Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2023 14:22

Arzulanan kövrəklik

Nahid Xanəliyev Salyan rayonunun Həsənli kəndində anadan olub. Orta məktəbdə oxuyanda müəllimləri ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklərdən də danışırdılar. Digər uşaqlar kimi Nahidin də düşüncələrində bir tərpəniş yaranırdı: Niyə? Özü də hiss etmədən bu sual onun sabahlarını müəyyənləşdiribmiş. Hərbçi olmağı qərara alıbmış. Atası Nahidin istəyini bəyənmişdi. Oğlunun arzusunun ötəri olmadığını duyanda ona xeyir-dua vermişdi.
Nahid orta məktəbi bitirəndən sonra sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) verdi. Qəbul olundu. Abituriyent Nahid Xanəliyev Həsənli kəndinə kursant Nahid Xanəliyev kimi qayıtdı. Bu sevinc kənddə ev-ev dolaşdı...
Nahid də zabitlərin, müəllimlərin mühazirələrini dinləyir, seminarlarda fəallıq göstərir, öyrənir, öyrəndikcə özünü leytenant rütbəsində əsgərlər əhatəsində hiss edirdi. Öyrəndiklərini çöl çıxışları, müxtəlif təlimlər təkmilləşdirirdi. Dərslər də, təlimlər də kursantın zabit kimi hazırlığı idi və digərləri kimi kursant Nahid Xanəliyev də zabit kimi hərbi xidmətə başlayacağı günü gözləyirdi...
2013-cü ildə zabit kimi qoşunlarda xidmətə göndərildi.
- Hərbi And içdiyim günü də, ilk xidmət günümü də heç zaman unutmaram. Biri ömrümün zabitlik dövrünün başlanğıcı idi, biri komandir kimi hərbi xidmətə başladığım günün qüruru. İlk sıra düzülüşündə kursant kimi eşitdiyim bir hadisəni xatırladım: Bir pedaqoq deyib: müəllimin müəllimliyi ilk dərs gününün ilk saatında bilinir. Düşündüm ki, zabitin necə zabit olması da ilk sıra düzülüşündə bilinir. Bu marağı əsgərlərin baxışlarında da gördüm...
Leytenant Nahid Xanəliyev nümunəvi zabit oldu: tələbkar və qayğıkeş, əsgərləri baxışından duyan, əsgərləri həm sözlə, həm də baxışlarıyla anladan. Taqım komandiri kimi bölükdə fərqləndi. Fərdi xüsusiyyətlərini komandirləri təqdir edirdi, zabit yoldaşları bəyənirdi, əsgərləri sevirdi. Xidmət illəri gənc leytenantın arzularının yolgöstərəni olurdu...
Müxtəlif hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etdi. O da digər zabitlər kimi inanırdı ki, ordumuz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının döyüş əmri ilə torpaqlarımızı işğaldan azad edəcək. Həmin gün 2020-ci il sentyabrın 27-si olacaqmış. Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə hücum etdi. Ordu hissələrimiz hücumun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı əks-hücum əmri verdi. Bu əmr İkinci Qarabağ müharibəsinin başlanğıcı idi...
Kapitan Nahid Xanəliyev müharibənin ilk gününün döyüşlərini müharibənin tarixi kimi xatırlayır:
-Divizionumuza Suqovuşan istiqamətində dayanıqlı mövqe tutmuş düşmənin komanda məntəqəsinin, bir də hərbi hissələrinin dayaq məntəqəsinin koordinatları verilmişdi. Yeddi il bu günü gözləmişdim. Yeddi il düşmənə atacağımız ilk mərminin səsini eşitmək istəmişdim. Toplar qısa müddətdə döyüşə hazır vəziyyətə gətirildi. Təlimlərdə tələb edilən müddətdən də tez. Atış uğurla yerinə yetirildi. Komanda müşahidə məntəqəsindən atışların dəqiq olduğunu dedilər. Daha bir-neçə koordinat verdilər. Atışın dəqiqliyi top heyətlərinin döyüş əzmini də yüksəltmişdi, qələbə ruhunu da. Suqovuşan istiqamətində döyüşçülərimiz üçün əlverişli döyüş şəraiti yaranıbmış. Düşmənin bir neçə mövqeyini darmadağın edən döyüşçülərimiz Suqovuşana yaxınlaşmışdı. Oktyabrın 3-nə kimi döyüş getdi. Suqovuşan işğaldan azad edildi. Sevinirdik ki, bu qələbədə bizim atışlarımız da əhəmiyyətli olub...
Zabit top heyətlərinin döyüşlərdə iştirakından qürurla danışdı. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Şahlar Nağıyevin şəhidliyini qəhərlə xatırladı.
-Divizion cəbhənin müxtəlif cinahlarında döyüşə cəlb olunub, döyüşçülərimizə müxtəlif istiqamətlərdən atəş dəstəyi verib, müxtəlif istiqamətlərdə düşmənin döyüş texnikalarını, canlı qüvvəsini məhv edib. Suqovuşan istiqamətində düşmənin hərbi sursat daşıyan maşın karvanını məhv edəndə əsgərlərin sevinci məni də kövrəltdi. Komandirimiz belə kövrəlməyə arzulanan kövrəlmə deyirdi. Məni belə kövrəldən əsgərləri bağrıma basmaq istədim. Əlavə əmr verildi. O niyyətimi noyabrın 8-də gerçəkləşdirdim...
Zabit onu da dedi ki, qazandığımız tarixi Zəfər Azərbaycanın güclü dövlət, Azərbaycan Ordusunun güclü ordu olduğunu da təsdiqlədi. Zəfərdən sonra ordu quruculuğu daha qətiyyətlə davam etdirilməkdədir. Yeni yaradılan komando hərbi hissələri ordu quruculuğunda yeni mərhələ oldu...
Kapitan Nahid Xanəliyev "Xidmətdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib...
 
Baş leytenant Mahmud MÖHBALIYEV
"Azərbaycan Ordusu"