Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2023 14:38

Göyləri çiynində saxlayır Şuşa!..

Heydər Əliyev: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur"
Göz açıban gördüyü, yurd bilib sevdiyi kəndin-şəhərin, Vətən deyib bağır basdığı dağların, yaylaqların-oylaqların, çeşmələrin-bulaqların ayrılıq sıxıntılarından ürəyi burxulanların, qəlbinə xal düşənlərin intizarını, intizardan da ötə həsrətini sözlə ifadə etmək mümkünmü? Bəs ayrılıq 30 il çəkibsə, bu 30 ildə günlər il qədər uzanıbsa?..
Torpaqdan ayrı düşməyə od dərdi, ocaq dərdi, köz dərdi deyənlər el dərdini öz dərdi bilir; həsrət sözün tükəndiyi yerdi, yoxsa sözün dilə gəldiyi yer?
 
...dərdi dara,

Daraq al dərdi dara.

Əlimdə imkan olsa,

Çəkərdim dərdi dara!
 
deyənlərin ruhunun şəhəri Şuşa həsrətin başlandığı yeriydi, indi həsrətin sonlandığı yerdi.
Mən də bilirəm ki, Şuşa dağlıq ərazidi, yerin təkindən dağ görkəmində dikəlib. Şuşanı Qarabağ xanı Pənahəli xan 1756-57-ci illərdə saldırıb. Pənahabad, Şuşa qalası, Şuşa, Qala adları ilə tanınıb. XVIII əsrdə dövrəsinə böyük, davamlı sədd çəkilib...
Şuşa demişik, şüşə demişik, Şuşa-şüşə deyirik. Şuşada şüşəlik, şüşədə Şuşalıq görənlərin hamısına munis olan, doğma olan, əziz olan Şuşa-şüşə qafiyəsi yüz illərlə düşüncələrin göyqurşağına dönüb. Bu səsləşmə qətiyyətin, sədaqətin, etibarın mehrabı olub. Hərdən işığı dolaşığa düşən dan yerinə, hərdən buludlardan sıyrılan şimşək nərəsinə dönən bu müqəyyəd qafiyə zaman-zaman yadların gözlərini qorxudub; Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar bu qala-şəhəri ala bilməyib.
Əfsanəmi, həqiqətmi? - şəhərin adı ilə makedoniyalı İsgəndərin qılıncına qılınc çəkən igid türk sərkərdəsi Şunun inşa etdirdiyi Şu qalası arasında bağlılıq var. Şüşə qalam, Şuşa qalam, yağılığı künd eləyən tişə qalam 1992-ci ilin mayına kimi bəd niyyətlə gələnləri sıyırma qılıncla, xoş niyyətlə gələnləri duz-çörəklə qarşılamışdı....
Şuşanın dağları görünür. Ağ yelənli boz dumanı həmişə Şuşanın dağlarına yapıncı bilmişəm. Həmişə mənə elə gəlib ki, bir ağız "Qarabağ şikəstəsi" eşidincə sözün möcüzəsindən, səsin möcüzəsindən yapıncı-duman dağların çiyinlərindən sürüşəcək. Bu düşüncələr içində Şuşa işğaldan azad ediləndən az sonra -  dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediklərini xatırladım: "...Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz daha güclü oxuyacaq. "Qarabağ şikəstəsi"ni oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır". Bu duyğusal kəlmələr də Şuşaya, Şuşanın timsalında Azərbaycana sevgidi; ürəyinin gözü ilə baxanlar Şuşanın Azərbaycanın heyrət işığı olduğunu aydınlığıyla görür...  
 Boz yapıncısı çiyinlərindən sürüşmüş Böyük Kirsin eynini açıq görürəm. Yan-yörəsindən yad ayaqları çəkilib, sinəsinə yad nəfəsi dəymir, könlünü küsdürən kəlmələr eşitmir. Mənə elə gəlir ki, indicə Xan əminin qayibanə səsini eşidəcəyik:
 1991-ci ilin yazın son ayında Şuşada ezamiyyətdəydim. Gördüklərimi yaddaşıma, yaddaşımdam könlümə köçürürdüm. Mənə elə gəlirdi ki, yaxan Gün deyil, niyyətimin işığıdı; "vaxt üstümüzdən yel kimi keçirdi" (Səməd Vurğun). Qırx pilləkənin (Daşaltı çayına aparan dik pilləli yol) yaxasında diqqətimi kolluqlara sığınmış çiçəklər cəlb eləmişdi. Xarıbülbül bilmişdim. Birini dərmək istəmişdim. Kol əlimi qanatmışdı. Bir çiçəklərə baxmışdım, bir kola, bir də əlimin qan xallarına. Kol tanımadığı adama çiçək - Xarıbülbül verməmişdi. Vətənə sədaqətə görə minnətdarlıq kimi kolun başına dolanmışdım. Kolu çiçəyini tanımadığı adama verməyən Şuşanı Ermənistan havadarlarının yardımı ilə 1992-ci il mayın 8-də işğal elədi...
