Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2023 14:31

Müdrik rəhbər, qətiyyətli komandan

Hər bir xalq öz tarixi şəxsiyyətləri, mütəfəkkirləri ilə tanınır. Dahilik səviyyəsinə çatmış şəxsiyyətlər, əslində, mənsub olduqları xalqın milli sərvətidirlər. Azərbaycan xalqı da iyirminci əsrdə belə dahilərdən birini - müdrik siyasətçi Heydər Əliyevi yetirib.
Azərbaycanın sovetlər birliyinin tərkibində olduğu vaxtda, daha dəqiq desək, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndə, ona ittifaq rəhbərliyi böyük etimad göstərmişdi. Həmin dövrün də nümunə göstərilən, idarəetmə sistemində örnək olan xüsusiyyətləri vardı. Yəni, partiya rəhbərliyinə hər adam seçilə bilməzdi, məhz liderlik xüsusiyyətləri olan Ulu Öndər Heydər Əliyev bu etimadı doğrultmağa qadir idi. Azərbaycanın ittifaqın geridə qalmış milli respublikalarından biri olması həmin dövrün yaşıdı olan insanların yaxşı yadındadır. Müdrik siyasətçi Heydər Əliyev qısa bir zamanda bütün sahələrin inkişafına nail oldu. Onun təşəbbüsü və təşkilatçılığı ilə iqtisadi əhəmiyyətinə görə seçilən iri sənaye müəssisələrinin Azərbaycanda yaradılması bir tərəfdən respublika əhalisinin iş yerləri ilə təmin edilməsinə şərait yaradırdısa, digər bir tərəfdən millətimizin imzasını millətlər arasında tanıdırdı. Azərbaycanın istehsal etdiyi sənaye məhsullarının sorağı dünyanın inkişaf etmiş ölkələrindən gəlirdi.
Sovetlər dövründə dahi rəhbəri düşündürən ən vacib məsələlərdən biri də milli hərbi ənənələrin formalaşdırılması idi. Bu məqsədlə respublikanın birinci katibi Bakıda keçmiş ittifaq ordusuna məxsus hərbi təhsil müəssisələrinə baş çəkirdi. Belə tədbirlərin birində o, kursantlar arasında azərbaycanlıların azlıq təşkil etdiyini biləndə məyus olur. Deməli, bu haqda dərindən düşünmək, çıxış yolu tapmaq gərək idi. Heydər Əliyev böyük uzaqgörənliklə ucqar bir respublikada hərbi ənənələrin inkişaf etdirilməsinə və gənc nəslin hərbə marağının, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xüsusi diqqət yetirməyi qarşısına məqsəd qoydu. Bakıda ibtidai hərbi məktəbin yaradılması təşəbbüsünün irəli sürülməsi müəyyən siyasi problemlər yarada bilərdi. Axı Mərkəzdəkilər bu məsələnin həllinə mane olmağa çalışmışdılar. Məhz Vətənini, millətini düşünən bir lider belə qətiyyət nümayiş etdirə bildi. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov başda olmaqla, Azərbaycan Ordusunun əksər zabit heyəti məhz bu hərbi liseyin yetirməsidir. Görün neçə illər öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqil olacağını və dövlətçiliyin ən vacib atributlarından biri kimi ordunun zəruriliyini düşünmüşdü. Əslində, Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması böyük gələcəyə hesablanmış ən uğurlu siyasi addım idi.
Danılmaz faktdır ki, hər bir müstəqil dövlətin gücü onun ordusu, hərbi qüdrəti ilə sıx bağlıdır. Ordunun formalaşmasında isə bacarıqlı, savadlı zabit kontingenti ən mühüm amillərdəndir və Ulu Öndər Heydər Əliyev Azərbaycanda müasir hərbi təhsil sisteminin bünövrəsini yaratmaqla Silahlı Qüvvələrimizin kadr bazasını formalaşdırdı. Müdrik Komandan daim tövsiyə edirdi ki, zabit peşəsini seçərək taleyini Vətəni qorumağa həsr edən hər kəs nəcib mənəvi keyfiyyətlərə malik olmalı, Vətənə, dövlətçiliyə və xalqa sədaqəti ilə seçilməlidir. Buna görə də Ulu Öndər Azərbaycanda lider səviyyəsinə yüksəldi və haqlı olaraq xalqımız onu Azərbaycan xalqının Ümummilli Lideri kimi daim böyük ehtiramla xatırlayır. Onu  Azərbaycanın lideri səviyyəsinə yüksəldən ən başlıca amil qəlbindəki tükənməz Vətən sevgisi, doğma xalqına, millətinə dərin məhəbbəti idi.
