Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 2023 17:26

“Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır”

"Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır". Bu sözləri  Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin və qalib ordumuzun qurucusu Heydər Əliyev demişdir. Dünya ölkələrinin tarixinə nəzər salsaq, Ulu Öndərin dəyərli kəlamlarının qüdrətini bir daha görərik. Tarix boyu güclü ordusu olan ölkələr öz müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlaya bilib.

Bu gün hər bir Azərbaycan vətəndaşı güclü və qüdrətli ordusunun varlığından qürurla danışır. Çünki Azərbaycan Ordusu bir çox döyüşlərdən üzüağ çıxaraq, xalqımıza qələbə sevinci yaşadıb. Bu sevincin ən möhtəşəmi isə 2020-ci ildə oldu. Düşmənin bütün cəbhə boyu başlatdığı genişmiqyaslı təxribatlarının qarşısını qətiyyətlə alan ordumuz, əks-hücuma keçərək 30 ilə yaxın işğalda qalmış torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan Ordusu güc və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Böyük Qələbəni təmin edən amillərdən ən əsası isə ordumuzun yüksək döyüş hazırlığına malik olması idi.

Bəli, istər yerli, istərsə də xarici hərbi ekspertlərin də vurğuladığı kimi, güclü ordunu şərtləndirən amillərdən ən əsası yüksək döyüş hazırlığıdır. Döyüş hazırlığı yüksək olan ordu istənilən əməliyyatı müvəffəqiyyətlə yerinə yetirməyə hazır və qadir olur. Yüksək döyüş hazırlığı isə keçirilən təlim və məşğələlərdə qazanılır. Ona görə də bu gün Azərbaycan Ordusunun döyüş hazırlığı, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə etmək bacarıqlarının, peşəkarlığının daha da artırılmasına xüsusi diqqət yetirilir. Ordumuzun bütün bölmələrində maddi-texniki bazanın gücləndirilməsi, qabaqcıl döyüş üsulların tətbiqi ilə təlim və tədris sisteminin daha da təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsində qurulması, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərə cəlb olunması işi uğurla davam etdirilir. Bir sözlə, müharibədən sonra da dövlətimiz tərəfindən ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır və bu məqsədlə kompleks tədbirlər həyata keçirilir. 

Qeyd etmək lazımdır ki, döyüş hazırlığı dərsləri özündə tədris prosesinin təşkil edilməsini, rabitə, mühəndis, fiziki, taktiki, atəş... hazırlıqlarının tələb olunan səviyyədə saxlanılmasını və təkmilləşdirilməsini, eləcə də bölmələrin, hərbi hissələrin təyinatları üzrə tapşırıqları yerinə yetirmələri üçün uzlaşmalarını əks etdirir. Döyüş hazırlığı dərslərində komandanlıq hərbi hissə və bölmələrin döyüş tapşırıqlarının icrasına hazır olmalarını, hərbi qulluqçuların peşəkar bacarıq və vərdişlərə yiyələnməsini qarşıya məqsəd qoyur. Bölmələrin uzlaşmasının gedişində hərbi qulluqçuların tutduqları vəzifələrə uyğun ixtisas tələblərini yerinə yetirmələri üçün biliklərinin, bacarıqlarının, peşəkar vərdişlərinin lazımi səviyyədə saxlanmasını və təkmilləşdirilməsini nəzərdə tutur. 

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş hazırlığının artırılması istiqamətində mühüm addımlar atılır. Keçirilən ixtisas, taktiki, atəş hazırlığı dərsləri və təlimlər ordunun döyüş hazırlığının yüksəldilməsi üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlara, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə şəxsi heyətin təlim-tədris prosesi davam etdirilir. 

Avqustun 1-dən Azərbaycan Ordusunda yay tədris dövrü başlayıb. 2023-cü tədris ilinin ikinci dövrünün başlanması ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində sıra baxışları keçirildi, maddi-tədris bazaları, poliqonlar, təlim döyüş texnikaları, ştat kateqoriyasına uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanıldı. Yeni tədris dövrünün başlanması ilə əlaqədar keçirilən tədbirlərdə döyüş bayrağı sıra meydanına gətirildi, Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu. Müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr və tələbləri şəxsi heyətə çatdırıldı. Hərbi qulluqçuların peşəkarlığının, keçirilən təlim və məşqlərin keyfiyyətinin və intensivliyinin artırılmasının vacibliyi qeyd edildi. Vurğulandı ki, keçiriləcək dərslərdə əsas diqqət komandirlərin çevik qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsi, qoşunlar arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi, o cümlədən bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldiləcək. Mərasimlərdə ötən tədris dövründə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğu qeyd edildi, silahlanmaya yeni daxil olmuş silah və texnika, eləcə də qoşunlarda idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər haqqında şəxsi heyətə məlumat verildi. Çıxışların ardından 2023-cü tədris ilinin birinci tədris dövründə döyüş və ictimai-siyasi hazırlıqda fərqlənən hərbi qulluqçular mükafatlandırıldılar.

Qeyd edək ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyəti də yoxlanıldı. Bölmələrə həyəcan verildi, zabit və əsgərlər daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına doğru hərəkət etdilər. Bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, həmçinin hərbi qulluqçuların silah və texnikanın səmərəli tətbiqi üzrə bacarıqlarının təkmilləşdirilməsinə dair komandanlıq heyətinə müvafiq tapşırıqlar verildi.

