazırladığı xatirə muzeyinə də baxdıq. Burada əvvəlcə Aqşinin qısa, lakin şərəfli ömür yolundan bəhs edən videoçarxı izlədik. Sonra atası və qardaşı yenə Aqşin haqqında xatirələrini danışdılar. Otağın divarlarında Aqşinin silahdaşları, ailəsi ilə keçirtdiyi günlərinin fotoları asılmışdı. Həmçinin stendlərdə şəxsi əşyaları, oxuduğu kitabları, hərbi geyim və avadanlıqları, yazdığı şeirləri yer alırdı. Otaqları gəzdikcə atası Aqşin haqqında komandiri olduğu əsgərlərinin, müəllimlərinin, zabit yoldaşlarının dediyi fikirlərdən danışırdı. Aqşinin xatirələrdə daim yaşadığını bildirirdi. Qeyd edir ki, onların Aqşin haqqında danışdığı xatirələrini dinlədikcə, sanki Aqşin aramızdadır kimi hiss edirəm.
İki il Türkiyədə Aqşinlə birgə təhsil alan zabitlər onun haqqında belə deyiblər: "Aqşin çox fərqli xüsusiyyətlərə malik biri idi. Onun dünya malında gözü yox idi. Çox sadə, təvazökar, insana xoş təsir bağışlayan biri idi. Uşaqları çox sevirdi. Bütün azərbaycanlı zabitlər ailələrimizlə birgə otel tipli yataqxanada yaşayırdıq. Bayramlarda səhər durub görürdük ki, qapılarımızdan hədiyyə paketləri asılıb. Kimin neçə uşağı var idisə, paketin içində o sayda da hədiyyə olurdu. Lakin heç kim bilmirdi ki, bunu kim edib. Axtarırdıq, tapa bilmirdik. Aqşindən də soruşanda onun etmədiyini deyirdi. Sonra məlum oldu ki, bunları edən Aqşin imiş".
Atası bildirdi ki, Aqşin əsgərləri çox sevirdi. Həmişə deyirdi ki, komandir əsgərin qardaşı, dostu, sirdaşı olmalıdır. Çünki komandir əsgərə lazımi qayğı göstərməsə, nümunəvi xidmət etməsinə çətin nail ola bilər. Onu da öyrəndim ki, vaxtilə Aqşinin tabeliyində əsgər olmuş, hazırda isə Bakıda yerləşən 147 nömrəli məktəbdə riyaziyyat müəllimi işləyən Tərlan onun dediyi "Təhsil almaq varlanmaq üçün yox, həyatda mükəmməl olmaq üçündür" sözlərini öz sinfinin girişində lövhəyə yazdırıb və şagirdlərinə Aqşinin həyat yolunu, mənəvi keyfiyyətlərini nümunə göstərir.
Tez-tez Nazim kişini ziyarətə gələn Aqşinin komandiri olduğu əsgərlər onun haqqında belə deyiblər: "O əsil komandir, həm də qayğıkeş və səmimi dost idi. O hər gün postları gəzir, bizə baş çəkirdi. Onun gəlişi bizi çox sevindirirdi. Heç vaxt əliboş gəlmirdi. Həmişə əsgərlərə nəsə sovqat gətirirdi. Bütün əsgərlərin doğum günlərini xüsusi olaraq qeyd edir, onlara hədiyyə alırdı. Əsgərlərin hər biri ona böyük məhəbbət bəsləyirdi".
2016-cı ildə Aqşinin xidmət etdiyi hərbi hissədə qoşun təcrübəsinə gələn kursant Alişan Aqşinə bir kitabça verir və orada Aqşin haqqında belə yazır: "Cənab mayor. Siz mənim kursantlıq həyatımda tam səmimi ünsiyyət qurduğum ilk zabitsiniz. Bu qoşun təcrübəsində sizin kimi sirdaş və dost qazandım. Buna görə çox sevinirəm. İnşallah, yaxın zamanda sizi "tarixi dəyişən əsgərlər" sırasında görəcəyəm". 2016-cı ildən sonra Aqşinlə Alişan növbəti dəfə döyüşlər vaxtı rastlaşırlar. Çiyin-çiyinə yeni tarix yazırlar.
Son nəfəsində də Aqşinin yanında olan Alişan onun haqqında deyib: "Aqşinin döyüşü idarə etməsi, fərqli taktikalardan, manevrlərdən istifadə etmək qabiliyyəti çox yüksək idi. Bir dəfə mühüm əhəmiyyətli yüksəkliklər azad edilməliydi. Çox çətin döyüşlər idi. Aqşinin döyüşü yüksək peşəkarlıqla idarə etməsi və uğurlu taktiki gedişlərinin nəticəsində biz o yüksəklikləri azad etdik. Sayca bizdən 3 dəfə çox olan düşmənin hamısını məhv etmişdik. Biz bu tapşırığı Aqşinin döyüşü təşkil etmə bacarığı, məharəti nəticəsində itkisiz yerinə yetirmişdik. Aqşin elə son nəfəsini də mənim qucağımda verib. Komandir minaatan mərmisindən ağır yaralandı və yıxıldı. Tez qaçdım komandirin yanına, başını dizimə qoyub qucaqladım. Hiss edirdim ki, son nəfəsləridir. Səsi xırıltılı gəlirdi. Bədəni tam halsızlaşmışdı. Var qüvvəsini yığıb əlini cibinə saldı. Cibində olan bayrağı çıxarıb öpmək istəyirdi. Son nəfəsində bayrağı öpərək şəhid oldu".
Atası dedi: "Aqşin uşaqlıqdan bayrağa, himnimizə, gerbimizə, dövlət və dövlətçiliyimizə sədaqətli idi. Bir epizodu deyim. Bir dəfə Aqşin məzuniyyətdə idi. Mən adəti üzrə səhər tezdən durub məktəbə getməyə hazırlaşırdım. Televizor da yanılı idi. Birdə gördüm televizorda himnimizin səsini eşidən Aqşin yatağından durub, farağatda dayanıb. Mən fəxr edirəm ki, onun kimi oğul böyütmüşəm. Allah bütün şəhidlərimizin ailələrinə səbir versin. Təki Vətən sağ olsun!"
Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"
fotolar Coşqun CƏFƏROVUNDUR