Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2023 14:22

Ömrü dastana dönən qardaşlar

İslamiyyətin ilk vaxtlarından bu günümüzədək haqq yolunda döyüşüb, Tanrı dərgahına üz tutan qəhrəmanlara şəhid deyilib. Şəhidlik Vətən sevgisinin simvoludur. Şəhidlik insanın Vətən, torpaq uğrunda gedən döyüşlərdə könüllü olaraq həyatla vidalaşmağıdır. Məhz buna görə də Allahın ən sevimli bəndələri qismində şəhidlik zirvəsinə ucalandan sonra cənnətdə əbədi olaraq yaşamaq haqqı qazanan şəhidlər həmişə ehtiramla xatırlanırlar.
Haqq yolunda canlarından keçən şəhidlərimizin sırasına 44 günlük Vətən müharibəsi şəhidlərinin adları da qürurla yazıldı. Onlar xalqımızın bu haqq savaşında nəyə qadir olduğunu təsdiqlədilər, düşmən məhv edildi, Böyük Zəfər qazanıldı.  Bu gün ana Vətənimizin elə bir yaşayış məskəni yoxdur ki, orada şəhid məzarları olmasın.
Tarix yazan oğullar sırasına mingəçevirli iki şəhid qardaş - Əli və İslamın adı da əbədi həkk olundu. Müharibənin ilk günlərində eşitdiyim bu acı xəbərdən həm təəssüf, həm də qürur hissi keçirdim. İkinci Qarabağ savaşının ilk günündə - 27 sentyabr 2020-ci ildə bir-birilərindən xəbərsiz şəhid olan iki qardaşın - Əli və İslamın şəhadətə qovuşması bir cüt övladını Vətən yolunda qurban verən bir ananın -  Sevinc xanımın heç vaxt tükənməyən ağrı-acısı, dərdi-nisgilidir.
Əli və İslam qardaşlarının döyüşlərdə göstərdiyi hünərə, Vətən sevgisinə heyrətlənirsən. Hər iki qardaş öz ölümü ilə ölümsüzlüyə qovuşdu.
...Əli döyüşə girməmişdən qabaq qardaşı ilə görüşür. Bu görüşün şahidi olanlar deyirlər ki, iki qardaş görüşərkən bir-birilərinə baxıb kövrəldilər. İslam Əliyə deyib: "Qorxma, Əli, irəli get! Sənin arxanda mən varam". Əli ilə İslam eyni yerdə fərqli istiqamətdə döyüşə giriblər. Əli döyüşə ilk girənlərdən olub. O, Tərtər-Ağdərə, Suqovuşan istiqamətində döyüşüb. Döyüş yoldaşının dediklərinə görə əməliyyat başlayan kimi onları qruplara  ayırıblar. “Əli manqa komandiri idi. Döyüş çox ağır keçirdi. Başımızın üstündən yağış kimi yağan güllələrin, minaatan mərmilərinin ardı-arası kəsilmirdi. Biz döyüşə-döyüşə irəliləyirdik.  Əli çox mərd və ürəkli oğlan idi. O, bir neçə dəfə yaralansa da, döyüşə davam edən igid, cəsur oğullarımızdan biri olmuşdu".
Əlinin şəhid xəbərini eşidən Sevinc ana sanki buz heykələ dönür. Bu ağrı-acını necə daşıyacağını bilmirdi ana. Ananın gözləri  qapıda o biri oğlu İslamı gəzir. İstəyirdi ki, İslam gəlib ona təsəlli versin. Bu zaman daha bir acı xəbər gəlir: İslam da şəhid olub, Əlidən əvvəl. Heç kəsin xəbəri yox. Ağır döyüşlər getdiyinə görə İslamı oradan çıxarmaq mümkün olmayıb. Ona görə də İslamın şəhid olması xəbərini Əlinin  şəhidliyndən sonra eşidiblər.
Sevinc ana ikinci oğlunun da üçrəngli bayrağa bükülmüş tabutunu görür. Bir həyat nə qədər acımasız ola bilərmiş. Ana üçün ağır dərddir övlad acısı, övlad itkisi. O deyir ki, yaşayırsan, amma nəfəs ala bilmirsən. Övladlarım mənim nəfəsimi  özləri ilə apardılar. Mənə o dünyada övladlarıma qovuşacağım anı gözləmək qaldı. “Həyat yoldaşım İlqar Birinci Qarabağ döyüşləri zamanı Goranboy özünümüdafiə taborunda döyüşmüşdü. Əfqanıstanda hərbi xidmət keçmişdi. Orada müharibədə iştirak etmişdi, yaralanmışdı. Bədənində qəlpələr var idi. Uşaqlar kiçik yaşlarında olanda o, faciəli surətdə həlak oldu. Övladlarım da atalarının yolunu davam etdirdilər. Hər ikisi hərbi peşəni seçdi. Əli atasının vaxtilə xidmət etdiyi Əfqanıstan Respublikasında Azərbaycan Ordusunun sülhməramlıları taborunun əsgəri olmuşdu. Əli də, İslam da deyərdilər ki, hərbi formanı geyinəndə çox qürurlanırıq. Orta məktəbdə bir sinifdə oxumuşdular. Onlar bir-birilərindən ayrılmazdılar. Əli əlaçı idi. Şeirlər yazırdı. “Tələsmə ölüm” şeirini oxuyanda sanki öz həyatını qələmə aldığını hiss edirsən. İslam həmişə idmanla məşğul olmuşdu. Avarçəkmədə birinci yeri qazanmışdı”.
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Əli Əhmədov və əsgər İslam Əhmədov eyni gündə şəhadətə yüksəldilər, eyni gündə də Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn olundular.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Əli Əhmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə, İslam Əhmədov isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Əli və İslamın vaxtilə yaşadığı küçəyə onların adı verilib.
Bütün müharibələr dağıntılar, insan ölümləri və faciələrlə müşayiət olunur. Acı həqiqət də budur ki, müharibə itkisiz olmur. Vətən müharibəsində xalqımız neçə-neçə qəhrəman oğul itirdi. Əli və İslamın böyüyüb boya-başa çatdığı Mingəçevir şəhərindən də İkinci Qarabağ müharibəsində 53 igidimiz şəhidlik zirvəsinə ucalıb. Əli və İslam qaldaşları da onların arasındadır.
                                                                                                                                              
Lalə HÜSEYNOVA                                                                        
"Azərbaycan Ordusu"