Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2023 14:33

Müsahibə dövlətçiliyin qətiyyəti kimi tarixləşdi

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanla ikitərəfli, çoxtərəfli münasibətlər yaranmağa başladı. Tarixi dövlətçilik ənənələrinə malik olan bir dövlətlə əlaqələr dünyəvi münasibətlər əsasında, beynəlxalq hüququn normalarına istinad edilməklə davam edirdi. Bəşəri niyyətlərdən uzaq dövlətlər üçün belə siyasi münasibətlər olmur. Belə dövlətlərin xarici siyasəti işğala meyillilikdir, işğalçılıqdır. Müttəfiq respublikalar hələ Moskvanın siyasi cazibəsində olduğu dövrlərdə də bu siyasi niyyətini həyata keçirməyə çalışırdı. Keçirirdi də. Ermənistan Azərbaycanın torpaqları hesabına sərhədlərini genişləndirirdi.
90-cı illərdə Azərbaycana qarşı olan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Nə BMT-nin Təhlükəsizlik Şurası, nə də ATƏT-in Minsk Qrupu səlahiyyətlərindən istifadə edə bilmədi (bəlkə də istifadə etmək istəmədi). 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayıb Vətən müharibəsi kimi davam edən döyüşləri Azərbaycan Ordusu qələbə ilə sonlandırdı...
Tarixən bütün müharibələr razılaşma ilə nəticələnib. Azərbaycan Ordusu düşmənin illərlə qurduğu, möhkəmləndirdiyi, təkmilləşdirdiyi sədləri ("Ohanyan səddi"ni) darmadağın etdi, ilkin mövqe qələbələri qazandı. Noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Üçtərəfli Bəyanat imzalandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşada "Euronews" televiziya kanalına müsahibəsində də qeyd etdiyi kimi, 2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır, sülh razılaşması deyil, bu, Ermənistanın məğlubiyyət sənədidir.
Bu müsahibə 44 günlük Vətən müharibəsinin xarakterini, üçtərəfli bəyanatın mahiyyətini, nəticələrini, sonrakı vəziyyəti - qalib və məğlub dövlətlər arasındakı münasibətlər haqqında dövlətin münasibətini ifadə edən müsahibə kimi tarixləşdi.
 Bəyanatda ifadə edilən razılaşma şərtlərini qalib Azərbaycan dövləti müəyyənləşdirmişdi. Razılaşma şərtlərinə ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləri daxil edilib. Bu sənəd dünyəvi nizamın mahiyyəti baxımından gerçək hüquqi şərtlərdir. Bu şərtləri dünyanın aparıcı dövlətləri də bəyəndi. Müxbirin verdiyi suallar Azərbaycan gerçəklikləri haqqında daha geniş informasiya almağa yönəldilmişdi. Cavablar müxbirin istəyini dolğunluğu ilə əhatələdi: "Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu...",  "Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Müharibə uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi". Azərbaycan Ordusu Ermənistanın illərlə hazırlaşdığı taktiki (hərbi)  mühəndis-istehkam və fortifikasiya sistemini darmadağın etdi.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığ tarixi Zəfər Azərbaycanın  siyasi nüfuzunu da artırdı, dünya dövlətlərinin əksəriyyətinin ehtiramını da, siyasi əlaqələri də möhkəmləndirdi, iqtisadi əlaqələrin coğrafiyasını da genişləndirdi. Bu müharibə, müharibənin sonluğu bölgədə siyasi münasibətlərə də təsir göstərdi. Ədalətli müharibə aparan Azərbaycana da, işğalçı Ermənistana da münasibətlərdə ciddi dəyişikliklər yaratdı. İşğalı dəstəkləyənlər də bəlli oldu, bəşəriliyi yaşadanlar da, Azərbaycan gerçəklikləri ətrafında yaşanılanlar da, təxribat törətmək istəyən Ermənistana yarınmaq üçün müxtəlif əsassız siyasi bəyanatlar verən meyillər də. Bu nöqteyi-nəzərdən dövlət başçımız dedi: "İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlandırılan yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Bir fərq var idi. O, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Bizim tərəfimizdən müdaxilə etmək addımı da yox idi".
Beynəlxalq təşkilatların missiyası nədir? Sülh, yaranmış vəziyyəti sülhə yönəltmə, dinc yanaşı yaşamanın təmini üçün bütün dünyəvi prinsiplərdən istifadə etmək, bunları həyata keçirmək üçün bir qayda olaraq tərəfsizlik prinsipi ilə fəaliyyət göstərmək. Bu fəaliyyət dürüstlük, doğruluq, aşkarlıq əsasında tənzimlənməlidir ki, gerçək nəticə əldə edilsin. Təəssüflər ki, həmişə belə olmur. Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistanın işğalçılıq siyasətinə bələddir, üçtərəfli Bəyanat imzalanandan sonra revanşizmə meyillənən (bu meyil müharibədir!) Ermənistanın bölgədə, Kəlbəcərdə, Laçında törətdiklərini də görür, ancaq buna ciddi münasibət bildirmir, hətta ona İkinci Qarabağ müharibəsindən sonra da müxtəlif səviyyələrdə qayğı ilə yanaşmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Euronews" televiziya kalanına müsahibəsində belə bir mühüm məqamı da diqqətə çatdırdı: "Qırmızı Xaç Komitəsinin qanunsuz əməlləri aşkar olundu. Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhonelar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir". Bu fakt Qırmızı Xaç Komitəsinin nüfuzunun eroziyası deyilmi? Beynəlxalq axtarışda olan cinyətkar Vaqif Xaçaturyanın Azərbaycan ərazisindən çıxardılmasının iştirakçısı olmaq istəyən Qırmızı Xaç Komitəsi fəaliyyətinin tərəfsizliyini, dürüstlüyünü bundan sonra necə təsdiqləyəcək? Ermənilik onun da fəaliyyətini dünyəvi məramdan, niyyətdən uzaqlaşdırıb deyəsən...
Haqlı sual dünyanın iri dövlətlərinə ünvanlanıb: "Biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir?". Cavab verməyə siyasi qətiyyət, dürüst siyasi mövqe, öz  dövlətinə və dövlətlərə ehtiram lazımdır. Cavab bəşəri niyyətlər üçün gərəklidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşada "Euronews" televiziya kanalına verdiyi müsahibə Azərbaycan dövlətçiliyinin qətiyyətinin təsdiqi kimi tarixləşdi...
 
Kapitan Ceyhun CƏFƏRLİ
"Azərbaycan Ordusu"