Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2023 10:00

Azərbaycan-Türkiyə: Şuşa Bəyannaməsi

Bəşəri niyyətlərlə bağlanan ikitərəfli müqavilələr dövlətlərarası münasibətləri daha da möhkəmləndirir, siyasi, iqtisadi, mədəni əlaqələri yüksəldir.  Dövlətlər ruhən qardaş dövlətlərdirsə, münasibətlərin, əlaqələrin dünyəvi mahiyyəti bir gerçəkliyi ifadə edir: dövlətlərarası münasibətlər qardaşlığın təsdiqidir. Azərbaycanla Türkiyə arasında mövcud münasibətlər də belədir...
Hərb nəzəriyyəçiləri siyasətin güclə, döyüşlə davamına müharibə deyir. Belə müharibələrin mahiyyəti ədalətsizlikdi, torpaq istila (işğal) etməkdi, özgəsinin torpaqları hesabına öz torpaqlarını genişləndirmək niyyətidi. Min illərdi belədi. Min illərdi bəşəriyyət ədalətsiz müharibələri lənətləyir. Dünyəviliyə xor baxan, bəşəri münasibətlərdən üz döndərib sərhəd keçən, sərhəd çığnayan dövlətə işğalçı dövlət deyilib. İşğalçı dövlət sonda məğlubiyyətə məhkumdur. Fikrimi müharibələr tarixi təsdiqləyir: faşist Almaniyası məğlub oldu, ABŞ Vyetnamda məğlub oldu, SSRİ Əfqanıstanda məğlub oldu, ... Ermənistan bu tarixləri xatırlasaydı, Azərbaycana qarşı ədalətsiz müharibəyə başlamazdı.
İşğalçı Emənistan ərazisini müxtəlif dövrlərdə müxtəlif üsullarla, əsasən də bizim ərazilər hesabına genişləndirmişdi. Hər dəfə də SSRİ-nin razılığı (və tapşırığı!) ilə. 1984-cü ildə sovet rəhbərliyinin tapşırığı, Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi hesabına Qazağın Kəmərli kəndindən 1435 hektar ərazini ilhaq etmişdi. 80-ci illərdə Qarabağın dağlıq hissəsində dövlət yaratmaq niyyəti ilə siyasi mübarizəyə başlayanda da SSRİ hökuməti buna ciddi etiraz etmədi, müəyyən mənada, yumşaq razılıq verdi. Onda xalqın milli azadlıq hərəkatı həm bu niyyətə qarşı yönəldi, həm də dövlətçiliyin bərpasına...
Havadarlarının siyasi və hərbi dəstəyindən bəhrələnən Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. Beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməyən işğalçı dövlət danışıqlardan yayınmaqla regionda mövcud status-kvonu saxlamaq istəyirdi. Unudurdu ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməz. Ermənistanın ermənilik niyyəti dünyanın diqqətini işğaldan yayındırmağa, müxtəlif vaxtlarda Azərbaycanın işğal olunmuş ərazilərindən də, dövlət sərhədlərindən də (iyun, 2020) müxtəlif miqyaslı təxribatlara cəlb etməyə yönəltməyə xidmət edirdi. 2016-cı ilin aprelində də belə olmuşdu. Bu döyüşlərdə Azərbaycan Ordusu əks-hücumla 2000 hektar ərazini işğaldan azad etmişdi...
Havadarları Ermənistanı gizlin, qardaş Türkiyə Azərbaycanı açıq dəstəkləyirdi. Bu dəstək ruhun bölünməzliyinin nəticəsiydi. Türkiyə həmişə Azərbaycanla nəfəs-nəfəsə olub. İkinci Qarabağ müharibəsindən əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar demişdi: "Türkiyə Azərbaycanın yanındadır".
İkinci Qarabağ müharibəsi başlayanda da Türkiyə mənəvi dəstəyi ilə Azərbaycanın yanında idi; Türkiyə dövlətinin, türk xalqının mənəvi dəstəyi və azərbaycanlı hərbi qulluqçuların Vətən sevgisi, döyüş hazırlığı, döyüş imkanlarını qələbəyə yönəltmə bacarığı, ordumuzu döyüş-döyüş Böyük Qələbəyə yaxınlaşdırırdı...
Azərbaycan Ordusu noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Mahiyyəti etibarilə Vətən müharibəsi olan İkinci Qarabağ müharibəsi Zəfərlə başa çatdı. İkinci Qarabağ müharibəsində də Türkiyə Azərbaycanın yanında oldu. 2020-ci il noyabrın 10-da qazanılan tarixi Zəfərlə Azərbaycan qədər Türkiyə də qürurlandı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, "İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Savaşın son dəqiqəsinə qədər - Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq".
2021-ci il iyunun 15-də Şuşada Azərbaycanla Türkiyə arasında Bəyannamə imzalandı. Qars müqaviləsinin 100-cü ildönümündə imzalanan bu sənəd tarixdə tarixi yaşadan Bəyannamə oldu.
Qars müqaviləsinin (Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR, o biri tərəfdə - Türkiyə olmaqla Qarsda RSFSR-in iştirakı ilə 1921-ci il oktyabrın 13-də bağlanmış müqavilə) 100-cü ildönümündə ikitərəfli Bəyannamə imzalandı. Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərə, hər iki dövlətin həm siyasi, həm də iqtisadi maraqlarına əsaslanan Şuşa şəhərində imzalanan bəyannamə, bu bəyannamə Şuşa Bəyannaməsi kimi tarixləşdi - iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin başlanğıcı oldu və dünya ictimaiyyətinə Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" kəlamlarının əbədilik manifesti olduğunu bir daha xatırlatdı. Şuşa Bəyannaməsində də ifadə olunan bu kəlamlar bir gerçəkliyin tarixi təsdiqidir: Azərbaycan-Türkiyə ən müqəyyəd ruhi qafiyədir!..
