Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 2023 17:31

Erməni faşizminin Meşəli səhifəsi

Ermənilərin Qarabağda yaşayan azərbaycanlılara qarşı açıq-açığına kütləvi təqiblərinin yeni dalğası keçmiş ittifaq çökməyə bir neçə il qalmış - 1988-ci ilin fevralından başladı. Düşmən 70 il daşnak xislətlərinin üstünü örtülü saxlamışdı. Bütün işlərini gizli şəkildə görmüşdü. 1988-ci il fevralın 24-də Xankəndidə keçirilən mitinqdən sonra ermənilərin məqsədi üzə çıxdı. Mitinqə yığışan ağlını itirmiş ermənilər keçmiş ittifaq rəhbərliyindən Qarabağın Azərbaycandan alınıb Ermənistana birləşdirilməsini tələb edirdilər. Qarabağda bütün qanlı hadisələr də bundan sonra başladı. Çox keçmədi ki, silahlı erməni dəstələri Qarabağın kəndlərində, şəhərlərində yaşayan azərbaycanlılara hücum etdilər. Törətdikləri cinayətlərə görə cəzalandırılmayan ermənlərin güclənən hücumları Qarabağda yaşayan azərbaycanlıların həyatları üçün təhlükələri daha da artırdı. İlk vaxtlar kəndlərə yalnız gecələr hücum çəkən ermənilər bir müddətdən sonra gündüzlər qəflətən kəndlərə soxulur, evləri yandırır, sakinləri gülləyirdilər. Camaat ov tüfəngləri ilə də olsa silahlanıb ermənilərə müqavimət göstərir, evlərini tərk etmirdi. Amma zaman keçdikcə ermənilərin hücumları qarşısında dayanmaq çətinləşirdi. Çünki yağılar idarə olunduqları daşnak mərkəzlərindən ən müasir silahlarla təchiz edilirdilər. Hücumlarına ara verməyən ermənilər 1991-1992-ci illərdə Meşəlidə, Qaradağlıda, Malıbəylidə, Xocalıda və azərbaycanlılar yaşayan başqa yaşayış məntəqələrində  soyqırımı həyata keçirirdilər.

 

Ədalətin cinayət üzərində təntənəsi

 

Soyuq bir qış gecəsində emənilərin Meşəlidə törətdikləri faciə tariximizə qanla yazılıb. Həmin gün işğalçılar 25 nəfər kənd sakinini böyük amansızlıqla öldürdülər.  Camaatın min bir əzab-əziyyətlə tikdikləri evləri yandırdılar. Erməni qəddarlığının, erməni faşizminin qanlı sifəti bu faciə zamanı daha aydın görsəndi. 

Həmin gecə Meşəli faciəsini törədənlər bilmirdilər ki, ədalət gec-tec öz yerini tapır, canilər illər sonra olsa da, Qarabağda tökdükləri qanlara görə məhkəmə qarşısında dayanırlar. 

Həmin günlərdə Laçın postundan keçib Ermənistana qaçmaq istəyən Meşəli və başqa yaşayış məntəqələrimizdə  soyqırımları zamanı azərbaycanlıları amansızcasına qətlə yetirən, azyaşlı uşaqları yandıran Vaqif Xaçaturyanın 32 ildən sonra həbs olunması dediklərimizə daha bir sübutdur. Nə etsən də, haqdan qaçmaq mümkün deyil. Mütləq yaxalanacaqsan, mütləq törətdiyin cinayətlərə görə cavab verəcəksən. Erməni cəlladı dəmir barmaqlıqlar arxasındadı. Bu gün-sabah məhkəmə qarşısına çıxarılacaq və illər əvvəl törətdiyi cinayətlərə görə cavab verəcək. Layiqli cəzasını da alacaq. 

Meşəlidə 32 il əvvəl törədilən  faciə unudulan deyil. Erməni işğalçılarının vurduğu yaralar qaysaq bağlamır. Çünki bu qanlı hadisələr yurd nisgilli insanların yaddaşında dərin şırımlar açıb. Sakinlər o qanlı hadisənin iştirakçısı olan Vaqif Xaçaturyanın həbs olunmasını ədalətin cinayət üzərindəki təntənəsi kimi qiymətləndirdilər.