1991-ci ildə əlimi qanadan kol yerindədi, çiçəkləri yoxdu. Çiçəkləri perikmi düşüb, solub-saralıbmı, dərilibmi? - bilmirəm...
Gəncə qapısının içəri tərəfində, Süleymanın çayxanasının yanında iri budaqlı ağac vardı. Budağın ağacın gövdəsiylə birləşdiyi yerə əsən yellər nə vaxtsa narın torpaq qalaqlamışdı, ora necəsə çiçək toxumu düşmüşdü. Toxum cücərmişdi, böyüyüb; ağacın budağının gövdəsiylə birləşdiyi yer o gözəlim çiçəyə dibçək olmuşdu. Maraqla baxmışdım, ünvansız soruşmuşdum: Nə çiçəyidi? Sualıma cavab verən olmamışdı. Özüm cavablandırmışdım: Ona məhəbbət çiçəyi də deyərdim, hekayət çiçəyi də, heyrət çiçəyi də, Şuşaya sədaqət çiçəyi də. Həmin ağacı yerində görməyəndə gözüm alacalandı; "Süleymanın çayxanasının qarşısında neçə on illər yormuş həmin ağac da şəhid olub", - dedim. Kimsə canıyananlıqla dilləndi: "Haqlısan, qardaş...". Çiçək bitirən ağacı bu ağsaqqal da görübmüş. İkimiz də qəhərləndik...
Şuşa işğal ediləndə ermənilər yüzlərlə tarixi abidəni dağıtmışdı. Xan qızı Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün tunc büstlərini güllələmişdilər. Sonra satmaq üçün Gürcüstana aparmışdılar. "Yaralanmış" büstlər ermənilərdən pulla alınıb Bakıya qaytarılmışdı. Şuşa işğaldan azad ediləndə onun ilk sakinləri bu büstlər oldu. Qəddarlığın tarixdə də, yaddaşlarda da yaşadılması üçün büstlər bərpa edilməyib.
İkinci Qarabağ müharibəsi başladı. Bu müharibə vətənsevərliyin işğalla, azərbaycançılığın erməniliklə müharibəsiydi, xalqın müharibəsiydi, ruhun ruhsuzluqla müharibəsiydi...
Şuşa uğrunda döyüşlərdə bütün döyüşçülər iştirak etmək istəyirdi. Hadrutu ermənisizləşdirən ordu hissələrimiz Çanaxçı kəndini işğaldan azad edəndən sonra Laçın dəhlizinə xeyli yaxınlaşmışdı. Bu məsafə top mərmisinin uçuşu uzaqlığından da qısa idi - cəmi 10 kilometr. Ermənilər dağlıq ərazilərdən əks-hücuma keçmişdi, döyüşənlərimizi silah-sursatla, ərzaqla təmin edən yollarda dayanıqlı pusqular yaratmışdı. Ordu hissələrimizin hücumunu Qırmızı Bazar tərəfdən gözləyən düşmən güman edirdi ki, Azərbaycan əsgəri bu istiqamətlərdə yaratdığı keçilməzlik səddini aşa bilməyəcək.
Xocalıyla Xocavəndin arasında, Şuşaya aparan yolun solunda üst-üstə üç daş görünür. Rəngində bir qızartı sezilir. Bu yerlərə yaxşı bələd olan Fazil deyir ki, 44 günlük Vətən müharibəsində buralar da meşəlik olub. Döyüşçülərimiz səssizlikdən keçib düşmənin mövqeyinə yaxınlaşıbmış. Daha on addım... Daha beş addım... Qarşıdan atəşə tutulublar. Üç döyüşçümüz sayı bəlli olmayan düşmənlə atışıb. Solda da düşmən varmış, sağda da. Düşmən əhatəsindəymişlər. Bir anlığa baxışları qoşalaşıb: mühasirəni sürətli həmlə ilə yaraq! Hansı istiqamətə getməyi baxışları yönəldib: Şuşaya sarı! Sonda qələbə vəd eləyən döyüş onları Şuşaya çəkirdi. "Nəfəsimiz də Şuşa üçündü, şəhidliyimiz də", - atışa-atışa Şuşaya sarı irəliləyiblər. Döyüşdə irəliləmək ifadəsi olmur, bu ifadə döyüşə-döyüşə harasa yaxınlaşmaq deməkdi. Mühasirədən çıxa-çıxda döyüşçülərdən biri yaralanıb. Həm döyüşmək, həm də yaralı döyüşçünü döyüşdən çıxartmaq niyyətli döyüş çox çəkməyib; döyüşçülərimiz düşmənin sırasını seyrəltsə də mühasirəni yara bilməyiblər. Mühasirədə olduqlarını bilincə, onlara kömək göndərilib. Döyüşçülərdən birinin son nəfəsi digər döyüşçünün boynunu isindirən qana sarılıb, üçüncü döyüşçünün əli onlara yetməyib...
Köməyə göndərilən döyüşçülərimiz mühasirəni mühasirəyə alıb...
