Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2023 14:22

"Əsgər bulağı"

Min illərdi suyu duruluq bilmişik...
Su - bulaq deməkdi. Dədə Qorqud bulağı "Şırıl-şırıl qayalardan çıxan su" deyib oxşayırdı. Bu oxşama oğuzlara ruzi, bərəkət gətirən suya şükranlıq duasıydı. Harada bulaq görmüşəmsə, onu duruluq carçısı bilmişəm, ona xalqın ruhunun səsi demişəm...
Hadrutda bir bulaq var, adına "Əsgər bulağı" deyirlər. Duyanlara tarixlər danışır. Danışdığı tarixlər hadisələrdi. Buralarda qılıncla qarşılananlar da "Əsgər bulağı"nın yaddaşındadı, duz-çörəklə qarşılananlar da, qılıncla doğranan namərdlər də yadındadı, namərdləri qılıncla doğrayanlar da. Səssizlikdə bulağın səsini dinləyirəm. "Əsgər bulağı"nın səsi qəlbitəmizlərə gündüzlər ilahi pıçıltıdı,  gecələr layladı...
Zəfərdən sonra Hadrutda qəsəbəni əhatələyən dağlıq massiv də, meşə zolağı da gözəl könül xoşluğu vermişdi. Sərin-sərin əsən yel ağacların xırda budaqlarını da, yarpaqlarını da titrədirdi. Bu ecazkar titrəyişin eynini Zəfərdən sonra əsgərlərin əhatəsində Qubadlının Muradxanlı kəndində də görmüşdüm. Onda da beş-on addım aralıda bir bulağın axışını düşüncələrimə, duruluq suyundan tamsınanların baxışını yaddaşıma köçürmüşdüm. Onda "Dirilik suyudu suyun, ay bulaq..." pıçıltısını da eşitmişdim. Hadrutda o bulağa bənzər başqa bulağın səsində də ilahi kəlmələşmə duydum: Azərbaycan əsgəri işğalı sonlandırdı!..
Qəlbitəmizlərə nələr deyir "Əsgər bulağı?!”
...Hadrutu əhatələyən dağ, meşə massivlərinə çatmışdılar. Nəfəs dərirdilər. Kürək-kürəyə verib döyüş əmrini gözləyirdilər. Gecəydi. Səssizliyiydi. Bulaqların ürkək səslərindən savayı heç nə eşidilmirdi. Gecənin qaranlığı üzü səhərə sarı çırpınırdı. Danış, döyüşlər, döyüşənlər unudulmasın, "Əsgər bulağı"...
...Səhər açılmaqdaydı. Mərmilər düşmənin hərbçilərini döyüş üzünə çıxartmışdı. Döyüşçülərimiz döyüşə-döyüşə irəliləyirdilər; qətiyyət yaxınlaşır, qorxaqlıq qaçırdı. Qaçmağa macal tapmayanlar, qaçmaq istəməyənlər atışırdı. Atışanları məhv edən döyüşçülərimiz  qəsəbəyə girmişdi. Döyüş qəsəbənin yollarında, içində gedirdi. Düşmənlər - evlərdə, evlərin, tikililərin daldasında, döyüşçülərimiz - açıqlıqda. Qətiyyət, cəsarət bunların müəyyənləşdirdiyi peşəkarlıq belə döyüşləri həmişə qələbə ilə sonlandırır...
Danış, qəhrəmanlıqlardan, qəhrəmanlardan danış, "Əsgər bulağı". Bu Zəfərdən danış. Səsin Uca Göylərə sərilsin...
“Ermənilik qeyrətin, təpərin, cəsarətin qarşısında dayana bilməzdi. Düşmən bu yaşayış məntəqəsində  böyük ciddiyyətlə müqavimət göstərməyə çalışırdı. Ona elə gəlirdi ki, Hadrutu sonacan əlində saxlaya bilsə, Azərbaycan Ordusunun əks-hücumunu dəf edə biləcək. Nə Hadrutu əlində saxlaya bildi, nə də əks-hücumu dayandırmağa qüdrəti,  gücü çatdı, - "Əsgər bulağı" belə dedi.
...Yolun qırağındakı evlərdən atışan erməniləri məhv etmişdilər. O birisi evə keçib əməliyyatı davam etdirmək istəyirdilər ki, döyüşçüyə güllə dəydi. Sinəsi qana boyandı, döyüşçü şəhid oldu...
Danış, Vətənin adından danış, "Əsgər bulağı"...
Döyüşçü, zabit, başqa döyüşçü yanaşı döyüşürdü. Döyüşçülərdən biri özünü zabitin üstünə atdı - zabitə düşmən silahının tuşlandığını görübmüş. Güllə döyüşçünün boynuna dəymişdi: Zabitin nəfəsi şəhid döyüşçünün yarasının sarğısına döndü.
O döyüşlərdə doğma səs eşidincə səsin qınından sıyrılan qılınca döndüyünü görənlərimiz sənin sağından-solundan üzü aşağı yeriş elədi. Səsin döyüşənlərimizin döyüşünün salavatı oldu, "Əsgər bulağı". Danış, Azərbaycan əsgərinin qılınc-qüdrətindən, qüdrət-qılıncından danış. Qoy dünya bir daha görsün ki, Azərbaycan əsgərinin qılınclaşan qüdrəti yağı niyyətini necə korşaldır!..
...Bir yaralı döyüşçünün əli digər yaralı döyüşçünün əlinə çatdığı an ikisinin də son nəfəsi oldu....
Hadrutda "Əsgər bulağı"nın çağlayan səsini dinşəyənlər ruhən bunları da eşidir...
Döyüşlərin şahidisən, çağla, "Əsgər bulağı!"

 Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"