Meşəli kənd sakini Quliyev Eldar Qənimət oğlu iştirakçısı olduğu qanlı hadisələrdən ürək ağrısı ilə söz açaraq dedi ki, Qarabağ ətrafında hadisələr başlayanda ordu sıralarından yenicə qayıtmışdım. Uşaqlığım, gəncliyim keçən Meşəli erməni qəsbkarlarının hücumuna məruz qalan ilk kəndlərdən biri oldu. 1991-ci ilin son aylarında düşmən hücumları daha da gücləndi. İşğalçılığın qarşısını almaq üçün özünümüdafiə dəstəsi yaradılsa da, silah sarıdan korluq çəkirdik. Daha çox ov tüfəngləri ilə silahlanmışdıq, yalnız beş ədəd avtomatımız var idi. Bunlarla da təpədən-dırnağadək silahlanmış düşmənə qalib gəlmək çətin idi. Ailəmizdən təkcə mən yox, qardaşlarım Mətləb və İsmayıl da işğalçılara qarşı vuruşurdular. Günlərin birində kömək üçün bizə yeni yaranan ordumuzun ilk əsgərlərini göndərdilər. Onlar gələndən sonra bir az gücləndik. Çünki əsgərlərdə avtomat silahlar var idi. Amma düşmən də getdikcə güclənirdi. Son vaxtlar bizi pulemyotlardan da atəşə tuturdular. Buna baxmayaraq, mövqeyimizdən geri çəkilmir, torpaqlarımızı qoruyurduq. Qəsbkarlar nəyin bahasına olursa-olsun, Meşəlini ələ keçirməyə çalışırdılar. Hücumlar nə qədər güclü olsa da, heç kim kənddən çıxmırdı. Düşmən hər gün kəndimizə hücum edirdi. Meşələrdən, dağlardan gələn atəş səsləri kəsilmirdi. Gurlayan silahlar ətrafdakı vahiməni bir az da artırırdı. 

 

Bir gündə ermənilər dörd doğmasını öldürdü

 

Hələ qışın gəlişindən xeyli əvvəl havalar soyumuşdu. 1991-ci il dekabrın 22-si səhər gözlərini açmağa macal tapmamış, qaranlıq göy üzündən çəkilməmiş güllə səsləri kəndi başına götürdü. Döyüşçülərdən başqa demək olar ki, hamı yuxudaydı. Biz erməniləri cavabsız qoymadıq. Onlar səsgücləndiricilərlə bizə təklif edirdilər ki, silahları yerə qoyub Meşəlini tərk edək. Silahı könüllü yerə qoyanlara kənddən sağ-salamat çıxmağa zəmanət verirdilər. Onlara tabe olmayanları ölüm ilə hədələyirdilər. Biz döyüşçülər də nə əlimizdəki silahı, nə də yaşadığımız kəndi ermənilərə təslim etməyəcəkdik. İşğalçıların qarşımıza qoyduqları  tələbləri yerinə yetirmədik. Ona görə də ermənilər silahlarını işə saldılar. Kənd uğrunda qanlı döyüş başladı. Hava işıqlananda baxıb gördük ki, kəndə hücum çəkənlərin sıralarında ermənilərdən daha çox ruslar var. Bunlar Xankəndidə yerləşən 366-cı alayın zabit və əsgələri idilər. Düşmənlər bu dəfə çox böyük qüvvə ilə hücuma keçmişdilər. Hücumun qarşısını ala bilmirdik. İşğalçıların sayı bizdən beşqat, onqat artıq idi. Döyüş gərgin olduğundan vəziyyət anbaan dəyişirdi. Belə gərginliyi görən kimi evimizə baş çəkib atama, anama dedim ki, sağ qalmaq, düşmən əlinə keçməmək üçün evdən çıxıb meşələrə üz tutsunlar. Valideynlərimdən arxayın olandan sonra mövqeyə qayıtdım. Kəndin aşağısından irəliləyən düşmənlər evlərə od vurmuşdular. Qalxan tüstü asta-asta ətrafa yayılırdı. Tüstüdən evlər görünməz olmuşdu. Elə bil dünyanın sonu idi. Başqa kənd sakinləri ilə bərabər qardaşlarım - İsmayıl və Mətləb də şəhid oldular. Sonra daha bir dəhşətli xəbər eşitdik. Ermənilər meşə ilə geri çəkilən camaatı amansızcasına qətlə yetirmişdilər. Atam Qənimət də, anam Ruba da ermənilərin gülləsinə tuş gəlmişdi. Həmin gün böyük faciə ilə üz-üzə qaldım. Kəndimizi də, dörd doğmamı da itirdim. Bu günlərdə Laçın postunda tutulan Vaqif Xaçaturyan camaatımızı öldürən cinayətkarlara başçılıq edir, kənd sakinlərinə işgəncə verirdi. Onun azərbaycanlıları görən gözü yox idi. Xaçaturyanın qardaşları da onunla bərabər bizə qarşı vuruşurdu. Ümid edirəm ki, həbs olunan bu cani layiqli cəzasını alacaq.