Həmin döyüşdə düşmənin hamısını öldürən döyüşçülərimiz üç döyüşçünün şəhidlik məqamının nişanəsi kimi həmin yerdə üst-üstə üç daş qoyub. Üç ildə yağan yağış, yağan qar, əsən yellər bu daşları bir-birindən ayıra bilməyib. Möcüzədimi? Yox, möcüzə deyil, tarixin (azərbaycançılığın) erməniliyə kinayəsidi..
Belə bir şəraitdə ordu hissələrimizə tarixi borcunu yerinə yetirmək əmri verildi: Şuşanı işğaldan azad etməli! Azərbaycan əsgəri müharibənin ilk günündən bu əmr üçün döyüşürdü. Əmrin icrası xüsusi təyinatlılara tapşırıldı.
Döyüş əmrini qələbə ilə tamamlamaq üçün sıldırımlıq seçildi. Bu seçim qətiyyətin, dözümün, yüksək döyüş əzminin, qələbə ruhunun seçimi idi. Zəmanət - Vətənə sevgi, yüksək döyüş hazırlığı, müharibənin sonuncu gülləsini Şuşada atmaq niyyəti.
400 hərbçi 100 nəfərlik qruplarla Şuşaya sarı dərin dərələr, sıx meşələr keçdi, dağlar aşdı. Döyüşənlərimiz daşların çıxıntılarını  nərdivana döndərdilər; onları Şuşa ucalığına ruhun ucalığı aparırdı. Şuşaya çatmaqdaydılar. Yaralıların səsi də, şəhidlərin ruhu da son döyüşün döyüşçüləri olacaqdı...
Sıldırımları, dağ misallı qayalıqları qalxırdılar. Qarşıda Şuşa vardı - qələbə vardı, Zəfər vardı. Rusiyanın "Narodnaya Oborona" jurnalında dərc edilən bir məqalə Şuşa uğrunda döyüşlərin söz görüntüsü kimi tarixləşib: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu? Demək çətindir! Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan, tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxırdı. Nəfəs almadan Şuşaya çıxdılar...". Bu fikir bir hücuma, bir döyüşə, bir döyüşün timsalında ordunun gücünə gerçək (və səmimi!) münasibətdi, heyrətdi. Bu heyrət Azərbaycandan uzaqlarda da minlərin dünyəvi heyrətidi.
Noyabrın 7-si idi. Döyüşürdülər. Əlləri qayalığın son daşlarına toxunanda döyüşçülərdən biri yaralandı. Yoldaşlarının döyüşdən uzaqlaşmaması üçün səsini içinə çəkdi. Əli ilə qanını dayandırmaq istədi. Qan dayanmırdı. Onda qanıyla qayaya “Qarabağ Azərbaycandır!” kəlmələrini yazdı, son nəfəsi bu kəlmələrə sarıldı. Döyüşçülər onu da Şuşaya gətirdilər...
Cıdır düzündə qəribə duyğular yaşadım. 1992-ci ildə buradan Daşaltı kəndinə tərəf daşlar atmışdım. Çatmayacağını bilsəm də, ruhuma təsəlli kimi atmışdım. İndi oradan üzü heyrət mənzərəsinə baxıram. Nə göz doyur, nə könül əl çəkir (Məmməd İlqar). Onda Cıdır düzü çiçəklər xalısıydı, indi çiçəklərin sırası bir qədər seyrəlib. Mənə elə gəlir ki, 28 il burada çiçəklər boy atmayıb. Cıdır düzü Zəfərin qüdrəti kimi özünə qayıtmaqdadı. Çiçəklər yenə könüllər oxşayacaq....
1991-ci ildə Gəncə qapısında ayaq saxlayıb üzüm gələn, ərkim çatan şuşalıların birindən bircə ağız oxuma istəməyə niyyətliydim, ruhumla dinlədiyim "Şuşanın dağları" könlümü telləndirmişdi. O səsə, o oxumaya şükranlıq duası demişdim. İndi eşitdiyim "Segah"ı Vətən müharibəsində şəhid olanların ruhuna salavat bildim. Görəsən, tanımadığım cavanın oxuması haralaracan çatacaq?..
Ruhumuzun şəhəri olan Şuşanın dağlarında daha yad buludlar dolaşmayacaq, yad yellər əsməyəcək, Topxananın ağaclarına, Cıdır düzünün çiçəklərinə yad nəfəsi dəyməyəcək. İsa bulağının sıxıntısı bitəcək...
Göy üzündə bircə əlçim də bulud yoxdu, olsa kirpiklərimlə silərdim...
Sevilməyə qadir olan Şuşa sevdirməyə də qadirdi - təbiəti sevdirir, gözəlliyi sevdirir, heyrəti sevdirir, sədaqəti sevdirir, tarixi sevdirir, ...
Şuşada özünü göylərə yaxın bilirsən...
Göyləri çiynində saxlayır Şuşa. Dünya buna da heyrətlənir...
 
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"