Bəyannamə - mahiyyəti bəyan edən, bildirən hüquqi sənəd Azərbaycanla Türkiyə arasında mövcud münasibətlərin daha da genişləndiyinin (genişləndiriləcəyinin), möhkəmləndiyinin (möhkəmlənəcəyinin), əməkdaşlığın bütün sahələri əhatə edəcəyinin zəmanəti kimi tarixləşdi. Bu sənəd Azərbaycan Ordusunun Türkiyə modeli əsasında formalaşacağını da bildirir ki, bu da təkcə Azərbaycan ictimaiyyəti üçün deyil, dünyəvi mahiyyətlidir.
Azərbaycanla Türkiyə arasında müttəfiqlik bu Bəyannamə ilə daha da genişləndi.
Şuşa Bəyannaməsi son illərin böyük tarixi hadisələrindəndir, bir tarixi hadisəni (İkinci Qarabağ müharibəsində qazanılan Zəfəri) beynəlxalq səviyyədə təsdiqləyən, tarixləşdirən, yaşadan tarixi hadisədir (Bəyannamədir), bu günlərlə sabahlar arasında həm siyasi, həm də mənəvi-ruhi sənəd kimi təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də daha geniş coğrafiyada təhlükəsizliyə, əməkdaşlığa tarixi zəmanətdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, "biz dostuq, qardaşıq və rəsmən müttəfiqik". Müttəfiqlik Bəyannaməsi dostluq bəyannaməsidi, qardaşlıq bəyannaməsidi...
Şuşa Bəyannaməsində hərbi əməkdaşlıq formatında qarşılıqlı hərbi yardımlaşma da nəzərdə tutulur ki, bu da hər iki dövlətin müdafiə qüdrətinin yüksəlişinə xidmət edəcəkdir; Türkiyə Azərbaycanın, Azərbaycan Türkiyənin təhlükəsizliyinin, ciddi şəkildə qorunmasının fəal iştirakçısı olacaqdır. Hərbi əməkdaşlıq həm də müdafiə sənayesində ikitərəfli əlaqələrlə davam etdiriləcəkdir. İkinci Qarabağ müharibəsində mövqe qələbələri qazanılmasında, nəticə etibarilə müharibənin sonlandırılmasında, Zəfər qazanılmasında Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları - "Bayraktar"lar strateji üstünlüyü son dərəcədə təmin etmişdi. Şuşa Bəyannaməsi hər iki dövlətin silahlı qüvvələrinin döyüş hazırlığının yüksəldilməsi üçün onun elmi əsaslarla modernləşdirilməsini, formalaşdırılmasını zəruriləşdirdi. Təkcə hərbi əməkdaşlıq sənədi kimi deyil, həm də dövlətçilik sənədi kimi tarixləşən bu Bəyannamə haqqında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev deyib: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".
Qars müqaviləsinin bir maddəsi Azərbaycanın ərazi bütövlüyünün təminatı kimi tarixləşib: Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycan hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır. Bu maddə Naxçıvana toxunulmazlıq hüququ verir, hələ qüvvədə olan bu müqaviləni yerinə yetirməyən (həmlələr, bəzən hücumlar) Ermənistan nəyə və kimə (kimlərə) ümidlidir?
Şuşa Bəyannaməsi Ermənistana da, onun havadarlarına da bir gerçəkliyi xatırlatdı: Qars müqaviləsi Ermənistanın Naxçıvana ərazi iddiasının qarşısında keçilməz sipər oldu, Şuşa Bəyannaməsi bundan sonra Ermənistanın Azərbaycandan ərazi iddialarını birdəfəlik sonlandırdı...
2022-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda beynəlxalq konfransda Türkiyə Milliyyətçi Hərəkat Partiyasının Baş katibi İsmət Böyükataman çıxışında Şuşa Bəyannaməsinin nəinki Türkiyə ilə Azərbaycan arasında kəsilməz, etibarlı tərəfdaşlığın artırılmasından, regionda və türk dünyasında yeni əlaqələrin qurulmasında əhəmiyyətindən, davamlı müttəfiqlik əlaqələrini daha da artıracağından danışdı.
Bu il iyunun 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərində Şuşada bağlanan ikitərəfli Bəyannamənin İkinci Qarabağ müharibəsini tamamladığından, Zəngəzur dəhlizinin açılacağı zərurətindən və onun labüdlüyündən söz açan Azərbaycan Respublikasının Prezidenti ikitərəfli əməkdaşlığın daha da genişlənəcəyini, bu il 16 birgə hərbi təlim keçiriləcəyini, indiki geosiyasi şəraitdə Orta Dəhlizin önəminin daha da artdığını, Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcminin ildən-ilə artmaqda olduğunu, artacağını, bu səbəbdən Azərbaycanda nəqliyyat və logistika imkanlarının genişləndiyini, Bakı Dəniz Limanının imkanlarının 25 milyon tona qədər genişlənəcəyini, dəmir yolunun, gəmiqayırma zavodunun və digər nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə gətirilməkdə olduğunu qeyd edərək dedi: "... Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması, təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur...".
Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yeni mərhələsi kimi rəsmən müttəfiqliyin, mahiyyət baxımından sabahların sənədidir...
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan Ordusu Türkiyə modeli əsasında uğurla inkişaf edir. Bu inkişafda müttəfiqlik sənədi olan  Şuşa Bəyannaməsinin də mənəvi təsiri var...  

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"