1993-cü ildə Azərbaycan xalqının Ümummilli Liderinin yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıdışı, əslində, çox təzadlı  bir dövrə təsadüf etmişdi və yaxşı bilirdi ki, bu yolda onu fiziki məhvinə kimi nə qədər çətinliklər, təhlükələr gözləyir. Amma belə bir insan heç vaxt öz xalqını, millətini darda qoya bilməzdi. Siyasi hakimiyyətə yenidən qayıtmaqla, özünün də qeyd etdiyi kimi, ömrünün qalan hissəsini də xalqına, Vətəninə həsr etdi və müstəqil dövlətçiliyimizi gerçək təhlükələrdən qısa bir vaxtda xilas edə bildi. Dövlət başçısı olmaq, dövləti idarə etmək müdriklik, yetərincə siyasi təfəkkür və böyük təşkilatçılıq tələb edən vəzifədir. Məhz Heydər Əliyevdə belə xarakterik xüsusiyyətlər cəmləşmişdi. Azərbaycan, doğrudan da, ikinci dəfə müstəqil dövlətçiliyini bərpa edəndə olduqca ağır və mürəkkəb tarixi şəraitlə üzləşmişdi. Bir tərəfdən müstəqilliyimizi istəməyən xarici və daxili separatçı qüvvələrin təxribatları, digər tərəfdən güclü himayədarına arxalanan işğalçı Ermənistanın sərhəd bölgələrimizə silahlı müdaxiləsi Vətənimizi ağır duruma salmışdı. Xalqın qanı bahasına qazanılan müstəqillik qısa vaxtda itirilə bilərdi və Azərbaycan vətəndaş müharibəsinə düçar olardı. Məhz belə çətin bir dövrdə dahi siyasətçi yenidən dövlət rəhbərliyinə qayıtdı və ölkəmizi ciddi təhlükələrdən xilas etdi.
Azərbaycanı siyasi və iqtisadi böhrandan çıxarmağı bacaran Ulu Öndər tərəfindən müasir ordu quruculuğu strategiyası da işlənib hazırlandı, mərkəzi komandanlıqdan idarə edilən, yüksək döyüş hazırlığına malik Silahlı Qüvvələrimiz  yaradılmaqla müstəqil dövlətin suverenliyini və torpaqlarımızı işğaldan qorumağa qadir mühüm müdafiə potensialı formalaşdırıldı.
Bu ənənə 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ordu quruculuğunu inkişaf etdirməyi siyasi kursunun başlıca istiqaməti və prioritet məsələ elan edən dövlət başçısı Silahlı Qüvvələrimizin müasir dünya orduları səviyyəsində qurulması üçün ən vacib tədbirlərə əl atır. Ordu hissələri müasir silah və texnikalarla təmin edilir, hərbi qulluqçuların sosial-məişət qayğılarının həll edilməsi istiqamətində ardıcıl işlər görülür. Ali Baş Komandanımız çıxışlarının birində qeyd edib: "Bu gün Azərbaycanda nizami ordu vardır, bu gün Azərbaycan Ordusu ən yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir..."
Aprel döyüşlərində, Günnüt zəfərində, Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində, eləcə də qələbəmizdən sonra düşmən təxribatlarının qarşısının alınmasında iştirak edən Azərbaycan Ordusunun bölmələri, doğrudan da, qısa vaxtda  qəhrəmanlıq nümunəsi göstərdi. Vətənpərvər hərbçilərimiz son nəfəsədək mübarizə aparmaq əzmini nümayiş etdirməklə Azərbaycan əsgərinin döyüş ruhunu cəmiyyətimizə və beynəlxalq aləmə sübut etdilər. İşğalçı Ermənistanın siyasi və hərbi rəsmiləri bir daha anladılar ki, artıq Azərbaycan Ordusu regionun ən güclüsüdür, ərazi bütövlüyünü qorumağa və istənilən təxribatı qələbə ilə tamamlamağa qadirdir.
Tarixi qələbələrimizi təmin edən əsas amil məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış ordu quruculuğu strategiyasının müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurlu davamıdır. Buna görə də Ulu Öndərin zəngin və çoxşaxəli irsi Azərbaycan Ordusu tərəfindən dərindən öyrənilir. Onun mənalı ömür yolu hər kəsə nümunədir.


"Azərbaycan Ordusu"