 

Həyat yoldaşım Meşəlidə şəhid oldu

 

Meşəli kənd sakini Qələbə Hümbətova 1991-ci il dekabrın 22-də Meşəli kəndi uğrunda gedən döyüşlərdə həyat yoldaşı Hümbətov Bilal Müseyib oğlunu itirib. Həmin qanlı-qadalı hadisələrdən söz açan Qələbə xanım dedi ki, getsin o günlər bir daha gəlməsin. Mən Laçın rayonunda dünyaya göz açmışam. Sonra Meşəli kəndinə gəlmişəm. Dünyanın cənnət guşəsi olan Qarabağda çox firavan yaşayırdıq. Həyatımız adi axarıyla gedirdi. Səksəninci illərin sonlarında ermənilər torpaq iddiasına düşəndən sonra Qarabağa qan  çiləndi. Günlərin birində güllə səsləri illərdən bəri yaşadığım Meşəliyə də gəlib çatdı. Ermənilərin kəndimizə olan hücumları ara vermirdi. Əli silah tutan cavanlar düşmənlərlə vuruşurdular. Həyat yoldaşım da onların sırasında idi. Bir gün hökumət kəndimizə 15 əsgər göndərdi. Onlar da camaata kömək edir, düşmənlərlə vuruşurdular. Ermənilərin hücumları gücləndikcə, vəziyyət gərginləşirdi. Onlar yalnız insanları deyil, məhəllələrdə qarşılarına çıxan mal-heyvanları da güllələyirdilər. 1991-ci il dekabrın 22-də ermənilər gecə saat dörd-beş radələrində kəndimizə hücum çəkdilər. Həmin gün atəş səsləri həmişəkindən güclü eşidilirdi. Uşaqlarla  evdəydik, qorxumuzdan çölə də çıxa bilmirdik. Günortadan bir az keçmiş ordumuzun əsgərlərindən ikisi - Tahirlə Hidayət özlərini tələm-tələsik bizə yetirib dedilər ki, kəndin işğal olunması təhlükəsi var. Bu bəd xəbərdən sonra evdə qala bilməzdik. Ermənilər kəndi işğal edən kimi hamımızı öldürəcəkdilər. Əsgərlər dedilər ki, kəndi tərk edin, meşələrə çəkilin. Ləngimədən məhəlləyə çıxdıq, kəndin yuxarısında camaat bir yerə yığışmışdı. Sakinlər həyatların riskə atıb döyüşdə şəhid olanların meyitlərini Yaqubun yük maşınına yığdılar. Yol rahat olmadığından texnika yuxarı qalxa bilmirdi. Buldozer qabağa düşüb yol açır, meyitlər yığılmış maşın yavaş-yavaş Qırxqıza tərəf qalxırdı. Camaat maşının böyrü ilə addımlayırdı. Kişilər yaşlıları, uşaqları Qırxqızdan keçirəndən sonra  döyüşə qayıtdılar. Yaqub kişi maşınındakı meyitləri Laçın rayonunun Fərraş kəndinə gətirdi. Ermənilərin öldürdüyü kənd sakinlərini burada dəfn etdik. Vəziyyət nə qədər gərgin olsa da, yaxın günlərdə Meşəliyə dönəcəyimizi düşünürdük. Təəssüf ki, bu mümkün olmadı. 44 gün çəkən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bu xoş xəbərdən ürəyimiz açıldı, üzümüz güldü. Ümid edirik ki, yaxın günlərdə Meşəliyə - od içində yana-yana qoyub gəldiyimiz doğma yurdumuza qayıdacağıq. 

Qələbə Hümbətova onu da dedi ki, bu günlərdə  32 il əvvəl Meşəlidən çıxanda Laçın rayonunun Fərraş kəndində dəfn etdikləri doğmalarının məzarlarını ziyarət ediblər. Həyat yoldaşı Bilal Hümbətovun da məzarı orada - o müqəddəs məkandadı.

Gün gələcək ki, illərdən bəri yurd həsrəti ilə qovrulan insanlarımız kimi, Meşəli kəndinin sakinləri də doğma ocaqlarına dönəcəklər. Qarabağ torpaqlarında yeni həyat başlayacaq. İllərdən bəri həsrətini çəkdiyimiz o gün uzaqda deyil.

 

Vahid MƏHƏRRƏMOV

"Azərbaycan Ordusu"