Polkovnik-leytenant İltimas Adilov yeni tədris dövrünün başlanması ilə əlaqədar qarşıda dayanan tapşırıqlardan danışdı. Azərbaycan Ordusunun zəngin maddi-texniki bazaya, yüksək təminata malik olmasına, döyüş hazırlığı dərslərinin səmərəli keçirilməsinə zəmin yaratdığını qeyd etdi. "Xalqın qürur mənbəyi olan güclü ordunun formalaşması onun döyüş hazırlığından asılıdır. Dövlət başçısının ordumuza göstərdiyi ali diqqət və qayğının nəticəsində döyüş hazırlığı prosesinə təsir edən düzgün kadr siyasəti, dəmir intizam, vətənpərvərlik, komandirlərin şəxsi hazırlığı, sosial-təminat və digər vacib amillər ordumuzda ən yüksək səviyyədə təşkil olunur. Bu da döyüş hazırlığı prosesinə müsbət təsir edir. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğunda aparılan quruculuq işləri göz qabağındadır. Yeni nəsil silah və texnikalar alınır və  ordumuzun arsenalı daha da zənginləşdirilir. Şəxsi heyət 44 günlük Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla mütəmadi olaraq təlimlərə cəlb olunur. Həmçinin ötən üç il ərzində işğaldan azad olunan ərazilərimizdə dislokasiya olunan bölmələrimiz üçün hər cür şərait yaradılıb. Yeni hərbi hissələr, hospitallar istifadəyə verilib. Şəxsi heyət döyüş qabiliyyətinin daha da artırılması məqsədilə ixtisaslarına uyğun ölkə daxilində və xaricdə müxtəlif təkmilləşdirmə kurslarına cəlb olunur. Bu müsbət addımların hamısı  döyüş hazırlığının daha da möhkəmləndirilməsində mühüm rol oyanyır", - polkovnik-leytenant İltimas Adilov dedi.

Zabit sözlərinə davam edərək yeni tədris dövründə də əsas diqqətin qoşunların daima döyüşə hazırolmasının təmin edilməsinə, əməliyyat direktivinə uyğun olaraq döyüş tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsinə yönəldildiyini vurğuladı. Bildirdi ki, tarixi zəfərimizlə sonlandırdığımız əks-hücum əməliyyatlarında qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, həmçinin hərbi qulluqçuların döyüş qabiliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli məşğələlər və təlimlər davam edəcək. Zabit daha sonra döyüş hazırlığı nədir və necə olmalıdır haqqında da məlumat verdi: "Adətən Qoşunların Döyüş Hazırlığının təşkili üzrə təlimatında döyüş hazırlığı hərbi qulluqçuların, bölmələrin, birləşmələrin (hissələrin), birliklərin və onların idarəetmə orqanlarının təyinatlarına uyğun döyüş (xüsusi) fəaliyyətlərini (tapşırıqlarını) müvəffəqiyyətlə icra edə bilmələri məqsədi ilə proqramlaşdırılmış (sistemləşdirilmiş) qaydada öyrədilməsi kimi göstərilir. Yəni, döyüş hazırlığı - hər bir əsgərdən başlayaraq, ən yuxarı səviyyələrə qədər döyüş tapşırığını istənilən vaxt yerinə yetirmək üçün hazırlıq prosesidir. Döyüş hazırlığı əsasən şəxsi heyətin fərdi hazırlığı, heyət, qrup, bölmə, bölmələr qrupu, hərbi hissə, birləşmələrin uzlaşması, idarəetmə orqanlarının (qərargahların) bölmələrin, hərbi hissələrin və birləşmələrin fəaliyyətini idarə etməyə hazırlığından ibarətdir. Döyüş hazırlığının məqsədi qoşunları təyinatına uyğun olaraq qarşıda duran döyüş və digər tapşırıqlarının yerinə yetirilməsi üçün tələb olunan səviyyəyə çatdırılması, saxlanılması və təkmilləşdirilməsidir. Döyüş hazırlığının istiqaməti Hərbi Doktrinanın əsas prinsiplərinə, ordu quruculuğu və Silahlı Qüvvələrin hazırlığı üzrə dövlətin siyasi Konsepsiyasına əsaslanaraq, hərb sənətinin inkişaf amilləri nəzərə alınmaqla təyin olunur. Döyüş hazırlığı, təcrübədən istifadə olunmaqla, elmi əsaslar üzərində qurulur" .

Bu gün ölkəmizdə uğurla aparılan ordu quruculuğu siyasətini və  rəşadətli Azərbaycan Ordusunda keçirilən təlim-tədris proseslərini, döyüş hazırlığı məşğələlərini yaxından izlədikcə bir daha görünür ki, ordunun gücləndirilməsi istiqamətində işlər davamlı şəkildə aparılmaqdadır. Ordumuzun gücləndirilməsi və təchizatı dövlət siyasətimizin əsasını təşkil edir. Hazırda bu istiqamətdə mühüm addımlar atılır. Sərhədlərimizin möhkəmləndirilməsi məqsədilə yüksək döyüş qabiliyyətinə malik yeni komando birlikləri yaradılır, həmçinin ordumuz ən müasir silah və döyüş texnikası ilə təmin olunur. Ali Baş Komandanın rəhbərliyi altında bu gün Azərbaycan ordusunun döyüş hazırlığı yüksək səviyyədədir. Rəşadətli ordumuz hər an ərazi bütövlüyümüzün müdafiəsinə və qanunsuz erməni silahlı birləşmələrinin istənilən təxribatının qarşısını qətiyyətlə almağa hazır və qadirdir. Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.

 

Baş leytenant  Mahmud MÖHBALIYEV

"Azərbaycan Ordusu"